Heydər Əliyev – 100
Tarix yaradan və tarixdə yaşayan insan
Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının tarixində, təfəkküründə böyük iz buraxmış nadir incilərdən biridir. Bütün ömrünü öz xalqına xərcləyən, onun etmadını daim doğrultmağa çalışan dövlət xadimi çiyinlərində bütöv bir xalqın varlığını, dövlətçilik ideyalarını, sonadək daşıyan fenomen idi.
Dövlət qurmaq, onu yaşatmaq heç də bütün xalqlara nəsib olmur. Tarixdə vaxtı ilə dövləti olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan neçə-neçə dövlətlər olmuşdur. Dövləti qurmaq və onu saxlamaq üçün böyük lider, şəxsiyyət lazımdır. Məhz bu faktor dövlətin uğurlarına, onun fəaliyyətinə təkanverici amillərdən biridir.
Müasir Azərbaycanın tarixinə nəzər saldıqda ölkənin gələcəyinə istiqamətlənmiş davamlı inkişafı təmin edən siyasi liderin təzahürlərini görürük. XX əsr tarixində dünya siyasətində qəbul edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik.
İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalacaqdır.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminə, mədəniyyətinə göstərdiyi diqqqət və qayğı onun müdrik siyasətinin başlıca prioritetlərindən biri idi. O, bütün fəaliyyəti dövründə elmin, ədəbiyyatın, incəsənətin nailiyyətlərindən faydalanırdı.
Ümummilli lider Azərbaycanın ən yeni tarixində bütöv bir dövrü özündə izhar edən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Bu gün dünyada gedən proseslərdən kənarda qalmamağımız, qlobal dünya ilə hesablaşmağımız onun siyasi potensialının nəticəsidir. Bu gün bu siyasəti tam şəkildə uğurla həyata keçirən Ulu Öndərin siyasi davamçısı olan prezident İlham Əliyev vardır. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları vardır. Bu uğurların hər biri Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev hələ Sovet Azərbaycanını idarə etdiyi bir zamanda milli təfəkkürün inkişafına, ana dilinin qorunub saxlanmasına ciddi cəhdlə çalışırdı. O, Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Çünki milli özünüdərki sağlam ideoloji təməllər əsasında möhkəmləndirmək və buna nail olmaq böyük əhəmiyyət kəsb edirdi. Bunun nəticəsi olaraq, Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu.
Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri Ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi.
Onun xalq üçün gördüyü xidmətlər və fədakarlıqlar "milli lider" çərçivəsinə, hüdudlarına sığmır. Məhz bunlar Ulu öndərin Azərbaycan xalqının yaddaşında, və qəlbində təmənnasız şəkildə yer alıb.
Yerləşdiyi coğrafiya, zəngin təbiəti, Şərq və Qərbin qapısı adlanan Azərbaycan tarix boyu diqqət mərkəzində olmuşdur və belə bir dövlətin lideri olmaq daha da çətindir.
Məlumdur ki, 90-cı illərin əvvəlində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət o zamankı hakimiyyətin siyasi səriştəsizliyindən irəli gəlirdi.
Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı. 90-cı illərin çətin anlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi.
Erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edərək 1994-cü ildə atəşkəsin əldə olunmasını təmin etdi. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı.
Beləliklə, Ümummilli liderimizin siyasi bacarığı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıldı. Bunun ardınca bir neçə istiqamətdə paralel və ardıcıl şəkildə əhəmiyyətli işlər görüldü. 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
Bu günlərdə Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd edildi. 90-ci illərin əvvəllində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan çox çətin dövr yaşamış, faciələırlə üzləşmişdi. Belə bir şəraitdə xalqın ziyalıları, vətənpərvər insanlar Heydər Əliyevə müraciət edərək xalqı çıxılmaz vəziyyətdən çıxarmağın yolunu məhz Ulu öndərdə görürdülər. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi epoxanın başlanğıcı qoyuldu.
Heydər Əliyev böyük məktəbdir. Heydər Əliyev böyük dühadır. Heydər Əliyev epoxadır. Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətini dərk etmək bir çox onilliklər ərzində bitib tükənməz.
Müstəqil Azərbaycan Ulu Öndərin nəsillərə ötürdüyü əmanətdir.
Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olması istiqamətində hərtərəfli inkişafa hədəflənmiş səmərəli dövlətçilik siyasəti prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyevin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə uğurla davam etdirilir.
Ulu Öndərin vəfatının ildönümü yaxınlaşır. İliklərinə qədər azərbaycançılıq ideyalarını özündə ehtiva edən dahi insan 12 dekabrda heyatla vidalaşdı. Ümummilli lider cismani olaraq bu dünyanı tərk etsə də onun sınmaz sütünlar üzərində qurub yaratdığı Azərbaycan adlı dövlətdə yaşayan hər bir vətəndaş Ulu öndəri böyük ehtiramla anır və öz xilaskarını unutmur.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin fizika müəllimi
Cəmilə Səlimova