“Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər möhkəm platforma formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsinin gedişində dövlətmizin başçısına ünvanlanan suallar bunu deməyə əsas verir ki, dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin Azərbaycana, ölkəmizdə gedən proseslərə marağı kifayət qədər böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin bir-birinə etibar edən dost və tərəfdaş ölkələr olduğunu nümayiş etdirir. Önəmli məqamlardan biri budur ki, ölkələrimiz beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər və bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyirlər.”