Qarabağ müharibəsində qalib gəldik, amma dünya erməniliyi, erməni diasporu ilə müharibə davam edir
Noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açılıb. Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibə aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu.
Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. Bir millət, iki dövlət" artıq sadəcə şüar deyil. 1918-ci ildən sonra Azərbaycan xalqı ikinci tarixi qələbəyə imza atır. Birinci qələbədə biz türk qardaşlarımızın köməyi, Allah ruhunu şad eləsin, Nuru paşanın dəstəyi ilə Bakını işğaldan qoruduq. Yenə türk qardaşlarmızın mənəvi və siyasi dəstəyi ilə Qarabağı azad elədik.
Gələcəyə nikbin nəzərlərlə baxan Azərbaycan vətəndaşları hər zaman torpaqlarımızın işğaldan azad olunacağı günə inanıblar. Buna Azərbaycanın iqtisadi baxımından olan gücünə görə əminlikləri olub. Eyni zamanda, ordumuzun son dövrlərdə daha müasir texniki təchizatla təmin olunması prosesinin şahidi olmuşuq. Bundan əlavə, hər zaman Ali Baş Komandanın, cənab İlham Əliyevin verdiyi vədləri bir qayda olaraq yerinə yetirdiyini görmüşük.
Bildiyiniz kimi, adicə iki ay öncəyə qədər bəzi insanlarda narahatçılıq, inamsızlıq var idi ki, müharibə etməyəcəyik. Amma bir anın içərisində proses dəyişdi. Bu an qısa görünə bilər. Amma unutmayaq ki, bu an on illər çəkdi ki, biz bu prosesə hazırlaşdıq. Əmin olandan sonra ki, biz bu müharibədə qələbə çala bilərik, ondan sonra bu addımı atdıq. Dövlət başçımız nəyi nə vaxt, hansı gündə edəcəyini yaxşı bildiyini də elan etdi. O günə inanırdıq və şükürlər olsun ki, o gün gəldi və bu məsələdə biz haqlı çıxdıq.
30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirib.
Azərbaycan 44 gün Vətən Müharibəsini apardı, 300-ə yaxın şəhər, qəsəbə, kəndi düşməndən təmizlədi. Artıq dünyada Azərbaycan ordusu barədə yüksək fikirlər söyləyirlər. Ordumuzun Qarabağda Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı əks-hücum bizə Azərbaycanı yenidən tanıtdı. Biz igid əsgər və zabitlərimizi, şanlı ordumuzu tanıdıq və qələbəyə görə onlara borcluyuq.
Ermənistan isə elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Bu gün Ermənistanda xaos, hərc-mərclik hökm sürür. Ermənilər işğal olunmuş ərazilərimizi viran qoyub, mədəni-tarixi abidələrimizi məhv edib, milli sərvətlərimizi talayıb. Azərbaycan Prezidentinə təzyiqlər olsa da, Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi, hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik.
Noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır. Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. O rayonlar qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaq.
İmzalanan birgə bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası idi. Bəyanatda bir sıra məsələlər var ki, bizimçün çox əhəmiyyətlidir. Xüsusilə də muxtariyyət, status məsələsinin olmaması qeyd edilməlidir.
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında yolun açılması da tarixi hadisədir.Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq.
İran üzərindən Naxçıvanın qaz təminatı kifayət qədər baha başa gəlir. Ancaq əgər indi 7 rayon və Qarabağın azad olunmuş ərazilərinin qaz təminatı üçün magistral kəmər çəkiləcəyini nəzərə alsaq, o zaman bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq.
Bəli, biz Qarabağ müharibəsində qalib gəldik. Amma dünya erməniliyi, erməni diasporu ilə müharibə davam edir. Bu müharibədə, bu mübarizədə möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında daim birləşməliyik.
Sənaye və Texnologiyalar uzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru
Şahin Məhərrəmov