Türkiyə, İsveç və Finlandiya Madriddə keçirilən danışıqlardan sonra birgə bəyanat imzalayıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aparılan danışıqlardan dərhal sonra baş tutub. Türkiyə tərəfdən sənədi xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb.
Finlandiya Prezidenti Sauli Niinistönin ofisi Türkiyənin bu həftə Madriddə keçiriləcək sammitdə Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verəcəyini bildirib.
Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı Dördtərəfli Zirvədən əldə edilən nailiyyətlər:
• PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.
• Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək.
• PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.
• Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qarşısının alınması, əməkdaşlığın artırılması.
• Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.
• Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.
• Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.
• PKK və onun qolu və cəbhə təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətlərinin qadağan edilməsi və onların araşdırılması.
• Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.
• Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.
• Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.