Xəbər lenti



2020-ci ilin 44 günlük müharibəsinin sonunda imzalanmış 10 Noyabr bəyanatından sonra Rusiya sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsi Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətində vasitəçilik fəaliyyətlərində nə qədər səmimi olduğunu göstərməsi, 30 il ərzində səsləndirilən bəyanat və çağırışlarda nəyi hədəflədiyini sübut etməsi baxımından unikal imkan idi.

Lakin təbii ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından başlıca gözlənti 10 Noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermələriydi. Təəssüf ki, əvvəllər olduğu kimi, Rusiya və onun Ordusu Azərbaycan xalqını bu dəfə də yanıltmadı. Məramı sülh sayılan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlara yol verməklə diqqət çəkirlər.

Əsas məqam odur ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Lakin iki il keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur.

Rusiya sülhməramlıları nə 10 Noyabr bəyanatına uyğun olaraq qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışır, nə də öz fəaliyyətlərində tərəfsiz mövqe nümayiş etdirir. Əksinə, bu silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla silah-sursat daşınır, Azərbaycan ərazilərinin çirkləndirilməsində istifadə edilən minalar çatdırılır. Cəmi bir həftə əvvəl Laçın rayonundakı Sarıbaba yüksəkliyinin şimal hissəsində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlanması faktı da bunu sübut edir. 2021-ci ildə Ermənistanda istehsalı edilmiş bu minalar Azərbaycanın humanist məqsədlərlə istifadə edilməsi üçün Rusiya sülhməramlılarının nəzarətinə verdiyi Laçın dəhlizi vasitəsilə separatçı qüvvələrə silah-sursat daşınmasına təsdiq edir.

Məhdud sayda hərbi qulluqçu ilə məhdud müddətə - cəmi 5 illik bölgəyə göndərilən Rusiya kontingenti həm də sülhü qorumaqla tərəflər arasında etimad inşasına şərait yaratmalı idi. Bunun üçün onlardan ilk növbədə öz öhdəliklərini yerinə yetirmələri, neytrallıq sərgiləmələri tələb olunurdu. Lakin sülhməramlı kontingentin komandanlığının, eləcə də Rusiya Müdafiə Nazirliyinin ötən müddətdə Azərbaycana qarşı yol verdiyi yanlışlıqlar bu istiqamətdəki gözləntiləri doğrultmur.

Yol verilmiş səhvlərə nümunə olaraq Azərbaycanın yaşayış məntəqələrinin qondarma erməni adları ilə təqdim edilməsini göstərmək olar. Ağdərə və Xocavənd rayonlarının Rusiya Müdafiə Nazirliyi tərəfindən Mardakert və Martuni kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməklə yanaşı, iki ölkə arasında müttəfiqlik münasibətlərinə kölgə salır. Bu, həm də Rusiyanın rəsmi mövqeyi ilə də ziddiyyət təşkil edir.

Rusiya sülhməramlı komandanlığı toponim məsələsinin Azərbaycan üçün həssas olduğunu çox yaxşı anlayır. Azərbaycan xalqı ermənilərin işğal altındakı tarixi yurd-yuvamızı eybəcər adlarla çağırmasını yaxşı xatırlayır və bu qondarma adlar həmin dövrdə işğalın alçaldıcılığını artırmaqdan savayı bir məqsədə xidmət etmirdi. Bəs Rusiya Müdafiə Nazirliyinin ərazilərini bu cür qondarma adlarla göstərməsi nəyə xidmət edir? Sülhə xidmət etmədiyi aydındır. Ona görə də Rusiya MN, sülhməramlı komandanlığı bu məsələ ilə bağlı anlaşılmaz mövqeyini düzəltməli, Rusiyanın rəsmi mövqeyinə uyğunlaşdırmalıdır.

Azərbaycan haqlı olaraq öz ərazilərində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi rayonlarında 3-cü növ hərbi birləşmələrin, qondarma qurumların və toponimlərin mövcudluğunu qəbul etmir.

Bundan başqa, Rusiya MN informasiya bülletenlərində birtərəfli, qərəzli mövqe tutaraq, Azərbaycan Ordusunun atəşkəsi pozmasına dair böhtan xarakterli məlumatlar paylaşır. Qeyri-qanuni erməni dəstələrinin atəşkəsi pozmasına dair Azərbaycan MN-in təqdim etdiyi faktları isə bülletenlərinə daxil etmir. Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlandığı əraziyə Rusiya sülhməramlı kontingentinin komandanının iştirakı ilə baxış keçirilir, ancaq bu fakt da Rusiya MN-in hesabatında əksini tapmır. Bəlkə yoldaş Volkov hesab edir ki, həmin minaları Sarıbaba yüksəkliyinə quşlar dimdiyində daşıyıb?

Bu arada isə separatçı rejim artıq Rusiya sülhməramlılarının bölgədəki mövcudluğunu özünün mövcudluğu kimi, de-fakto vəziyyətin davam etdirilməsinin qarantı kimi qəbul etməyə başlayıb və bunun uzadılması üçün əlindən gələni edir. Şübhə yoxdur ki, qanunsuz erməni dəstələrinin Rusiya əsgərinin arxasında gizlənərək Xankəndinin bir addımlığındakı Azərbaycan hərbçilərinə atəş açmasının məqsədi Qarabağda gərginliyin davam etməsi görüntüsü yaradaraq sülhməramlıların mövcudluğuna süni ehtiyac formalaşdırmaqdır.

Rusiya sülhməramlılarının komandanlığı isə bunu bilsə də, həmin dəstələrə heç bir təzyiq göstərmir. Əksinə, ordumuzla bağlı reallıqdan kənar məlumatlar yaymaqla, öz xəritələrində tarixi Azərbaycan toponimlərini qondarma adlarla təqdim etməklə neytrallığını pozur, xoşagəlməz abı-havanın ömrünü daha da uzadır. Sülhməramlılar bu davranışları ilə bir ovuc separatçının və qanunsuz erməni dəstəsinin alətinə çevrildiyini anlamırmı? Yoxsa bu vəziyyət onların özlərinə də sərf edir?

Əminliklə söyləmək olar ki, həm Ermənistan rəhbərliyinin, həm də Qarabağdakı separatçı tör-töküntülərinin hazırda yeganə məqsədi Qarabağdakı Rusiya sülhməramlılarının mandatını uzatmaqdır. Ermənistanın baş naziri Paşinyan da son iki ildə sülhməramlı missiyaya uyğun gəlməyən fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətinin etimadını gündən-günə itirən Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını açıq şəkildə bəyan edir.

 Lakin bu kontingentin məqsədi ermənilərlə azərbaycanlılar arasında ədavətin canlılığını qoruyaraq təsir rıçaqlarının ömrünü uzatmağa xidmət etmək olmamalıdır.

Azərbaycan xalqı Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləyir. Bu, yalnız beynəlxalq hüququn normalarına, xüsusilə də ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanıldığı zaman, eyni zamanda 10 noyabr bəyanatında göstərildiyi kimi, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması ilə mümkündür.

Son iki ildə Rusiya sülhməramlılarının davamlı olaraq anlaşılmaz mövqedən çıxış etməsi, ondan gözlənilənləri doğrultmaması “Azərbaycana sülhməramlı lazımdırmı” sualını meydana çıxarır. Rəsmi Bakı sülhməramlıların mandatının uzadılması məsələsini yəqin ki, məhz bu aspektdən qiymətləndirəcək.

Rusiya hərbi kontingentinin Qarabağdakı sülhməramlı fəaliyyəti 30 il davam etdirilən sülh danışıqları ilə bir çox paralelliyə malikdir. Sözügedən danışıqlar tarixi ədalətin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunmasına xidmət etməkdən daha çox, ermənilərin işğal altındakı ərazilərdə de-fakto vəziyyəti əbədiləşdirməsinə yardım edən alətə çevirilmişdi. Bir gün Bakının səbri tükəndi və onilliklər boyunca davam edən işğalı 44 günə öz biləyinin gücü ilə bitirdi.

Ermənilərin sülh sözü keçən bütün anlayışları öz məqsədlərinə çatmaları üçün vasitəyə çevirməsi bizə yaxşı məlumdur. 30 il “sülh danışıqları”nı alətə çevirən ermənilər indi “sülh fəaliyyətini” öz məqsədləri üçün istismar etmək niyyətindədirlər. Lakin sağlam məntiq separatçılar və onların havadarlarının ötən dövrün hərbi-siyasi gedişatından nəticə çıxarmalı olduğunu deyir.

Həm ermənilər, həm də sülhməramlı kontingent de-fakto vəziyyətin saxlanılmasına deyil, bölgədə dayanıqlı sülhə çalışmalı və hər bir dövlət kimi Azərbaycanın da ərazi bütövlüyünə olan həssaslığını anlamağa borcludur.

30 il ərzində istehkamlar inşa edərək, müdafiə sədləri çəkərək möhkəmlənməyə çalışan ermənilərə Azərbaycan ordusu 44 günə alçaldıcı məğlubiyyət yaşatdı. İndi Xankəndini ovcunun içində görən, Laçını, Kəlbəcəri nəzarətə götürmüş, müasir müharibə təcrübəsi olan Azərbaycan ordusunun bu qanunsuz silahlı dəstələri tam zərərsizləşdirməsi üçün kiçik bir antiterror əməliyyatı kifayət edir.

Əvvəllər əbədi işğala inanan ermənilərin indi əbədi sülhməramlı fəaliyyətə inanması gələcək gərginliklərin toxumunu əkməkdən başqa bir şeyə xidmət etmir. Ermənilərin Azərbaycan ərazisindəki bundan sonrakı mövcudluğu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əldə edilmiş dayanıqlı sülhlə mümkündür. Yaxşı olar ki, Rusiya sülhməramlıları da bunu anlasın və fəaliyyətlərini bu istiqamətdə qurub, müddətləri bitəndə ölkələrinə dönsünlər.

APA Analytics

 
 


Ekoloji təhsil və tərbiyə problemi bu gün hamını – alimləri, müəllimləri, metodistləri və ilk növbədə sosial cəmiyyəti düşündürən mühüm məsələlərdəndir. Dünyanın müasir elmi mənzərəsini əlçatan səviyyədə formalaşdırmaq, insan faktorunun bu dünyada yeri və onun təbiətlə münasibətlərinin xüsusiyyətləri haqqında təsəvvür yaratmaq üçün təhsil alanlara  mütləq olaraq ekoloji bilikləri öyrədilməsi vacibdir.

Bir çox aktual problemlərin  həllində təhsil müəssisələrinin özünəməxsus geniş imkanlarının olması sirr deyil. Ekoloji problemlərin tüğyan etdiyi bu günümüzdə ətraf mühiti qorumağı bacaran insanların yetişdirilməsi problemi həmişəkindən daha vacibdir və hər bir insanın, xüsusi ilə yeniyetmə və gənclərin ekoloji məsələlərdə savadlı olması mütləq sayılmalıdır. Təbiətlə harmoniyada yaşamağa qadir insan yetişdirilməsi məktəbin ən mühüm vəzifələrindən biridir.

Ətraf mühit amillərinin təhlilindən belə nəticəyə gəlmək olar ki, onların bir çoxu (temperatur, rütubət, işıqlandırma və s.) fiziki kəmiyyətlər və anlayışlardır ki, bu da ekoloji problemlərin həllində önəmli rol oynayır. Ona görə də bu məsələlərlə bağlı anlayışların təhsil müəssisələrinin Təhsil Proqramlarına gətirilməsi aktual olaraq gündəmdə  qalmaqdadır.

Məlumdur ki, ekoloji təhsil universal olmalıdır. Ümumbəşəri ekoloji təhsil strategiyası həm də onun davamlılığını, yəni fərdin inkişafına və fəaliyyət formalarının dəyişməsinə uyğun olaraq həyat boyu öyrənmə ehtiyacını nəzərdə tutur. Ekoloji təhsilin təməli isə orta məktəblərdə xüsusilə fizikanın tədrisi prosesi zamanı qoyulur.

Orta məktəb fizika kursunda  təbiətin  fundamental qanunları ilə yanaşı istehsal proseslərinin əsasları da öyrədildiyindən, burada şagirdlərə ekoloji  tərbiyənin aşılanması üçün geniş imkanlar mövcuddur. Fizika kursunun proqram materialının məzmunu məktəbliləri mövcud ekoloji böhranın fiziki-texniki aspektini və ondan çıxış yollarını göstərən bir sıra fikirlərlə tanış etməyə imkan verir. Fizika elmi müasir elmi-texniki prosesin özəyidir, onun nailiyyətləri müasir texnologiyanın əsasında dayanır. Bu, şagirdlərə insanın təbiətə təsirinin getdikcə artan miqyasını, bir sıra sosial nəticələrini və ətraf mühitin çirklənmədən qorunmasının müasir problemlərinin həllini göstərməyə imkan verir. Fizika fənnini tədris edərkən şagirdləri təbiətin və onun mühafizəsinin öyrənilməsinin müasir metodları ilə tanış etmək, dövrün digər fənləri üzrə bilikləri ümumiləşdirmək imkanı var.

Fizikanın tədrisi prosesində nəzərdə tutulan  ekoloji bilikləri 3 əsas istiqamət üzrə qruplaşdırmaq olar:

  1. Təbii mühit və insan fəaliyyətinin ona mənfi təsiri.
  2. Təbiəti qorumaq.
  3.  Təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji problemlərin həlli yolları.

Ekoloji biliklərin məzmunu seçilərkən bir sıra məsələlərə diqqət yetirilməsi vacibdir:

  1. Verilən ekoloji informasiya fizika kursunun məzmunu ilə əlaqəli olmalı və onların istifadəsi fiziki bilikləri dəqiqləşdirməyə və dərinləşdirməyə yönəldilməlidir;
  2. nəzərdən keçirilən ekoloji materiallar elmi xarakter daşımalıdır;
  3. öyrənilən məsələlərdə şagirdlərin təfəkkürünün yaşla bağlı xüsusiyyətləri nəzərə alınmalı və məlumatlar onların zehni fəaliyyətini aktivləşdirməli, assosiativ təfəkkürün inkişafına töhfə verməlidir.

 21-ci əsrdə bəşəriyyət təbiətlə münasibətini yeni prinsiplər əsasında qurmalı olacaq ki, bunlardan da ən əsası eko-səmərəlilikdir. Bu biliklər isə şagirdlərə daha sistemli və əlaqəli şəkildə təbiət fənn  müəllimləri tərəfindən aşılanmalıdır. Təhsil alanları  təbiət, insan və ətraf mühit, ekologiya və sağlamlıq arasında mürəkkəb qarşılıqlı əlaqə dünyası ilə tanış etmək-bu, mühüm və məsuliyyətli işdir, çünki gənc nəslin ekoloji əxlaqı onun nəticələrindən asılıdır. Təbiətimiz  bizim sahib olduğumuz hər şeydir və həyatın ən böyük dəyəri elə həyatın özüdür.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kollecinin fizika müəllimi

Cəmilə Səlimova

 



Heydər Əliyev – 100

 

Tarix yaradan və tarixdə yaşayan insan

 

Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının tarixində, təfəkküründə böyük iz buraxmış nadir incilərdən biridir. Bütün ömrünü öz xalqına xərcləyən, onun etmadını daim doğrultmağa çalışan dövlət xadimi çiyinlərində bütöv bir xalqın varlığını, dövlətçilik ideyalarını, sonadək daşıyan fenomen idi.

 Dövlət qurmaq, onu yaşatmaq heç də bütün xalqlara nəsib olmur. Tarixdə vaxtı ilə dövləti olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan neçə-neçə dövlətlər olmuşdur. Dövləti qurmaq və onu saxlamaq üçün böyük lider, şəxsiyyət lazımdır. Məhz bu faktor dövlətin uğurlarına, onun fəaliyyətinə təkanverici amillərdən biridir.

Müasir Azərbaycanın tarixinə nəzər saldıqda ölkənin gələcəyinə istiqamətlənmiş davamlı inkişafı təmin edən siyasi liderin təzahürlərini görürük. XX əsr tarixində dünya siyasətində qəbul edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik.

İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalacaqdır.

Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminə, mədəniyyətinə göstərdiyi diqqqət və qayğı onun müdrik siyasətinin başlıca prioritetlərindən biri idi. O, bütün fəaliyyəti dövründə elmin, ədəbiyyatın, incəsənətin nailiyyətlərindən faydalanırdı.

Ümummilli lider  Azərbaycanın ən yeni tarixində bütöv bir dövrü özündə izhar edən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.

Bu gün dünyada gedən proseslərdən kənarda qalmamağımız,  qlobal dünya ilə hesablaşmağımız onun siyasi potensialının nəticəsidir.  Bu gün bu siyasəti tam şəkildə uğurla həyata keçirən Ulu Öndərin siyasi davamçısı olan prezident İlham Əliyev vardır. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları vardır. Bu uğurların hər biri  Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev hələ Sovet Azərbaycanını idarə etdiyi bir zamanda milli təfəkkürün inkişafına, ana dilinin qorunub saxlanmasına ciddi cəhdlə çalışırdı. O,  Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Çünki milli özünüdərki sağlam ideoloji təməllər əsasında möhkəmləndirmək və buna nail olmaq  böyük əhəmiyyət kəsb edirdi. Bunun nəticəsi olaraq, Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. 

Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri Ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi.

Onun xalq üçün gördüyü xidmətlər və fədakarlıqlar "milli lider" çərçivəsinə, hüdudlarına sığmır. Məhz bunlar Ulu öndərin Azərbaycan xalqının yaddaşında, və qəlbində təmənnasız şəkildə yer alıb.  

Yerləşdiyi coğrafiya, zəngin təbiəti, Şərq və Qərbin qapısı adlanan Azərbaycan tarix boyu diqqət mərkəzində olmuşdur və belə bir dövlətin lideri olmaq daha da çətindir.

Məlumdur ki, 90-cı illərin əvvəlində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət o zamankı hakimiyyətin siyasi səriştəsizliyindən irəli gəlirdi.

 Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı. 90-cı illərin çətin anlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi.

Erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edərək 1994-cü ildə atəşkəsin əldə olunmasını təmin etdi. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı.

Beləliklə, Ümummilli liderimizin siyasi bacarığı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıldı. Bunun ardınca bir neçə istiqamətdə paralel və ardıcıl şəkildə əhəmiyyətli işlər görüldü. 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.

Bu günlərdə Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd edildi. 90-ci illərin əvvəllində müstəqilliyinə yenicə qovuşmuş  Azərbaycan çox çətin dövr yaşamış, faciələırlə üzləşmişdi. Belə bir şəraitdə xalqın ziyalıları, vətənpərvər insanlar Heydər Əliyevə müraciət edərək xalqı çıxılmaz vəziyyətdən çıxarmağın yolunu məhz Ulu öndərdə görürdülər. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi epoxanın başlanğıcı qoyuldu.

Heydər Əliyev böyük məktəbdir. Heydər Əliyev böyük dühadır. Heydər Əliyev epoxadır. Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətini dərk etmək bir çox onilliklər ərzində bitib tükənməz.

Müstəqil Azərbaycan  Ulu Öndərin nəsillərə ötürdüyü əmanətdir.

Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olması istiqamətində hərtərəfli inkişafa hədəflənmiş səmərəli dövlətçilik siyasəti prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyevin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə uğurla davam etdirilir.

Ulu Öndərin vəfatının ildönümü yaxınlaşır. İliklərinə qədər azərbaycançılıq ideyalarını özündə ehtiva edən dahi insan 12 dekabrda heyatla vidalaşdı. Ümummilli lider cismani olaraq bu dünyanı tərk etsə də onun sınmaz sütünlar üzərində qurub yaratdığı Azərbaycan adlı dövlətdə yaşayan hər bir vətəndaş Ulu öndəri böyük ehtiramla anır və öz xilaskarını unutmur.

Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.

  

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin         
 nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin fizika müəllimi
Cəmilə Səlimova

 

 



Qarabağ münaqişəsinin bitməsindən sonra İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışıarı iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir və bu ölkə Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.

Ardını oxu...



Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində aparılan proses Rusiya, Avropa, ABŞ və Gürcüstanda müxtəlif platformalarda fəal müzakirə olunur.

Bu fonda, yəni sülh müqaviləsinin tezliklə imzalanması ehtimalının hiss olunduğu bir vaxtda, Rusiya mediası aktiv şəkildə qanunsuz olaraq Qarabağa gedən rusiyalı milyarder Ruben Vardanyanın təbliğatını aparmağa başladı. Erməni əsilli milyarder Ruben Vardanyan “Kommersant”, RBK, “Dojd” telekanalı və digər KİV-ə silsilə müsahibələr verir və bu müsahibələrdə hətta Azərbaycana qarşı təhdidlər səslənir.

 

İctimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.Az-a müsahibəsində qeyd edib ki, həqiqətən də, son vaxtlar Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində müəyyən mütərəqqi, intensiv hərəkətlilik nəzərə çarpırdı:

- Bu xüsusda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü, bu yaxınlarda ABŞ Dövlət katibi Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqları xatırlamaq olar. Bunların fonunda Qarabağa qeyri-qanuni gəlmiş (o, rəsmi olaraq Azərbaycan sərhədlərini keçməyib) milyarder Ruben Vardanyan amili ortaya çıxır. İndi ona Rusiya mətbuatında çıxış üçün şərait yaradılır və bu, çox şeydən xəbər verir. O, özünü sülhməramlı kimi təqdim edir, lakin tamamilə əks bəyanatlar verir. Sonra isə müəyyən “vəzifə” alır.

Hesab edirəm ki, Ruben Vardanyanla əlaqədar bütün bu “intriqalar”, onun Rusiya vətəndaşlığından imtinası ilə bağlı məqam, sadəcə, manipulyasiyadır. Onu kukla kimi idarə edənlər var və bu, göz qabağındadır. Onun Ermənistanda və ya Rusiya sülhməramlı kontingentinin Qarabağdakı müvəqqəti məsuliyyət zonasında hansı biznes maraqları ola bilər? Onun biznesi Rusiyada və digər ölkələrdə yerləşir. Görünür, Ermənistanla Azərbaycan sülh sazişini imzalamağa yaxın olduqları bir vaxtda bu kiməsə sərf etmir, ardınca vəziyyəti gərginləşdirən Vardanyan peyda olur və Rusiya mətbuatı da onu piar edir. Amma mən ümid edirəm ki, yeni ilə qədər həm sərhədin delimitasiyası və demarkasiyası, həm də sülh müqaviləsi ilə bağlı ciddi irəliləyişlər olacaq.

- Axı Rusiya üçtərəfli bəyanatların yerinə yetirilməsinin qarantıdır, bəs o zaman niyə Rusiya mətbuatında Ruben Vardanyana tribuna verilir? Bəlkə, müsahibələr peşəkarcasına həyata keçirilsəydi, bunu haradasa anlamaq olardı, lakin “Kommersant”da dərc olunan mətndən aydın görünür ki, bu, jurnalist işi yox, tərsinə rus dama oyunu, manipulyasiyadır. Belə bir versiya var ki, Rusiya sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəyir, Nikol Paşinyanın sülhməramlı kontingentin daha 10-20 illik mövcudluğuna razı olmasına dair açıqlaması da bunu dolayısı ilə təsdiqləyir...

- Bəli, bunlar hamısı bir-birinə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rusiya və İran bütövlükdə Cənubi Qafqazda, xüsusən də Ermənistanda olan təsir imkanlarını itirirlər. İndi bölgədə Türkiyənin nüfuzu artır. Tehran və Moskva Cənubi Qafqazdakı mövqelərini itirmək istəmirlər və buna görə də Qarabağdan möhkəm yapışıblar, düşünürlər ki, bu vasitə ilə öz mövqelərini qoruyub-saxlaya bilərlər. Amma bu, yanlış yanaşmadır.

Nə Ermənistan, nə də Qarabağdakı Vardanyan regionda heç nəyi həll etmirlər. Mənə elə gəlir ki, Ermənistanın baş naziri Nikol Paşinyan anlayır ki, İrəvan Bakı və Ankara ilə münasibətləri yaxşılaşdırmalıdır. Erməni cəmiyyətinin bir hissəsi üçün nə qədər qəribə səslənsə də, bu, Ermənistan üçün xilasedici iqtisadi və siyasi çıxış yoludur.

Rusiya sülhməramlılarının səlahiyyət müddətinin uzadılmasına gəlincə, qalxıb Vardanyanın fiqurunu təbliğ etmək, yaxud başqa addımlar atmaq mənasızdır. Sülhməramlılar 2025-ci ildə Qarabağı tərk etmək məcburiyyətində qalacaqlar, Qarabağ erməniləri isə Azərbaycan cəmiyyətinə daha tez inteqrasiya etməyə hazır olacaqlar. Mən özüm də Azərbaycan tərəfinin icazəsi ilə oraya gəlməyə hazıram. Ruben Vardanyanın meydana çıxması isə, yeri gəlmişkən, o, əslən Qarabağ ermənisi deyil, Ermənistandandır, bir çox qüvvələrin Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından ehtiyatlandığının göstəricisidir. Amma Azərbaycan xalqı öz multikulturalizmi, insani keyfiyyətləri ilə tanınır və Qarabağ erməniləri bunu qiymətləndirə biləcəklər.

Nair Əliyev

Azər Şükürov şəhid ailələrinin üzvlərinə qənim kəsilməyi Robert Stivensdən öyrənib?


Təxminən bir il əvvəl 1-ci Qarabağ müharibəsi şəhidi Rəhman Əliyevin oğlu, “Azstone MMC”nin icraçı direktoru Anar Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən şirkətdə qanunsuz yoxlamalar aparıldığını iddia etmişdi. Bildirmişdi ki, qanunsuz yoxlamalar və bu qanunazidd hərəkətlərin Qaradağ rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmaması barədə dəfələrlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciətlər etsələr də, buna baxmayaraq, sözügedən Agentlik, eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraçı direktoru olduğu “Azstone” MMC-yə qarşı təzyiqlər səngimir. Yoxlamaların səbəbini soruşduqda onlara deyilirmiş ki, Agentlik yeni yaradılıb və bu, rəhbərliyin göstərişidir. Şirkətin dağ-mədən ayırması aktının müddəti bitdiyi üçün Agentliyə müraciət etsələr də, icazə vermirlər.

İndi isə 1-ci Qarabağ müharibəsi şəhidi Hacıyev Taleh Yusif oğlunun qardaşı, Qarabağ müharibəsi veteranı, “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası 6-cı korpus ünvanda yaşayan Hacıyev Elbrus Yusif oğlu redaksiyamıza müraciət edərək, qarşılaşdığı hüquqpozmalar barədə yuxarı instansiya rəhbərlərinə (Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədrinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə) ünvanladığı şikayətinin ictimailəşdirilməsini xahiş etmişdir.

E.Hacıyev bildirir ki, “İ.N.Ə.” MMC-nin 100% tam payını 16 iyun 2017-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən almışdır və hal-hazırda da təsisçisidir. “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü olmaqla Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirmiş müharibə əlillərinin və şəhid ailələrinin sosial rifahının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün yardımlar edir.

Təsisçi məlumat verir ki, Cəmiyyətin fəaliyyəti Qaradağ rayonu, Sahil qəsəbəsində istifadəsində olan 8 hektar torpaq sahəsində mişardaşı istehsalı və satışı ilə əlaqədardır: “Cəmiyyətə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 8 hektar torpaq sahəsinə dair yerin təkindən istifadəyə dair 01 avqust 2013-cü il tarixli 00765 nömrəli “Dağ mədən ayırması” Aktı və dövlət ekoloji ekspertiza rəyi verilmişdir. Cəmiyyətə verilmiş icazənin müddəti başa çatdıqdan sonra yerin təkindən istifadə müddətinin uzadılması üçün yeni yaradılmış səlahiyyətli orqan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə 01 mart 2020-ci il tarixdə rəsmi müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, ölkədə olan karantin rejimi ilə əlaqədar iqtisadi zəifliyi nəzərə alaraq ilin sonuna qədər bu məsələyə baxılacaqdır. Lakin Agentlik tərəfindən Cəmiyyətə nə icazə sənədi, nə də icazənin verilməsindən imtina məktubu verilmişdir”.

MMC rəhbərliyi yaxın vaxtlarda müəyyən edib ki, Agentlik “Sahil” əhəng daşı yatağında Cəmiyyətə məxsus torpaq sahəsinə 2022-ci ilin may ayında hərrac təşkil etmiş, fərdi sahibkara torpağın böyük bir hissəsində yerin təkindən istifadəyə icazə vermişdir. E.Hacıyev hesab edir ki, bunun səbəbkarı və maraqlı olan tərəfi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini, ekspert komissiyasının sədri Şükürov Azər Məcid oğludur: “Şükürov Azər Məcid oğlu ümumiyyətlə bu vəzifəyə gələrkən “AZİNTERPARTLAYIŞ-X” MMC-nin təsisçisi və direktoru olmuşdur. Onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-17/2017 nörməli 01.05.2017-ci il tarixli qətnaməsinə əsasən, “YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tutulmalı 116738,59 USD və 49540,45 AZN məbləğində borcu vardır. Həmçinin onun direktoru olduğu “AZİNTERPARTLAYIŞ-X” MMC-nin (VÖEN: 1001709311) dövlətə hal-hazırda 220807,77 AZN məbləğində vergi borcu vardır. Bu səbəbdən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokar Gəlirlər Baş İdarəsi cavabdeh “AZİNTERPARTLAYIŞ-X” MMC-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və icraatda 1(112)-10461/2022 nömrə ilə baxılır. Bunları əvvəlcədən görən Azər Şükürov cəmiyyətin direktoru vəzifəsindən çıxaraq 04.03.2022-ci il tarixdə oğlu Şükürlü Elnur Azər oğlunu direktor təyin etmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10416/2022 nömrəli 09.09.2022-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, iddiaçı olaraq “İ.N.Ə.” MMC-nin hərracını mübahisələndirdiyi “Sahil” əhəngdaşı yatağında LOT-1 yatağı cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iki şəxsə - Əliyev Müharib Hümbət oğluna və Məmmədov Ağaddin Məmiş oğluna ayrılmışdır. Mübahisənin hansı şəxsə toxunduğu müəyyən edilmədiyi üçün onlar üçüncü şəxs qismində cəlb edilmişlər. Göründüyü kimi, Azər Şükürovun Agentlikdə etdiyi qanunsuzluqlar bir - bir ortaya çıxır və elə bu səbəbdən Agentliyin əvvəlki sədri Samir Qurbanov onun bu əməllərindən ziyan çəkməmək üçün istefa verməyə məcbur qalmışdır. Beləliklə, bu qədər borcu olan bir şəxsin bu cür yüksək və əhəmiyyətli vəzifədə işləməsi hər bir halda onun korrupsiyaya əl atacağına dəlalət edir”.

E.Hacıyev həmçinin xatırladır ki, bu yaxınlarda Əmlak Məsələləri Dövlət Xidmətinin bəzi əməkdaşdaşlarının torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə cinayət əməlləri sübut olunmuş və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılmışdır. Ekspert komissiyasının üzvlərindən biri də Əmlak Məsələləri Dövlət Xidmətidir və Azər Şükürov bu qanunsuz əməlləri ilə həbs edilən əməkdaşlardan müsbət rəylər almışdır.

“İ.N.Ə.” MMC-nin təsisçisi bildirir ki, Bakı İnzibati Məhkəməsində 14.10.2022-ci il tarixdə keçirilmiş iclasda Agentliyin nümayəndəsi Baş Prokurorluğa etdiyi müraciətin surətini hakimə təqdim etmişdir. Cəmiyyət rəhbərliyi bunu birbaşa məhkəməyə və MMC-yə təzyiq kimi qiymətləndirir və bu birbaşa Azər Şükürovun təlimatı əsasındadır.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə əsasən bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq və 9.3.12-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Bu səbəbdən E.Hacıyev müraciət etdiyi yuxarı instansiyalardan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Şükürov Azər Məcid oğlu barəsində müvafiq araşdırmanın aparılmasını xahiş edir.

Xatırladaq ki, tanınmış kanadalı geoloq Robert Stivensin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə azərbaycancaya tərcümə və nəşr edilən “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının rəyçisi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürov olub. Kitabın bu il martın 17-də keçirilən təqdimat mərasimində təmtəraqlı çıxış edən A.Şükürov o cür maarifləndirici kitabların dağ-mədən sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı. Maraqlıdır, gah gələcəkdə su ehtiyatlarınızın çatışmazlığı ilə üzləşə biləcəyimiz barədə xəbərdarlıq edərək, gah da karxana sahibkarlarını sahənin mütəxəssislərini işə götürməməkdə qınamaqla özünü reklam edən Azər Şükürov görəsən şəhid ailələrinin üzvlərinə qənim kəsilməyidəmi Robert Stivensdən öyrənib?

Mövzuya qayıdacağıq.

aia.az
 
 
 
 
 
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan,  iqtidar-xalq birliyi və Müzəffər  Ordu idi”

“2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün illüziya və planlara birdəfəlik son qoyuldu. Qondarma “Dağlıq Qarabağ” üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.


Deputat vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir: “30 ilə yaxın dövr ərzində ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Bu gün hər kəs bilir ki, 2003-cü ildən Vətən müharibəsi başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə hazırlıq dövrü kimi yadda qalıb. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər reallaşdırdığı uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etdi. İlk növbədə, məhz iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bununla da Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün əlverişli zəmin yaratdı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillər idi və ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, Müzəffər Ordu, milli həmrəyliyimiz bizi Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.”

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız 30 il davam edən beynəlxalq riyakarlıq qarşılığında bu addımı atmaq məcburiyyətində qalıb: “BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bildi. Sonda Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu.”

K.Qafarov belə bir məqamı da vurğulayıb ki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin simvolu olmaqla xalqımızın qan yaddaşına əbədi həkk olunub: “ Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də o idi ki, bu möhtəşəm tədbir Azərbaycan-Türkiyə ittifaqının getdukcə daha da gücləndiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycanın tarixi Qələbəsinin şərəfinə keçirilən bu Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər”.

aia.az
 
 


Son illərdə dövlət rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar paytaxt Bakının Xətai rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.


Təcrübəli dövlət qulluqçusu, Xətai İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quliyevin rəhbərliyi altında rayonda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən iki-üç ildə rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.


Öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında quran Xətai İcra Hakimiyyəti (RİH) rayonun sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirir, ərazidə sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil edir, rayonun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edir, ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaradır, sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini gerçəkləşdirir.



Son illər Xətai rayonu ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülmüş, küçələr boyu yaşıllıq zolaqları, yeni parklar inşa edilmiş,, işıqlandırma və oturacaqlar dəyişdirilmiş, bir çox ünvanlara asfalt örtüyü vurulmuş, yeni bardyurlar qoyulmuş, liftlər yenisi ilə əvəz olunmuş, binalarda yüzlərlə pəncərə və qapı dəyişdirilmişdir. Küçələrdə səki daşları, suaxıdıcı boru və navalçalar dəyişdirilmişdir. II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları mənzillərdə əsaslı təmir işləri aparılmış və barelyefləri binaların girişinə, eləcə də bəzi küçələrə və parklara vurulmuşdur. Ümumi yaşayış binalarının həyətlərinə “Abad həyət” layihəsi çərçivəsində söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, müxtəlif turnik və idman qurğuları, kənarları bağlı stadionlar quraşdırılmışdır. Həmçinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, çoxmənzilli binaların dam örtüyünün təmiri işləri sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binanın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilir. İstismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanır.

Rayon ərazisində ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonda “Bizim həyət” layihələri çərçivəsində və Rayon İcra Hakimiyyəti tərəfindən də “Abad Həyət” layihəsi çərçivəsində də işlər davam etdirilməkdədir. Oktyabrın 4-də Xətai rayonu, General Şıxlinski küçəsi 57 və 59 ünvanlarında “Bizim həyət” layihəsi çərçivəsində 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən növbəti həyət sakinlərin istifadəsinə verilib. Həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 6 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 525 ədəd müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, 4200 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb. Yaşıl sədlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə sədlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

Rayonda vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.




Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Görüşlərdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir.

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir. Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Onu da qeyd edək ki, Xətai rayonu ərazisində qeydiyyatda olan şəhid ailələri və Vətən müharibəsi əlilləri Xətai Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan çoxu artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında xeyli sayda şəhid ailələri üzvləri və Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur.

Rayonda yolların bərpasına xüsusi diqqət yetirilir. Əsasən şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri aparılır, küçələrdə köhnə işıq dirəkləri yenisi ilə əvəz edilir. Piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində müəyyən işlər icra olunur. Yeri gəlmkişkən qeyd edək ki, 2022-ci il sentyabr ayında Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində dövlət bedcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,27 milyon manat ayrılıb.

Hər gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki,  yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir. Magistral yollarda kürəbəndlər təmizlənir, binaların zirzəmisində sanitar-təmizlik və dezinfeksiya işləri aparılır, mənzillərin tüstü və hava kanalları  təmizlənir. Eyni zamanda, rayonda mütəmadi olaraq qanunsuz tikintilərə qarşı reydlər keçirilir. Bir sözlə, rayon təsərrüfatı saat mexanizmi kimi işləyir.



2022-ci ilin avqust ayından Xətai rayonu da bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə qoşulub. Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin artıq 4-cü ildir birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Əldə edilən müsbət nəticələr paytaxt rayonlarında yeniliklərin tətbiqinə imkan yaradıb.

Layihəyə qoşulacaq 300 min nəfərdən çox əhalisi olan Xətai rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 498 ədəd konteyner meydançası yaradılıb. Meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur. Sakinlərin maarifləndirməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xətai rayonunun bütün məhəllə və həyətlərində görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar. Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.

