Xəbər lenti

Kamaləddin Qafarov: “Azərbaycanı hansısa təzyiq altına  salmaq mümkün deyil”

“İki il bundan öncə, 2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirilmişdir. O zaman dövlət başçısı parlamentdə dərin məzmunlu və əhatəli çıxış etmişdi. Qeyd olunmuşdu ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, Milli Məclisin işini təkmilləşdirməkdir. Belə bir vacib məqam da diqqətə çatdırılmışdı ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir.”.

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında toxunduğu ən vacib məsələlərdən biri də çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı olub: “Altıncı çağırış Milli Məclis bir çox partiya deputatlarının təmsil olunduğu məclisdir. Bu da onun nəticəsidir ki, ölkədə həyata keçirilən siyasi islahatlar öz nəticəsini verib və seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Ölkə Prezidentinin öz çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycanın siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqam vurğulanıb. Dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilmişdir. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Bu gün müxalifət partiyalarının nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu, çox mühüm məsələdir və bir daha onu göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər” .

Millət vəkili bu gün qarşıda duran vacib və aktual məsələlərin gənc nəslin Vətənə məhəbbət, dövlətə sədaqət, milli ənənələrə hörmət ruhunda tərbiyə olunması ilə bağlı olduğunu vurğulayıb: “Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Ulu Öndər Heydər Əliyevin “Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. “Hər kəs bu Vətənin övladıdır və hər kəs bu vətənə borcludur” fikri bu gün gəncliyin əsas amalına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də bir daha təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənəprvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Azərbaycanın əhalisinin əksəriyyəti gənclərdir. Ölkəmizdə demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində qanunvericilikdə yeni addımlar atılmalıdır.

“Son illər xalqın ölkədə özünü müxalifət adlandıran və tamamilə biabırçı şəkildə fəaliyyətini davam etdirən qruplaşmadan əli tam üzülüb, onlara heç bir inam qalmayıb. Ona görə də ölkə xaricindəki məkrli qüvvələr yeni “beşinci kolon”un yaradılmasına çalışırlar. Hazırkı “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur. Bu kolon Azərbaycanda nə çevriliş, nə də “inqilab” edə bilib, xalqın dəstəyini qazanmayıb, ancaq onlara müntəzəm olaraq verilən pulları mənimsəyib, beləliklə, öz havadarlarını pis vəziyyətə qoyublar. Dövlət başçısının vurğuladığı kimi, bu gün dünyada elə bir siyasi qüvvə yoxdur ki, Azərbaycana nəyisə diktə etsin, yaxud hansısa qərarı qəbul etdirsin. Nə qədər ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə idarə olunur, bütün sahələrdə inkişafını davam etdirəcək, belə xam xəyallara düşənlər isə hökmən uduzacaqlar. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da sanksiyalarla hədələmək mümkün deyildir” – deyə K.Qafarov vurğulayıb.

AİA.Az



Prezident İlham Əliyevin yeni Sərəncamı əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.

Nazirlikdən verilən xəbərə görə, maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.

 

Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına görə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.

Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.

Sərəncam bu ilin əvvəlindən ölkədə reallaşdırılan yeni sosial islahatların davamı olmaqla pensiyaların artırılmasında daha bir irəliləyişi təmin edir.

Cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla, minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manat təşkil edir.



Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiya qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı rusiyalılara müraciət edib. Bildirib ki, onlar küçələrə çıxaraq yaşamaq istədiklərini söyləsinlər.

“Rusiya xalqı, mən sizə müraciət etmək istəyirəm, bu, necə mümkündür? Biz 1986-cı ildə Çernobıl fəlakətinin nəticələri ilə mübarizə apardıq. Partlayışlar nəticəsində qurbanları, Pripyatdan evakuasiyanı və 30 kilometrlik zonanı xatırlamalısınız. Bunu necə unutmaq olar?” - deyə o sualla müraciət edib.

 

Zelenski deyib ki, o faciəli günlərin xatirəsi hələ yaşayırsa, rusiyalılar öz hökumətlərinə yaşamaq istədiklərini deməlidirlər.

“Radiasiya Rusiyanın harada olduğunu bilmir”, - deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Rusiya qüvvələri gecə saatlarında Zaporojye AES-i vurub. Yanğın baş verib. Rusiyanın Zaporojye AES-ə nəzarəti ələ keçirdiyi məlum olub.



 
Oğuzda vaksinasiya mütəşəkkil təşkil olunub – deputat Aqiyə Naxçıvanlı

Oğuzda şəhid ailələri, gənclər, seçicilərlə görüşlər keçirən deputat Aqiyə Naxçıvanlı Oğuz Rayon Mərkəzi Xəstəxanasında olaraq vaksinasiya prosesinin gedişi və bu məqsədlə yaradılmış şəraitlə yerində tanış olmuşdur. Deputata məlumat verilmişdir ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya olunması işinə çox diqqət və məsuliyyətlə yanaşılır, proses uğurla həyata keçirilir. Bu məqsədlə xəstəxanada xüsusi otaqlar ayrılmış, təlimatlara uyğun zəruri avadanlıqlarla təchiz edilərək lazımı şərait yaradılmışdır. Rayonda vaksin ehtiyatı kifayət qədərdir. İndiyədək peyvənd olunmuş rayon sakinlərində vaksinin əks göstərişi qeydə alınmamışdır. Vaksinasiya prosesinin həm xəstəxanada, həm də yerlərdə mütəşəkkil aparılması üçün səyyar həkim briqadaları təşkil olunmuşdur. Bunun sayəsində də peyvəndləmə işi operativ şəkildə həyata keçirilir. Xəstəxananın kollektivi və dövlət müəssisələrinin məsul işçiləri tərəfindən bu sahədə vətəndaşlar arasında mütəmadi maarifləndirmə, geniş təbliğat işləri aparılır. Vaksinasiyanın məhz onların sağlamlığının qorunmasına, virusa yoluxma və ağırlaşma hallarının baş verməməsinə xidmət etdiyini, bununla vətəndaşlar həm özlərini, həm də ətrafındakı insanları virusa yoluxmaqdan qorumuş olduqları ətraflı izah olunur. Xəstəxananın həkimləri əminliklə bildirmişlər ki, Oğuzda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini vermiş, epidemioloji vəziyyət sabit olmaqla ötən dövrdə nəzarətdə saxlanılmışdır.

Deputat Aqiyə Naxçıvanlı ölkə ərazisində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətində  olduğunu, vətəndaşların sağlamlığının dövlətimiz üçün prioritet sayıldığını bildirmişdir. Təsadüfi deyildir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasına daxil olmuşdur. Hətta bəzi inkişaf etmiş ölkələr koronovirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul etmişlər. Vətəndaşların isə vaksinasiya prosesində aktiv iştirak etməsi dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirmişdir.
Xəstəxananın kollektivi deputat Aqiyə Naxçıvanlının COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri və yaradılan şəraitlə yerində tanış olmasını bu işə ölkə rəhbərliyinin diqqət və qayğısı kimi qiymətləndirmişlər. Həkimlər Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər. Bu məsuliyyətli işin öhdəsindən uğurla gələcəklərinə və dövlətimizin hər sınaqlardan olduğu kimi pandemiya sınağından da uğurla çıxacağına əminliklərini ifadə etmişlər.

AİA.Az
 
 
 
 
 


 
VII qurultayda qəbul olunmuş qərarlar YAP-ın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratdı

Ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən son dərəcə zəif olduğu və bir çox səbəblərdən yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qaldığı bir vaxtda xalqın ən fədakar və vətənpərvər övladlarının ulu öndər Heydər Əliyevin ətrafında birləşməsindən yaranmış Yeni Azərbaycan Partiyası əsl ümumxalq birliyinin bariz təcəssümü kimi formalaşmış bir siyasi qüvvədir. Prezident İlham Əliyevin 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında söylədiyi giriş nitqində qeyd etdiyi kimi, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar ulu öndər Heydər Əliyevə müraciət etməklə əslində Azərbaycanı məhv olmaqdan qurtarmış oldular. Bu hadisədən sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi davamlı olaraq öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Çünki bizim əsl müstəqillik tariximizin başlanğıc nöqtəsi məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışıdır.

Həqiqətən də 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarının qurulması baxımından ölkəmiz üçün həlledici illər olmuşdur. 2003-cü ildə Azərbaycan xalqı yenə də Heydər Əliyev siyasətinə səs verərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etimad göstərmişdir. Bu gün isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeganə düzgün siyasətin nəticəsi olaraq indiyə qədər müşahidə olumayan bir səviyyədə təzahür etməkdədir.

Bir məqamı da qeyd etmək lazımdır ki, ötən il 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasını da dövlət başçısı tərəfindən həyata keçirilən mütərəqqi siyasi islahatların bir nəticəsi və eyni zamanda da hakim partiyaya qarşı olan inam və etimad göstəricisi oldu. Aydındır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir. Artıq 2019-cu ildə partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Diqqətəlayiq haldır ki, müharibədən əvvəl başlamış bu siyasi dialoq müharibə dövründə daha da gücləndi. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır. Təbii ki, bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə və ilk növbədə ümummilli maraqlara bağlı məsələlərdə vahid baxış və mövqelərin formalaşması tamamilə məntiqə uyğun bir haldır. O cümlədən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsi, dövlət başçısının “Biz birlikdə güclüyük!” konsepsiyasının əsl ümumxalq ideologiyasına çevrilməsinin əsaslı sübutudur.

Qeyd olunduğu kimi, YAP-ın VII qurultayını əlamətdar edən mühüm faktorlardan biri əlbəttə ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Məhz bu baxımdan YAP-ın VII qurultayı ilk növbədə müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, eləcə də yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyasının partiyanın orqanları qismində müəyyən edilməsi, Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunun təsbit edilməsi ilə partiyanın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratmış oldu. Həmin tarixi gündən sonra keçmiş bir ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Qurultaydan sonra Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Mehriban xanım Əliyeva hər zaman milli maraqları üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib.

Məlum olduğu kimi, YAP-ın VII qurultayında partiyamızın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuşdur, Partiya Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Qeyd etmək lazımdır ki, partiyamızın 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş proqramın müəllifi də YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyev olub. Həmin proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olmuşdu. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edildi. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edir. Partiyanın yeni Proqramında “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı 5 fəsil və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapmışdır. Yeni Proqram bütünlüklə demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva edərək siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir.

Həmçinin ötən bir il ərzində partiyamız beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək bu sahədə də ölkənin xarici siyasətinin həyata keçirilməsinə mühüm töhflər vermişdir. O cümlədən Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ötən ilin iyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu ilə iki qardaş ölkənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. YAP-ın həmçinin, Çin, Rusiya, Ukrayna, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Partiyamız Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və eyni zamanda da 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bunu da deməliyəm ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin dialoq siyasəti də YAP-ın fəaliyyətində öz inkişafını tapır. Son bir il əlrzində Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz dəyərli töhfələrini verib və bu proses indi də davam edir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində ukraynalıların göstərdiyi dözümlülüyü Rusiyanı taktikanı dəyişməyə məcbur etdiyini bildirib.

"Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri bizim torpaqlarımızda əhəmiyyətli heç nə edə bilmədiklərinin etirafıdır. Müdafiəmizin bütün xətləri qorunub saxlanılıb. Düşmən heç bir strateji istiqamətdə uğur qazana bilmir", - Zelenski bildirib.

 

Ukrayna prezidenti Rusiya rəhbərliyinə müraciət edərək bildirib ki, Ukrayna işğalçı qüvvələrin dağıdıcı hərəkətlərinə görə maddi ziyanı ödəməyi tələb edir. "Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik. Rusiyaya isə deyirik: "Reparasiya" və "təzminat" sözlərini öyrənin. Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyin əvəzini bizə verəcəksiniz. Tam şəkildə”, - Zelenski bildirib.

Ukrayna prezidenti onu da bildirib ki, 16 min əcnəbi könüllülərin bir hissəsi artıq Rusiyaya qarşı mübarizəyə kömək etmək üçün Ukraynaya göndərilib. Eyni zamanda o əlavə edib ki, Ukrayna hər gün tərəfdaşlarından silah alır.



“Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var”. Bunu prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

Prezident bildirib ki, dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır.

“Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”.



Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.




Ukrayna Silahlı Qüvvələri Xarkov ətrafında gedən döyüşlərdə Rusiya ordusunun elit bölmələrini darmadağın edib və əsir alıblar. Bu barədə Ukrayna prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

“Xarkov ətrafında Rusiya ordusunun elit bölmələri darmadağın edilib və əsir alınıb. Bunlar 1-ci tank ordusunun-Tamansk diviziyasının, Kantemirsk diviziyasının və digərlərinin bölmələridir”, - o deyib.

Arestoviç əlavə edib ki, Rusiya işğalçı qüvvələrinin digər bölmələri haqda heç danışmağa dəyməz. “Qalanlar haqda isə heç danışmaq istəmirəm. Bu gün zabitlər əsir düşüb – tank batalyonlarının komandirləri, üç polk komandirinin müavini və digərləri. Və budur, onlar ağlayırlar, diz çökürlər və deyirlər ki, “Biz bilməmişik...” Onlar heç əvvəldən düz-əməlli əfsanə də hazırlaya bilməyiblər”, - o bildirib.

Prezident Ofisinin müşaviri qeyd edib ki, hazırda Rusiya qoşunlarının 55-60 faizi Xarkov və Kiyev ətrafında cəmləşdirilib, digər regionlarda isə onların mövqeləri arasında “nəhəng dəliklər” yaranıb.

 

“Onlar batalyon və bölük qrupları ilə (200-400, 600 nəfər) hansısa vəzifələr həll etməyə çalışırlar. Və budur, onlar Krivoy Roq və Nikolayev ətrafında üç dəfə belə vəzifəni yerinə yetirməyə cəhd ediblər, amma hər dəfə darmadağın olunublar və praktiki olaraq tam məhv ediliblər”, - Arestoviç deyib.

Peşəkar hərbçi olan A.Arestoviç qeyd edib ki, o özü də Rusiya ordusunun bir həftəyə bu qədər itki verəcəyini ağlına gətirməzdi. Amma döyüş əməliyyatlarının hər günündə ruslar orta hesabla 1 500 nəfər itiriblər.

virtualaz.org

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov