Xəbər lenti



Bu gün hec bir təqdimata ehtiyacı olmayan, Azərbaycanın əvəzsiz övladlarından birinin – Mirzə Ələkbər Sabirin doğum günüdür. Onun haqda müxtəlif vaxtlarda müxtəlif mənbələrdən topladığım, eləcə də öz əlavələrimdən ibarət yazını Sizə təqdim edirəm! 

…Ağlayıb sızlayarıq yada düşdükçə güldüklərimiz…
…Mən belə dövranı qana bilmirəm 
Qanmaz olub da dolana bilmirəm…

...Mirzə Ələkbərin ən yaxın dostu Abbas Səhhət idi. “Sümüklərimi də xalqın yolunda qurban verməyə hazıram” vəsiyyətini ona etmişdi…. 

…Sabir ömrü boyu verdiyi ilk və son müsahibədə …(o tarixi müsahibəni Salman Mümtaz almışdı) özünməxsus təvazökarlıqla “..Siz böyüksünüz yoxsa Abbas Səhhət?” sualına belə cavab vermişdi: “Yaşda mən, başda o”…..

...Tarixi müsahibə….

.....1910-cu ilin iyununda M.Ə.Sabir Haşımbəy Vəzirovun gündəlik “Səda” (1909-1911) qəzetində korrektor (müsəhhih) işləyir və “İslamiyyə” mehmanxanasında qalırdı..... 
(......Guşeyi qəssində olan ləzzəti, 
Xaneyi viranda haçan anlarıq....)

Əvvəlcə “Metropol” mehmanxanasına düşən S.Mümtaz Sabirlə görüşdükdən sonra onun qaldığı mehmanxanaya köçür. Onunla ilk və son müsahibə alan Salman Mümtaz:

...Sabiri nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək, özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” – deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu.....

...Səhhət Tehranda, “Mədrəsəyi Nizamiyyəyi Nəsiriyyə”də həkimlik oxumuşdu. Fransız dilini də orda öyrənmişdi. Amma İran diplomuyla Azərbaycanda işləyə bilməzdi, imtahan verməli idi. Sürətlə rus dilini öyrəndi. Fransız dili vasitəsi ilə Qərb ədəbiyyatını dərindən öyrənmişdi, Şamaxıda isə rus ədəbiyyatını mənimsəyirdi…

...Sabirin Həmidə xanıma dediyi kimi hər Ramazanda bir qızı olurdu, Sabirin anası tez-tez Kərbalaya gedib oğlan arzulayırdı, nəhayət oğulları doğuldu, adını Məmmədsəlim qoydular….

…. “Uşaqların çox olması Ələkbərin zamanını alır, güzəranını ağırlaşdırır, onu daha artıq dərəcədə məyus edirdi”. Badam (arvadı..Ə.Ə.) savadsız idi, Ələkbərin şeir yazması ona çatmırdı.

....Bu şeir elə Badam haqdaydı. Seyid Hüseyn yazırdı: “Badamı aşiqanə bir qəzəldən, yanıqlı bi mərsiyə və sənətkəranə bir qəsidədən Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir batman un daha artıq maraqlandırır, ona daha artır “bədii” zövq verirdi”. Ələkbər qəzəldə “Seyid Əzimdən, mərsiyədə isə…. mərsiyə şairlərindən aşağı olduğunu əzab içində hiss edir, nə qədər ağrılı olsa da poeziyanın inkişaf etdiyi Şamaxıda şöhrəti maraqlı söhbətlər və şirin zarafatlardan ibarət idi”……

..Çıxılmaz vəziyyətdə şairin sinif yoldaşı, məşhur inqilabçı Sultan Məcid Qənizadəyə məktubundan: ...Daha taqətim, təb və səbrim başa gəlibdir. Qardaşlarının əlindəki Yusif kimi əsir qalmışam. Birisi şillə ilə üzümə vurur, o birisinin məhəbbət ağuşuna atılmaq istəyəndə o da yumruqla başımda vurur, bu biri tərəfə gedəndə o da yumruğu başıma zollayır. Ondan azad olub başqasıyla dost olduqda döşümdən itələyir, ağzımdan vurur, ona dal çevirəndə digəri dalımdan vurur, ağzıüstə yıxılıram. Bir daha Şamaxıda qalmağa tabım qalmayıb. Bir nəfər də havadarım və qəmxarım yoxdur, yenə Sizə ümidvar olub sizə dərd-sər verməyə cəsarət edirəm.
Acizanə xahiş edirəm, mənim burda katorqa cəzasına məhkum olub qalmağıma razı olmayasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimdə uzadıb, məni bu cəhənnəmdən xilas edəsiniz”.
Sultan Məcid məktubu oxuyub ağladı. Firudin bəy Köçərlini də çaöırıb məktubu ona da oxudu, bir yerdə çarə axtarmağa başladılar…..

...Ağır xəstə idi şair, Bakıda 3 ay müalicə (1910 sentyabr-noyabr) olunsa da, xeyri olmadı. Həmidə xanımın göndərdiyi pulla Tiflisə gəldi. Tarix: 1910 1 fevral.

Mehmanxanaya düşsə də, Ömər Faiq dərhal onu Molla Nəsrəddin redaksiyasına gətirir. Qarabağda olan Cəlil Məmmədquluzadənin kabinetində yatır.

O dövrdə jurnalın müvəqqəti redaktoru olan Məmmədəli Sidqiyə məktub yazan Cəlil Məmmədquluzadə Sabiri ən yaxşı həkimlərə göstərməyi və pul əsirgəməməyi ondan xahiş edir.
O dövrdə Molla Nəsrəddin jurnalında bir neçə uşaq vardı. Kim idi o uşaqlar:
Münəvvər: Cəlil Məmmədquluzadənin birinci arvadından olan qızı Həlimə; Əhməd Pepinov: Ömər Faiqin bacısı oğlu. 1937-ci ildə güllələndi.
Əziz Şərif: Mirzə Cəlilin, eləcə də Sabirin yaxın dostu, Qurbanəli Şərifzadənin oğlu
Əbil: Mirzə Cəlilin vəfat etmiş bacısının oğlu
Manya Dobrodeyeva: Həmidə xanımın xidmətçisinin qızı.

Bütün bu uşaqlar Molla Nəsrəddinin ikimərtəbli redaksiyasında yaşayırdılar. Cəlil Məmmədquluzadənin himayəsi ilə təhsil alan bu uşaqlar bazar günü “Molla Nəsrəddin” jurnalının bütöv şəkildə çap edilmiş səhifələrini qatlayır və üzərinə abunəçilərin ünvanlarını yazırdılar. Şeirlərini sevə-sevə oxuduqları Sabirin Tiflisə gəlməsi bu uşaqlar üçün bayram idi.
Şairin ölümünə az qaldığını böyüklərdən eşidən bu uşaqlar aradabir xəlvətə çəkilib ağlayırdılar. Sabirə qulluq etməkdən ötrü əldən-ayaqdan gedirdilər. Biri paltosunu tutur, o biri ayaqqabılarını gətirirdi. Sabir su istəyəndə beşi də mətbəxə qaçırdı. Sabir ona qarşı göstərilən bu hörmətdən sıxılırdı. Yazıq Sabir ömrünün ən gözəl günlərini yaşayırdı.

Yəqin ki, Sabiri haqqıyla anlayacaq yaşa gəlməmiş, kamala çatmamışdılar.

Amma xoşxasiyyət bir adamın ölümünə az qala bir uşağın ona bu qədər hörmət göstərməsi təbii deyildimi. Sabir xəstə olduğu üçün gecələr yaşca hamısından böyük olan Əhməd onun yanında qalırdı.

Bütün bunlar barədə bizə məlumat verən Əziz Şərif yazır ki, Sabir gecələr “Səriyyə, Səriyyə” deyib sayıqlayırmış. Səriyyə Sabirin qızı idi.

Əziz Şərif bir yeniyetmə müşahidəsi ilə yazır: “Sabirin simasında daim hüznlü bir gülüş, qəmgin bir təbəssüm oynayardı”.

...Sabir Tiflisin bütün məşhur həkimlərinə göstərildi. Reseptlər yazıldı, müalicələr edildi, amma effekt vermədi. Onun üçün konsilium təyin edildi, vəziyyəti ümidsiz idi. Bəzi həkimlər son çarə kimi əməliyyatı təklif etdilər. Bir çoxu isə əməliyyatın da səmərəsiz olduğunu deyirdi. Sabir də əməliyyata qarşı idi: “Mənim qarnım sandıq deyil ki, açıb bağlayasınız”. Bir müddət xəstəxanada da yatdı, əlac olmadı. Serroz son həddində idi, ölümün nəfəsini duyurdu Sabir. Tezliklə Cəlil Məmmədquluzadə də Tiflisə qayıtdı. Onların görüşləri, söhbətləri haqda heç nə yazmayıb. Bircə müalicəsi nəticəsiz qalan şairi 1911-ci ilin martında vağzaldan Şamaxıya yola salındığını yazılıb.

Cəlil Məmmədquluzadə dostunun öləcəyini bilirdi. Sabir də Əzrayılın gəlişindən xəbərdar idi. 4 ay sonra Abbas Səhhət Molla Nəsrəddin redaksiyasına bir teleqram göndərdi: “İyulun 12-sində Sabir vəfat etdi”.

Cənazə namazını Mir Mehdi Ağa qılmalıydı, amma tərəddüd edirdi. Gənclər səslərini qaldırdılar, ara qarışdı. Mir Mehdi Ağa namazı qıldırdı.

Mirzə Cəlil üçün ölüm xəbəri gözlənilən olsa belə bir neçə gün özünə gələ bilmədi. Hətta bir müddət jurnalı bağladı. Təkcə onun yox jurnal kollektivinin də əli işə yatmırdı. O vidadan on il sonra Sabirin heykəli qoyuldu.

Mirzə Cəlili ora dəvət etməyəcəklər, dostuna heykəl qoyulduğunu qəzetlərdən oxuyacaqdı…

…Abbas Səhhət yazırdı: “Sabir köhnə şeirləri ilə yeni şeirləri arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb o uçurumdan atılmağa kimsədə cürət qalmadı”.

Sabirin ilk mətbu şeiri 1903-cü ildə “Şərqi Rus” qəzetində çıxdı. Şeir “Şərqi-Rus” qəzetinin nəşrə başlaması münasibətilə idi və heç kimin diqqətini cəlb etmədi. İki il, 1905-ci ildə şairin “Beynəlminəl” şeiri “Həyat” qəzetində çap edildi. Bu şeir dərhal rezonans doğurdu. Bu zaman Sabirin 43 yaşı vardı. Şeir erməni-müsəlman davası haqdaydı, Sabir bu ədavəti “məlun İblisin fitnəsi” adlandırırdı. Və sonra Molla Nəsrəddin jurnalında fəaliyyəti başladı. Sabirin əsas kitabı Hophopnamə”də şeirləri cəmi 6 ildə yazdığı şeirlərdir. Cəmi 6 ilə şair Azərbaycan ədəbiyyatını böyük bir tıxacdan xilas etmiş və ona yeni istiqamət vermişdi.

....Belə bir şayiə gəzir: “Sabirin “Hop-hopnamə”sini ermənilər çap edib, çünki Sabirin “Harda müsəlman görürəm, qorxuram” şeirinə görə”.

Sabirin kitabının çapı üçün toplanılan ianələrin tarixini yazaq. Bələdçimiz Abbas Zamanovun “Sabir və müasirləri” kitabı olacaq. Sağlığında isə kitabını görmək Sabirə qismət olmadı. Bu barədə Seyid Hüseynin xatirələrində oxuyuruq.

Seyid Hüseyn bir gün Sabirin qolunda qovluq onun yanına gəldiyini deyir. Şair Seyid Hüseyndən xahiş edir ki, qovluqdakı şeirlərə baxsın, buşeirlərdən ibarət olan kitabın qiymətini şairə desin. Seyid Hüseyn kitabın qiymətini 400 manatdan artıq bir məbləğ hesablayır. Amma Sabirə 300 manat deyir. Sabirin isə bu qədər pulu olmur. Bu pulu toplamaq üçün onun əqidə dostları çox əziyyət çəkəcəkdilər…

Bütün cəhdlərə baxmayaraq 1911-ci ilin 12 iyulunda şair vəfat etdi. Onun ölümü münasibəti ilə mətbuatda xeyli məqalə çap edildi. Müəlliflər bir ağızdan Sabirin kitabının çıxması zərurətindən danışırdılar. Pul isə yox idi. Onu toplamaq üçün ianəyə başlandı. Xalqa çağırışlarda “Kaspi”, “Yeni İrşad” qəzeti fəallıq edirdi. Hətta rusdilli “Bakı” qəzeti də aksiyaya qoşulmuşdu. Bu çağırışlara ilk səs verən bir qadın oldu. Adı Sara xanım Vəzirzadə. II Qız məktəbinin direktoru olan bu xanım məşhur dramaturq Nəcəf bəy Vəzirovun qızı idi. O öz maaşından beş manat Sabir üçün verdi.

... Qəzetlər dalbadan çağırışlar edirdi. Bakı milyonçularından səs çıxmırdı. Çağırış məqalələrinin tonu da müxtəlif idi: Kimi sərt yazırdı, kimisə xahiş edirdi, kimisi izah. Getdikcə ton sərtləşirdi amma pul gəlmirdi. Uzun müddət bu çağırışlar cavabsız qaldı. Tezliklə məktəblər üçün 3 dərslik çap edildi. Dərslik müəllifləri öz qonararlarından 15 manat Sabirin kitabı üçün ayırdılar. Yeddi müəllif arasında üç yazıçı vardı: Süleyman Sani Axundov, Abbas Səhhət və Abdulla Şaiq. 1911-ci il başa çatanda cəmi 20 manat pul vardı. Sabirin ildönümünə qədər kitabı çap etdirmək arzusunda idilər. 1912-ci ilin başlarında Abdulla Şaiq “Nicat” qəzetində bir məqalə yazdı. Həmin məqalədə yenə çağırış notları vardı. Lakin məqalənin bir məqamı dövrün məşhur mollanəsrəddinçi şairi Əliqulu Qəmküsarın eyni problem ətrafındakı yazdığı məqalənin ana fikri ilə səsləşirdi. Belə ki, Şaiq “sərvət sahiblərinə” ümid olmamağı, bu cür böyük bir işin xalqın dəstəyi ilə görülməsinin vacibliyini yazırdı. Haqlı idilər. İndi keçirik erməni puluna. Dilican (Qərbi Azərbaycanda yerləşir) o zamanlar sevimli istirahət yerlərindən biri idi. Müəllimlər adətən burda istirahət edirdilər. O zamanın böyük yaradıcılıq enerjisi, tükənməz entuziazmı ilə seçilən müəllimləri tətil vaxtı müxtəlif əsərləri tamaşaya qoyaraq özləri də oynayar, yığılan pulu xeyriyyə məqsədləri üçün istifadə edərdilər. Bu bir ənənə idi. 1920-ci ilin 20 iyulunda azərbaycanlı və erməni müəllimlər Sabirin kitabı üçün iki əsəri tamaşaya qoyub oynadılar. Tamaşaya qoyulan əsərlərin ilki erməni dramaturqu Qabriyel Sundukyanın “Axşamın səbri xeyir olar” adlı dramı idi. Dramı isə məşhur inqilabçı və müəllim Sultan Məcid Qənizadə təbdil etmişdi. Təbdil əsərin yer, insan adlarının dəyişdirilərək milliləşdirilməsidir. Bayaq da yazdıq, Sultan Məcid Sabirin sinif yoldaşı idi. Tamaşaya qoyulan ikinci dram əsəri isə Vasaq Mədətov Nəzminin “Qırt-qırt” dramı idi. Tamaşada rolları isə Azərbaycanlı müəllimlər və Tiflisdəki erməni truppasının üzvləri olan bir aktyor və bir aktrisa oynamışdı. Truppa üzvləri çıxışlarına görə qonarar da almışdılar.
Tamaşalardan sonra isə şagirdlərin ifasında Sabirin şeirlərini dinlənmişdi. Bu barədə Bakı, Tiflis və İrəvan mətbuatında çoxlu məqalələr dərc edilmişdi.Lakin heç bir qəzetdə ermənilərin xalqımızı tənqid etdiyinə görə pul verməsi haqqında bir məlumat yoxdur. Elə olsaydı belə Sabirə son dərəcə sədaqətli olan dostları bu yardımı qəbul etməzdi.

...Beləliklə, yığılan məbləğ 120 manata çatdı. Hələ çox pul lazım idi. Sabirin ildönümünə qədər kitabı çap etmək arzusu baş tutmadı. Çağırışlar isə davam edirdi. Sentyabr ayında “Kaspi” qəzetində bir Şamaxı dövlətlisinin yardım vədi haqqında yazıldı. Sonrakı xəbərdə isə naşirlərin sərəncamında 200 manat olması barədə məlumat vardı. Kitab üçün isə 500 manata qədər pul lazım idi. Buna görə naşirlər Sabirin əsərlərinin bir hissəsini çap etmək qərarına gəldilər. Külliyatı çap etmək üçün pul heç cür yığılmayacaqdı. 1912-ci ildə kitab çap edildi. Kitabda Sabirin 110 satirası yerləşdirilmişdi. Kitabın əvvəlində Mahmudbəyovun kiçik müqəddiməsi, Sabirin Abbas Səhhət tərəfindən yazılmış kiçik tərcümeyi-halı verilmişdi. Bəli, “Hop-hopnamə” məhz bu vəziyyətdə çapdan çıxıb. Pulun kiçik bir hissəsini ermənilər verməyi doğrudur. Lakin kitabı ermənilərin çıxartdığı yalandır. 

…..Ölüm yatağında Sabir Hacı İbrahim Qasımova demişdi:

....“Mən nə bədənimin əriməsinə, nə də ürəyimin şişməsinə acımıram. Lakin nigaranlığıma acıyıram. Millətdən nigaran gedirəm. Hər nə isə, olacağa çarə yox. Əlimizdən nə gəlir…”

Əlindən gələni də etmişdi, gəlməyini də!!! Gələcək nəsillər onu unutmayacaqdı. Amma o nigarançılıq hələ də qalmaqdadır…

Ənvər Əliyev



TƏHSİLİMİZİN BÖYÜK QAYĞIKEŞİNƏ

Möhtərəm Prezident!

Koronavirus bəlasının sərhədlərimizə yaxınlaşdığı ilk gündən onun sürətlə yayılma tendensiyasını nəzərə alaraq çox böyük uzaqgörənliklə mühüm və düşünülmüş qərarlar qəbul etməyiniz Azərbaycanı bu gün faciə ilə üzbəüz qalan, səhiyyəsi aciz duruma düşən inkişaf etmiş dövlətlərin aqibəti ilə üzləşməkdən xilas etdi. Əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməklə bir daha sübut etdiniz ki, yürütdüyünüz siyasətin bünövrəsində xalqımızı hər bir çətinlikdən qorumaq amalı durur. Siz və xanımınız – Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva koronavirusla ümumxalq mübarizəsinin önündə getdiniz və gözəgörünməz düşmənlə qarşıdurmada da sərkərdəlik etdiniz. 

Dünya xəritəsində kiçik də olsa öz yeri olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə yüklənən, hələ də torpaqlarının 20 faizindən çoxunun işğal edildiyi bir ölkənin belə bir çətin dönəmdə duruş gətirməsi, vətəndaşlarının həyatını qoruması yaxşı bilirik ki, dost və ya düşmən masalarında müzakirə mövzusudur. Təkcə özümüzü deyil, dünyanı qurtarmaq üçün çabalarımız, daha çətin durumda olan ölkələrə etdiyimiz yardımlar tolerant və multikultural dəyərləri anayasamızdan tutmuş, qəbul edilən qərarlarda, verilən fərman və sərəncamlarda önə çəkməyimiz bir xalq olaraq humanistliyimizin, həm də qədim dövlətçilik ənənələrimizin təzahürüdür.

Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır. Karantin rejimi ilə əlaqədar işə gedə bilməyən insanlara birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən kasıb ailələrə ərzaq yardımlarının verilməsi çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan vətəndaşlarına olan qayğının və sevginin təzahürüdür.

Məlum olduğu kimi, dövlət tərəfindən koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər təhsilimizi də əhatə edib. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Şagirdlərin dərs proqramından geri qalmaması üçün Təhsil Nazirliyi tərəfindən genişmiqyaslı işlər görülüb. “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” onlayn dərsi ilə yanaşı, nazirlik internet resurslarında da bu cür vasitələr yerləşdirib. Bu gün Zoom”,“YouTube” kanalında, eləcə də nazirliyin öz platformalarında şagirdlər üçün onlayn dərslər təşkil edilir və burada bütün siniflər əhatə edilir. Qeyd etdiyimiz bu məsələ dövlət tərəfindən reallaşdırılıb. Bu öz yerində. Azərbaycan müəllimləri arasında yeni fəaliyyət üsuluna təkan verdi - "Könüllü onlayn dərs verən müəllimlər hərəkatı"...

“Biz birlikdə güclüyük!” çağırışınıza qoşularaq xalqımızın bu sınaq günündə meydana çıxan könüllü onlayn dərslər keçən müəllimlərin əməyini xüsusi vurğulamağa dəyər. Bu gün internet resurslarından istifadə edərək xeyli sayda müəllim Zoom”,“ “WhatsApp”, “Facebook” və digər platformalar üzərindən şagirdlərə ödənişsiz onlayn dərslər keçirlər. Koronavirusla mübarizə dövründə könüllü olaraq övladlarımıza dərs keçən müəllimlərin sayəsində böyük könüllülər ordusu formalaşıb. Maraqlı məsələlərdən biri odur ki, bu müəllimlər onların açdıqları qruplara qatılan hər bir şagirdə böyük həvəslə tapşırıqlar verir, mövzuları onlara izah edirlər.

Müşahidə olundu ki, bizim təhsil sistemində öz vəzifəsini məsuliyyətlə, şərəflə yerinə yetirən böyük bir müəllim ordusu var.  Müəllimlərin bu addımı müsbət tendensiyadır və bəzi məmurlara, öz məsuliyyətini dərk etməyənlərə, eləcə də müəllim adını ləyaqətlə daşıya bilməyənlərə böyük örnəkdir.

Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir. Türkiyədə olan azərbaycanlı tələbələrin hər birinə alış-veriş üçün vəsaitin verilməsi onlara həm maddi, həm də mənəvi kömək oldu.

Çox sevindirici haldır ki,  Azərbaycan təhsil sisteminin yetirmələri olan mütəxəssislərin , "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə tibb təhsili almış şəxslərin də bu prosesdə  müxtəlif formalarda  rolu var. Xaricdə yüksəkixtisaslı mütəxəssislər kimi yetişən azərbaycanlı məzunlar artıq pandemiyaya ilə mübarizə sahəsində öz  töhfələrini  verirlər.

Budur, artıq Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə 18 may 2020-ci il tarixli 179 nömrəli Qərar qəbul edib. Həmin qərarıa 9-cu sinif buraxılış imtahanı qaydaları, 9 və 11-ci sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və ali təhsil müəssisələrinə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edilib. Bütün bunlar hər birimizdə əminlik yaradır ki, dövlətimiz tərəfindən həyata keçirilən zəruri tədbirlər və xalqımızın göstərəcəyi həmrəylik sayəsində tezliklə koronavirus infeksiyasına birlikdə qalib gələcəyik.

Çox hörmətli İlham Müəllim!

Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə təmsil etdiyim orta ixtisas təhsili müəssisəsinin kollektivi adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Biz Sizə inanırıq və güvənirik. Əminik ki, Sizin səmərəli fəaliyyətiniz və xalqımızın həmrəyliyi sayəsində bu pandemiyanın Azərbaycana təsiri çox da böyük olmayacaq. Biz müəllimlər əlində qələm tutan əsgərlər olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun.





Zaur Vəliyev

Bakı Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi

 

   Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov

- Məşhur müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsindəyik. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini necə ümumiləşdirərdiniz?

- Bugünkü müstəqil, güclü, qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider harada yaşamasından asılı olmayaraq  hər bir azərbaycanlının qəlbində «Müstəqil Azərbaycan» adlı abidəni ucaltdı. 29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın  müstəqilliyimizin ilk illərində yaşadıqları yaddaşlardadır. Azərbaycan  parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək, vətəndaş müharibəsi  təhlükəsini yaşayırdı. Belə çətin vaxtlarda xalqımız üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə Ümummilli Liderin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan  sözün əsl mənasında müstəqil, azad, firavan ölkə sevincini yaşamağa başladı. Dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyəti, təcrübəsi, ən əsası xalqına, dövlətinə, Vətəninə sevgisi sayəsində qarşıdakı dövrün uğurlu inkişaf strategiyası işlənib hazırlandı, Azərbaycanın möhkəm təməl üzərində inamla irəliləməsi üçün düzgün yollar müəyyənləşdirildi. Bu gerçəklik də hər zaman xüsusi qeyd edilməlidir və edilir ki,  Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu   ulu öndər Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdən  başlamışdır. Onun həmin illərdə gördüyü işlərə diqqət yetirdikdə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyi özünü qabarıq şəkildə göstərir. Azərbaycanlı gənclərin keçmiş İttifaqın ən  nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə C. Naxçıvanski adına hərbi liseyin yaradılması kimi biri-birindən önəmli addımlar  Azərbaycanın müstəqil gələcəyinə hesablanmış addımlar idi. Azərbaycançılıq ideyası dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin, görülən işlərin əsas qayəsini təşkil edirdi.

1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir müsahibə, sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu fikri böyük inamla və fəxrlə qeyd edirik ki,  Azərbaycan kimi  müstəqil, iqtisadi cəhətdən qüdrətli,  dünya birliyinin fəal üzvü, böyük söz sahibi olan  bir dövləti yaratmaq xilaskar kimi Ulu Öndərə nəsib oldu. 1993-2003-cü illər Azərbaycanın tarixinə dirçəliş, inkişaf dövrü kimi yazılıb. Dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci il 12 noyabrda Milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu. İqtisadi və siyasi islahatların vəhdətliyi əsasında Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu  müəyyənləşdirdi, ən əsası mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq  Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldı.

- Təbii ki, hər bir ölkənin inkişafında istisadi amil əsas rol oynayır.  Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında hansı imkanları açdı?

- Ulu öndər Heydər Əliyevin “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi hər zaman öz aktuallığını qoruyur. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft erası başladı.  Ulu Öndərin ölkəmizdə yaratdığı sabitlik və normal biznes mühiti Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi. Bu mühüm məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin təminatında, həmçinin digər sahələrdə mühüm işlərin görülməsində əsas rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması  ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasının nəticəsidir.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın enerji sektorunda qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayatdir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu layihələr, öz növbəsində, əməkdaşlığın regional çərçivədən beynəlxalq müstəviyə keçməsini təmin etdi. Belə ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ildə TANAP istifadəyə verildi, 2020-ci ildə isə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də dünya dövlətlərinin dayanıqlı inkişafı təmin edilir.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar hər zaman önə çəkilən bu fikrin də təsdiqidir ki,  təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması, nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi məqsədilə 29 dekabr   1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi idi. Bu ideya  Ümummilli Liderin  “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” tezisində aydın ifadəsini tapıb. Hazırda Fondun aktivlərinin həcmi 41 milyard dollardan artıqdır. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafina geniş imkanlar yaradır.

- Məşhur müəllim, ulu öndər Heydər Əliyevin  xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik....

- 1992-ci il noyabrın 21-də xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası  dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib, bunu qət etdiyi 28 ilə yaxın zəngin və şərəfli yolda təsdiqləyir. Təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 750 mindən  artıq üzv birləşir. Bu statistika Heydər Əliyev ideyalarına sədaqəti, son 16 ildən artıq dövrdə bu siyasi kursu uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə dastəyin göstəricisidir. Partiyanın hər bir üzvü dahi şəxsiyyətin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasında təmsil olunmaqdan, Ulu Öndərin ideyalarının gercəkləşməsində və təbliğində iştirak etməkdən qürur duyur. Tutduğu yola sadiqliyi, sözlə əməl birliyi partiyaya milyonların sevgisini qazandırır. YAP-ın ölkəmizdə keçirilən bütün seçki proseslərindən uğurla çıxması, qələbələr partiyası kimi nüfuz qazanması da bu amilə əsaslanır. “Güclü dövlət, yüksək rifah!” hər zaman partiyanın fəaliyyətinin əsasını təşkil edir. Məhz bu amillər Yeni Azərbaycan Partiyasını  xalqın partiyası kimi tanıdır və nüfuz qazandırır. Partiyanın tarixinə yazılan qələbələr ulu öndər  Heydər Əliyevin ideyalarının təntənəsidir. Ümummilli Liderin  “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur, gələcək fəaliyyətinin aydın mənzərəsini yaradır.

Azərbaycana  hansı tərəfdən baxsaq, ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. Ulu Öndərin fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur.

- 2003-cü ildən başlanan yol  Heydər Əliyev yolunun davamı kimi xarakterizə olunur. Ötən 16 ildən artıq dövr Azərbaycanın tarixinə hansı uğur səhifələrini yazıb?

- Müasirləşmə, yeniləşmə, təkmil islahatlar son illərin uğurlarını şərtləndirən əsas amillərdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursunun davam etdiriləcəyi vədini vermişdi və son 16 ildən artıq dövrdə bunu atdığı hər addımda təsdiqlədi.   Bu gün dayanıqlı iqtisadi inkişafa malik, beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan secilməsi deyilənlərə bariz nümunədir.  Azərbaycan bu gün  dünyanın xoşbəxt, islahatçı ölkələri sırasında təmsil olunmaqla inkişaf modelinin digər ölkələr üçün cəlbedici olduğunu nümayiş etdirir. Möhtərəm Prezidentimiz 2003-cü ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqlayarkən  bu reallığı önə çəkdi ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır.

Məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasi,  idarəetmə sistemində təkmilləşmə, zamanın tələblərinə görə aparılan islahatlar bütün istiqamətlərdə əhəmiyyətli uğurlara yol açdı. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması, ölkə Prezidentinin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması davamli uğurlarımıza böyük töhfələr verdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdikləri düşünülmüş siyasət nəticəsində Azərbaycanın qazandığı uğurların miqyası  geniş və çoxçaxəlidir.

İslahatları yenilik, tərəqqi, inkişaf, yeni yanaşma kimi dəyərləndirən cənab İlham Əliyevin təkcə  cari ilin ötən dövründə  gördüyü işlərə diqqət yetirmək kifayətdir. Dünyanı bürüyən pandemiya hər bir ölkənin iqtisadi və sosial imkanlarını ortaya qoydu. Dövlətimizin başçısının Sərəncamı əsasında Nazirlər Kabinetinin 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının ehtiva olunduğu Tədbirlər Proqramının təsdiqlənməsi ölkə Prezidentinin hər zaman olduğu kimi, bu gün də vətəndaşının yanında olduğunu təsdiqlədi. Sahibkarlara dövlət tərəfindən maddi dəstəyin göstərilməsi, işsiz və karantin dövründə müvəqqəti işsiz olan 600 min vətəndaşa 190 manat birdəfəlik yardımın verilməsi, koronavirus xəstələri ilə işləyən həkimlərin, həmçinin yaşı 65-dən yuxarı olan tənha yaşlılara sosial xidmət göstərənlərin sosial müdafiəsinin gücləndirilməsi və sair kimi addımlar insan amilinə verilən dəyəri, eyni zamanda, Azərbaycan dövlətinin iqtisadi imkanlarını təqdim edir. Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər, atılan addımlar ölkəmizin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu çətinliklərdən də  uğurla, az itki ilə çıxacağına əminliyi artırır. Ölkə ictimaiyyəti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstəyini əməli fəaliyyəti ilə göstərir.

Bu gün xalqımız tam əmindir ki,  Heydər Əliyev yolu Azərbaycana hələ bundan sonra da daha böyük uğurlar qazandıracaq, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallaşdıracaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov