Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsindən sonra böyük Azərbaycan şairi İmadəddin Nəsimi ətrafında müzakirələr artıb.
650 illik yubileyi olan şairin yaradıcılığı diqqət mərkəzinə gəlib, hətta müğənnilər də onun qəzəllərinə müraciət etməyə başlayıblar.
Şairin məşhur "Sığmazam" qəzəlinin “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam” bəndində "iki" yoxsa "ikən" sözünün işlədilməsi yenə də müzakirə predmetidir. Kimi qəzəldə cahanın bir, kimi iki olduğunu deyir.
Oxu.Az bu məsələyə aydınlıq gətirmək üçün ədəbiyyatşünaslara üz tutub.
Filologiya elmləri doktoru, professor, məşhur şair Vüqar Əhməd qəzəllə bağlı fikirlərini oxucularımızla bölüşüb:
“O vaxt Bəxtiyar Vahabzadə qəzəldə o sözün “ikən” olduğunu irəli sürdü. Lakin bütün Nəsimişünaslar bildirir ki, Nəsiminin divanlarında “iki cahan” yazılıb. “Məndə sığar ikən” yoxdur, “Məndə sığar iki cahan”dır. İki cahanın isə bir çox anlamları var. Nəsimi qəzəlində iki dünyanı təsvir edib: yaşadığın və öldüyün dünya.
Deyirlər ki, guya Nəsimi ateist olub, amma bu, doğru deyil. O, əhli-beyt şairi olub. Həzrət Əliyə qəzəl yazıb. “Quran”ı bilməyən Nəsimi yaradıcılığına qiymət verə bilməz. O, ərəb, fars və türk dilində üç divan yaradıb. Mənim də məqaləm var: “Bəşər Nəsimi soyundandır”.
Vüqar Əhməd müğənni Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlinə “Pəncu Şeş” adlı mahnı ifa etməsinə münasibət bildirib:
“Afət yaxşı qızdır. İndi bir səhvdir, edib. Mərdi qova-qova namərd etməzlər. İstəyib Nəsiminin yubileyinə yaxşılıq etsin, amma alınmadı. Bu dərəcədə onun üstünə düşmək olmaz. O, bu mahnını yığışdırsa, daha məsləhətlidir. Özü də deyir ki, mən “ikən”i başa saldım. O, ədəbiyyatşünas deyil axı. Alimlərə hörmət eləsin. Xalq, ictimaiyyət, elm adamları məsləhət görür ki, oxumasın”.
V.Əhməd “Minnət Eyləməm” şeirinin İ. Nəsimiyə deyil, Türkiyədə yaşamış Qul Nəsimiyə aid olduğunu iddia edən türkiyəli müğənnilər Burcu Güneş və Selda Bağcana da cavab verib:
“Nəsimi təxəllüsünü götürən çox şairlər olub. Onları bir-birindən ayırmaq üçün İmadəddin Nəsimin ensiklopediyası hazırlanır. AMEA Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov Türkiyədən şairin divanını gətirib. Qeyd etmək istəyirəm ki, “Minnət eyləməm” Qul Nəsimiyə deyil, məhz İmadəddin Nəsimiyə məxsusdur”.
Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dissertantı, Nəsimi əlyazmalarının tədqiqatçısı, şərqşünas-yazar Vüsal Hətəmov onun yazdığı qəzəl haqqında fikirlərini bölüşüb:
“Bu məsələyə belə aydınlıq gətirə bilərəm ki, “ikən” təkcə Bəxtiyar Vahabzadə tərəfindən irəli sürülüb. Əslində, onun bu fikrində bir məntiq tapmaq olar. Çünki biz bilirik ki, əski əlifbada “kən” hərfinin içində bir işarə var, “kiçik fəqir nun” deyirlər ərəb dilində, bizdə bu, adətən, şimal regionlarında (Qazax, Ağstafa) belə səslənmə var: “manqa” (mənə), “sanqa” (sənə). Ola bilsin ki, səhv başa düşüb, bu cür izahını veriblər. Amma “ikən” sözü yoxdur. Nəsiminin şeirlərini diqqətlə oxuyanda, başa düşmək olur ki, o, iki aləmdən danışır. Həm axirət, həm də maddi aləmdən.
Bütün dinlərdə, eləcə də, İslam dinində iki dünyanın mövcudluğu qəbul olunub. Nəsimi özü də hər iki aləmin olduğuna inanırdı. Şeirdə onu demək istəyir ki, Allah insanı dünyanın əşrəfi kimi yaradıb. İnsan Nəsiminin nəzərində sanki kiçik bir Allahdır. Allahın özü deyil, amma Allah kimi yaradıb onu. Bu, onu göstərir ki, Nəsimi “Quran” ayələrinə istinadən danışırdı. Elə şeirlərində də ayələrindən çox istifadə edib. Yəni Allahdan başqa varlıq yoxdur ki, bütün kainatı özündə ehtiva etsin. Burada fiziki insandan söhbət getmir. Bu, Nəsiminin fəlsəfəsidir. Hər iki dünyanın insan fenomenində sığmasından danışır. Bizdə sığar, amma insan özü bu iki aləmə sığmaz.
Bir vacib məqamı da nəzərinizə çatdırım ki, 1973-cü ildə fotosürəti çıxarılan Nəsiminin əlyazmaları Ermənistan, Daşkənd, Leninqrand və Azərbaycanda olan əlyazmalar fondundan götürülüb. Orada “iki sözü” yazılıb, “ikən” deyil”.
Tarixən ucuz tanınma yolunu seçənlər, hər zaman sözün əsl mənasında böyük qiymətli dəyərlərə əl qoyublar. Fərqli yanaşma deyib, ad da veriblər. Nəsimin şeirləri sümük oynadan musiqilərlə bu dövrə gəlib çatmayıb. Muğam vasitəsilə bizlərə aşılanıb. Düzdür, o da musiqinin bir qoludur. Amma musiqinin ən uca zirvəsində duran məhz elə muğamdır.
Afət ucuz yolla tanınmaq istəyib. Orada Fərmanqızı Nəsimini deyil, özünü reklam və təbliğ edir. Nəsimi beyinlər üçün yazıb-yaradıb. Kimsə toyxanada bu mahnının sədaları altında tullanıb-düşəcəksə, burada ciddiyyətdən söhbət gedə bilməz. Rasim Balayevin oxuduğu şeir, Alim Qasımovun ifa etdiyi Nəsimin qəzəlləri hara, Afət hara. Nəsiminin dili quş dilidir, hər adam anlaya bilməz”.
“Minnət Eyleməm” şeirinə gəldikdə, müsahibimiz Vüsal Hətəmov bunları vurğulayıb:
“Tarixdə bir neçə Nəsimi təxəllüsü ilə yazanlar olub. Onların bəziləri Nəsiminin dərisinin soyulması faktını öz şeirlərində göstəriblər. Amma ortalığa bir sual çıxır: əgər Nəsimi edam olunaraq, boynu vurulubsa, o, özü bütün edam prosesini izləyə bilməz. Məntiqi düşünəndə, belə bir qərara gəlmək olar ki, edam prosesini başqa şairlər izləyib.
Ədəbiyyatda bir problem olaraq bu məsələ müzakirə olunur. Başqa Nəsimilərlə İmadəddin Nəsiminin yazdığı əlyazmalar qarışdırılır. Əsl İmadəddin Nəsiminin şeirləri ilə Nəsimi təxəllüsü ilə yazan Nəsiminin şeirlərinin ayrılması üçün biz ciddi işlər görüb, müqayisələr və yoxlamalar aparırıq. Bundan irəli gələrək onu deyə bilərəm ki, şəxsən mən İmadəddin Nəsiminin şeirləri arasında “Minnət eyləməm” şeirinə rast gəlməmişəm. Deməli, bu şeir digər Nəsimi təxəllüslü şairə məxsusdur”.
Rəşad Əliyev