Milli Məclisin ötən ilin dekabrın 16-da keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. İlk əvvəl qeyd edim ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanmışdır.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir. Bu qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib.
Yeni fəaliyyət, yeni yol...
Düzdür, indiyə qədər əvvəlki qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər də kifayət etmirdi. Ona görə də partiya təmsilçiləri Milli Məclisdə təkliflərlə çıxış edərək, qanunun yenidən işlənməsinin vacibliyini önə çəkdilər. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciəti əsasında yeni qanunun hazırlanmasının vacibliyini qeyd olundu və aparılan müzakirələrdən sonra yeni qanun layihəsi qüvvəyə mindi. Bu, həm Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyaların demokratik siyasi mühitdə daha rentabelli fəaliyyətlərinə yol açmış oldu.
Və bu il yanvarın 11-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqlədi.
İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarır
Qeyd edim ki, indiki Azərbaycan 30 ilki dövrdən bütün sahələr üzrə tamamilə fərqlidir. Artıq ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən bir dövlətdir. Bügünədək həyata kecirilən islahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib, qazanılan uğurlar özünü açıq şəkildə büruzə verməkdədir.
Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
Bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirildi. Yeni qanun layihəsini tərtib etməkdə əsas məqsəd bu sahədə təkmilləşdirmə işlərinin aparılması, siyasi mühitin yeni dövrün müasir çağırışlarına uyğunlaşdıırlması, güclü siyasi partiyaların formalaşdırılmasıdır. Qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını siyasi sistemin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Qabaqcıl ölkələrinin təcrübəsi tətbiq olunur
Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib,bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb. Ən əsası odur ki, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.
Cənab prezidentimiz İlham Əliyevin təməlini atmış olduğu islahatlar siyasətinin davamlı parçası olan “Siyasi partiyalar haqqında” qanunun qəbulu da bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizin daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir.
Ceyhun Cahangirov
Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.