Carı ilin doqquz ayı ərzində rayonun yekun sosial-iqtisadi göstəriciləri hələlik açıqlanmasa da, ayrı-ayrı sahələr üzrə statistik məlumatlardan bilmək olur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir sıra uğurlar əldə olunuşdur. Bütün müşahidə olunanlar əminliklə söyləməyə əsas verir ki, Xətai rayonunun zəhmətkeş insanları, əmək kollektivləri, rayon rəhbərliyi, ictimaiyyət əl - ələ verib 2022-ci ilin qalan yarısında da uğurlu göstəricilərə nail olacaqlar.

Əfsuslar olsun ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin də uğurlarına qısqanclıqla yanaşan bəzi destruktiv qüvvələrə xidmət edən kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri Xətai rayonunda rast gəlinən xırda nöqsanları “şişirdərək”, az qala cinayət kimi təqdim etməyə çalışırlar. Külək aşırdan ağacların şəklini çəkib, “rayon rəhbəri yaşıllıq zolağını satdı”, “Xətai rayonunda yaşıllığa qənim kəsilən kimdir” başlıqlı həqiqətdən uzaq məlumatlar yayırlar. Paxıl insanların tək məqsədi odur ki, kiməsə pislik edib ürəklərini soyutsunlar. Onlar yaxşılıq əvəzinə pislik etməyə üstünlük verirlərsə, onların beyinləri ancaq pislik barədə düşünürsə, deməli, bədbəxt, yazıq və aciz insanlardırlar. Anlamırlar ki, əslində, ən böyük pisliyi özlərinə edirlər. Nahaq deməyiblər ki, ağacı qurd, insanı isə paxıllıq içindən yeyir...

Samir Rəhimov

 
Kamaləddin Qafarov: “ Füzulinin azad olunması mühüm  strateji qələbə idi”

“1993-cü ilin yayında Füzuli sakinləri Ermənistan silahlı qüvvələrinin işğalçı hərbi hissələri ilə qeyri-bərabər savaşda öz doğma torpaqlarını qorumağa, müdafiə etməyə çalışırdılar. Lakin həmin vaxt bu savaşın sonu Azərbaycan tərəfi üçün növbəti acı məğlubiyyətlə nəticələndi. Avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi düşmən tərəfindən işğal olundu. Füzulililər 663 nəfər şəhid verdilər. Daha 400 nəfərədək rayon sakini əlil oldu, 181 nəfər əsir və itkin düşdü.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Millət vəkili xatırladıb ki, işğaldan əvvəl Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Həmin dövrdə rayon tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi idi. İşğal dövründə burada heç bir salamat kənd, bir salamat bina qalmayıb. İşğal başa çatdıqdan sonra buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Ölkə Prezidenti cənab İlham Əliyev də bir il bundan öncə Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bütün bu baş verənlər erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir.”
Deputat qeyd edib ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan ilk Qələbəsini hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əldə edib: “Füzulinin işğalından cəmi 5 ay sonra, 1994-cü il yanvar 5-də Heydər Əliyevin əmri ilə hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Bu Zəfər Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın, Azərbaycan Ordusunun ilk böyük Qələbəsi idi. Bu Zəfərdən 26 il sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə şanlı ordumuz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğalçılardan təmizləmək üçün 2020-ci ilin 27 sentyabr tarixində bütün təmas xəttində qətiyyətli əks-hücuma keçməklə Vətən müharibəsinə başladı.”

Kamaləddin Qafarov belə bir məqamı da vurğulayıb ki, II Qarabağ Savaşının gedişində Füzuli rayonunun azad olunması strateji əhəmiyyət kəsb edirdi: “Diqqətəlayiq haldır ki, Vətən müharibəsinin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri işğalçılardan təmizlənərək azad edilib. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib. Ümumilikdə Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu torpaqlarda öz suverenliyini təmin edib. Möhtərəm Prezidentimizin dediyi kimi, bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan təmizləndi. ”

Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə etdiyi səfərlərin xüsusi önəm kəsb etdiyini vurğulayan deputat bildirib ki, dövlət başçımızın hər belə səfəri bir sıra açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur ki, bu da həmin rayonun dirçəlməsinə misilsiz töhfə olur: “Vətən müharibəsi başa çatdıqdan sonra Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Füzuliyə səfər edib. Hər biri zəngin tarixi hadisələrlə müşayiət olunan bu səfərlərin gedişində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin və Peşə Liseyinin təməlqoyma mərasimləri keçirilib. Lakin bu tədbirlər arasında cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi əhəmiyyət kəsb etmiş oldu. Bu il sentyabrın 27-də isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri növbərti səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir və şanlı Zəfərimizlə fəxr edirik”.
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”

Azərbaycan 2020-ci ilin sentyabr ayında qədəm qoyduğu Zəfər yoluna bu gün siyasi-diplomatik müstəvidə inamla davam edir. Ölkəmizin günü-gündən artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri bu yolda əldə olunan böyük uğurlarımızın bariz göstəricisidir. Bu gün artıq Avropa ölkələri gələcəyə dair qurduqları strateji planlarında Azərbaycanın da mövqeyini zəruri amil kimi nəzərə almağa üstünlük verirlər. Respublikamızın etibarlı tərəfdaş olaraq Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu isə bu ölkələri Azərbaycanın regional siyasi maraqlarına baxış bucaqlarını və yanaşma tərzlərini getdikcə bizim xeyrimizə daha çox dəyişməyə sövq edir. Beləlikə, Azərbaycan artıq regional oyunçu statusundan çıxaraq Avropa səhnəsində cərəyan edən hadisələrin gedişinə təsir rıçaqlarına malik olan aparıcı iştirakçılardan birinə çevrilir.


Bugünkü buraxılışımızda Azərbaycan – Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, etiraf etmək lazımdır ki, son vaxtlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında xüsusi bir canlanma, bir artan dinamika yaşanmaqdadır. Həm də biz bu dinamikanın iqtisadi əməkdaşlıq formatından birbaşa siyasi münasibətlər müstəvisinə inteqrasiyasını da açıq-aşkar müşahidə edirik. O cümlədən cərəyan edən hadisələr Avropa-Azərbaycan münasibətlərinin inkişaf istiqamətində də hazırda ölkəmizin xeyrinə meyilliliyin daha da artdığını deməyə əsas verir. Bu baxımdan siyasi-diplomatik müstəvidə proseslərin gedişini necə şərh edə bilərsiz?

- İlk növbədə qeyd etməliyəm ki, Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman respublikanın iqtisadi potensialının dövlətin siyasi müstəqilliyinin təmin olunmasında əsas, ən vacib amil olduğunu vurğulayıb. Möhtərəm dövlət başçımız öz çıxışlarında da daim bir məqamı vurğulayıb ki, bu gün dünyada məhz güc amili əsas rol oynayır. Güc anlayışı isə aydındır ki, birbaşa iqtisadi göstəricilərə bağlıdır. Güclü ölkə ilk növbədə iqtisadiyyatı güclü olan ölkədir. Deməli, siyasi müstəqilliyini qorumaq istəyən dövlət ilk növbədə iqtisadi müstəqilliyini təmin etməlidir. Cənab Prezident İlham Əliyevin son 19 ildə davamlı olaraq həyata keçirdiyi daxili və xarici siyasətin əsasında da məhz bu postulat durur. Məhz buna görə də, sizin də qeyd etdiyiniz kimi, son vaxtlar Azərbaycanın təkcə Avropa ilə deyil, həmçinin bütün beynəlxalq əlaqələrində iqtisadi əməkdaşlıq sahəsində əldə olunan uğurların birbaşa siyasi-diplomatik müstəviyə inteqrasiyası müşahidə olunmaqdadır.

Lakin mən bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Bu da Azərbaycan-Avropa münasibətlərində ölkəmizin mənafeləri istiqamətinə meyilliliyin artmasına dair səsləndirdiyiniz fikirlə bağlıdır. Məsələ bundadır ki, əslində bu dönüş Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra baş verdi. Sadəcə olaraq postmüharibə dövrünün ilk aylarında müəyyən qüvvələr hələ bu savaşın nəticələrini dəyişməyə, Azərbaycanı əldə etdiyi uğurların bir qismindən imtina etməyə razı sala biləcəklərinə dair boş ümidlər bələyirdilər. Lakin Azərbaycan özünün hərbi zəfərini siyasi-diplomatik müstəvidə əldə etdiyi qələbələrlə möhkəmlətdi. Bax bu, birmənalı olaraq cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin möhtəşəm təntənəsi idi. Artıq hər kəs gördü ki, Azərbaycan bütün aspektlərdən müstəqil və güclü bir dövlət olaraq, yerləşdiyi regionda əsas söz sahibidir. Artıq hər kəs anladı ki, Azərbaycanla hesablaşmaq və ən əsası, razılaşmaq lazımdır.

Bu gün isə Avropada yaranmış yeni geosiyasi vəziyyət, xüsusilə də bu vəziyyətin formalaşmasına Rusiya-Ukrayna müharibəsinin birbaşa təsiri fonunda qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsi mən deyərdim ki, son dərəcə mürəkkəb böhran dövrü yaşayır. Belə vəziyyətdə yeni enerji mənbələri axtarışında olan Avropa İttifaqının enerji ehtiyatları ilə zəngin, müstəqil balanslaşdırılmış xarici siyasət yürüdən, artıq uzun illərdir ki, özünü bütün əməkdaşlıq sahələrində etibarlı tərədaş kimi təsdiq etmiş Azərbaycana üzünü, saxtakar, yalançı, asılı və marionet bir hökumətə malik olan, hər an, hər kəsə qarşı xəyanət edə biləcək Ermənistana isə arxasını çevirəcəyi gözlənilən idi. Bir daha təkrar edirəm, bütün bunlar hadisələrin öz axarı ilə gedişinin nəticəsi olaraq, istənilən halda öz-özünə formalaşacaq məqamlar deyi. Azərbaycan hazırda sahib olduğu mövqeyinə, beynəlxalq proseslərin gedişinə təsir etmək imkanlarına malik olan aparıcı aktor statusuna öz liderinin, cənab Prezident İlham Əliyevin 19 il ərzində səbrlə, təmkinlə, əzm və iradə ilə yürütdüyü xarici siyasətinin, ölkədə həyata keçirdiyi əsaslı iqtisadi və siyasi islahatların, möhtəşəm ordu quruculuğunun sayəsində gəlib çıxa bilmişdir. Bu, danılmaz bir həqiqətdir və Azərbaycanın həm bugünkü, həm də gələcək uğurlarının əsasında məhz bu tarixi həqiqət durur.

- Bu baxımdan Prezident İlham Əliyevin son vaxtlar bir sıra Avropa ölkələrinin əhəmiyyətini də xüsusi olaraq qeyd edə bilərik. O cümlədən, dövlət başçımızın oktyabr ayının 6-da Praqada keçirdiyi görüşlərin nəticələri əlbəttə ki, böyük önəm daşıyır. Bu barədə nə deyə bilərsiz?

- Bildiyiniz kimi, “Avropa siyasi birliyi” Avropa İttifaqı tərəfindən irəli sürülmüş yeni təşəbbüsdür və qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropanın təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Təbii ki, Azərbaycanın Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış etdiyini vurğulayır. Həm də diqqətə almaq lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev “Avropa siyasi birliyi” Zirvə Toplantısına bilavasitə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə qatılmışdı.

Lakin sizin də vurğuladığınız kimi, Praqa səfəri möhtərəm dövlət başçımızın son dövrlərdə Avropa ölkələrinə etdiyi səfərlərdən sadəcə biridir və onlardan hər biri eyni zamanda həm Azərbaycanın güvənli beynəlxalq mövqelərinin, həm də bu mövqelərin getdikcə daha da güclənməsinin təsdiqi kimi qiymətləndirilə bilər. O cümlədən Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri və bu səfər çərçivəsində Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strategiyada Azərbaycanın mövqeyinin nəzərə alınmasının Avropa İttifaqı üçün vacibliyini göstərir.

Daha sonra Prezident cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfərin əhəmiyyəti qeyd olunmalıdır. Məlum olduğu kimi, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Məhz bu Bəyannamə bu gün iki ölkənin dost və strateji ölkələr kimi çıxış etmələrinə əsaslı zəmin yaratmışdır. Dövlətimizin başçısı Bolqarıstanda mətbuata bəyanatla etdiyi çıxışında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun tarixi əhəmiyyət kəsb edən layihə olduğunu vurğuladı. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır. Daha bir vacib məsələ də budur ki, artıq Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istədiklərini bəyan etmişlər.

Ölkə Prezidentinin oktyabrın 6-da baş tutmuş Praqa səfərinə gəlincə isə, birmənalı olaraq demək lazımdır ki, möhtərəm dövlət başçımız bu səfərin gedişində növbəti dəfə tarix yazdı. Az öncə də dediyim kimi, Azərbaycanın “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin çox gözəl perspektivlərə sahib olduğunu bir daha təsdiq edir. Lakin Praqa səfərinin daha önəmli nəticələri dövlət başçımızın bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlıdır. İlk növbədə Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair təklifi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan üçlü formatında vahid müzakirə platformasının yaradılmasının vacibliyi və digər önəmli məsələlər barədə fikirlərini səsləndirərək, sülh müqaviləsi üzrə danışıqların uzun müddət davam etməməli olduğunu və mümkün qədər qısa zaman kəsiyində başa çatdırılmasının zəruriliyini vurğulayıb. Özünün siyasi iradəsini və prinsipial mövqeyini bütün mötəbər beynəlxalq tədbirlərdə birmənalı şəkildə ifadə edən dövlətimizin başçısı bu dəfə də dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinin vacibliyini qeyd edib, bu prinsipə münasibətdə seçmə üsullu yanaşmaların, başqa sözlə desək, ikili standartların kənara qoyulmasının önəmini vurğulayıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticələrini isə Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək lazımdır. Belə ki, keçirilən görüşlərin sonunda qəbul edilmiş birgə bəyanat ilk növbədə ölkəmizin maraqlarına tam cavab verir. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, Ermənistan Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Heç şübhəsiz bu, Prezident cənab İlham Əliyevin Azərbaycan adına əldə etdiyi növbəti möhtəşəm diplomatik qələbədir.

İkinci bir tərəfdən, isə Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcək. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı dövlət başçımızın peşəkar diplomatiyası sayəsində qəti şəkildə alındı.

- Eldar müəllim, toxunmaq istədiyim daha bir məsələ də son vaxtlar bir çox Avropa ölkələrinin, o cümlədən ənənəvi olaraq Ermənistanın müttəfiqi hesab olunan ölkələrin mətbuatında Azərbaycanın mövqeylərini dəstəkləyən materialların dərc olunması ilə bağlıdır. Əlbəttə ki, bu tendensiya da az öncə qeyd etdiyimiz kimi, Azərbaycanın getdikcə artan nüfuzunun daha bir göstəricisidir. Bu barədə bizimlə hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Bəli, biz artıq bu barədə müəyyən fikir mübadiləsi apardıq və mən bir daha deyirəm, Avropa bu gün seçim etmək məcburiyyətindədir və əlbəttə ki, yaranmış vəziyyətdə ən doğrusu məhz düzgün, ədalətli seçim etməkdir. Əlbəttə indiyədək biz bir çox dövlətlərin, o cümlədən Avropa ölkələrinin ədalətsiz mövqeyi ilə çox rastlaşmışıq. Lakin indi vəziyyət kəskin şəkildə dəyişib. Artıq istəyən də və istəməyən də ölkəmizin bütün məsələlərdə haqlı mövqelərdə olduğunu etiraf etmək məcburiyyətindədir. O cümlədən bu günlərdə Fransanın “La Gazette” xəbər portalında Xocavənd rayonunun Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıq və bu kütləvi məzarlığın erməni vandalizminin növbəti təzahürü olması barədə məqalənin dərc olunması da çox böyük nailiyyətdir. Nəzərə almaq lazımdır ki, sadəcə fakrlar qeyd olunmayıb. Həmçinin bir rəy olaraq bildirilib ki, Ermənistan beynəlxalq hüquq nornmalarına zidd olaraq Azərbaycan tərəfinə kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir və bununla da beynəlxalq hüquq normalarını pozur. Xüsusilə diqqət çəkmək istədiyim bir məqam məqalədə Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinin xatırlanmasıdır. Sitat gətirirəm: “Bu qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Eyni zamanda, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı bu cür törədilmiş cinayətlər təbii ki, beynəlxalq humanitar hüquqa əsasən, müharibə cinayəti sayılır.” Həmçinin materialda vurğulanıb ki, əgər bu məsələyə insan hüquqları prizmasından yanaşılsa, bunun beynəlxalq konvensiya və digər hüquqi sənədlərdə ehtiva edilən yaşamaq hüququnun pozulması olduğunu görmək olar. Gördüyünüz kimi, müəllif rəsmi İrəvana qarşı kifayət qədər ciddi ittihamlar irəli sürür. Bu isə o deməkdir ki, bu Ermənistan artıq bu yaxınlara qədər ənənəvi müttəfiqi hesab olunan dövlətlərin də etimadını və dəstəyini itirmək üzrədir.

- Öncəki suallarımı cavablandırarkən Siz Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin edən əsas amillərdən birinin də məhz Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinin – siyasi iradəsi, qətiyyəti, şəxsi nüfuzu olduğunu qeyd etdiniz...

- Əlbəttə, bu bir aksiomdur. Məhz möhtərəm dövlət başçımızın şəxsi nüfuzu Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlığa olan maraqlarının getdikcə artmasını şərtləndirən ən mühüm amillərdən biridir. Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə diqqətini zəngin enerji ehtiyatlarına, təbii resurslara malik ölkələrə yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Təbii ki, konkret ölkəyə rəhbərlik edən dövlət başçısının həm öz ölkəsində, həm də beynəlxalq arenada nüfuzu xüsusi önəm kəsb edir. Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 19 il ərzində Azərbaycanı stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevirməyə nail olmuşdur. Bütün bunlar əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır və Azərbaycanla münasibətlərin qurulması üçün əsas kriterilərdən biri, bəlkə də birincisi kimi nəzərə alınır.

- Eldar müəllim, gəlin razılaşaq ki, Azərbaycan bu gün istər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gedən quruculuq işləri, istərsə də Ermənistanın bu torpaqlarımızda işğal dövründə apardığı terror və talançılıq siyasətinin, törətdiyi misli görünməmiş dağıntıların və vandallıq əməllərinin nəticələri barədə dünya ictimaiyyətini maksimum məlumatlandırmaq üçün sadəcə beynəlxalq platformalardan yararlanmır. Artıq belə platformalar Azərbaycanda da böyük uğurla təşkil olunur. Bu baxımdan oktyabrın 5-də ilk dəfə Ağdamda keçirilmiş Azərbaycan Milli Şəhərsalma Forumu da 40-dan artıq xarici ölkənin təmsilçilərinin iştirakı ilə xüsusi əhəmiyyət kəsb edən bir tədbir oldu. Yəqin ki, Ağdam Forumunda müzakirə olunan məsələlər barədə Sizin də bölüşmək istədiyiniz fikirləriniz var.

- İlk növbədə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə keçirilən bu Forum “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusu ilə birbaşa işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı yenidənqurma işlərinin əhatəli təhlili baxımından olduqca aktual idi. İkinci bir tərəfdən isə, həqiqətən də Ağdam Forumu erməni vandallarının 30 il işğal altında saxladıqları ərazilərdə törətdikləri vəhşiliklərin dünyaya təkrar nümayiş etdirilməsi üçün son dərəcə əlverişli beynəlxalq platforma rolunu oynamış oldu. Dediyiniz kimi, tədbirdə iştirak edən dünyanın 40-dan artıq ölkəsinin nümayəndələri erməni barbarlığının nəticələrini bir daha öz gözləri ilə görmək imkanı əldə etdilər. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev də Ağdamın ermənilər tərəfindən tamamilə dağıdıldığını və yerlə-yeksan edildiyini bir daha diqqət mərkəzinə gətirdi. Həmçinin dövlətimizin başçısı xüsusi olaraq bu faktı da qeyd etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Bu şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub. İşğal dövründə eyni aqibəti digər şəhər və kəndlərimiz – Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayıblar. Şuşa, Laçın və qismən Kəlbəcər şəhərlərində isə ermənilər məhdud miqdarda müəyyən yaşayış binalarını dağıtmamışlar ki, bunda da məqsəd müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmək olub.

Bu gün Azərbaycan keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng layihələr həyata keçirməkdədir. Bildiyiniz kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır. Həmçinin möhtərəm dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna etdikləri səfər də xüsusi özəllikləri ilə əlamətdar oldu. Səfər çərçivəsində cənab Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Bütün bu tədbirlər işğaldan öncə də Qarabağın ən böyük şəhəri olan Ağdamın yenidən qurulması istiqamətində aparılan işlərin heyrətamiz vüsətindən və dinamikasından xəbər verir.

Ermənistan isə Azərbaycanın öz ərazilərində apardığı bu quruculuq işlərini mümkün qədər ləngitmək məqsədilə faktiki olaraq işğal dövründə törətdiyi hərbi cinayət əməllərini indi də davam etdirir. Öz çıxışında bu problemin ciddiliyini diqqət mərkəzinə çəkən möhtərəm Prezidentimiz də qeyd etdi ki, bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində apardığı işlərdə Azərbaycanın qarşısında duran ən böyük çətinliklərdən biri məhz minalar məsələsidir. Vətən müharibəsinin başa çatmasından artıq iki il keçsə də, ölkəmiz hələ də ərazilərində ermənilər tərəfindən basdırılmış minalardan dolayı insan tələfatı verir. İkinci Qarabağ savaşının başa çatmasından sonra keçən iki il ərzində təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb və bu rəqəm hər həftə artır. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar və bütün beynəlxalq razılaşmalara zidd olaraq hələ də mina sahələrinin xəritələrini təqdim etməkdən boyun qaçırırlar. Bu, birmənalı olaraq Azərbaycana və azərbaycanlılara qarşı terror siyasətinin davam etməsi kimi qiymətləndirilməlidir. Hər partlayan mina bir insan həyatına son qoyur. Yəni Ermənistan Vətən müharibəsi dövründə olduğu kimi, indi də dinc sakinləri hədəfə almaqda davam edir. Bu isə artıq hərbi cinayət əməlidir.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Düşünürəm ki, artıq Ermənistan da Azərbaycanla sülh sazişinin imzalanmasının yaranmış böhran vəziyyətindən özü üçün yeganə çıxış yolu olduğunu dərk edir. Ən azından Praqa görüşlərində əldə olunmuş nəticələr bunu deməyə əsas verir. Gözləmək olar ki, artıq bundan sonrakı proseslər nəhayət ki, məhz bu istiqamətə yönələcək və 2023-cü ilin ərəfəsi bütün Cənubi Qafqaz üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə əlamətdar olacaq.

- Biz hamımız buna çox ümid edirik. Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov