Xəbər lenti



Son illərdə dövlət rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar paytaxt Bakının Xətai rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.


Təcrübəli dövlət qulluqçusu, Xətai İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quliyevin rəhbərliyi altında rayonda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən iki-üç ildə rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.


Öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında quran Xətai İcra Hakimiyyəti (RİH) rayonun sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirir, ərazidə sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil edir, rayonun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edir, ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaradır, sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini gerçəkləşdirir.



Son illər Xətai rayonu ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülmüş, küçələr boyu yaşıllıq zolaqları, yeni parklar inşa edilmiş,, işıqlandırma və oturacaqlar dəyişdirilmiş, bir çox ünvanlara asfalt örtüyü vurulmuş, yeni bardyurlar qoyulmuş, liftlər yenisi ilə əvəz olunmuş, binalarda yüzlərlə pəncərə və qapı dəyişdirilmişdir. Küçələrdə səki daşları, suaxıdıcı boru və navalçalar dəyişdirilmişdir. II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları mənzillərdə əsaslı təmir işləri aparılmış və barelyefləri binaların girişinə, eləcə də bəzi küçələrə və parklara vurulmuşdur. Ümumi yaşayış binalarının həyətlərinə “Abad həyət” layihəsi çərçivəsində söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, müxtəlif turnik və idman qurğuları, kənarları bağlı stadionlar quraşdırılmışdır. Həmçinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, çoxmənzilli binaların dam örtüyünün təmiri işləri sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binanın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilir. İstismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanır.

Rayon ərazisində ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonda “Bizim həyət” layihələri çərçivəsində və Rayon İcra Hakimiyyəti tərəfindən də “Abad Həyət” layihəsi çərçivəsində də işlər davam etdirilməkdədir. Oktyabrın 4-də Xətai rayonu, General Şıxlinski küçəsi 57 və 59 ünvanlarında “Bizim həyət” layihəsi çərçivəsində 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən növbəti həyət sakinlərin istifadəsinə verilib. Həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 6 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 525 ədəd müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, 4200 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb. Yaşıl sədlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə sədlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

Rayonda vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.




Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Görüşlərdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir.

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir. Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Onu da qeyd edək ki, Xətai rayonu ərazisində qeydiyyatda olan şəhid ailələri və Vətən müharibəsi əlilləri Xətai Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan çoxu artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında xeyli sayda şəhid ailələri üzvləri və Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur.

Rayonda yolların bərpasına xüsusi diqqət yetirilir. Əsasən şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri aparılır, küçələrdə köhnə işıq dirəkləri yenisi ilə əvəz edilir. Piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində müəyyən işlər icra olunur. Yeri gəlmkişkən qeyd edək ki, 2022-ci il sentyabr ayında Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində dövlət bedcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,27 milyon manat ayrılıb.

Hər gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki,  yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir. Magistral yollarda kürəbəndlər təmizlənir, binaların zirzəmisində sanitar-təmizlik və dezinfeksiya işləri aparılır, mənzillərin tüstü və hava kanalları  təmizlənir. Eyni zamanda, rayonda mütəmadi olaraq qanunsuz tikintilərə qarşı reydlər keçirilir. Bir sözlə, rayon təsərrüfatı saat mexanizmi kimi işləyir.



2022-ci ilin avqust ayından Xətai rayonu da bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə qoşulub. Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin artıq 4-cü ildir birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Əldə edilən müsbət nəticələr paytaxt rayonlarında yeniliklərin tətbiqinə imkan yaradıb.

Layihəyə qoşulacaq 300 min nəfərdən çox əhalisi olan Xətai rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 498 ədəd konteyner meydançası yaradılıb. Meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur. Sakinlərin maarifləndirməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xətai rayonunun bütün məhəllə və həyətlərində görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar. Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.

Carı ilin doqquz ayı ərzində rayonun yekun sosial-iqtisadi göstəriciləri hələlik açıqlanmasa da, ayrı-ayrı sahələr üzrə statistik məlumatlardan bilmək olur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir sıra uğurlar əldə olunuşdur. Bütün müşahidə olunanlar əminliklə söyləməyə əsas verir ki, Xətai rayonunun zəhmətkeş insanları, əmək kollektivləri, rayon rəhbərliyi, ictimaiyyət əl - ələ verib 2022-ci ilin qalan yarısında da uğurlu göstəricilərə nail olacaqlar.

Əfsuslar olsun ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin də uğurlarına qısqanclıqla yanaşan bəzi destruktiv qüvvələrə xidmət edən kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri Xətai rayonunda rast gəlinən xırda nöqsanları “şişirdərək”, az qala cinayət kimi təqdim etməyə çalışırlar. Külək aşırdan ağacların şəklini çəkib, “rayon rəhbəri yaşıllıq zolağını satdı”, “Xətai rayonunda yaşıllığa qənim kəsilən kimdir” başlıqlı həqiqətdən uzaq məlumatlar yayırlar. Paxıl insanların tək məqsədi odur ki, kiməsə pislik edib ürəklərini soyutsunlar. Onlar yaxşılıq əvəzinə pislik etməyə üstünlük verirlərsə, onların beyinləri ancaq pislik barədə düşünürsə, deməli, bədbəxt, yazıq və aciz insanlardırlar. Anlamırlar ki, əslində, ən böyük pisliyi özlərinə edirlər. Nahaq deməyiblər ki, ağacı qurd, insanı isə paxıllıq içindən yeyir...

Samir Rəhimov

 
Kamaləddin Qafarov: “ Füzulinin azad olunması mühüm  strateji qələbə idi”

“1993-cü ilin yayında Füzuli sakinləri Ermənistan silahlı qüvvələrinin işğalçı hərbi hissələri ilə qeyri-bərabər savaşda öz doğma torpaqlarını qorumağa, müdafiə etməyə çalışırdılar. Lakin həmin vaxt bu savaşın sonu Azərbaycan tərəfi üçün növbəti acı məğlubiyyətlə nəticələndi. Avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi düşmən tərəfindən işğal olundu. Füzulililər 663 nəfər şəhid verdilər. Daha 400 nəfərədək rayon sakini əlil oldu, 181 nəfər əsir və itkin düşdü.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Millət vəkili xatırladıb ki, işğaldan əvvəl Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Həmin dövrdə rayon tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi idi. İşğal dövründə burada heç bir salamat kənd, bir salamat bina qalmayıb. İşğal başa çatdıqdan sonra buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Ölkə Prezidenti cənab İlham Əliyev də bir il bundan öncə Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bütün bu baş verənlər erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir.”
Deputat qeyd edib ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan ilk Qələbəsini hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əldə edib: “Füzulinin işğalından cəmi 5 ay sonra, 1994-cü il yanvar 5-də Heydər Əliyevin əmri ilə hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Bu Zəfər Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın, Azərbaycan Ordusunun ilk böyük Qələbəsi idi. Bu Zəfərdən 26 il sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə şanlı ordumuz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğalçılardan təmizləmək üçün 2020-ci ilin 27 sentyabr tarixində bütün təmas xəttində qətiyyətli əks-hücuma keçməklə Vətən müharibəsinə başladı.”

Kamaləddin Qafarov belə bir məqamı da vurğulayıb ki, II Qarabağ Savaşının gedişində Füzuli rayonunun azad olunması strateji əhəmiyyət kəsb edirdi: “Diqqətəlayiq haldır ki, Vətən müharibəsinin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri işğalçılardan təmizlənərək azad edilib. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib. Ümumilikdə Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu torpaqlarda öz suverenliyini təmin edib. Möhtərəm Prezidentimizin dediyi kimi, bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan təmizləndi. ”

Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə etdiyi səfərlərin xüsusi önəm kəsb etdiyini vurğulayan deputat bildirib ki, dövlət başçımızın hər belə səfəri bir sıra açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur ki, bu da həmin rayonun dirçəlməsinə misilsiz töhfə olur: “Vətən müharibəsi başa çatdıqdan sonra Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Füzuliyə səfər edib. Hər biri zəngin tarixi hadisələrlə müşayiət olunan bu səfərlərin gedişində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin və Peşə Liseyinin təməlqoyma mərasimləri keçirilib. Lakin bu tədbirlər arasında cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi əhəmiyyət kəsb etmiş oldu. Bu il sentyabrın 27-də isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri növbərti səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir və şanlı Zəfərimizlə fəxr edirik”.
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”

Azərbaycan 2020-ci ilin sentyabr ayında qədəm qoyduğu Zəfər yoluna bu gün siyasi-diplomatik müstəvidə inamla davam edir. Ölkəmizin günü-gündən artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri bu yolda əldə olunan böyük uğurlarımızın bariz göstəricisidir. Bu gün artıq Avropa ölkələri gələcəyə dair qurduqları strateji planlarında Azərbaycanın da mövqeyini zəruri amil kimi nəzərə almağa üstünlük verirlər. Respublikamızın etibarlı tərəfdaş olaraq Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu isə bu ölkələri Azərbaycanın regional siyasi maraqlarına baxış bucaqlarını və yanaşma tərzlərini getdikcə bizim xeyrimizə daha çox dəyişməyə sövq edir. Beləlikə, Azərbaycan artıq regional oyunçu statusundan çıxaraq Avropa səhnəsində cərəyan edən hadisələrin gedişinə təsir rıçaqlarına malik olan aparıcı iştirakçılardan birinə çevrilir.


Bugünkü buraxılışımızda Azərbaycan – Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, etiraf etmək lazımdır ki, son vaxtlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında xüsusi bir canlanma, bir artan dinamika yaşanmaqdadır. Həm də biz bu dinamikanın iqtisadi əməkdaşlıq formatından birbaşa siyasi münasibətlər müstəvisinə inteqrasiyasını da açıq-aşkar müşahidə edirik. O cümlədən cərəyan edən hadisələr Avropa-Azərbaycan münasibətlərinin inkişaf istiqamətində də hazırda ölkəmizin xeyrinə meyilliliyin daha da artdığını deməyə əsas verir. Bu baxımdan siyasi-diplomatik müstəvidə proseslərin gedişini necə şərh edə bilərsiz?

- İlk növbədə qeyd etməliyəm ki, Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman respublikanın iqtisadi potensialının dövlətin siyasi müstəqilliyinin təmin olunmasında əsas, ən vacib amil olduğunu vurğulayıb. Möhtərəm dövlət başçımız öz çıxışlarında da daim bir məqamı vurğulayıb ki, bu gün dünyada məhz güc amili əsas rol oynayır. Güc anlayışı isə aydındır ki, birbaşa iqtisadi göstəricilərə bağlıdır. Güclü ölkə ilk növbədə iqtisadiyyatı güclü olan ölkədir. Deməli, siyasi müstəqilliyini qorumaq istəyən dövlət ilk növbədə iqtisadi müstəqilliyini təmin etməlidir. Cənab Prezident İlham Əliyevin son 19 ildə davamlı olaraq həyata keçirdiyi daxili və xarici siyasətin əsasında da məhz bu postulat durur. Məhz buna görə də, sizin də qeyd etdiyiniz kimi, son vaxtlar Azərbaycanın təkcə Avropa ilə deyil, həmçinin bütün beynəlxalq əlaqələrində iqtisadi əməkdaşlıq sahəsində əldə olunan uğurların birbaşa siyasi-diplomatik müstəviyə inteqrasiyası müşahidə olunmaqdadır.

Lakin mən bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Bu da Azərbaycan-Avropa münasibətlərində ölkəmizin mənafeləri istiqamətinə meyilliliyin artmasına dair səsləndirdiyiniz fikirlə bağlıdır. Məsələ bundadır ki, əslində bu dönüş Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra baş verdi. Sadəcə olaraq postmüharibə dövrünün ilk aylarında müəyyən qüvvələr hələ bu savaşın nəticələrini dəyişməyə, Azərbaycanı əldə etdiyi uğurların bir qismindən imtina etməyə razı sala biləcəklərinə dair boş ümidlər bələyirdilər. Lakin Azərbaycan özünün hərbi zəfərini siyasi-diplomatik müstəvidə əldə etdiyi qələbələrlə möhkəmlətdi. Bax bu, birmənalı olaraq cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin möhtəşəm təntənəsi idi. Artıq hər kəs gördü ki, Azərbaycan bütün aspektlərdən müstəqil və güclü bir dövlət olaraq, yerləşdiyi regionda əsas söz sahibidir. Artıq hər kəs anladı ki, Azərbaycanla hesablaşmaq və ən əsası, razılaşmaq lazımdır.

Bu gün isə Avropada yaranmış yeni geosiyasi vəziyyət, xüsusilə də bu vəziyyətin formalaşmasına Rusiya-Ukrayna müharibəsinin birbaşa təsiri fonunda qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsi mən deyərdim ki, son dərəcə mürəkkəb böhran dövrü yaşayır. Belə vəziyyətdə yeni enerji mənbələri axtarışında olan Avropa İttifaqının enerji ehtiyatları ilə zəngin, müstəqil balanslaşdırılmış xarici siyasət yürüdən, artıq uzun illərdir ki, özünü bütün əməkdaşlıq sahələrində etibarlı tərədaş kimi təsdiq etmiş Azərbaycana üzünü, saxtakar, yalançı, asılı və marionet bir hökumətə malik olan, hər an, hər kəsə qarşı xəyanət edə biləcək Ermənistana isə arxasını çevirəcəyi gözlənilən idi. Bir daha təkrar edirəm, bütün bunlar hadisələrin öz axarı ilə gedişinin nəticəsi olaraq, istənilən halda öz-özünə formalaşacaq məqamlar deyi. Azərbaycan hazırda sahib olduğu mövqeyinə, beynəlxalq proseslərin gedişinə təsir etmək imkanlarına malik olan aparıcı aktor statusuna öz liderinin, cənab Prezident İlham Əliyevin 19 il ərzində səbrlə, təmkinlə, əzm və iradə ilə yürütdüyü xarici siyasətinin, ölkədə həyata keçirdiyi əsaslı iqtisadi və siyasi islahatların, möhtəşəm ordu quruculuğunun sayəsində gəlib çıxa bilmişdir. Bu, danılmaz bir həqiqətdir və Azərbaycanın həm bugünkü, həm də gələcək uğurlarının əsasında məhz bu tarixi həqiqət durur.

- Bu baxımdan Prezident İlham Əliyevin son vaxtlar bir sıra Avropa ölkələrinin əhəmiyyətini də xüsusi olaraq qeyd edə bilərik. O cümlədən, dövlət başçımızın oktyabr ayının 6-da Praqada keçirdiyi görüşlərin nəticələri əlbəttə ki, böyük önəm daşıyır. Bu barədə nə deyə bilərsiz?

- Bildiyiniz kimi, “Avropa siyasi birliyi” Avropa İttifaqı tərəfindən irəli sürülmüş yeni təşəbbüsdür və qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropanın təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Təbii ki, Azərbaycanın Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış etdiyini vurğulayır. Həm də diqqətə almaq lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev “Avropa siyasi birliyi” Zirvə Toplantısına bilavasitə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə qatılmışdı.

Lakin sizin də vurğuladığınız kimi, Praqa səfəri möhtərəm dövlət başçımızın son dövrlərdə Avropa ölkələrinə etdiyi səfərlərdən sadəcə biridir və onlardan hər biri eyni zamanda həm Azərbaycanın güvənli beynəlxalq mövqelərinin, həm də bu mövqelərin getdikcə daha da güclənməsinin təsdiqi kimi qiymətləndirilə bilər. O cümlədən Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri və bu səfər çərçivəsində Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strategiyada Azərbaycanın mövqeyinin nəzərə alınmasının Avropa İttifaqı üçün vacibliyini göstərir.

Daha sonra Prezident cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfərin əhəmiyyəti qeyd olunmalıdır. Məlum olduğu kimi, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Məhz bu Bəyannamə bu gün iki ölkənin dost və strateji ölkələr kimi çıxış etmələrinə əsaslı zəmin yaratmışdır. Dövlətimizin başçısı Bolqarıstanda mətbuata bəyanatla etdiyi çıxışında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun tarixi əhəmiyyət kəsb edən layihə olduğunu vurğuladı. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır. Daha bir vacib məsələ də budur ki, artıq Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istədiklərini bəyan etmişlər.

Ölkə Prezidentinin oktyabrın 6-da baş tutmuş Praqa səfərinə gəlincə isə, birmənalı olaraq demək lazımdır ki, möhtərəm dövlət başçımız bu səfərin gedişində növbəti dəfə tarix yazdı. Az öncə də dediyim kimi, Azərbaycanın “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin çox gözəl perspektivlərə sahib olduğunu bir daha təsdiq edir. Lakin Praqa səfərinin daha önəmli nəticələri dövlət başçımızın bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlıdır. İlk növbədə Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair təklifi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan üçlü formatında vahid müzakirə platformasının yaradılmasının vacibliyi və digər önəmli məsələlər barədə fikirlərini səsləndirərək, sülh müqaviləsi üzrə danışıqların uzun müddət davam etməməli olduğunu və mümkün qədər qısa zaman kəsiyində başa çatdırılmasının zəruriliyini vurğulayıb. Özünün siyasi iradəsini və prinsipial mövqeyini bütün mötəbər beynəlxalq tədbirlərdə birmənalı şəkildə ifadə edən dövlətimizin başçısı bu dəfə də dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinin vacibliyini qeyd edib, bu prinsipə münasibətdə seçmə üsullu yanaşmaların, başqa sözlə desək, ikili standartların kənara qoyulmasının önəmini vurğulayıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticələrini isə Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək lazımdır. Belə ki, keçirilən görüşlərin sonunda qəbul edilmiş birgə bəyanat ilk növbədə ölkəmizin maraqlarına tam cavab verir. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, Ermənistan Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Heç şübhəsiz bu, Prezident cənab İlham Əliyevin Azərbaycan adına əldə etdiyi növbəti möhtəşəm diplomatik qələbədir.

İkinci bir tərəfdən, isə Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcək. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı dövlət başçımızın peşəkar diplomatiyası sayəsində qəti şəkildə alındı.

- Eldar müəllim, toxunmaq istədiyim daha bir məsələ də son vaxtlar bir çox Avropa ölkələrinin, o cümlədən ənənəvi olaraq Ermənistanın müttəfiqi hesab olunan ölkələrin mətbuatında Azərbaycanın mövqeylərini dəstəkləyən materialların dərc olunması ilə bağlıdır. Əlbəttə ki, bu tendensiya da az öncə qeyd etdiyimiz kimi, Azərbaycanın getdikcə artan nüfuzunun daha bir göstəricisidir. Bu barədə bizimlə hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Bəli, biz artıq bu barədə müəyyən fikir mübadiləsi apardıq və mən bir daha deyirəm, Avropa bu gün seçim etmək məcburiyyətindədir və əlbəttə ki, yaranmış vəziyyətdə ən doğrusu məhz düzgün, ədalətli seçim etməkdir. Əlbəttə indiyədək biz bir çox dövlətlərin, o cümlədən Avropa ölkələrinin ədalətsiz mövqeyi ilə çox rastlaşmışıq. Lakin indi vəziyyət kəskin şəkildə dəyişib. Artıq istəyən də və istəməyən də ölkəmizin bütün məsələlərdə haqlı mövqelərdə olduğunu etiraf etmək məcburiyyətindədir. O cümlədən bu günlərdə Fransanın “La Gazette” xəbər portalında Xocavənd rayonunun Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıq və bu kütləvi məzarlığın erməni vandalizminin növbəti təzahürü olması barədə məqalənin dərc olunması da çox böyük nailiyyətdir. Nəzərə almaq lazımdır ki, sadəcə fakrlar qeyd olunmayıb. Həmçinin bir rəy olaraq bildirilib ki, Ermənistan beynəlxalq hüquq nornmalarına zidd olaraq Azərbaycan tərəfinə kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir və bununla da beynəlxalq hüquq normalarını pozur. Xüsusilə diqqət çəkmək istədiyim bir məqam məqalədə Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinin xatırlanmasıdır. Sitat gətirirəm: “Bu qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Eyni zamanda, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı bu cür törədilmiş cinayətlər təbii ki, beynəlxalq humanitar hüquqa əsasən, müharibə cinayəti sayılır.” Həmçinin materialda vurğulanıb ki, əgər bu məsələyə insan hüquqları prizmasından yanaşılsa, bunun beynəlxalq konvensiya və digər hüquqi sənədlərdə ehtiva edilən yaşamaq hüququnun pozulması olduğunu görmək olar. Gördüyünüz kimi, müəllif rəsmi İrəvana qarşı kifayət qədər ciddi ittihamlar irəli sürür. Bu isə o deməkdir ki, bu Ermənistan artıq bu yaxınlara qədər ənənəvi müttəfiqi hesab olunan dövlətlərin də etimadını və dəstəyini itirmək üzrədir.

- Öncəki suallarımı cavablandırarkən Siz Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin edən əsas amillərdən birinin də məhz Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinin – siyasi iradəsi, qətiyyəti, şəxsi nüfuzu olduğunu qeyd etdiniz...

- Əlbəttə, bu bir aksiomdur. Məhz möhtərəm dövlət başçımızın şəxsi nüfuzu Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlığa olan maraqlarının getdikcə artmasını şərtləndirən ən mühüm amillərdən biridir. Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə diqqətini zəngin enerji ehtiyatlarına, təbii resurslara malik ölkələrə yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Təbii ki, konkret ölkəyə rəhbərlik edən dövlət başçısının həm öz ölkəsində, həm də beynəlxalq arenada nüfuzu xüsusi önəm kəsb edir. Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 19 il ərzində Azərbaycanı stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevirməyə nail olmuşdur. Bütün bunlar əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır və Azərbaycanla münasibətlərin qurulması üçün əsas kriterilərdən biri, bəlkə də birincisi kimi nəzərə alınır.

- Eldar müəllim, gəlin razılaşaq ki, Azərbaycan bu gün istər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gedən quruculuq işləri, istərsə də Ermənistanın bu torpaqlarımızda işğal dövründə apardığı terror və talançılıq siyasətinin, törətdiyi misli görünməmiş dağıntıların və vandallıq əməllərinin nəticələri barədə dünya ictimaiyyətini maksimum məlumatlandırmaq üçün sadəcə beynəlxalq platformalardan yararlanmır. Artıq belə platformalar Azərbaycanda da böyük uğurla təşkil olunur. Bu baxımdan oktyabrın 5-də ilk dəfə Ağdamda keçirilmiş Azərbaycan Milli Şəhərsalma Forumu da 40-dan artıq xarici ölkənin təmsilçilərinin iştirakı ilə xüsusi əhəmiyyət kəsb edən bir tədbir oldu. Yəqin ki, Ağdam Forumunda müzakirə olunan məsələlər barədə Sizin də bölüşmək istədiyiniz fikirləriniz var.

- İlk növbədə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə keçirilən bu Forum “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusu ilə birbaşa işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı yenidənqurma işlərinin əhatəli təhlili baxımından olduqca aktual idi. İkinci bir tərəfdən isə, həqiqətən də Ağdam Forumu erməni vandallarının 30 il işğal altında saxladıqları ərazilərdə törətdikləri vəhşiliklərin dünyaya təkrar nümayiş etdirilməsi üçün son dərəcə əlverişli beynəlxalq platforma rolunu oynamış oldu. Dediyiniz kimi, tədbirdə iştirak edən dünyanın 40-dan artıq ölkəsinin nümayəndələri erməni barbarlığının nəticələrini bir daha öz gözləri ilə görmək imkanı əldə etdilər. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev də Ağdamın ermənilər tərəfindən tamamilə dağıdıldığını və yerlə-yeksan edildiyini bir daha diqqət mərkəzinə gətirdi. Həmçinin dövlətimizin başçısı xüsusi olaraq bu faktı da qeyd etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Bu şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub. İşğal dövründə eyni aqibəti digər şəhər və kəndlərimiz – Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayıblar. Şuşa, Laçın və qismən Kəlbəcər şəhərlərində isə ermənilər məhdud miqdarda müəyyən yaşayış binalarını dağıtmamışlar ki, bunda da məqsəd müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmək olub.

Bu gün Azərbaycan keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng layihələr həyata keçirməkdədir. Bildiyiniz kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır. Həmçinin möhtərəm dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna etdikləri səfər də xüsusi özəllikləri ilə əlamətdar oldu. Səfər çərçivəsində cənab Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Bütün bu tədbirlər işğaldan öncə də Qarabağın ən böyük şəhəri olan Ağdamın yenidən qurulması istiqamətində aparılan işlərin heyrətamiz vüsətindən və dinamikasından xəbər verir.

Ermənistan isə Azərbaycanın öz ərazilərində apardığı bu quruculuq işlərini mümkün qədər ləngitmək məqsədilə faktiki olaraq işğal dövründə törətdiyi hərbi cinayət əməllərini indi də davam etdirir. Öz çıxışında bu problemin ciddiliyini diqqət mərkəzinə çəkən möhtərəm Prezidentimiz də qeyd etdi ki, bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində apardığı işlərdə Azərbaycanın qarşısında duran ən böyük çətinliklərdən biri məhz minalar məsələsidir. Vətən müharibəsinin başa çatmasından artıq iki il keçsə də, ölkəmiz hələ də ərazilərində ermənilər tərəfindən basdırılmış minalardan dolayı insan tələfatı verir. İkinci Qarabağ savaşının başa çatmasından sonra keçən iki il ərzində təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb və bu rəqəm hər həftə artır. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar və bütün beynəlxalq razılaşmalara zidd olaraq hələ də mina sahələrinin xəritələrini təqdim etməkdən boyun qaçırırlar. Bu, birmənalı olaraq Azərbaycana və azərbaycanlılara qarşı terror siyasətinin davam etməsi kimi qiymətləndirilməlidir. Hər partlayan mina bir insan həyatına son qoyur. Yəni Ermənistan Vətən müharibəsi dövründə olduğu kimi, indi də dinc sakinləri hədəfə almaqda davam edir. Bu isə artıq hərbi cinayət əməlidir.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Düşünürəm ki, artıq Ermənistan da Azərbaycanla sülh sazişinin imzalanmasının yaranmış böhran vəziyyətindən özü üçün yeganə çıxış yolu olduğunu dərk edir. Ən azından Praqa görüşlərində əldə olunmuş nəticələr bunu deməyə əsas verir. Gözləmək olar ki, artıq bundan sonrakı proseslər nəhayət ki, məhz bu istiqamətə yönələcək və 2023-cü ilin ərəfəsi bütün Cənubi Qafqaz üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə əlamətdar olacaq.

- Biz hamımız buna çox ümid edirik. Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az
Kamaləddin Qafarov: “Ermənistan rejimi məsuliyyətə cəlb olunmalıdır”
“Şanlı Azərbaycan Ordusu tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində erməni faşizminin başını əzdi. Lakin bu qəddar rejimin otuz il ərzində ölkəmizin işğal altında olan ərazilərində törətdikləri vəhşiliklərin əks-sədası hələ neçə illər eşidilməkdə davam edəcək. Hər yeni gün Ermənistanın hərbi-siyasi rejiminin yeni qanlı cinayətinin üstü açılır. Görəsən niyə dünyanın və Avropanın “demokratiya carçıları” hələ də bu tükürpədici faktlara göz yummağa çalışırlar? Bunun yeganə məntiqi səbəbi yenə də ikili standartlar siyasəti və beynəlxalq hüququn artıq yalnız yüksək kürsülərdən səsləndirilən boş şüarlarda öz ifadəsini tapmasıdır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib
.

Deputat bildirib: “Erməni faşizminin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin tarixi artıq yüzilliklərlə hesablansa da, son otuz il ərzində, işğal olunmuş Azərbaycan ərazilərində törədilən vəhşiliklər xüsusi qəddarlığı ilə seçilib. Təkcə Xocalı faciəsi bütün bəşəriyyəti sarsıda biləcək faktlarla o qədər zəngindir ki, həmin faktlar əsasında sonsuz sayda cinayət işi açıla bilər. Həm də bu faktların danılmaz həqiqət olduğunu təsdiq edən şahidlər arasında bir çox beynəlxalq təşkilatların, nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri də kifayət qədərdir. Hələ on bir il bundan əvvəl Qarabağ Azadlıq Təşkilatı tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı haqda hazırlanmış “Xocalı faciəsi şahidlərin gözü ilə” adında sənəddə İngiltərənin “Frant line news” teleşirkətinin əməkdaşı Rori Patriksin bu ifadələri yer almışdı: “Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi”. Fransanın “Le Mond” qəzetində 14 mart 1992-ci il tarixdə dərc olunmuş materialda isə bu cümlələri oxumaq olar: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər”. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”. Bu sənəd həmin vaxt BMT Təhlükəsizlik Şurasına, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına göndərilsə də, ya bu cinayətləri törətmiş Ermənistanın həmin beynəlxalq təşkilatlardan çıxarılması, ya da bəşəriyyət əleyhinə olan bu qanlı cinayəti bilavasitə planlayan və həyata keçirən şəxslərin cəzalandırılması istiqamətində indiyədək heç bir addım atılmayıb. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir. Məhz elə bu cəzasızlıq mühiti də erməni faşistlərinin öz vəhşiliklərini sonrakı illərdə də amansızlıqla davam etdirmələrinə zəmin yaratdı. Bu gün isə biz həmin vəhşiliklərin dəhşətli nəticələrini bir-bir aşkar edirik.”

Kamaləddin Qafarov bildirib : “Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıq erməni vəhşiliklərinin növbəti sübutudur. Məlumdur ki, bu yaxınlarda Şuşa rayonunun Daşaltı kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində də kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlarda aşkar olunan meyidtlərin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunur. O cümlədən Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqda 1993-cü ildə Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş və sonradan milli zəmində öldürülmüş 25 şəxsin kütləvi dəfn edilməsi ehtimal edilir. Ermənistan hökuməti bu əməlləri ilə Cenevrə Konvensiyasının maddələrini kobud şəkildə pozmuşdur. Edilli kütləvi məzarlığında aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məftil və kəndirlə bağlandığı faktının məlum olması ilə erməni faşistlərinin vəhşi xisləti bir daha bütün dünyaya nümayiş etdirildi. Bu cinayətlər qətiyyən cəzasız qalmamalıdır.
Azərbaycan Ordusu döyüş meydanında bütün şəhidlərimizin qanını düşməndən aldı. Lakin bu cinayətlərin təşkilatçıları hələ də cəzalandırılmayıblar. Əgər beynəlxalq təşkilatlar bundan sonra da Ermənistan hökumətinin məsuliyyətə cəlb olunması istiqamətində lazımı addımlar atmazlarsa, bu, Cənubi Qafqazda erməni faşizminin yenidən dirçəlməsi üçün zəmin yarada bilər.”
 
 
Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi


Ulu Öndər Heydər Əliyev: “Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin, öz torpaqlarının sahibi olacaqdır. Buna tam əmin ola bilərsiniz”.

3 oktyabr 1993-cü il - müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gündür. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 98.8 faiz xalqın səsini toplayaraq ilk dəfə Prezident seçilməsindən 29 il ötür. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir.

Heydər Əliyev xalqın yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalmışdır. Bu gün onun siyasi kursu isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ulu Öndər siyasətinin və uzaqgörənliyinin nəticəsidir ki, müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətə, dinyada siyasi mənzərəni dəyişməyə qadir olan ölkəyə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan  müasir Müstəqil Azərbaycan son 19 ildə böyük inkişaf yolu keçmişdir. Bu yolda qarşıya qoyulan hədəflərdən vacibi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı xarici havadarları çox, vəhşi bir tayfa olan ermənilərdən azad etmək idi. Azərbaycan dövlətinin inkişafının, onun işğal altında olan torpaqlarının azad edilməsinin inam və etimadının ünvanını “Şuşasız Qarabağ, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndər 2003-cü ildə xalqımıza göstərdi. Bu inam və etimadın ünvanı Müzəffər Ali Baş komandan İlham Əliyev  idi.

Möhtərəm Prezidentimiz İlham Əliyev 29 sentyabr 2022-ci ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ili “Heydər Əliyev ili” elan etmişdir. Bu, qədirbilən və yaxın keçmişi unutmayan xalqımızın böyük sevincinə səbəb olmuşdur. Bu gün Azərbaycanda baş verən bütün uğurların səbəbi Ulu Öndərin uzaqgörən siyasəti və onun siyasi varisi olan cənab İlham Əliyevin zamanı qabaqlamaq qüdrətinə malik siyasətidir.

Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. “Biz gəldik və burada əbədi olacağıq” söyləyən cənab Prezidentimizin qalib Lider kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri əbədi gəlişin təsdiqidir.

Xalqımız əmindir ki, Azərbaycanımız daha yüksək zirvələri fəth edəcəkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, “Bu gün Azərbaycan cəsarətli, xalqın iradəsinə əsaslanmış, milli maraqlar üzərində qurulmuş siyasəti bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Bu nikbinliyə əsas verən 1993-cü ildən başlanan yolun Azərbaycana qazandırdığı böyük uğurlardır”.





Vüqar Ağayev,
Salyan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı, YAP fəalı   
aia.az      
Kamaləddin Qafarov: “Ermənistanın  fitnəkarlıqlarıı hərbi  əməliyyatları qaçılmaz etdi”

“Bu gün Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və tarxi Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin gedişini və nəticələrini təhlil edərkən, ilk növbədə bu müharibəni qaçılmaz edən obyektiv tarixi faktlar qeyd olunmalıdır. Bu faktlardan ən önəmlisi də hələ 200 il bundan əvvəl çar Rusiyasının siyasətinə və maraqlarına uyğun olaraq tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsidir. Məhz həmin vaxtdan ermənilər xalqımıza qarşı düşmənçilik və dözümsüzlük siyasətinə başlamışlar.”

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, iki əsrdən çox müddət ərzində ermənilər məskunlaşdıqları ərazilərdə Azərbaycan toponimlərini dəyişməklə, münbit əraziləri ələ keçirməklə və azərbaycanlıları sıxışdırmaqla məşğul olublar. Çar hakimiyyətinin süqutu və Rusiyada bolşevik rejiminin hakimiyyətə gəlməsi ilə erməni millətçiləri daha da azğınlaşmış və azərbaycanlılara qarşı bir neçə il ərzində kütləvi qırğınlar, qətliamlar həyata keçirmişlər. O cümlədən, onlar 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Azərbaycan tarixinin acı həqiqətlərindən biri də xalqımıza qarşı 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən törədilmiş amansız soyqırımı hadisələri ilə bağlıdır. Erməni millətçi ideoloqlarının xəstə təxəyyüllərinin məhsulu olan mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədilə tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlarının həyata keçirilməsi artıq bütün dünyaya məlum olan danılmaz faktdır. 1918-ci il hadisələri də Azərbaycan xalqının başına gətirilən bu dəhşətli müsibətlərdən biridir. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qoyulub, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar dağıdılıb və talan edilib.”
Deputat qeyd edib ki, Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dönəmində də davam etdirilmişdir: “Həmçinin belə bir tarixi faktı da qeyd etmək lazımdır ki, azərbaycanlıları tarixən yaşadıqları ərazilərdən, öz dədə-baba torpaqlarından kütləvi deportasiyası Sovet dövründə də davam etmişdir. Tarixi Azərbaycan ərazilərində yaradılmış Ermənistanda yaşayan 150 minə yaxın azərbaycanlı 1948-1953-cü illərdə öz tarixi dədə-baba yurdlarından deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. 1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəşəri cinayət barədə belə deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur.

Daha sonra K.Qafarov vurğulayıb ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır: “Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “Mart qırğınları” mövzusu da qadağan olunmuş mövzuya çevrildi. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Ulu Öndər tərəfindən imzalanmış bu Fərman 1918-ci il hadisələri ilə bağlı aparılan tədqiqatlara yeni güclü təkan verdi. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu isbat edir.”

K.Qafarov qeyd edib ki, keçmiş Qarabağ münaqişəsinin məhz hərbi yolla həllini qaçılmaz edən səbəblərdən biri də beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti olmuşdur:
“Keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Bütün bu illər ərzində Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuş, işğalçı siyasətini davam etdirərək ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi və 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür”.

Sonda K.Qafarov bu məqamı da vurğulayıb ki, 27 sentyabr – Anım Günü bütün şəhidlərimizə, müharibə iştirakçılarına və qazilərə ən böyük hörmət və ehtiramım göstəricisidir: “Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Ölkə Prezidenti cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Azərbaycan öz qəhrəmanlarını heç zaman unutmayacaq, şəhidlərimizin müqəddəs ruhu xalqın qan yaddaşında əbədi yaşayacaqdır”.

Zərəçəkənlər Ali Məhkəmənin ədalətinə inanırlar

2020-ci ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin 700 minlik dələduzluqda təqsirləndirilən İlham Xıdırova və Nazim Mustafayevə çıxardığı hökm zərərçəkənləri tam qane etməsə də, az qala bütün aparıcı KİV bu hadisəni ədalət mühakiməsinin qələbəsi kimi təqdim etmişdi. İttihama görə, İ.Xıdırovla N.Mustafayev Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən, o cümlədən, həm də öz qohumlarından külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd edib, lakin həmin şəxsləri aldadıblar.

Amma məlum olanda ki, məhkəmənin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş həmin şəxslər – İ.Xıdırov və 5 il iş kəsilmiş N.Mustafayev çox keçmədən bəraət alıb azadlığa çıxıblar, o halda istər-istəməz sual yaranır: Görəsən, hansı səbəblər məhkəmənin məsələyə yanaşmasını 180 dərəcə əks istiqamətə dəyişib?

Zərər yetirənlər dörd və daha artıq sayda üzvü olan mütəşəkkil dəstədir

İş üzrə ən böyük zərərə məruz qalan şəxs – Bakı şəhər sakini Muradlı Elxan Rafiq oğlu redaksiyamıza müraciət edərək bildirib ki, CM-nin 178.3.2-ci maddəsi ilə Bakı Agır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (İş № 1(101)-108/2019) məhkum edilmiş və sonradan bəraət almış Xıdırov İlham Kərim oğlu və Mustafayev Nazim Rafiq oğlu, eyni zamanda Samir İlham oğlu Xıdırov, Zaur Sarvan oğlu Əliyev və digərləri qabaqcadan əlbir olaraq onun xüsusulə külli məbləğdə vəsaitini, 620 000 (altı yüz iyirmi min) ABŞ dollarında, alınan günü rəsmi məzənnəsi ilə toplam olaraq 610 299 AZN vəsaitini iş görmək adı altında dələduzluq yolu ilə almış və öz şəxsi məqsədlərinə xərcləmişlər.

E.Muradlı istintaqa verdiyi ifadələri xatırladaraq bildirib ki, Nazim Mustafayev onun rəhbəri olduğu “ATE Construction” MMC-də işçi olub. Həmin vəsaiti Nazimin onu tanış etdiyi İlham Xıdırovun şəxsən özünə və adları çəkilən digər şəxslərin vasitəsilə 22.12.2014-ci il tarixdən 11.01.2016-cı il tarixədək müxtəlif vaxtlarda hissə-hissə vermişdir. Pullar ondan kompressor avadanlıqlarının alqı-satqısı adı ilə alınsa da, həmin şəxslər pulları öz şəxsi məqsədlərinə sərf etmişlər:

“Ali Məhkəmənin Cinayət Kollegiyasının 10.02.2021-ci il tarixli, 1(102)-154/2021 saylı Qərarında Bakı Yasamal rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(004)-2028/2018 saylı Qətnaməsinə istinad edilərək təqsirləndirilən şəxslərin əməllərinin sübutlarının kifayət qədər olmaması qənaətinə gəlməsi başa düşülən deyil. Belə ki, İlham Xıdırov və Nazim Mustafayevin Bakı Ağır Cinayətlər Məhkəməsinə məndən pulları almaları haqda kifayət qədər etiraf ifadələri öz əksini məhkəmənin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmündə tapmışdır. Hətta İlham Xıdırov ifadəsində bildirmişdir ki, “Elxana olan borcundan imtina etmir, həmin pulları ödəyəcəkdir”. Nazim Mustafayev də öz ifadəsində Zaur Əliyevin təşkilatçı olduğunu təsdiq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Zaur Əliyev isə bildirmişdir ki, o, “müxtəlif adamlardan pul alıb başqa şəxslərə verməklə” məşğul olubdur və bu yolla da pul qazanıbdır, fəaliyyətində Elxan kimiləri çox olubdur. Deməli, N.Mustafayev, İ.Xıdırov, S.Xıdırov və Z. Əliyev sabit mütəşəkkil dəstə kimi fəaliyyət göstərmişlər”.

E.Muradlı hesab edir ki, məhkəmə aşkar saxtakarlığa və onu sübut edən dəlillərə göz yumub. Bütün bunlar barədə bir az sonra. Hələliksə…

Prosesin təsviri

İttihama görə, Xıdırov İlham Kərim oğlu həmçinin etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə etibarlarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015-ci ilin mart-aprel aylarında qohumu (qardaşının baldızı) Familə Xudum qızı Cəfərovanın bir neçə dəfəyə ümumilikdə həmin dövrün məzənnəsi ilə 29503,6 manat təşkil edən 28000 ABŞ dolları pulunu, eyni üsul, məqsəd və niyyətlə tanışı Abdullayeva Gülnaz Süleyman qızının 2015-ci ilin aprel və oktyabr aylarında iki dəfəyə 12000 və 13000 ABŞ dolları pulunu alıb ələ keçirərək ümumilikdə xeyli miqdarda, yəni, 26245,9 manat ziyan vuraraq dələduzluq etmişdir. Öz qardaşı oğlu Xıdırov Elxan Rövşən oğluna da eyni vədi verərək ümumilikdə 50000 ABŞ dolları pulunu alıb ələ keçirərək, ona külli miqdarda, həmin dövrün məzənnəsi ilə 52480 manat ziyan vuraraq dələduzluq etmişdir.

Xıdırov İlham Kərim oğlu və Mustafayev Nazim Rafiq oğlunun barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarına əsasən, həbs qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışlar. Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarına əsasən Nazim Mustafayevin həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həmin tarixdə həbsdən azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır.

Bakı Ağır Cinayətlər Məhkəməsi 19 fevral 2019-cu il tarixdə İlham Xıdırovun və Nazim Mustafayevin AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, çıxardığı hökmlə onları həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, İlham Xıdırovu 9 il 6 ay, Nazim Mustafayevi 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi. Zərərçəkmiş şəxs – mülki iddiaçı Muradlı Elxan Rafiq oğlunun cavabdehlərə qarşı mülki iddiaları qismən təmin olunmuş, Xıdırov İlham Kərim oğlundan 563549 manat, Mustafayev Nazim Rafiq oğlundan 46765 manat tutularaq Muradlı Elxan Rafiq oğluna ödənilməsi hökmdə öz əksini tapmışdı. Digər zərərçəkmiş şəxslərə gəldikdə isə, onlara vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdi. Bundan başqa, məhkəmə hökm etmişdi ki, həmin iş üzrə Sumqayıt şəhər məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin “Xalq Bank” ASC tərəfindən ipoteka ilə yüklü edilməsi və Abşeron rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsi nəzərə alınsın; Sumqayıt şəhər məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün.

Hökmdən məhkum edilmiş şəxslərin müdafiəçiləri, eləcə də zərərçəkmiş şəxs Xıdırov Elxan Rövşən oğlu və zərərçəkmiş şəxs – mülki iddiaçı Muradlı Elxan Rafiq oğlu ayrı – ayrılıqda apellyasiya şikayəti vermişlər. Birincilər məhkumların əməllərində cinayət tərkibi olmadığını hesab etdikləri üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün ləğv edilməsini, onların barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

Zərərçəkmiş E.Muradlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasından xahiş etmişdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cü il tarixli Hökmündə dəyişiklik edilərək, İlham Xıdırova və Nazim Mustafayevə daha ağır cəza təyin edilməsi və özünün mülki iddiasının tam həcmdə (əsas məbləğ 620 000 ABŞ dolları və bu müddət ərzində əldən çıxmış fayda olaraq 360 000 ABŞ dolları məbləğləri) təmin edilməsi barəsində qərar qəbul edilsin; hökmdə göstərilən kimi, ona vurulan ziyanın Azərbaycan manatı ilə deyil, ABŞ dollarında göstərilməsi və vurulan ziyanın tərəflər arasında bölünməyərək dəstə üzvləri tərəfindən tam həcmdə ödənilməsi haqda qərar qəbul edilsin; eləcə də cinayət əməlinin təşkilatçısı olan Əliyev Zaur Sarvan oğlunun istintaqa cəlb edilməsi haqda xüsusi Qərardad çıxarılsın.

Zərərçəkmiş Xıdırov Elxan Rövşən oğlu da apellyasiya şikayətində Xıdırov İlham Kərim oğluna daha ağır cəza təyin olunmasını, İlhama məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə yenidən həbs qoyulmasını xahiş etmişdi.

Lakin Bakı Apellyasiya Məhkəməsi 31 may 2019-cu il tarixli (İş № 1(103) 587/2019) Qərarı ilə apellyasiya şikayətlərinin heç birini təmin etməmişdi. Sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə Xıdırov İlham Kərim oğlunun AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti vermişdir. Maraqlıdır ki, Ali Məhkəmənin Cinayət Kollegiyası 10.02.2021-ci il tarixdə kassasiya şikayətini qismən təmin edərək Bakı Apellyasiya Məhkəməsinin Xıdırov İlham Kərim oğlu barəsində olan 31 may 2019-cu il tarixli qərarını ləğv etmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarmışdır.

Öz növbəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 14.12.2021-ci il tarixdə çıxardığı yeni Hökmlə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından irəli gələn tələbləri artıqlamasıyla yerinə yetirmişdir. Yeni hökmlə Xıdırov İlham Kərim oğlunun və Mustafayev Nazim Rafiq oğlunun apellyasiya şikayətləri təmin olunmuş, onlara bəraət verilərək, dərhal məhkəmə iclası zalında həbsdən azad olunmuşlar. Apellyasiya şikayətləri təmin olunmayan zərərçəkmişlər Muradlı Elxan Rafiq oğlunun və Xıdırov Elxan Rövşən oğlunun verdikləri mülki iddiaları baxılmamış saxlanılmışdır.

Aşkar saxtakarlıq faktlarına hüquqi qiymət verilməyib.

E.Muradlının redaksiyaya göndərdiyi müraciətnaməsinə qoşma etdiyi sənəd surətləri arasında onun İlham Xıdırovla 22 iyun 2015-ci il tarixində Nazim Mustafayevin iştirakilə imzalamış olduqları “Birgə Fəaliyyət Müqaviləsi”, “nağd pulun təhvil-təslimi haqda Akt” və “Kassa məxaric orderi” vardır. Həmin sənədlərdə E.Muradlının İ.Xıdırova həmin tarixə qədər toplam olaraq verdiyi cəmi məbləğ 480 000 ABŞ dolları göstərilmişdir. E.Muradlı sonradan İlhamgilə verdiyi pulları aldıqlarının təsdiqi məqsədilə 05 mart 2017-ci il tarixli Üzləşmə Aktı tərtib edərək tərəflərə könüllü olaraq imza etdirmişdir. Aktda İ.Xıdırov özü həmin tarixə E.Muradlıya 510 000 ABŞ dolları borcu olduğunu hesablayıb yazmış və digəriləri də imzaları ilə təsdiqləmişlər. Elxan Muradlı imzalanma mərasimini təhlükəsizlik məqsədilə telefonuna yazmış, sonradan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdiyi vaxt istintaqa təqdim etmişdir:

“2016-cı ilin yanvar-fevral aylarında Samir və İlham Xıdırovlar mənimlə dəfələrlə gəlib görüşdülər və əlavə olaraq məndən 142500 ABŞ dolları tələb etməyə başladılar. Hətta Samir məni təhdid edirdi ki, əgər pulu verməsəm, verdiyim pullar batacaq. İlham Xıdırov öz şəxsi e-mail ünvanından tələb olunan pulların təyinatı haqda məlumat göndərdi və guya mənim puluma gətirilən 11 ədəd kompressoru saxlanca verməklə göstərilən məbləği istədi. Mən bunların dələduz olduğunu başa düşdüyümdən və verilən pulları aldıqlarını öz imzaları ilə təsdiq etmələrini tələb etdim. 05.03.2017-ci il tarixində Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən ofisimdə İlham-Samir Xıdırovlar, Nazim Mustafayev və Zaur Əliyevin iştirakilə biz alınan-verilən pulların təsdiqi olaraq Üzləşdirmə Aktına imza etdik. Bunlar mənim puluma alınan 11 ədəd kompressoru aparıb dediyim yerə qoydular. Üzləşdirmə Aktına imza olunan günün səhərisi, 06.03.2017-ci il tarixində rəsmi ərizə ilə Bakı Baş Polis İdarəsinə şikayət etdim. Növbəti gün Zaur Əliyevlə Nazim Mustafayev yaşadığım binaya gəlmiş və məni axtarmağa başlamışlar. Mən yekunda Zaurun telefonunu götürüb bildirdim ki, son istədikləri pul verilməyəcək, onların dələduzluq niyyətləri mənə bəllidir, verilən pullarımı qaytarsınlar”.

E.Muradlı bildirir ki, İlham Xıdırov Qazaxıstan Respublikasında olanda oğlu Samir Xıdırov Yasamal rayon məhkəməsinə ona qarşı pul öhdəliklərinin saxlancda olan 11 ədəd kompressor avadanlığının 170 min ABŞ dolları məbləği ilə əvəzləşdirilməsi ilə bağlı iddia ərizəsi vermiş, Yasamal rayon Məhkəməsi 17.04.2018-ci il tarixli, 2(004) – 2028/2018 saylı Qətnaməsi ilə haqlı olaraq həmin əmlakların girov (ipoteka) predmeti olmadığı səbəbindən iddiaçının tələbinin təmin edilməsini rədd etmişdir:

“İlham Xıdırovun Saray qəsəbəsində yerləşən evinin həyətində yerləşən 11 ədəd 305 ВП 16/70 markalı guya “Borets” zavodunun istehsalı olan kompressor avadanlıqları 2014-cü ilin iyun-iyul aylarında Azərbaycana gətirilmiş və toplam gömrük dəyəri 30 511,16 AZN məbləğində bəyan edilərək ölkəyə idxal edilmişdir. Mən sonradan araşdırdım ki, “Borets” zavodu 2011-ci ildə fəaliyyətini dayandırıb. Adı, ünvanı, telefon nömrəsi bəlli Tula şəhər sakini ilə danışığım zamanı öyrəndim ki, İlham kompressorları ondan birini 3-7 min ABŞ dolları aralığında, ortalama 5 000 ABŞ dollarına almışdır. Samir Xıdırovun qeyri-qanuni hərəkətləri ilə kompressor avadanlıqlarına dəyərindən dəfələrlə artıq məbləğdə qiymət qoydurulmuş, bu zaman qiymətləndirici qəsdən aldadılmış, qiymətləndirmə proseduru düzgün həyata keçirilməmişdir. İlham Xıdırovun oğlu Samir Xıdırov “LaLaFo” köhnə məişət əşyalarının alqı-satqı saytına kompressor satışı elanı yerləşdirmiş və Qiymətləndici şirkəti aldadaraq 1 milyon AZN-dək süni qiymət artırılmaqla alış və bazar dəyərindən dəfələrlə yüksək qiymət qoyulmasına nail olmuş, sonradan həmin elanı silmişdir”.

Ali Məhkəmənin Cinayət Kollegiyası iş materiallarından belə nəticəyə gəlmişdir ki, İlham Xıdırov Elxan Muradlının qarşısında öhdəliklərini qismən yerinə yetirmiş, “birgə biznesdən əldə olunmuş mənfəət bərabər bölünmüş”, ancaq daha sonra baş vermiş iqtisadi böhran, o cümlədən Qazaxıstandakı uğursuz kommersiya fəaliyyəti nəticəsində İlham Xıdırovdan asılı olmayan səbəblərdən öhdəlik tam yerinə yetirilməmişdir. Lakin Elxan Muradlı bununla razılaşmır:

“İlhamın Qazaxıstanda gördüyü işlərdən mənim xəbərim yox idi. Sonralar Nazim Mustafayev bildirdi ki, İlham məndən aldığı puldan 400 000 ABŞ dolları götürərək Qazaxıstana rels alverinə getmişdir. Bu işi o H.Əliyev adına Neft-Emalı Zavodunda nəqliyyat şöbəsində rəhbər vəzifədə işləyən yaxın bir qohumu vasitəsilə görür. Mən pulumun təcili qaytarılmasını tələb etdim, lakin İlham Qazaxıstanda idi. Oğlu Samir mənə bildirdi ki, atasının Qazaxıstanda işləri yaxşı gedir, narahat olmayım, uzağı 2016-cı ilin sentyabr ayına qədər qayıdıb mənim bütün pullarımı qaytaracaqdır. Mən Samirdən pullarımın kompressor alveri üçün alındığını deyəndə Samir məni sakitləşdirdi, bildirdi ki, “Sizin pula atam 25 ədəd kompressor gətirib” və 2016-cı ilin iyul-avqust aylarında yalandan məni apararaq “Ulduz” metrosunun yanındakı həyətdə Nəsib adlı digər şəxsə məxsus 14 ədəd kompressorları göstərdi ki, bunlar da Sizin pula gətirilib. Nəsib Bakı şəhər BPİ-də verdiyi ifadəsində bildirib ki, Samir ona alıcı kimi ora adam apardığını deyərək aldatmışdır, kompressorlar ona məxsusdur və Xıdırovlara heç bir aidiyyatı yoxdur. Belə olan halda görəsən, Ali Məhkəmənin Cinayət Kollegiyasının hörmətli üzvləri “qismən yerinə yetirilmiş öhdəlik” deyəndə nəyi nəzərdə tuturlar – qiyməti, keyfiyyəti, likvidliyi, ölkəyə gətirilmə tarixi aşkar saxtalaşdırılmış kompressorlarımı?”

Zərərçəkmiş şəxslər Ali Məhkəməyə kassasiya şikayəti veriblər

E.Muradlı digər zərərçəkənlərin də onunla eyni aqibəti bölüşdüklərini və birlikdə Ali Məhkəməyə kassasiya şikayəti vermişlər:

“Ali Məhkəmənin Cinayət Kollegiyası Gülnaz Abdullayevanın təqdim etdiyi diskdəki səs yazısının montaj olub-olmamasının ekspertiza ilə yoxlanılmadığını irad tutub. Maraqlı idi ki, Ali Məhkəmənin Cinayət Kollegiyası Gülnazın pulunu qaytardığını deyən İlhamın sözlərinin səmimiliyinə inandığı halda, daha əvvəl ibtidai istintaqda sübut kimi qəbul olunmuş (sonra isə diskin boş olduğu deyilərək “yoxa çıxmış”) səs yazısının, eləcə də Gülnazın qızı Vəfanın və onun rəfiqəsi S.Qədiməliyevanın şahid ifadələrinin doğruluğuna şübhə edir, Gülnazla İlhamın pul çəkişmələrini əks etdirən telefon yazışmalarının üstündən sükutla keçir?.. Zərərçəkmişlərdən Familə Cəfərovanın da iddiası Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən şübhə altına alınmışdır. Kollegiya üzvləri üçün yenə də İlham Xıdırovun birinci instansiya məhkəməsində verdiyi ifadə inandırıcı olmuşdur. Həmin ifadəyə görə, guya Elxan Xıdırov öz xalası Familə Cəfərovanı öyrədib ki, yalandan əmisi İlham Xıdırovun üzünə dursun, onu da aldatdığını, pulunu mənimsədiyini desin. Şahid kimi dindirilən Məsimov İlqar İlham oğlunun Familə Cəfərova ilə oxşar məzmunlu ifadə verməsi də məhkəmənin gəldiyi nəticəyə təsir göstərməmişdir… Ali Məhkəmənin Cinayət Kollegiyası zərərçəkmişlərdən Elxan Xıdırovun İlham Xıdırova pul verdiyini təsdiqləyən hal şahidləri Baxış İbadovun, Vəli Xankişiyevin, Ziyafət Abdinovanın ifadələri arasında da mücərrəd ziddiyyətlər tapmışdır. İlhamın lehinə olmayan bir çox başqa xüsusatlar kimi həmin ifadələr də məhkəmə materiallarında sadəcə məlumat olaraq ötmüş, qiymətləndirilməmişdir. İlham Xıdırovun qardaşı oğlu Elxan Xıdırova borc qarşılığında vermiş olduğunu və borcunu bağladığını iddia etdiyi 6 sot torpaq sahəsi də İlhamın deyilmiş, Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və İlham Xıdırova icarəyə verilibmiş”.

Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən qərarı ilə razılaşmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti vermişdir.

Zərərçəkənlər bu dəfə çox ümidlidirlər və inanırlar ki, indiyədək bu məsələyə baxan məhkəmə instansiyalarından və hakimlərdən fərqli olaraq, Ali Məhkəmənin hakimi Nazim Mövsümov işə ədalətli yanaşacaq.

Mövzuya qayıdacağıq.

 



Dünyada 567 824 848 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

 

Virusdan 6 387 753 xəstə ölüb, 538 920 528 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (91 275 149), Hindistan (43 767 534 nəfər), Braziliya (33 301 118 nəfər), Fransa (33 016 578 nəfər) və Almaniyadır (29 692 989 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 18 490 296, Türkiyədə 15 297 539, İranda 7 278 478, Gürcüstanda 1 667 453, Ermənistanda isə 423 771 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 794 588 nəfərin 9 723-ü ölüb, 783 998 xəstə müalicə olunaraq sağalıb.  



Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində  əbədiyaşarlıq haqqı qazanmışdır.

Ardını oxu...



Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan bilik yarışı baş tutub.


Tədbirdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub. Sonra Dövlət Himinin səsləndirilməsi ilə yarış başlanıb.

Yarışda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov, EGE Universitetinin bir qrup alimi, fakültə dekanları, professor-müəllim heyəti, magistr və bakalavr tələbələr iştirak ediblər.

Ümumilikdə bilik yarışında “Zəfər” və “Uğur” komandası olmaqla 24 nəfər tələbə iştirak edib.

Yarışma Torpaqşünaslıq və aqrokimya fakültəsinin “Zəfər” komandasının qalibiyyəti ilə başa çatıb.

Sonda qaliblər təşəkkürnamə və hədiyyələrlə təltif olunublar. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov