Qarabağ münaqişəsinin bitməsindən sonra İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışıarı iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir və bu ölkə Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.
İranın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistan üzərindəki hərbi qələbəsi 30 il boyunca region ölkələrinin qarşılıqlı əlaqələrinə, sürətli inkişafına maneçilik törədən mühüm bir problemin həllinə və bütövlükdə bölgəyə rifah, tərəqqi vəd edən qalıcı sülhün əldə edilməsinə böyük ümidlər və şanslar yaratmışdır. Lakin cox təəssüf ki, bəzi dövlətlərin,xüsusəndə İran hələ də açıq-aşkar pozucu mövqe tutmaları və əvvəlki konfliktli şəraiti geri qaytarmaq cəhdləri sülh prosesini əngəlləyir, Cənubi Qafqazda hətta Yaxın Şərqi öz ağuşuna ala biləcək yeni və daha böyük müharibə riskini hər gün artırır.
İranın talancılığı faktlarla sübüt olunub
Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil. Bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı. Meşələrin qırılması və onların İrana daşınması da hər kəsə bəlli idi.İşğal dövründə Ermənistanla İran arasında geniş miqyasda iqtisadi əlaqələri, birgə iqtisadi layihələri mövcud olub. İranla Ermənistan arasında uzunluğu 140 kilometr olan qaz kəməri çəkilib. Boru xəttinin tikintisinə 2006-cı il dekabrın 20-də başlanıb, açılışı 2007-ci il martın 19-da reallaşıb.Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi yük maşınları ilə yanacaq və silah daşıyıb.
Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə - Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb, bu barədə aparıcı dünya mediasında kifayət qədər materiallar dərc edilib.
“Əzələ nümayişi, yoxsa ermənilərlə həmrəylik”
İranın Azərbaycanla sərhəddə müstəqillikdən sonra ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin hərbi qüvvələri bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.
Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquqmühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür.İran təxribatlarının miqyası genişlənməkdədir. İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçiləri, generalları və ayətullahları çıxış edir.
Tarixi “qardaşlıq” fiaskoya uğrayır
Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
40 milyon soydaşımızın yaşadığı və özünü “İslam Respublikası” elan etmiş qonşu İranın riyakar Fransayla eyni cinahda yer alması, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deməsi və üstəlik, Azərbaycana qarşı təhdid dilində danışması Vətənini sevən hər bir qeyrətli azərbaycanlıda hədsiz dərəcədə təəccüb, təəssüf, eyni zamanda, nifrət və qəzəb hissi yaratmışdır. Çünki Azərbaycan insanı çox yaxşı görür ki, təkcə 44 günlük Vətən Savaşı dönəmində və ondan sonrakı 2 il ərzində Türkiyə və Pakistan başda olmaqla, sünni məzhəbli müsəlman ölkələrin, demək olar, hamısı vəhdət halında birmənalı şəkildə Azərbaycanın haqq işinə dəstək verdikləri halda, özünü “şiə təəssübkeşi” elan etmiş İran din qardaşı Azərbaycanın yox, müsəlman məscidlərində donuz saxlayan işğalçı Ermənistanın yanında yer alaraq, hər vasitəylə bu işğalçının müsəlmanalara tam təslim olmasının qarşısını kəsir, ona yenidən bizimlə savaş üçün hər cür maddi-mənəvi, psixoloji dəstək verir. Eyni zamanda, Azərbaycan insanı onu da yaxşı görür ki, Ermənistan ərazisindən keçəcək “Zəngəzur dəhlizi”nin Üçtərəfli Razılaşmaya əsasən açılması 30 ildir zillət içərisində yaşayan Naxçıvan camaatının həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, ən çox da Türkiyəni, Azərbaycanı, eləcə də Mərkəzi Asiyanın müsəlman respublikalarını gücləndirəcəyi halda, bu dəhlizin işə düşməsindən ən çox narahatlıq keçirən də Ermənistan və Fransa, bir də özünü “İslam Respublikası” sayan İrandır.
Yaxın və orta şərq coğrafiyasında mövcud bütün münaqişələrdə İranın adı keçir. Elə təəssürat yaradılır ki, “qüdrətli İran dövləti” İslam təəssübkeşliyi göstərir, müsəlman dünyasını təhdidlərdən qoruyur, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyndə həmrəylik formalaşdırıb imperialist işğala qarşı dayanır. Reallıq isə budur ki, İranın nə təsvir edilən formada “hərbi qüdrəti” var, nə də “müsəlman təəssübkeşliyidir”.
Məkirli siyasətin sonu yaxınlaşır
Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir. Lakin hər kəsə bəllidir ki, rəsmi Bakı ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə Bakının bu jestini heç vaxt dəyərləndirməyib. Əvəzində isə İran Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə ən sıx münasibətlər qurur. İranı Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verən Tehran Fars körfəzindən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı əldə etmək istəyib, lakin bundan istifadə edərək, İrəvanı işğala son verməyə səsləməyib.
İranda hazırda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir.
Molla rejimi xalqlara azadlıq verməlidir
Cənubi Azərbaycandakı 35 milyon soydaşımızın öz hüquqlarını tələb etmək, müstəqil olmaq və Cənubi Azərbaycanda öz dövlətlərini qurmaqla öz taleyini müəyyənləşdirməyə tam haqqı çatır. Molla rejimi, fars şovinizminin qəddarlığından bezən soydaşlarımız ayağa qalxmalı və İslami dəyərlərdən, ədalət, insaniyyət anlayışından uzaq olan molla rejiminin başında duranlara layiq olduqları yeri göstərməlidirlər. Bu, İranın ərazi bütövlüyünün pozulması demək deyil. Çünki bu dövləti də məhz biz - Səfəvilər, Nadir şah, Qacarlar və s. qurub. Bu, tarixi ədalətin bərpasıdır.
Prezident İlham Əliyev bu günlərdə Səmərqəndə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında xüsusilə vurğuladı ki, “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Ceyhun Cahangirov
Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.