Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1666601231_f0b6f4ce446b3fa28def98f2258c25e3.jpg“Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır. Qonşu dövlətlərlə əməkdaşlıq prioritetdir. Oktyabrın 8-də dövlət başçısı İlham Əliyevin Gürcüstana işgüzar səfəri həm region, həm də dünya üçün önəmli məsələlərin müzakirəsi, yeni hədəflərin müəyyənləşdirilməsi ilə yadda qaldı. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əsas faktordur. Cənab İlham Əliyev bundan əvvəl ötən ilin oktyabrında Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olmuşdur. Eyni zamanda, bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər etmişdir. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin davamlılığında əhəmiyyətli rol oynayır. Səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradılıb. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir neçə aydan sonra Azərbaycana növbəti səfərə gələcəyini açıqladı və böyük qürur hissi ilə bildirdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.”

 

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili onu da qeyd edib ki, iki dost ölkənin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilir: “Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Heydər Əliyev- Eduard Şevardnadze dostluğunun tarixindən bəhs etdi. Bildirdi ki, sovet dövründə onlar bir-birilə sıx təmasda idilər. O vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamış, fəaliyyətləri nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.

Bu gün onların davamçıları Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər.  İki dost ölkənin çağırışları da, problemlər də eynidir. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyir və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, ötən ay isə suverenliyini tam bərpa etmişdir. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmağın vacibliyini önə çəkən cənab İlham Əliyev belə bir hədəfi də açıqladı ki, əgər biz buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya və bir çox sahələr- nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.”

Əliabbas Salahzadə iki ölkənin iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən geniş bəhs edib: “Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində reallaşan irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri bölgədə sülhə və sabitliyə xidmət edir. Əməkdaşlığın coğrafiyası genişlənərək regional çərçivədən beynəlxalq müstəviyə keçib. Dövlət başçısı İlham Əliyev energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsindən də danışdı. Bildirdi ki, iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur.  “Yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm Azərbaycan və Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyi gücləndiriləcək. Azərbaycan-Gürcüstan dostluğu, strateji tərəfdaşlığı layihələrin uğurlu icrasında əhəmiyyətli rol oynayır.”

Millət vəkili qeyd edib ki, hər bir səfər gələcək hədəflərə doğru atılan mühüm addımdır. Səylərin birləşdirilməsi, böyük inama və etimada söykənən münasibətlər hər bir hədəfə yüksək səviyyədə nail olmağa stimuldur. Azərbaycan və Gürcüstanın gələcəklə bağlı gündəlikləri zəngindir. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün daha fəal olmaq, Ermənistanla sülh müqaviləsinin imzalanmasına dəstək verməkdir. Dost Gürcüstan bu məsələdə vasitəçilik etməyə hazır olduğunu bildirdi.




Əliabbas Salahzadə,
Milli Məclisin deputatı 

Gununxeberi.az 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov