Son günlərdə sosial mediada olunan müzakirələr ciddi insanlar tərəfindən qınaq obyektinə çevirilib. Bayağı musiqilərlə necə mübarizə aparmaq lazımdır ?
Bu barədə Metbuat.az-a bir neçə sənətçi öz fikirlərini söyləyib.
Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov mövzu ilə bağlı fikirlərini bölüşərkən qeyd etdi ki, hər kəs bu işlə mübarizə aparmalıdır:
"Son zamanlar Azərbaycan televiziyasında bədii şura yaradılıb. Mən də həmin bədii şuranın üzvüyəm və biz orda çox çalışırıq ki, gənclər mariflənsin, bu kimi hallar aradan qaldırılsın. Aparılan muğam müsabiqəsi də buna xidmət edir. Heydər Əliyev Fondu da bizə çox kömək göstərir. Bununla sadəcə ifaçılar yox, eyni zamanda jurnalistlər, televiziyalar, ziyalılarımız da mübarizə aparmalıdır. Bunun bəlasını biz hamımız çəkirik. Görürsünüz də nələri təbliğ edirlər, nələr paylaşıb gündəmə gətirirlər. Mən hesab edirəm ki, hər kəs bu işlə mübarizə aparmalıdır. Hər birimizin evində övlad böyüyür və biz vətəndaş böyüdürük.20 faiz torpağı işğalda olan ölkəyik və gələcək üçün əsgər yetişdiririk. Bu məsələlər hər birimizi narahat edir. Hesab edirəm ki, burda mətbuatın və televiziyanın üzərinə daha böyük yük düşür.
Orta məktəblərdə mobil telefonlar qadağan olunmalıdır. İndi ən azyaşlı uşağın belə əlində telefon var. Bu çox mənfi təsir göstərir" .
Azərbaycanın xalq artısti, xanəndə Arif Babayevlə də mövzu ilə bağlı söhbət apardıq. Səhhətində olan problemlə bağlı çox danışa bilməyən sənətkarı yormaq istəmədik, amma qısa danışığımız zamanı Arif Babayev bayağı mahnıların qarşısını almağın mümkün olmadığını bildirib:
"Bayağı mahnıların qarşısını almaq mümkün deyil, hücum çəkiblər. Yaxşılar çoxaldıqca o bayağılar gedəcək. Müsabiqələr keçirilməlidir, xalq mahnıları, muğam oxuyan yaxşı, istedadlı gənclərimiz var, onlar üzə çıxmalıdır. Televiziyalar gərək yaxşıları çağırsın ki, pislər itsin".
Xalq artisti, müğənni Nazpəri Dostəliyeva mövzuya çox həssas yanaşaraq, reytinq üçün can atan verilişləri qınadı:
"Bunlar hamısı bir müddətdir. Gözəl musiqilərimiz hər zaman olduğu kimi qalacaq, amma bayağı mahnılar müvəqqətidir, səslənir və itib batır. Heç vaxt bayağı mahnılar əsrlər boyu səslənmir. Adam bilmir nə desin. Hazırda aləm bir-birinə dəyib. Mən qulaqlarımı və ağzımı tutub sakit oturmuşam ki, Allah, özün bu xalqı və gəncləri bu bəlalardan hadisələrdən qoru. Tək mən azam, bütün ziyalılar, alimlər, professorlar, musiqişunaslar ayağa qalxmalıdır, televiziyalara, radiolara qadağalar olmalıdır.
“Youtube”da ola bilər qoyulsun, gənclər dinləsin, amma televiziyalar reytinqə görə həmin şəxsləri efirə çıxarmamalıdır. Baxış sayı çoxdur deyə həmin insanları gətirib efirdə müğənni kimi təqdim etmək bizim ən qorxulu, ən pis, ən aciz tərəfimizdir.
Mən özümü görmədiyim bir çox verilişə getmirəm. Mənə deyirlər “nə üçün az görünürsünüz?” Nə edim? Hər verilişə çıxa bilmərəm axı. Çünki görürəm həmin verilişlərdə nələr baş verir. Reytinqə işləyən proqramlar çoxdur."
Əməkdar artist Ədalət Şükürov da məsələ ilə bağlı fikirlərini bizimlə bölüşdü:
"Birinci növbədə hər kəsin öz zövqü var və ikincisi də təqsirkar o adamlardır ki, həmin musiqiləri bəyənir, dinləyirlər, paylaşırlar.
Bunlar qadağa ilə düzələn məsələ deyil, insanlar maariflənməlidir. Maariflənmək üçün də yaxşı verilişlər lazımdır telekanallara.Həmin verilişlər də yoxdur. Çox təəssüflər olsun ki, həmin verilişlərin də üzərində işləmirlər. Televiziyaların çoxu reytinq axtarır".
Sevinc Kərimova // Metbuat.az