Xəbər lenti

Əflatun Amaşov: Azərbaycan mediası kifayət qədər inkişaf etmiş, müstəqil mediadır
 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Mətbuat azadlığı bəşəri mahiyyət və Azərbaycan reallığı” mövzusunda konfrans keçirilib.

 

Bizimaz.az xəbər verir ki, konfrans başlamazdan öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyev və Həsən bəy Zərdabinin məzarının ziyarət ediblər.

Konfransda Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, tanınmış media nümayəndələri Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Azər Həsrət, Aqil Ələsgər, politoloq Arzu Nağıyev, millət vəkili Hikmət Babaoğlu, Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Mirzəyev və başqaları iştirak edib.

Ə.Amaşov BMM-dəki çıxışında bildirib ki, Azərbaycan MDB məkanında KİV üzərində senzuranı götürən və mətbuata nəzarət funksiyasını yerinə yetirən qurumları ləğv edən ilk ölkədir: “3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür. Bu münasibətlə Azərbaycanda fəaliyyət göstərən bütün jurnalistləri təbrik edirəm. Onlara yaradıcılıq uğurları arzulayıram. Ümumiyyətlə, jurnalistlər öz fəaliyyətlərində azad olmalıdırlar. Medianın əsas vəzifəsi baş verən olaylarla bağlı ictimaiyyəti məlumatlandırmaq, qurumlar üzərində nəzarət funksiyasını yerinə yetirməkdir. Bu gün Azərbaycan mediası kifayət qədər inkişaf etmiş, plüralist, müstəqil mediadır”.

MŞ sədri 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatilinin tapılmasının vacib olduğunu deyib: “Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, Elmar Hüseynovun qatilinin tapılması istiqamətində köməklik göstərsinlər və qatilin kimliyini müəyyənləşdirib, ona layiq olduğu cəzanı versinlər”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev ölkədə azad mətbuatın yaradılması yolunda çox böyük qərarların qəbul olunduğunu deyib: “Dünyanın bir çox ölkəsində hələ də media orqanları korporativ maraqlara xidmət edənlərin əlindədir. Belə mətbuat həmin ölkələrin inkişaf yolunda əngəl törədir. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Bizdə mətbuat kimlərdənsə asılı deyil. Dövlət mətbuatın inkişafına maliyyə dəstəyi göstərir. Amma bu gün bu sahədə müəyyən problemlərin olduğu məlumdur. Əsas məsələ budur ki, bu problemləri həll etmək üçün imkanlarımız var”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov