Xəbər lenti



Dünyada 567 824 848 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

 

Virusdan 6 387 753 xəstə ölüb, 538 920 528 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (91 275 149), Hindistan (43 767 534 nəfər), Braziliya (33 301 118 nəfər), Fransa (33 016 578 nəfər) və Almaniyadır (29 692 989 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 18 490 296, Türkiyədə 15 297 539, İranda 7 278 478, Gürcüstanda 1 667 453, Ermənistanda isə 423 771 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 794 588 nəfərin 9 723-ü ölüb, 783 998 xəstə müalicə olunaraq sağalıb.  



Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində  əbədiyaşarlıq haqqı qazanmışdır.

Ardını oxu...



Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan bilik yarışı baş tutub.


Tədbirdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub. Sonra Dövlət Himinin səsləndirilməsi ilə yarış başlanıb.

Yarışda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov, EGE Universitetinin bir qrup alimi, fakültə dekanları, professor-müəllim heyəti, magistr və bakalavr tələbələr iştirak ediblər.

Ümumilikdə bilik yarışında “Zəfər” və “Uğur” komandası olmaqla 24 nəfər tələbə iştirak edib.

Yarışma Torpaqşünaslıq və aqrokimya fakültəsinin “Zəfər” komandasının qalibiyyəti ilə başa çatıb.

Sonda qaliblər təşəkkürnamə və hədiyyələrlə təltif olunublar. 



Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun dəvəti ilə bu ölkədə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəbədə Ümrə ziyarətini icra edib.

Ümrə ziyarətinə həmçinin Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, ticarət naziri Mehmet Muş, ədliyyə naziri Bekir Bozdağ, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da qatılıblar.

Mənbə: Haber Global



Oruc haqqında 6 yanlış stereotipləri təqdim edir.

Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar - 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.



Tovuz rayon Dondar Quşçu kənd sakini, 2-ci Qarabağ müharibəsi veteranı, döyüşlərdə göstərdiyi sücaətə görə Prezident tərəfindən 2 dəfə medalla təltif edilmiş Əliyev Kamran Əliş oğlunun  Qida Təhlükəsizliyi Agentliyinin Tovuz rayon Bölməsinin əməlkdaşaları tərəfindən haqsız təzyiqlərə düçar olması utancverici bir hadisədir.

 İkinci Qarabağ müharibəsindən sonra ailəsi üçün çörək pulu qazanmaq məqsədi ilə, rayonun Aşağı Quşçu kəndi ərazisində yerləşən “Viktoriya” çay evini işlədən Kamran Əliyev 24 fevral 2022-ci il tarixdə sözügedən agentliyin Tovuz bölməsində çalışan Əhmədov Elçin Əhməd oğlunun və Feyzizadə Elvin Sahib oğlunun  “yoxlamasına” məruz qalır.  Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsindən tam kənara çıxan həmin şəxslər  özlərinə məxsus kameraları sönmüş halda , hətta Elçin Əhmədovun da  içkili vəziyyətdə obyektə daxil olaraq birbaşa 200 manat məbləğində cərimə yazacaqlarını bildirirlər. Kamran Əliyev həmin şəxslərin qanundan kənara çıxmaları haqqında onlara söyləsə də, agentin işçiləri  deyilənləri eşitmədən, guya əsəbləşərək  qərəzli şəkildə 4000 manat cərimə yazmalı olurlar. Əməli ilə işləri bir müstəvidə cəmləşməyən Elçin və Elvin müharibə veteranına onu da bildirirlər ki, “bu baş idarənin göstərişidir. Hər il tabeçiliyində olduğumuz agentlik Qarabağın inkişafı üçün 5 milyon pul ödəyir. Ona görə də, bizə tapşırıq var ki, obyektləri nöqsan oldu, olmadı cərimələməliyik”.

  Bəli, dövlətin adından və vəzifəsindən sui istifadə edərək  vətən üçün döyüşmüş  bir müharibə veteranına bu cür əsassız təzyiq nə dərəcədə doğrudur?



  Müharibə veteranı Kamran Əliyevin dediklərinə görə, 2-ci Qarabağ müharibəsi zamanı qida təhlükəsizliyinin əməkdaşları, Tovuz rayon sakinləri Elçin Əhmədov və Elvin Feyzizadə çağırış yaşlı olublar. Hər ikisinin müharibədən necə qaçıb gizlənməsi də sual doğurur. Bundan əlavə hər iki şəxs tutduqları vəzifədən digər adda da sui istifadə edənlərdir. Belə ki, Elvin Feyzizadənin əmisi oğlu Tovuz rayon mərkəzi xəstəxanasının yaxınlığında “Ləziz” kafesi işlədir.  Əmisi oğluna havadarlığı şəxsən Elvinin özü edir.  Elvinin həmin kafeyə cəriməni 4000 manat deyil, 300 manat yazması deiklərimizi sübuta yetirir.

 Digər əməkdaş Elçin Əhmədovun bacısının adına Tovuz rayonunda “Həyat” restoranı fəaliyyət göstərir. Həmin restorana hələki 1 manat da olsun cərimə yazılmayıb. Ola bilər ki, yazıdan sonra həmin restorana köhnə tarixə cərimə yazılmış olsun.

  Vətəndaş Kamran Əliyev Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Bölməsinin belə özbaşınalıqlarını və haqsızlıqlarını qəbul etməyərək, haqlı olaraq Prezident başda olmaqla aidiyyəti orqanlara ərizələrlə müraciət etmişdir. Bundan əlavə agentlik Kamran Əliyev tərəfindən Tovuz rayon Məhkəməsinə də verilib.

  İnanırıq ki, Kamran Əliyevin haqq işi qanun naminə öz həllini tapacaqdır.

                                                                                      
              İlham Hacalı



1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı Azərbaycanın və bütövlükdə 20-ci əsrin tarixində dəhşətli faciələrdən birini - Xocalı soyqırımını törətdilər.

Həmin şaxtalı gecədə mülki əhalinin bir hissəsi meşədən keçərək şəhəri tərk etdi. Onların arasında Sədaqət Hüseynova, onun iki oğlu, qızı və uşaqları ilə bacısı da olub. Qadın yemək və su olmadan beş gün meşədə qalıb. Yalnız o və 15 yaşlı bacısı qızı sağ qalıb.

 

S.Hüseynova Media.Az-a müsahibəsində bu taleyüklü günü, eləcə də ondan əvvəlki və sonrakı hadisələri xatırlayıb:

- 1959-cu ildə Xocalıda anadan olmuşam. 21 yaşımda ailə qurmuşam. Bu evlilikdən üç övladımız olub: Nəbi (1981-ci il təvəllüdlü), Sevinc (1985) və Roman (1986) Ağairovlar. Xoşbəxt yaşayırdıq... Heç kimin ağlına belə gəlməzdi ki, ermənilər bizim doğma yerlərimizi yerlə-yeksan edib, belə bir şey törədəcəklər...

- Faciədən bir qədər əvvəl Xocalıda vəziyyət necə idi?

- Əhalisi əsasən ermənilərdən ibarət olan kəndin yaxınlığında yaşayırdıq. İnanın, elə bir axşam olmurdu ki, onlar tərəfdən artilleriya atəşinə tutulmayaq. Atəş müvəqqəti dayananda təəccüblənirdik və onların orada nə etdikləri ilə maraqlanırdıq. Bir dəfə ikinci mərtəbədə ailəvi şam yeməyi yeyərkən damımızı mərmi deşdi. Bu səbəbdən fevralın 26-na qədərki son günlərdə uşaqlarımla bacımın evində gecələdim. O, hava limanının yaxınlığında yaşayırdı, həmin vaxt ora daha təhlükəsiz idi.

Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u vəziyyətin ağır olduğunu nəzərə alaraq hər axşam kişiləri küçələrə patrul xidmətinə göndərirdi. Onların arasında ərim və qayınatam da var idi. Bundan xəbər tutan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri silah axtarmaq üçün evlərimizdə axtarış aparmağa başladılar. Amma xocalılarda heç nə yox idi. Tapdıqları yeganə şey ov tüfəngi oldu, onu da müsadirə etdilər.

- Xocalını tərk etmək barədə düşünürdünüzmü?

- Biz çox istəyirdik ki, qalaq, amma bunun nə qədər təhlükəli olduğunu anladıq. Fevral ayında mən və uşaqlarım mütəmadi olaraq hava limanına gedirdik, orada xilasedici helikopterlər olurdu. Yaşayış məntəqələrini tərk etmək istəyənlər o qədər çox idi ki, hamını təxliyə etmək olmurdu. Şansı gətirənlər arasında bacım və üç uşağı da var idi. Onları Ağdama apardılar. Lakin o, bir yad evdən digər evə davamlı yer dəyişmələrə dözə bilməyib Xocalıya qayıtdı.

- 25 fevralı - Xocalı soyqırımından bir gün əvvəli yadımıza salaq...

- Həmin gün nə işıq, nə də istiliyimiz var idi. Yemək demək olar ki, bitmişdi, uşaqlar ac qalmışdı. Yaxınlıqda xəmiri pulsuz paylayan çörək sexi var idi. Ondan gətirdim çörək bişirdim, amma yeməyə vaxtımız olmadı. Gecə atışmaların intensivliyi daha da gücləndi. Qayınatam dedi ki, tez bir zamanda uşaqları götürüb bacımın yanına gedim. Bir daha evə qayıtmayacağımızı o zaman bilmirdim... Bir saata yaxın piyada onun yanına getdik. Oraya çatanda ürəyimdə narahatlıq vardı: dəhşətli bir şey olacağını əvvəlcədən hiss etdim, evə qayıtmaq istədim.

- Amma geriyə yol yox idi...

- Bəli, artıq çox gec idi. Təcili vəziyyətdə evdən tez qaça bilmək üçün üst geyimində yatmalı olduq. Bu zaman yaşayış məntəqəmiz mühasirəyə alınmışdı. Qeyd edim ki, Ermənistanın silahlı qüvvələri uzun müddət Xocalıya girməyə ürək etməmişdi, onlar hücumu yalnız 366-cı motoatıcı alayın hərbi heyəti və texnikasının köməyi ilə həyata keçirə bilmişdilər.

- Xocalının mühasirəyə alındığını nə vaxt anladınız?

- Uğultu və partlayış səsləri eşitdik, dərhal çarpayıdan sıçrayıb evdən qaçdıq. Kimi ayaqqabı geyinməyi bacardı, kimi isə başmaqla və ayaqyalın qaçdı. Eyni zamanda, unutmaq olmaz ki, soyuq qış idi, qar yağırdı... Mən, uşaqlar, bacım, onun əri və bacısı oğulları qohumların yanında gizlənmək üçün zirzəmiyə qaçdıq. Bizdən başqa orada artıq xeyli adam var idi. Saat yarımdan sonra poçtun rəisi gəldi, bacısı və anası bizimlə gizləndiklərinə görə qaçmağımızı məsləhət gördü. Ermənilər qəbiristanlıqları, tikililəri yandırmağa, evləri uçurmağa başlamışdılar. Zirzəmidən çıxıb, qaranlıqda, faktiki olaraq davamlı atəş altında hasarlar və kollar boyunca getməyə başladıq. Ermənilər hər tərəfdən atəş açırdılar. Hətta bir güllənin qolumun üstündən keçdiyini hiss etdim.

- Həmin vaxt yoldaşınız harada idi?

- Həmin axşam həyat yoldaşım həmişəki kimi şəhərdə keşik çəkirdi. Xocalını mühasirəyə alanda o yaşlı valideynlərini və uşaqlıqdan ayaqları iflic olan bacısını götürmək üçün özünü evə çatdırıb. O, anasını çıxara bilsə də, təəssüf ki, baldızımın çıxmasına kömək edə bilməyib. Tezliklə ermənilər evə soxularaq onu öldürüblər. Qızın cəmi 25 yaşı var idi...

Yoldaşım və valideynləri beş mərtəbəli binaya çatdılar və bir müddət orada gizlənə bildilər. Atışma o qədər şiddətli idi ki, istənilən hərəkət onların həyatı bahasına başa gələ bilərdi. Təxminən bir saat sonra şəhərə duman çökdü. Onlar bundan istifadə edərək binadan çıxıb meşəyə tərəf yollanıblar. Yoldaşım sonra dedi ki, onlar yamaca qalxıblar. Anasını qaldırdıqdan sonra qadınlara və uşaqlara kömək etmək üçün bir neçə dəfə qayıdıb. Həmin saniyələrdə ümid edib ki, bizə də kimsə kömək edir...

- Bəs həmin vaxt siz harada idiniz?

- Qaranlıqda hara getdiyimizi dəqiq müəyyən etmək çətin idi, amma biz Ağdama getmək istəyirdik. Keçilməsi çətin olan Qarqar çayına çatdıq. Suyu buz kimi idi... Uşaqları növbə ilə qucağıma alıb çayın o biri tərəfinə keçirdim.

Bacımın uşaqlarına valideynləri kömək edirdi. O ərazidə çox adam var idi, aramsız səs-küy vardı: biri anasını, biri qardaşını, o biri bacısını axtarır... Diz boyu qar, qulaqlarda cingilti və sıldırımlı meşə yolu – bu şəraitdə ac və yarı geyinmiş halda güclə yeriyirdik. Yanımızda heç nə yox idi: nə yemək, nə kibrit çöpü, nə də isti paltar...

- Axı heç kimin ağlına gəlməzdi ki, belə bir şey baş verə bilər...

- Bilirsiniz, o anlarda belə düşünürdük ki, meşədə oturacağıq, ermənilər sakitləşəcək, sonra evə qayıdacağıq. Çox yorulmuşduq. Qışqırırdım, kömək istəyirdim, amma hamı öz əzizlərinin həyatı üçün mübarizə apardı. Biz yeriməyə davam etdik, birdən bacının əri izdihamın arasında soyuqdan ayaqları boşalmış qardaşını gördü. Bacımın oğlu atasına tərəf dönüb dedi: - Ata, əmidən ayrılma, özümüz davam edəcəyik. Bu sözlərdən sonra yeznəm qardaşına köməyə getdi. Onlar yavaş-yavaş arxamızca gəlirdilər. Ancaq tezliklə bacım və uşaqlarla əsas kütlədən ayrıldıq.

- Azdınız?

- Bəli, yorğunluqdan digərlərindən geri qaldıq və azdıq. Nəticədə, dağın ətəyinə çatdıq və gecəni kiçik bir şam ağacının altında keçirmək qərarına gəldik. Qarın üstündə oturub başımı qaldırdım və hər bir ağac mənə nəhəng adam kimi göründü. Aradan bir müddət keçdi, dönüb baxıram ki, Sevinc balam soyuqdan göyərib, tərpənmir. Onu masaj etməyə başladım, birtəhər qızdırmağa çalışdım. Amma qızım gözümün qabağında soyuqdan dondu. Həmin il o, birinci sinfə getməli idi, hərfləri yazmağı təzəcə öyrənirdi... Səhərə yaxın anladım ki, ən kiçik uşaq, beş yaşlı Roman və bacımın iki oğlu da nəfəs almır. Onlar soyuqdan ölmüşdülər. Onda bacımla nələr yaşadıq... sözlə ifadə etmək mümkün deyil. İnsana məxsus olmayan səslə qışqırdıq, köməyə çağırdıq, saçlarımızı yolduq, sözün əsl mənasında özümüzü öldürürdük... Amma ətrafda heç kim yox idi.

- Dəhşətdir...

- Üçüncü gün keçmişdi, heç kimi görməmişdik, hara gedəcəyimizi bilmirdik və daha yaşamaq istəmirdik. Gördüm ki, böyük oğlum Nəbi daha dözə bilmir. Mən onu isitməyə çalışdım və onu yedirtməkdən ötrü heç olmasa ot tapmaq üçün nəhəng qar qatının altına da baxdım. Heç nə tapa bilmədim. Fevralın 28-də Nəbi də dünyasını dəyişdi. Mən bütün övladlarımı itirdim.

Həmin vaxt bacım artıq ayaq üstə dura bilmirdi, ayaqları uyuşmuşdu. O, mənə dedi: “Burada oturmaqla möcüzə baş verməyəcək. Qızımı götür və get, mən burada sizin köməklə qayıdacağınızı gözləyəcəm. 15 yaşlı bacım qızı ilə Ağdama yol tapmaq ümidi ilə ondan ayrıldıq. Onda hələ bilmirdik ki, bacım, üç uşağım və onun iki uşağı şam ağacının altında bu dünyadan köçəcəklər... Onları bir daha sağ görmədik.

- O günlərdə nələr yaşadığınızı təsəvvür belə etmək çətindir...

- Sözlə ifadə edilə bilməz. Yeganə təsəlli o idi ki, onlar üçün geri qayıdıb bacımı xilas edib, heç olmasa uşaqları basdıra biləcəyik. Bacım qızının yoluna davam etməyə gücü qalmamışdı. Mən sadəcə onu özümlə sürükləyirdim. Xoşbəxtlikdən günəş çıxdı, qar əridi və nəhayət çaya çatdıq, ondan bir qədər aralıda kafe vardı. Bacımın qızına dedim: “Görürsən? Bura məktəbdir, orda uşaqlar var!”. Mən özümdə deyildim, sadəcə göz yaşlarına boğulmuşdum.

Bir az da getdikdən sonra bir kənd gördük. Ona çatmaq üçün qayaya qalxmalı olduq. Yuxarı qalxmağa başladıq: yuvarlandıq, yenidən dırmaşmağa başladıq və yenidən yıxıldıq. Ancaq tezliklə məqsədimizə çatdıq. Artıq gecə idi, beş gün keçmişdi... Qəsəbəyə yaxınlaşdıq, üç əsgər gördük...

- Yoxsa ermənilər idi?

- Özümüz də başa düşmədik, çox qorxduq... Bacım qızı ilə qaçmağa yer olmadığını başa düşdükdə yolun ortasında donub qaldıq. Amma bizə müraciət edəndə anladım ki, onlar azərbaycanlı oğlanlardır. Təsəvvür edin, onlara baxırdım, amma heç nə deyə bilmirdim. Sadəcə bacımın və uşaqların qaldığı istiqaməti göstərirdim. Əsgərlər ora getməyin çox təhlükəli olduğunu bildirdilər. Bizi Xocalıdan bura gələnlərin hamısını isitdikləri evə apardılar.

- Ora hansı şəhər idi?

- Şəhər yox, Ağdam rayonunun Gülablı kəndi idi. Mənə ilk tibbi yardım göstərmək üçün ayaqqabılarımı çıxarmağa çalışdılar. Ayaqqabının birini çıxarmaq mümkün oldu, amma o biri çıxmadı... Sanki ayağım ayaqqabının içərisində şişib qalmışdı. Mən onu isti suya qoydum. Yalnız yarım saatdan sonra ikinci ayağımı çıxara bildim, ancaq ayaq barmaqlarımın dərisi ilə birlikdə. Amma bilirsiniz, mən bu qətiyyən vecimə deyildi, fiziki ağrı hiss etmirdim.

- Qəlbinizdəki ağrı daha güclü idi...

- Buna elə əmin oldum ki. Daha sonra hamını xəstəxanaya gedən qatara mindirdilər. Orada yaraları müalicə edən həkimlər var idi. Mənə iynə vurdular, gözlərim qaraldı və huşumu itirdim. Oyananda palatada idim. Harada olduğumu və nə baş verdiyini anlamırdım. Ətrafıma toplaşan həkimlər Bakıda olduğumu dedilər. Şaxtadan üzümün dərisi çatladığından danışmaq mənim üçün çətin idi.

- Həkimlər ayağınızı sağalda bildilər?

- Məndə qanqren (toxumanın bir hissəsinin öldüyü patoloji proses) yarandı, ona görə də əməliyyat edilməli oldum. Yadımdadır, türk jurnalistləri xəstəxanaya gəlmişdilər. Həkimlərdən şəkil çəkdirmək üçün ayaqlarını açmağı xahiş etdilər. Sarğı çıxarılanda ayağa qalxdım və gördüm ki, üzərində bircə barmaq qalıb. Amma düzünü deyim ki, heç əzalarım olmasaydı da olardı, təki bacım və uşaqlarım yanımda olaydılar...

- 15 yaşlı bacınız qızı harada idi?

- O da xəstəxanadaydı. Atası xilas olub onu burada tapa bilmişdi.

- Bəs həyat yoldaşınız...

- Xoşbəxtlikdən o, valideynləri ilə birlikdə Xocalını tərk edə bilmişdi. Yoldaşım bütün xəstəxanaları gəzib, uzun müddət məni axtarıb. O fikirləşib ki, biz ondan xeyli əvvəl Ağdama köçmüşük, oradan da bizi Bakıya təxliyə ediblər. Amma yanıma gələndə dedim ki, uşaqlarımızın hamısı ölüb. O vaxta qədər biz 12 il idi evli idik, birlikdə gözəl, xoşbəxt bir həyat yaşayırdıq. Amma buna baxmayaraq, ondan məni dərdimlə baş-başa buraxmasını xahiş etdim. Onda mənə dedi: “Sədaqət, bu bizim ümumi dərdimizdir. Mən səni heç nəyə görə tərk etməyəcəyəm. Elə fikirləşəcəm ki, biz evlənmişik və illərlə uşaq sahibi olmamışıq.

Xəstəxanada çox qaldınız?

- İki aydan bir az çox. Hər gün yanımıza tələbələr gəlirdi və mən elə təsəvvür edirdim ki, onlar mənim övladlarımdır.

Bilirsiniz, xəstəxanada tez-tez bacımla uşaqlığımızı yadıma salırdım. Mən altı aylıq olanda valideynlərim boşandılar. Biz atamla və onun tərbiyəmizə əhəmiyyət verməyən yeni arvadı ilə yaşayırdıq. Biz anamızı heç görmədik, çünki atam buna qarşı idi. Çox ağır bir həyat yaşadıq, birlikdə nə qədər yol keçmişdik... Bacımla mən öz ailəmizi qurmaq, övlad sahibi olmaq və onlara bizdə olmayan o istilik, məhəbbət və sevgini bəxş etmək arzusu ilə yaşadıq. Ancaq qismətimizdə bunu yaşamaq yox imiş...

- Sonra həyatınıza necə davam etdiyinizdən danışardınız...

- Həyat yoldaşım və onun valideynləri, eləcə də Xocalı soyqırımının digər qurbanları ilə birlikdə məni Naftalan sanatoriyasına yerləşdirdilər. 1993-cü ildə bizim oğlumuz oldu. Bəlkə də inanmazsınız, onu qucağıma belə ala bilmədim. Üç övladım o ağacın altında qaldığı halda yaşamağa davam etdiyim üçün vicdan əzabı çəkirdim. Uşağı yalnız ərim gəzdirirdi... Elə bilirdim ki, qonşular məni görsələr, dərhal təhqir etməyə, qınamağa başlayacaqlar. Evdə uşaqla oynaya da bilmirdim. Dayə kimi oyuncaq verirdim, özüm də ev işləri ilə məşğul olurdum və ərinin valideynlərinə qulluq edirdim.

1996-cı ildə qızımız dünyaya gəldi və mən hələ də uşaqlara tam baxa bilmirdim. Bilirsinizmi, sanki o vaxt nə baş verdiyini anlamırdım, real həyat yaşamırdım... Mənzilimizin eyvanından məktəb görünürdü. Dərslər bitib uşaqlar evə qayıdanda pəncərədən baxa bilmirdim. Hərdən çölə baxıb Nəbi, Sevinc və Romanla həmyaşıd olan məktəbliləri görürdüm. Təsəvvür etdim ki, onlar mənə tərəf gəlirlər.

- Ailəniz sizə dəstək oldumu?

- Əlbəttə. Hamı məni sakitləşdirirdi: “Bəsdi, özünə bu qədər əzab verdin. Bu müharibədir, sənin günahın yoxdur”. Deyirdilər ki, tamamilə dağılmış ailələr var. Həyat yoldaşım çox dəstək oldu. Günlərlə dərddən yatağa düşəndə, qayğıma qalırdı, qaşıqla məni yedirirdi, təsəlli verirdi. O bütün əzizlərimi əvəz etdi.

- Yəqin ki, artıq nəvələriniz var...

- Bəli. Uşaqlarım böyüdü. Oğlum oxuyub, hərbi xidmətini bitirib... O əsgərliyə gedəndə özümə yer tapa bilmirdim. O, xidmətdən qayıdan gün bizim görüşməyimizə baxmaq üçün evdən kənarda izdiham yaranmışdı. Oğlumu görəndə yanına qaçıb başından ayağına qədər öpdüm. Onu möhkəm qucaqlayanda elə bildim ki, sanki bir uşağımla meşədə qalan bütün uşaqlarım yanıma qayıtdı...

Bir müddət sonra onu evləndirdik və ilk nəvəm dünyaya gəldi. Keçən il oğlum həyat yoldaşımla müharibəyə getmişdi. Hər dəfə televiziyada torpaqların işğaldan azad olunduğu elan ediləndə, əsgərlərimizi göstərəndə ekrana qaçıb onları öpürdüm. Qəhrəmanlarımızın, şəhidlərimizin, müdrik Prezidentimizin sayəsində biz ədaləti bərpa etdik.

- Qızınız da ailə həyatı qurub?

- Bəli. Onun da övladı var. Mən ancaq övladlarım, nəvələrim üçün yaşayıram, nəfəs alıram. Hər gün əllərimi göyə qaldırıb, onları mənə verdiyi üçün Allaha şükür edirəm. Tam xoşbəxtlik üçün Nəbim, Sevincim, Romanım yoxdur. Həmişə yatmazdan əvvəl onlara deyirəm: “Gecəniz xeyrə qalsın, uşaqlar”. Və hər gün səhəri “Sabahınız xeyir” sözləri ilə başlayıram.

- Xatirələr heç vaxt ölmür...

- Mən bu xatirə ilə yaşayıram. İnanın ki, hər fevral ayında mən yenidən 1992-ci ilə, Xocalıya qayıdıram və bu günləri təkrar-təkrar yaşayıram. Məndə onların bir şəkli belə yoxdur ki, yatmazdan əvvəl öpüm. Qəbiristanlığa gedib məzarlarına gül də qoya bilmirəm. Heç nə yoxdur. Yalnız xatirələr var...



İstintaqı yenilənən “Tərtər işi” üzrə 178 nəfərə işgəncə verildiyi məlum olub.

 Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, hazırda aktiv istintaq tədbirləri davam etdirilir:

“Bu günədək 296 nəfər zərərçəkmiş şəxs kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verildiyi məlum olub. Təqsirləndirilən 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”



“Omikron” ştammına yoluxan xəstələrdə boğaz ağrısı, şiddətli baş ağrıları və mədə ağrıları kimi ağrılı simptomlar müşahidə olunmağa başlayıb. Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.

““Omikron” ilə ən ağrılı simptom şiddətli boğaz ağrısı, çox şiddətli baş ağrısı və appendisiti xatırladan şiddətli qarın ağrısıdır”, - deyə o, bildirib.

Xəstələrin şikayət etməyə başladığı digər problem bel nahiyəsində və bel əzələlərində yaranan ağrılar olub. Lakin onların dəqiq səbəbi hələlik məlum deyil.

Timakov qeyd edib ki, qadınlar daha çox belə şikayətlərlə müraciət edirlər, lakin ağrılar çox güman ki, reproduktiv sistem orqanlarının zədələnməsi ilə bağlı deyil.



Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün apardığı 44 günlük müharibə və qazanılan tarixi Zəfər dünya hərb tarixində uzun müddət öyrənilib, təhlil ediləsi hadisələrdəndir. Bu tarixi Qələbə təkcə Qarabağı deyil, Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı. 44 günlük savaş dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək, təhlil ediləcəkdir.

Şübhəsiz ki, eyni dövrdə Azərbaycan dövlətinin diplomatik addımları və informasiya siyasəti də diqqəti cəlb edirdi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti əvvəllər Ermənistanın hansısa iqtisadi, tranzit potensialına inanan dövlətlərə bunun bir fiasko olduğunu sübut etdi. Xüsusilə Ali Baş Komandanın İkinci Qarabağ savaşında müharibəni yüksək peşəkarlıqla idarə etməsi və Qələbənin əldə edilməsi üçün xarici təzyiqlərə sinə gərməsi də önəmli hadisə idi.

Postmüharibə dövründə Müzəffər Ali Baş Komandanın «Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz…» bəyanatı ilə açıq şəkildə dünyaya Azərbaycan dövlətinin gücünü göstərdi.  Xüsusilə revanşist ermənilər anladılar ki, Azərbaycanla oyun oynamaq olmaz, bu onların bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər.

Bəli, bu gün Azərbaycan artıq regionun geosiyasi güclərindən birinə çevrilib. Təbii ki, iqtisadi və siyasi baxımdan sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla regional proseslərin həllinə təsir göstərən geosiyasi gücə çevrilmək fərqli məsələlərdir. Əgər İkinci Qarabağ müharibəsinə qədər formalaşmış çirkin bir regional mənzərə mövcud idisə, müharibədən sonra  Azərbaycan dövləti bu mənzərəni öz xeyrinə və ədalətli şəkildə dəyişdi.

44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin baş memarrı Prezident İlham Əliyev çox gözəl bilirdi ki, Qarabağın Azərbaycana qaytarılması danışıqlar masası ətrafında aparılan müzakirələr çərçivəsində mümkün olmayacaq. Ona görə də ötən 18 il ərzində Azərbaycanda qurulan peşəkar və vətənpərvər ordu Ali Baş Komandanın siyasi fəaliyyətində ilk pillədə qərarlaşmışdı.

İkinci Qarabağ müharibəsinin 44 gün davam edən şanlı Zəfərinin təməl prinsiplərini təşkil edən digər önəmli faktorlar Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqın birliyi oldu. Vətən müharibəsinin gedişində cəmiyyətdə ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti, informasiya savaşında iştirak imkanı olan hər kəs  Qarabağ həqiqətlərini  çatdırması ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. 44 günlük tarixi Qələbəmiz milli ləyaqətimizin, dünyadakı geosiyasi nüfuzumuzun bərqərar olmasına imkanlar yaratdı…

Azərbaycan Ordusunun bu tarixi Zəfəri regionda bizim xeyrimizə önəmli dəyişikliklər yaratdı. Bir əsrdən artıq dövrdə  yoluna qoyulması mümkün olmayan Qarabağ münaqişəsi «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 gündə həll edildi. BMT tarixində bu, bəlkə də, ilk hal dəfə idi  ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.

Prezident İlham Əliyevin hərb meydanında Müzəffər Sərkərdə olması ilə yanaşı,  böyük diplomat və güclü siyasətçi olması öz təsdiqini tapdı. Ali Baş Komandanımız 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının ədalətli olduğunu  qətiyyətlə bildirdi. Bununla da cənab Prezidentimiz həmin dövrlərdə əsl mübarizlik rəmzinə çevirildi.

İlk dəfə Prezident seçildiyi 2003-cü ildən bu yana bir gün də olsun Qarabağ problemini diqqətindən kənarda qoymayan və onun həlli üçün böyük fədakarlıqlar göstərən Prezident İlham Əliyev heç vaxt Qarabağla bağlı xalqımızın ruh düşkünlüyü yaşamasına imkan vermədi. Xalqımız da hər zaman Vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Vətəni, xalqı sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də  bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qazandıq.

Ulu öndər Heydər Əliyev xalqla görüşlərində «Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün  torpaqlarımızı qaytaracağıq» deyirdi. Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirərək «Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır» inamı ilə 2020-ci ilin sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ordumuza «İrəli» əmri verdi.  Ölkə başçımız Ulu Öndərə və xalqa verdiyi vədlərini qətiyyətlə  yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin Ulu Öndərin qəbrini ziyarət etməsi və orada «Mən xoşbəxtəm ki, ata vəsiyətimi yerinə yetirdim» deməsi xalqın öz liderinə sevgisini daha da artırdı. Bu gün böyük fəxrlə bəyan edirik ki, Ali Baş Komandanımız dövlətinə, xalqına bağlı bir dövlət xadimidir.  Məhz Ulu Öndərin  vaxtıilə «Mən İlham Əliyevə özüm qədər inanıram» deməsi bu gün öz təsdiqini real uğurlarda tapmaqdadır.

Bəli, biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, ölkəmizin tarixinə yeni uğur səhifələri yazan Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük Qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastan yazan Azərbaycan övladlarının Vətən müharibəsindəki igidlikləri  yaddaşlarda əbədi qalacaq.

Ən başlıcası şəhidlərimizin əziz xatirəsi daim anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaqlar.

Elçin Zaman, «İki sahil»

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov