Xəbər lenti



Dünya ictimaiyyəti “Delta” və “Omikron” ştammları da daxil olmaqla, koronavirus infeksiyalarının “sunami”si ilə üz-üzədir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove deyib.

O, dünya başçılarını gözləməyə yox, artıq 2022-ci ildə COVID-19 pandemiyasına son qoymaq üçün dərhal hərəkətə keçməyə çağırıb.

ÜST nümayəndəsi həmçinin COVID-19-un “Omikron” ştammına görə dünyada xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayının artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bu, artıq Böyük Britaniyada müşahidə olunur. Orada “Omikron” ştammına yeni yoluxma hallarının sayı rəsmi statistikadan yüz dəfə çox olub və gündə 200 minə çatıb.



Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Bu zərurətə Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanda istinad edilmişdir.




Fərmana əsasən, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılaraq, ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb...

Aydın məsələdir ki, iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını nəzərdə tutan Fərmanın icrasının vəd etdiyi iqtisadi və sosial perspektivlər barədə iqtisadçı ekspertlər şərh verib cəmiyyəti məlumatlandıracaqlar. Amma hal-hazırda sənədin siyasi əhəmiyətini də görməmək mümkün deyildir. Qarabağa vahid yanaşılaraq, dağlıq və aran Qarabağının bir götürüldüyü bu Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm tarixi ədalətin bərpası deməkdir, eyni zamanda həm iqtisadi, həm siyasi, həm psixoloji baxımdan uğurlu addımdır. Şərqi Zəngəzur varsa, demək, Qərbi Zəngəzur da var.

Bu, gələcəkdə məsələnin gündəmə gətirilməsində mühüm rol oynayacaq. Zəngəzur məsələsini biz gündəmə gətirməklə onu Ermənistanın ölkəmizə qarşı hər hansı ərazi iddiasına qarşı qoya biləcəyik. Beləliklə, Zəngəzur dəhlizinin ardınca gündəmə və dövlətin hədəfinə Şərqi Zəngəzur iqtisadi zonası adı ilə bütövlükdə Zəngəzur iddiası çıxarılıb, üstəgəl, Xankəndi şəhəri yeni yaradılan ‘’Qarabağ iqtisadi rayonu’’nun tərkibinə daxil edilib.

 Təsadüfi deyildir ki, separatçı ermənilər, hətta Ermənistandakı bütün təsisatlar Prezident İlham Əliyevin verdiyi tarixi fərmandan çox narahat olublar. Görünən odur ki, fərman bütün müsbət, iqtisadi tərəfləri ilə yanaşı, düşmən toplumu təkrar demoralizə etməkdə, revanşist ruhunu əzməkdədir.

 Prezident İlham Əliyevin sistemli bir ardıcıllıqla davam etdirdiyi bütün post-müharibə gedişləri, işğaldan azad edilən torpaqlarla və bərpa prosesi ilə əlaqədar, o cümlədən, 44 günlük Vətən müharibəsinin ortaya çıxartdığı yeni gerçəkliklərdən ölkəsi naminə faydalanmaq üçün verdiyi bütün fərman və sərəncamlar konseptual yük, strateji mahiyyət daşıyır və Azərbaycanın gələcəyinə yol açmaq, onu daha təminatlı etmək və böyütmək üçün nəzərdə tutulub.

Zaur Vəliyev

 UNEC-in nəzdində Sosial- İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini



Bu gün hamının olan tək İLHAMIN eşqinə.
Salamlar olsun sənə!

Zəlimxan Yaqub.

44 günlük Vətən müharibəsində işğal altında olan bütün torpaqlarını azad, sərhədlərini bərpa edən,Şanlı Qələbə qazanan, Azərbaycan xalqı dövlətçilik tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Gününu bu il özünə məxsus təntənə ilə daha möhtəşəm, Tam Qurtuluş bayramı kimi qeyd edir.

Azərbaycan xalqı müstəqil dövlət qurmağı özünə ən müqəddəs arzu, amal bilmiş və onun gerçəkləşməsi uğrunda əsrlərlə mətanətlə mübarizələr aparmış, milyonlarla vətənpərvər igidlərimiz bu sevdaya canlarını qurban vermişlər.Xalqımızın müstəqillik uğrunda apardığı bütün mübarizələrdə qazandığı ən böyük zəfəri, şərəfli anı, önəmli tariximiz -Milli Qurtuluş Günüdür.

Milli Qurtuluş Gününə qədər olan nə varsa yalnız xəyaldır. Möhtəşəmliyi, əzəməti ilə xalqımızın taleyində özünəməxsus yeri olan bu  gün,ictimai, siyasi və bir tarixi hadisədir.

Bu günuzun illər zülmətə və ümidsizliyə qərq olmuş bir məmləkətə Günəşin doğduğu, onun övladlarının ayağa qalxıb inamla“Biz də varıq, bu bizim Vətənimizdir” dediyi gündür.

Bu gün, müstəqillik adlı nakam xəyallarının yenidən gerçəkliyə qovuşduğu,“Azərbaycan, of sağalmaz yaram hoy...” deyən Almas İldırımların, Vətəndən didərgin düşən Cümhuriyyət qurucularımızın müqəddəs ruhlarının rahatlıq tapdığı bir gündür.

Bu gün xoşbəxt gələcəyimizin təməli və xeyir-duaçısı milli birliyimizin ünvanı olan Müstəqil Azərbaycan dövlətinin dünyaya yenidən gəldiyi gün, bütün şərəfli ömrünü Azərbaycan dövlətinin müstəqilliyinin inkişafına  həsr etmiş, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə tarixə çevrilən bir zamandır. 

Sovetlər birliyi dağıldıqdan sonra, müttəfiq respublikaların hər biri müstəqillik qazandı. 1991-ci ilin oktyabrında Azərbaycan Sovet Sosialist Respublikası da müstəqil dövlətə-Azərbaycan Respublikasına çevrildi. Azərbaycan xalqı müstəqillik əldə etsə də, o dövrdə mövcud hakimiyyət buna lazımınca dəyər və qiymət verə bilmədi. O illərin acı xatirələri hələ də yaşlı nəslin yaddaşındadır. Onları əsla nə unutmaq, nə də yaddan çıxarmaq mümkündür. Ən yadda qalanlar isə xaos-dərəbəylik, “hüdudsuz demokratiya”,müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərclik, hakimiyyət uğrunda aparılan qaydasız mübarizələr, vətəndaş müharibəsi təhlükəsi... Ən başlıcası isə ümidsizlik və kimsəsizlik içində qalan xalq, itirilən torpaqlar, ölən cavanlar, axan göz yaşları, bir-birindən bəd gələn xəbərlər... Və nəhayət, hamının gözü qarşısında süqutunun son akkordlarını yaşayan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin itirilməsi təhlükəsi idi.

Belə bir vaxtda xalqımız bütün çətinliklərə baxmayaraq, öz azadlıq mübarizəsini daha əzmlə davam etdirirdi. Min bir çətinliklə Vətənə qayıdan Heydər Əliyev böyük xalq sevgisi ilə qarşılandı. Onun qayıtması xalqımızda bir canlanma yarandı, gələcəyə inam baş qaldırdı. Bundan vahiməyə düşən mövcud hakimiyyət min bir yolla onun Bakıda qalmasını əngəllədi. O, məcburən Naxçıvana getməli oldu.

 Heydər Əliyev tezliklə Naxçıvan Muxtar Respublikasının Ali məclisinə sədr seçildi. Onun cəfakeşliyi nəticəsində üçrəngli bayrağımız ilk dəfə rəsmi olaraq Ali məclisin binasında dalğalandı. Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu SSRİ miqyasında mövcud hakimiyyətə qarşı atılan həm ən cəsarətli, həm də ən qorxulu ilk addım idi.

Naxçıvanda müstəqillik uğrunda atılan bu cür qətiyyətli addımlar bütöv Azərbaycanı hərəkətə gətirdi, milyonlara qol-qanad, güc-qüvvə verdi. Görülən işlərin müjdəsi ellərə ildırım sürəti ilə yayılırdı. Hamı Naxçıvanda baş verənlərə,qazanılan böyük uğurla ilk başlanğıc, yeni ümid işığı kimi baxırdı. Bakıda isə bir qaranlıq, ətalət hökm sürürdü: “Bakının dərdi var, Bakı xəstədir”deyimini sanki  böyük Səməd Vurğun bu dövr Bakısı üçün demişdir.

İstər xalq, istər millət, tayfa, istərsə də fərd dar günündə son ümidinə səslənir. 1993-cü ilin çətin və ağır bir zamanında müdrik Azərbaycan xalqı, başda ziyalılar olmaqla, ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Xalqın təzyiq və təkidi ilə mövcud hakimiyyət özündə güc taparaq, hamının ümid və inam yeri olan, beynəlxalq aləmdə layiqli hörmət, böyük nüfuz qazanmış, əsl siyasət adamı olan Heydər Əliyevə müraciət etdi. Bütün şərəfli ömrünü xalqının və Vətəninin inkişafına bəxş edən Heydər Əliyev xalqın səsinə səs verdi və öz xilaskarlıq missiyasını həyata keçirdi.

Məhz 15 iyun 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı dövlətimizi və xalqımızı bütün bəlalardan xilas etdi, yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. Onun rəhbərliyi ilə geniş islahatlar vüsət aldı. Sovetlər Birliyinin dağılması ilə birgə dağılan iqtisadiyyatımızın,digər sahələr kim təhsil sistemimizin də yenidən qurulmasına böyük ehtiyac var idi. Bütün dövrlərdə təhsilin inkişafına xüsusi dəyər verəndahi Şəxsiyyətin diqqətindən bu önəmli məsələ yayına bilməzdi. Milli Qurtuluşun ilk günlərində Heydər Əliyev mövqeyini birmənalı olaraq bildirdi: “Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsi zəruri və təxirəsalınmazdır”.

Heydər Əliyevə olan böyük el məhəbbəti hər bir kəsin ilham mənbəyinə çevrildi. Hər bir kəs böyük ruh və inamla Ulu Öndəri öz yanında, özünü isə onun yanında bildi. Ölkə iqtisadiyyatında bir canlanma başladı, kəndlər, şəhərlər dirçəldi, çiçəkləndi, uğurlar bir-birini əvəz etdi. Dünya ölkələri Azərbaycan Respublikasına müstəqil, demokratik və dünyəvi bir dövlət, layiqli tərəfdaş kimi inam və etibarla baxmağa başladılar. Qədim tarixə və mədəniyyətə malik olan, min illərlə dünyaya hökm edən bir xalqın dövlət müstəqilliyinin təməli bir sevgi-inam əminliyi ilə quruldu. Ulu Önədərin Vətən sevgisi, möhkəm iradəsi, dövlətimizin parlaq gələcəyinə olan böyük inamı ilə yoğrulan:“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.”deyə söylədiyi fəlsəfi fikirləri hər bir azərbaycanlı üçün əsas şüar, əsas meyar oldu.

Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə-xalq sevgisi qazanaraq Ümummilli liderə çevrildi. Onun ən böyük dahiyanə əsəri isə hər bir ölkə vətəndaşının, eləcə də dünyada yaşayan milyonlarla azərbaycanlının əsl Vətəni,“Müstəqil Azərbaycan dövləti” oldu.

Müdrik  Heydər Əliyev Azərbaycan Dövlətinin gələcəyi naminə özünün əsl varisi-İlham Əliyevə olan böyük inamını, ona əminliklə inanan xalqına bildirdi. Qədirbilən xalqımız belə bir tarixi məqamda İlham Əliyevin simasında  yeni lideri sevinclə, tam əminliklə qarşıladı. Çox keçmədi gözləntilər özünü doğrultdu. Qazanılan uğurlar bir-birini əvəzlədi, sosial-iqtisadi inkişaf hər tərəfdə özünü göstərdi. Xalqımızın daha böyük arzularına, ən yaralı yerimiz olan Qarabağ probleminin həllinədə hər kəsin qəlbində bir inam işığı yandı.

2020-ci ilin sentyabr ayının 27-də erməni təxribatına cavab olaraq ordumuz həyacan siqnalı ilə ayağa qalxdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuzun-igidlərimizin uca zirvələrə sancdığı üçrəngli Qələbə bayraqlarıişğal olunmuş torpaqlarımızınhər bir yerində qürurla dalğalanaraq bu torpaqların kimə məxsus olduğunu düşmənlərimizə və dünyaya əminliklə bir daha bildirdi.

Bu möhtəşəm qələbə Vətənimizin hər bir övladına əbədi bir qurtuluş baharı, azərbaycanlı olmaq ucalığı və şərəfibəxş etdi. Bütün uğurlarmızda olduğu kimi bu qələbənində təməlində xalq-dövlət birliyi, Ali Baş Komandana-İlham Əliyevə olan ümumxalq sevgisi və sonsuzinam dayandı. Bu ilahi sevgivə inam bizləri bir yumruq altında-Döyüşən xalq kimi birləşdirdi. Biz bir ola bildik. Bu təntənəni, tərəqqini özününkü bilən hər bir azərbaycanlı özünü bu gün əvvəlki illərdən çox xoşbəxt və bəxtəvər hesab edir, indi daha əminliklə və qürurla ucadan deyir:“...fəxr edirəm ki, mən azərbaycanlıyam”.


Qalib Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. İlham Əliyevin:"Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin uzunmüddətli inkişafını təmin etsin" çağırışı bütün fəaliyyətimizin əsas istiqamətidir. İndi cəbhənin ön xətti sərhədlərdən deyil, təhsildən keçir. Gəncliyimiz çiçəklənən Vətənimizin böyük uğurlarına imza atmaq üçün daha əzmlə çalışmalı, hünər göstərməlidir. Elə yaşayıb yaratmalıyıq ki, vətənimizin uğurları, sevinci bol, iqtisadi və hərbi gücü isə tükənməz olsun. Vətənə xidmət göstərmək kimi müqəddəs birişdə xalqımızın sevimli oğlu, Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu hər birimiz üçün Vətən ünvanlı və Vətən sevdalı bir məktəb olmalıdır. 

İndi dünya Azərbaycanımıza heyranlıqla baxır. Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını xüsusilə vurğulaması qalib ölkənin iqtisadi qüdrəti ilə bağlı dünyaya növbəti bir mesaj oldu.

Bütün sahələrdə hər gün qazanılan uğurlarmız növbəti uğurlarımızın astanasıdır.Milli Qurtuluş Gününün övladı olan, gündən-günə çiçəklənən qalib Vətənimizin-Müstəqil Azərbaycan dövlətinin ən böyük uğurları isə hələ qabaqdadır. Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olmasına sonsuz əminliklə inanan xalqımızınhər bir övladı öz minnətdarlıqhissini Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun sözü iləbildirir:

Neçə sönməz ocağın, yanan şamın eşqinə.
Müqəddəs əqidənin, saf inamın eşqinə.
Bu gün hamının olan tək İLHAMIN eşqinə.
Salamlar olsun sənə!

 

 

VİDADİ ÖMƏR oğlu ORUCOV,

pedaqogika üzrə elmlər doktoru,
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru



2021-ci il ölkəmizdə «Nizami ili» elan edilsə də, tarixə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa dövrünün başlanığıcı kimi də yazılacaq. Ulu Öndərin “XXI əsr yüksəliş əsri olacaqdır” fikri öz təsdiqini tapdı. 44 günlük müharibədən qalib cıxan Azərbaycan artıq Cənubi Qafqazda güc mərkəzi hesab edilir.Bü günədək bütün layihələri uğurla həyata kecirən Azərbaycan höküməti işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinə statrt verdikdən sonra dünyanın diqqət mərkəzinə cevrilmişdir. Dünyanın nüfüzlü BP şirkətinin Cəbrayıl rayonunda dəyəri 200 milyon dollar olan enerji layihəsini həyata kecirmək ücün Energetika Nazirliyi ilə əməkdaşlığa başlaması, Serbiyanın ölkəmizdəki səfiri Qarabağda bərpa işlərində serb şirkətlərinin iştirak etməsinin bəyan etməsi, qardaş ölkə Türkiyənin viran qoyulmuş ərazilərimizdə bərpa işlərində fəal iştirak etməsi və digər Avropa ölkələrinin məhşur şirkətlərinin artıq bölgədə işlərə başlaması dediklərimizi bir daha təsdiq edir.

 Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin  nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalisi elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. İnfrastruktur layihələri ilə bağlı  olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir.  Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Son 17 ildə Azərbaycanın diplomatik  uğurları davamlılığı ilə diqqət çəkir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi.  Hazırda Azərbaycan BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərakatına sərdlik edir.

 Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir.  30 ilə yaxın  müstəqillik tarixinə malik olan Azərbaycanın ilk müstəqillik illərini çox ağır yaşadı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından başlanan  yol ölkəmizə yalnız və yalnız uğurlar və inkişaf qazandırıb.  Cənab İlham Əliyev son 17 ildə xalqa müraciət edərkən dəfələrlə deyirdi ki, biz daha güclü olmalı, daha qüdrətli ordu qurmalıyıq. Çünki bu gün dünyada güc amili həlledici rol oynayır.

Bü günlərdə müstəqilliyimizin 30 illiyi ilə bağlı Çinin dövlət başçısı Si Cinpinlə telefon danışığı zamanı Prezident İlham Əliyevə Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayaraq hər iki ölkənin ənənəvi dostluğunun inkişaf etdirməsindən, əməkdaşlığı dərinləşdirməsindən və qarşılıqlı dəstəyi artırmasından danışması rəsmi Bakı üçün hazırkı dönəmdə olduqca əhəmiyyətli çıxış idi. Çin liderinin sözləri Azərbaycanın nə qədər etibarlı tərəfdaş olması ilə yanaşı, II Qarabağ müharibəsindən sonra daha da artan nüfuzundan xəbər verir. Eyni zamanda Si Cinpinin bu açıqlaması Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə göstərilən dəstəyin bir təzahürüdür.




ÇXR Sədrinin Azərbaycanın "Bir kəmər bir yol" təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulaması iki ölkə arasında gələcəkdə də 10 noyabr üçtərəfli bəyanatının tərkib hissəsi olan Zəngəzur dəhlizi və bu bəyanata əsaslanan digər kommunikasiyalar vasitəsi ilə Qərbə çıxışının təmin olunmasında, ticari əlaqələrinin daha da dərinləşməsində maraqlı tərəf olduğunu özündə ehtiva edir.

Dövlət başçıları bu telefon danışığı zamanı qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır. 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsinin ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün əhəmiyyəti olduqca böyükdür.

44 günlük İkinci Qarabağ müharibəsi bir daha təsdiqlədi ki, haqq-ədalət,  beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Məhz gücümüzün kifayət qədər  olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdı. Ölkəmiz son 17 ildə gücləndi, Azərbaycanın ən güclü ordusu formalaşdı, gənclərimizdə torpaq, Vətən sevgisi daha da artdı. Ulu Öndər Heydər Əliyev ideyaları gerçəkləşdi, onun arzuları həqiqətə çevrildi. Hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırırdı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də  “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu.  Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Yeni-yeni sazişlərin imzalanmasına, layihələrin gündəmə gətirilməsinə və icrasına geniş yol açdı. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən  mövqeyinin təqdimatı oldu.

Bu gün böyük fəxr hissi ilə deyə bilərik ki, Qarabağa yeni nəfəs gəlib. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hazırlanan bərpa planlarının uğurlu icrasını, şəhər, kənd və qəsəbələrimizin əvvəlkindən daha da yaxşı vəziyyətə  qayıtmasını təmin edəcək. Bu yöndə dövlət tərəfindən planlı addımlar atılıb, mühüm layihələrə start verilib.

Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir.

Demokratik və sarsılmaz Azərbaycan istər regionda, istərsə də dünya dövlətləri arasında hər zaman uğurlu inkişaf strategiyası, mükəmməl siyasi xətti və lider ölkə başçısı ilə öndə olacaqdır.

Zaur Vəliyev

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini





Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az təbrikin mətnini təqdim edir:

"Zati aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm".

***

Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünlanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir. “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına firavanlıq, xoşbəxtlik arzu edirəm".

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məıktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik".

Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudd da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

***

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Sizin rəhbərliyinizi və önəmli töhfələrinizi qeyd edərək, ölkənizin daha yüksək zirvələrə çatdırılması istiqamətindəki fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyirəm".

***

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Biz azərbaycanlı tərəfdaşlarımızın sosial-iqtisadi inkişafda qazandığı böyük uğurlara, xalqın rifahının yüksəldilməsinə, habelə ölkənizin dünya arenasında nüfuzunun artmasına görə səmimi qəlbdən sevinirik.

Bu gün Azərbaycan ilə əməkdaşlıq Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Biz Tacikistan ilə Azərbaycan arasında səmimi və məzmunlu dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, biz ümumi səylərimizlə ölkələrimizin bunun üçün mövcud olan potensial imkanlarını tam reallaşdıra biləcəyik, xalqlarımızın dinc və xoşbəxt gələcəyi naminə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.

Əziz İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm.

***

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.

Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək.

Ümidvaram ki, ölkənizlə hərtərəfli münasibətlərimiz imkan yaranan kimi keçiriləcək yeni şəxsi görüşlər və səfərlər vasitəsilə davam etdiriləcək.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza sülh, azadlıq və rifah dolu gələcək arzulayıram".

***

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk.

Tam əminəm ki, bizim qardaş xalqlarımız arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxəsrlik dostluq və strateji tərəfdaşlıq telləri birgə səylərimiz və yüksək səviyyədə səmərəli dialoq sayəsində daha da möhkəmlənəcək və bütün prioritet istiqamətlərdə tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzulayıram".

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlatıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram”.

***

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik mətbubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam dəyərlərinin birgə təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İƏT üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".

***

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini bərpa etmək üçün bir çox çətinlik və faciələrdən keçiblər, lakin bu gün ölkələrimiz qürurla güclü və azad dövlət qurmaqda davam edirlər.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfəmi verməyə hazır olduğumu bir daha bildirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qarşılayacağam və strateji tərəfdaşlığımızın daha da dərinləşməsi yollarını birlikdə müəyyənləşdirəcəyik.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı izhar edir, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı və firavanlıq diləyirəm".

***

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqına ən xoş rifah arzularımı çatdırıram.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş bir problem olduğunu etiraf etməliyəm. COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm".

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed ən-Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram”.

***

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və inkişaf arzu edirəm”.

***

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm”.

***

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında qədim dostluq əlaqələri mövcuddur. İkitərəfli münasibətlərimizin gələcək illərdə daha da güclənəcəyinə və şaxələnəcəyinə əminəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


İsrailin Baş nazir Binyamin Netanyahu və HƏMAS liderləri 11 gün davam edən aviasiya və raket hücumlarının dayandırılması barədə qərar qəbul ediblər.

Mayın 21-də gecə saat 00:04-də qüvvəyə minən bu qərarın yerinə yetirilməsinin monitorinqini Misir həyata keçirəcək.

İsrail hökumətinin bəyanatında qeyd olunub ki, Tel-Əviv Misirin qeyd-şərtsiz atəşkəs elan edilməsi təşəbbüsünü yekdilliklə təsdiq edib.

Atəşkəs qərarının ABŞ və Misir prezidentləri Co Bayden və Əbdülfəttah əl-Sisi arasında danışıqlardan sonra verildiyi bildirilir. Bundan bir gün əvvəl rəsmi Qahirə Ramallahda və Tel-Əvivdə də danışıqlar aparıb.

Münaqişə tərəfi olan HƏMAS liderlərindən biri Usamə Həmdan da KİV-ə açıqlamasında bildirib ki, Misirin vasitəçiliyi ilə irəli sürülmüş atəşkəs təşəbbüsü qəbul edilib.


Bildiyimiz kimi, aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini xatırlayarkən “erməni soyqırımı" ifadəsini dilə gətirməsi qardaş Türkiyədə olduğu qədər Azərbaycan ictimaiyyətində də narahatlıq doğurub.

Məlum bəyanatın Ermənistanın Azərbaycana ağır məğlubiyyətindən sonra verildiyini də nəzərə almaq lazımdır. Heç kəsə sirr deyil ki, Azərbaycanın kökübir qardaşı Türkiyə ilə çiyin-çiyinə verərək, qazandığı son uğurlar, 30 il düşmən tapdağı altında qalan Qarabağın işğaldan azad edilməsi Qərbdəki Bayden kimi erməni havadarlarını və türk düşmənlərini məyus edib.

Ancaq Qərb daha çox məyusluğu ABŞ-ın da təmsil olunduğu ATƏT-in Minsk Qrupunun sıyahısından kənarda qalması ilə yaşadı. ABŞ-ın rəqibi Rusiyanın vasitəçilik rolu da Qərbi narahat etməyə bilməzdi. Bundan başqa, Bayden bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə etdiyini deyib. Azərbaycan Vətən müharibəsində Ermənistana döyüş meydanında qalib gəldi. Düşmən isə dinc şəhərlərimizi atəşə tutur, mülki vətəndaşlarımızı qətlə yetirirdi. Amma Azərbaycan eyni üsulla cavab vermədi. Bu nöqteyi-nəzərdən, belə də hesab etmək olar ki, Bayden bir növ ştrix altında ermənilərin özlərini günahlandıraraq onlara qonşuları ilə dinc yanaşı yaşamağın vacibliyi barədə xatırlatma mesajı verib. Yəni, ermənilər 106 il əvvəl vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət etdiklərinə görə cəzalanıblar, 30 il əvvəl vətəndaşı olduqları Azərbaycana xaincəsinə zərbə vurduqlarına görə indi bu günə düşüblər.




Başqa bir məsələ ABŞ rəhbərinin “soyqırım” bəyanatını Ermənistanın yenə də Qarabağ məğlubiyyətindən sonra iqtisadi devidentlər xatirinə, eləcə də Rusiyanın təzyiqi ilə Türkiyə və Azərbaycanla münasibətlərini yumşalda biləcəyindən ehtiyatlandığı üçün qabaqlayıcı addım kimi vermiş ola biləcəyidir: Axı, 10 noyabr üçtərəfli birgə bəyanatı özündə kommunikasiya xətlərinin, nəqliyyat dəhlizlərinin açılmasını da ehtiva edir. Əgər Ermənistan sağlam düşüncə ilə qonşu Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəksə, Türkiyə sərhədlərini ermənilərin üzünə aça bilər. Belə olan halda ABŞ-ın əlində Türkiyəyə təzyiq vasitəsi qalmayacaqdı. Bütün hallarda hesab edirəm ki, Türkiyəyə qarşı çıxarılmış qərar Azərbaycanın da mənafeyinə ziddir və ölkəmiz adından Xarici İşlər Nazirliyi bu məsələyə münasibətini bilidirib. 

Çox təəssüf ki, qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

Bu gün “erməni soyqırım”ını tanıyan, ya da tanımaq istəyən ölkələrin əksəriyyəti yaxın keçmişdə bir və ya daha çox soyqırım aktına imza atıblar. Osmanlının cəlb olunduğu Birinci Dünya savaşı getdiyi vaxt ermənilərin Anadoluda üsyanları, türk kəndlərinə hücumları Osmanlını cavab tədbirləri almağa vadar etmişdi. Üsyanlarda iştirak edən, 2 milyona yaxın türkü qətlə yetirən ermənilər Yaxın Şərqə sürgün edilmişlər. Hansı ki, həmin ərazilər də yenə Osmanlı üçün önəmli sayılan Beyrut, Qüds, Bağdad, Bəsrə və s. ərazilər idi. Maraqlıdır, görəsən bu gün “erməni soyqırımı”nı tanıyan və tanımaq istəyən ölkələr özləri müharibə vaxtı belə xəyanətlə üzləşsəydilər, nə edərdilər?

Söz yox ki, Bayden bunu etməklə, erməni dairələrinə və Türkiyə əleyhinə qruplara kampaniya vədini yerinə yetirib. Bildiyimiz nkimi, o, hələ ötən il seçki kampaniyası zamanı “erməni soyqırımını tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini” bildirmişdi.

Bu məsələ sözsüz ki, ABŞ-ın və Türkiyənin bir araya gəldikləri NATO müttəfiqləri arasında münasibətlərə ziyan vuracaq. Bu nöqteyi-nəzərdən, Bayden açıq-aydın şəkildə beynəlxalq hüququ pozan, ədalətə zidd bəyanat verməklə Amerikanın maraqlarını erməni lobbisinə qurban vermişdir. Ağ Ev rəhbərinin bu səhvini başa düşən ABŞ generaliteti artıq həmin səhvi malalamağa çalışır. Çünki Türkiyə NATO-nun çox önəmli üzvüdür, Türkiyə ordusu NATO-da gücünə görə ikinci yerdədir.

Bu gün Azərbaycan sərhədçilərinin Vətən müharibəsində geri qaytarılmış torpaqlarımızın hər qarışını qorumaq üçün necə cəsurluq nümayiş etdirdiklərini, düşmənin təxribat cəhdlərinin qarşısını necə aldıqlarını əks etdirən video-görüntülərə baxanda adamın qəlbi qürur hissi ilə doğlur və əmin olursan ki, düşmən və onun havadarlarının Türk Dünyasının bayraqdarları olan Türkiyə və Azərbaycana təzyiq etmək planları iflasa məhkumdur.



Manaf Manafov,


Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatları Birliyinin rəisi

 



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

İdarədən Bizimaz.az-a verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron şagird qəbuluna start verilməsi və ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçirilməsindən ibarətdir.

Görüşdə çıxış edən İdarə müdiri Mehriban Vəliyeva I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib. M.Vəliyeva I sinfə elektron qeydiyyat sisteminin (//mektebeqebul.edu.az/) tətbiqinin təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət etdiyini qeyd edib.

İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb və müəllim seçimi prosesinə isə aprelin 29-dan start veriləcəyini xatırladıb. Sektor müdiri ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydalarını geniş şəkildə izah edib, valideynlərə kömək məqsədilə onlayn Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyini söyləyib.

İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin Feysbuk səhifəsində suallara cavab veriləcəyini və müvafiq maarifləndirmə işlərinin aparılacağını bildirib.

Ümumi təhsil sektorunun müdiri Fuad Babayev ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçiriliməsi, təhsil işçilərinin vaksinasiyası və PISA-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsinin təşkili ilə bağlı fikirlərini bildirib.


 
 
 Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görüldüyü bir vaxtda cox təəssüf ki, bir cox işbazlar buna məhəl qoymur.
Məlum olduğu kimi Tərtər cayının hövzəsində bir necə qum-cınqıl karxanaları fəaliyyət göstərir.Ərazidə fəaliyyət göstərən karxanalarda ekoloji qanun pozuntusu və qanunsuz qazıntı işlərinin apaşdırılması ilə bağlı nazirlik 3 ay müddətində işlərin müvəqqəti dayandırılması ücün sahibkarlara məktub göndərib. Amma nə fayda,cox təəssüf ki, bu ərazidə əsas ekologi durum deyil,sahibkarları necə pul qazanmaq məsələləri düşündürür.Görünür belə məsələlərdə onların havadarları da qanunun daha kecərli olmasını unudurlar.Düzdür,yuxarıda qeyd etdiyimiz kimi nazirlik bu sahədə müəyyən islahatlar aparır və aparmaqdadır.Hətta bu günlərdə nazirliyinin tabeliyində Dövlət meneral xammal ehtiyatlarından istifadə agentliyi yaradılsa da Tərtərdə bəzi sahibkarların vecinə deyil. Cünki burada nə ölkə başcısının, nə də nazirliyin göstərişləri və məktubları deyil,özlərinin cəngəllik qanunları işləyir.Bu günlərdə redaksiyamıza daxil olan bir şikayəti araşdırmaq ücün Tərtərdə olduq.Təsadüfən karxanaların birinin ərazisində böyük bir dəliyi gördükdə fikirləşdik ki,yəqin 44 günlük müharibə zamanı düşmən bura dünyanın ən ağır raketini atıb.Lakin həmin ərazinin ətrafında ekskavatorların işlədiyini gördükdə məlum oldu ki, bəzən bizə düşmən lazım deyil.Tərtər cayının yatağını 40-50 metr dərinliyində qazıb öz şəxsi maraqları ücün istifadə edənlərin düşməndən nəyi əskikdir.Bir iki şəkil cəkmişdik ki, sürücülərdən biri bizə yaxınlaşıb şəkili silməyi xahiş etdi.Səbəbini soruşduqda dedi ki, bu yol idarəsinin maşınıdı.Əliqulu müəllim istəmir maşınlarının şəkiili hardasa düşsün.Bu vaxt söhbətimizə qoşulan Şamxal adlı səxs qeyd etdi ki, icra hakimiyyətindən,ekologiya nazirliyindən razılıq almışıq.Dərinliklə bağlı sualımıza Şamxal belə cavab verdi: - Gedin suallarınızı nazirliyə verin.Biz işimizi onlarla, Ağcəbədidə oturanlarla həll etmişik.Nazirlik də bilir. Qeyd edək ki, el arasında "Zolgörən" körpusu adlanan ərasinin yaxınlığında,təxminən 70-80 metr aralıda aparılan qazıntı işləri də cay yatağının məcarasını dəyişmiş,körpü ücün təhlükələr yaratmış, yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi qaydalarını pozmuşdur. Maraqlıdır, görəsən Şamxalın hansı əməli ekologiya nazirliyinin əməkdaşlarının xoşuna gəlir ki,ona gözün üstə qaşın var deyən tapılmır?Niyə burada ətraf mühitə,su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalmasına əməl olunmur? Yaxşı deyək ki, Şamxal nazirlikdən qorxmur və ya onları saymır. Bəs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrindən necə,qorxmur? Axı Şamxal kimdir? Araşdırmamız davam edir. Eyvaz Babayev.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov