Ekoloji təhsil və tərbiyə problemi bu gün hamını – alimləri, müəllimləri, metodistləri və ilk növbədə sosial cəmiyyəti düşündürən mühüm məsələlərdəndir. Dünyanın müasir elmi mənzərəsini əlçatan səviyyədə formalaşdırmaq, insan faktorunun bu dünyada yeri və onun təbiətlə münasibətlərinin xüsusiyyətləri haqqında təsəvvür yaratmaq üçün təhsil alanlara mütləq olaraq ekoloji bilikləri öyrədilməsi vacibdir.
Bir çox aktual problemlərin həllində təhsil müəssisələrinin özünəməxsus geniş imkanlarının olması sirr deyil. Ekoloji problemlərin tüğyan etdiyi bu günümüzdə ətraf mühiti qorumağı bacaran insanların yetişdirilməsi problemi həmişəkindən daha vacibdir və hər bir insanın, xüsusi ilə yeniyetmə və gənclərin ekoloji məsələlərdə savadlı olması mütləq sayılmalıdır. Təbiətlə harmoniyada yaşamağa qadir insan yetişdirilməsi məktəbin ən mühüm vəzifələrindən biridir.
Ətraf mühit amillərinin təhlilindən belə nəticəyə gəlmək olar ki, onların bir çoxu (temperatur, rütubət, işıqlandırma və s.) fiziki kəmiyyətlər və anlayışlardır ki, bu da ekoloji problemlərin həllində önəmli rol oynayır. Ona görə də bu məsələlərlə bağlı anlayışların təhsil müəssisələrinin Təhsil Proqramlarına gətirilməsi aktual olaraq gündəmdə qalmaqdadır.
Məlumdur ki, ekoloji təhsil universal olmalıdır. Ümumbəşəri ekoloji təhsil strategiyası həm də onun davamlılığını, yəni fərdin inkişafına və fəaliyyət formalarının dəyişməsinə uyğun olaraq həyat boyu öyrənmə ehtiyacını nəzərdə tutur. Ekoloji təhsilin təməli isə orta məktəblərdə xüsusilə fizikanın tədrisi prosesi zamanı qoyulur.
Orta məktəb fizika kursunda təbiətin fundamental qanunları ilə yanaşı istehsal proseslərinin əsasları da öyrədildiyindən, burada şagirdlərə ekoloji tərbiyənin aşılanması üçün geniş imkanlar mövcuddur. Fizika kursunun proqram materialının məzmunu məktəbliləri mövcud ekoloji böhranın fiziki-texniki aspektini və ondan çıxış yollarını göstərən bir sıra fikirlərlə tanış etməyə imkan verir. Fizika elmi müasir elmi-texniki prosesin özəyidir, onun nailiyyətləri müasir texnologiyanın əsasında dayanır. Bu, şagirdlərə insanın təbiətə təsirinin getdikcə artan miqyasını, bir sıra sosial nəticələrini və ətraf mühitin çirklənmədən qorunmasının müasir problemlərinin həllini göstərməyə imkan verir. Fizika fənnini tədris edərkən şagirdləri təbiətin və onun mühafizəsinin öyrənilməsinin müasir metodları ilə tanış etmək, dövrün digər fənləri üzrə bilikləri ümumiləşdirmək imkanı var.
Fizikanın tədrisi prosesində nəzərdə tutulan ekoloji bilikləri 3 əsas istiqamət üzrə qruplaşdırmaq olar:
- Təbii mühit və insan fəaliyyətinin ona mənfi təsiri.
- Təbiəti qorumaq.
- Təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji problemlərin həlli yolları.
Ekoloji biliklərin məzmunu seçilərkən bir sıra məsələlərə diqqət yetirilməsi vacibdir:
- Verilən ekoloji informasiya fizika kursunun məzmunu ilə əlaqəli olmalı və onların istifadəsi fiziki bilikləri dəqiqləşdirməyə və dərinləşdirməyə yönəldilməlidir;
- nəzərdən keçirilən ekoloji materiallar elmi xarakter daşımalıdır;
- öyrənilən məsələlərdə şagirdlərin təfəkkürünün yaşla bağlı xüsusiyyətləri nəzərə alınmalı və məlumatlar onların zehni fəaliyyətini aktivləşdirməli, assosiativ təfəkkürün inkişafına töhfə verməlidir.
21-ci əsrdə bəşəriyyət təbiətlə münasibətini yeni prinsiplər əsasında qurmalı olacaq ki, bunlardan da ən əsası eko-səmərəlilikdir. Bu biliklər isə şagirdlərə daha sistemli və əlaqəli şəkildə təbiət fənn müəllimləri tərəfindən aşılanmalıdır. Təhsil alanları təbiət, insan və ətraf mühit, ekologiya və sağlamlıq arasında mürəkkəb qarşılıqlı əlaqə dünyası ilə tanış etmək-bu, mühüm və məsuliyyətli işdir, çünki gənc nəslin ekoloji əxlaqı onun nəticələrindən asılıdır. Təbiətimiz bizim sahib olduğumuz hər şeydir və həyatın ən böyük dəyəri elə həyatın özüdür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin fizika müəllimi
Cəmilə Səlimova