Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, 11805 hektar əkin sahəsinə xidmət edən Cəlilabad Suvarma Sistemləri idarəsi sahələrin suvarılması üçün mənbə olaraq Cənubi Muğan kanalı və 3 ədəd su anbarından istifadə edir. Bunlar İncəçay su anbarı, Cəfərxanlı su anbarı və Göytəpə su anbarıdır. Ötən illə müqayisədə hər üç anbarda kifayət qədər su toplanıb. Anbarların əsas əhəmiyyəti ondan ibarətdir ki, suvarmanın qızğın vaxtında suya təlabat artarsa anbarların suyundan istifadə edilir. Ümumilikdə anbarlar vasitəsilə 1700 hektar ərazi suvarıla bilir. Bundan başqa idarənin balansında 12 ədəd nasos stansiya da fəaliyyət göstərir. Bunlardan, 10-u dizel yanacağı ilə, 2-i isə elektriklə işləyir.
Suvarmanın mütəşəkkil aparılması üçün Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanallarda lildən təmizləmə işləri daimi olaraq davam edir. Ötən il əsaslı təmir planına uyğun olaraq mexaniki kanalın 500 metr hissəsində təmir işləri həyata keçirilib. Bundan başqa 34 ədəd hidrotexniki qurğu və 4 ədəd nasos stansiya təmir olunub. İdarənin balansında olan 106 ədəd subartezian quyusundan isə əhalinin suvarma və içməli suya olan təlabatı üçün istifadə olunur. Bu il əsaslı təmir planında Muğan torpaq kanalının 1500 metrində betonlama işinin davamı nəzərdə tutulub ki, bununla da kanalın xidməti ərazisində olan torpaq sahələrinin suvarılmasında su itkisi minimuma endiriləcək.
Qeyd edək ki, Cəlilabad Suvarma Sistemləri İdarəsinin suvarılan 11805 hektar əkin sahəsindən 7100 hektarı taxıl, 12000 hektarından çoxu üzüm, 635 hektarı yem bitkisi, 100 hektarı pambıq, 240 hektarı həyətyanı sahə, 2515 hektarı meyvə- tərəvəz və bostan bitkiləridir.