Xəbər lenti

 
YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

AİA.Az xəbər verir ki, 29.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının İsalı, Mineral Sular Fabriki,İnəkboğan və Göyəlli ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb,Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına

İsalı ərazi partiya təşkilatına - sədr Qurbanov Asəf Əkbər oğlu, müavin – Kərimov Mətləb Arif oğlu.

Gədəbəy Mineral Sular Fabriki ərazi partiya təşkilatına - sədr Həsənov Elvin Əşrəf oğlu, müavin – Məmmədzadə Xəyal Əlövsət oğlu.

İnəkboğan ərazi partiya təşkilatına - sədr Kazımov Şahin İlyas oğlu, müavin – Tağıyev Seymur Dadaş oğlu.

Göyəlli ərazi partiya təşkilatına - sədr Qurbanov Müzahir Hidayət oğlu, müavin – Ələsgərov İntizam Tofiq oğlu seçildilər.

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.
 
 
 
 
 
Rüstəm Nağıyev: “1918-ci ilin mart hadisələri bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir”


1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.


Adətən azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır.

1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 10068 azərbaycanlını öldürmüş və ya şikəst etmiş, 50000 azərbaycanlını isə qaçqın salmışlar. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarınınxatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

2007-ci ilin aprel ayında Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”;

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

AİA.Az

 
Kamaləddin Qafarov: “ Vaxt gözləmir, sabah gec ola bilər...”

“Bu gün Cənubi Qafqazda gedən proseslər və hərtərəfli inkişaf baxımından dayanıqlılığın təmin olunması Azərbaycanın qarşısına qoyduğu prioritet məsələlərdən biridir. Ölkəmiz postmüharibə dövründə istər işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması, istərsə də regional və beynəlxalq layihələrin reallaşdırılması istiqamətində öz səylərini uğurla davam etdirir. Həm region ölkələri, həm də dünyanın aparıcı güc mərkəzləri də Azərbaycanın sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası və digər bu kimi məsələlərdə mövqeyini və irəli sürdüyü təşəbbüsləri kifayət qədər yüksək qiymətləndirirlər. Lakin bütün bunlara rəğmən, məğlub Ermənistan hələ də öz dekonstruktiv mövqeyini dəyişməyə tələsmir. Tamamilə iqtisadi tənəzzül və siyasi destabillik vəziyyətində olmasına baxmayaraq, bu ölkə hələ də təxribat xarakterli bəyanatlar verməklə sülhə və inkişafa aparan prosesləri əngəlləməyə çalışır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, rəsmi İrəvanın belə təxribatlara rəvac verməyi bu ölkənin 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Moskva Bəyanatının şərtləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün bəhanələr əldə etmək məqsədi güdür. Martın 26-da qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı silahlı təxribat törətmək cəhdi də bunu açıq-aşkar təsdiq edir.

“44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. 10 noyabr 2020-ci il tarixində Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən, ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Azərbaycan bu maddəyə razılıq verməklə, ilk növbədə, özünün xoş məramını ortaya qoydu. Lakin Ermənistan hələ də imzaladığı Bəyanatın şərtlərinə əməl etmək istəmir. Azərbaycan torpaqlarında yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən ordumuza qarşı təxribatlar törətməyə cəhdlər göstərərək ermənilər Rusiya-Azərbaycan münasibətlərini də var qüvvələri ilə gərginləşdirməyə çalışırlar. Lakin Azərbaycan növbəti dəfə, martın 26-da qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin ordumuzun bölmələrinə qarşı törətməyə cəhd göstərdikləri təxribatın qarşısını effektiv şəkildə almaqla və qətiyyətli mövqe nümayiş etdirməklə bir daha üçtərəfli Bəyanatın bütün tələblərinin zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyinə dair Ermənistana sərt mesajını çatdırdı. Azərbaycan Müdafiə Nazirliyi son günlər Fərrux yüksəkliyi ətrafında gedən mövqe mübahisələrində də ölkəmizin bir daha haqlı olduğunu bütün detalları ilə, açıq-aşkar dəlillərlə ortaya qoydu. Bildirildi ki, 10 noyabr Bəyanatının 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin bu tələb indiyə qədər icra edilməmişdir. Beləliklə, Bəyanatın müddəalarını pozan Ermənistan olduğu halda, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verən, “Dağlıq Qarabağ” ifadəsi işlədilən və Azərbaycan ərazilərinin adı düzgün olaraq göstərilməyən açıqlamalar verməklə, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə zidd addım atmış olur.

Konkret Fərrux yüksəkliklərinə gəlincə isə, bu ərazi Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Fərrux kəndi və Fərrux yüksəkliyi 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Bu gün isə Fərrux kəndi və eyni adlı yüksəklik Azərbaycan ordusunun tam nəzarəti altındadır. Ermənistan bilməlidir ki, bu gün onun Azərbaycanla sülh müqaviləsi bağlamaq və ölkəmizin sərhədlərini tanımaqdan başqa heç bir çıxış yolu yoxdur. Lakin bu şərtlər, dediyimiz kimi, bu gün qüvvədədir. Sabah isə, artıq bu yol da bağlana bilər”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.

AİA.Az


"Biz yeganə ölkəyik ki, 2014-cü ildən indiyədək davam edən Ukrayna-Rusiya böhranını razılaşma yolu ilə həll etməyə çalışırıq. Bu gün biz hər iki tərəfin səmimiyyətinə və ədalətinə inandığı ölkəyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Antalyada tərəflər arasında xarici işlər nazirləri səviyyəsində görüş keçirilib:

"Sabah danışıqlardan əvvəl nümayəndə heyətləri ilə qısa görüşümüz olacaq. Zelenski və Putinlə apardığımız telefon danışıqları məhsuldar keçib".(report)



Ötən sutka ərzində Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinə məxsus daha 8 təyyarə və 3 helikopteri vurublar.

“Qafqazinfo” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

 

Bununla yanaşı, ötən gün ərzində Rusiyanın müxtəlif növdə 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi vurulub.

Həmçinin Donetsk və Luqansk istiqamətlərində Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfinə məxsus 12 tank, 10 piyadanın döyüş maşını və 3 avtomobil texnikasını sıradan çıxarıb.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 24-dən martın 28-i səhər saatlarına qədər Rusiya tərəfi təxminən 17 000-ə yaxın canlı qüvvə itirib. Bundan başqa, Rusiya ordusunun 586 tankı, 1694 zirehli döyüş maşını, 302 artilleriya sistemi, 95 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 123 hərbi təyyarəsi, 127 helikopteri,1150 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq çəni, 66 dronu, 21 xüsusi avadanlığı, 4 OTRK/TRK /mobil SRBM sistemi məhv edilib.



Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib.

Söhbət zamanı Prezident Volodimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

 

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

***

Zelenski də İlham Əliyevlə danışması barədə tviter hesabında paylaşım edib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə  danışdım. Dinc əhaliyə qarşı vurulan yeni zərbələr barədə məlumat verdim. Yaşıl dəhlizlərə olan ehtiyacı müzakirə etdik.  Humanitar yardıma və əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna  görə təşəkkür etdim”.



Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 25 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

 

“Qafqazinfo” əlamətdar günlə bağlı uzun müddət milli təhlükəsizlik orqanlarında çalışmış Milli Məclisin deputatı, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevlə həmsöhbət olub.

Deputat qurumun tarixi, AXC, sovet və müstəqillik illərində fəaliyyəti, apardığı əməliyyatlar barədə danışıb: 

 

“Milli Təhlükəsizlik Nazirliyi sistemi, eyni zamanda Dövlət Təhlükəsizlik Komitəsi və yaxud təhlükəsizlik sistemindən danışarkən mütləq şəkildə ulu öndərin adı birmənalı şəkildə ən yüksək tribunalardan çəkilməlidir. Təsəvvür edin 1944-cü ildən başlayaraq əməliyyat müvəkkili vəzifəsindən 1969-cu ilə qədər Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər bütün mərhələləri keçmiş, bütün prosesləri yüksək səviyyədə həyata keçirmiş bir əməkdaşdan, bir rəhbərdən, bir generaldan söhbət gedir. Dövlət Təhlükəsizliyi Komitəsi sistemində ulu öndərin atdığı ən böyük addımlardan biri məhz həmin orqanın milliləşməsi idi”.

Müstəqillik illərində xüsusi xidmət orqanlarının fəaliyyəti

O, xatırladıb ki, Azərbaycanda müstəqillik illəri 1991-ci ilin noyabr ayına təsadüf edir: “1988-ci ildə erməni təxribatı, erməni təcavüzü başlayanda, Qarabağ məsələsi gündəmə gətiriləndən sonra xüsusi xidmət orqanlarının işi həddən artıq çox idi. 1988-ci ildən 1990-cı illərin ortalarına qədər bizim əməkdaşlarımız bir əsgər, bir zabit kimi əllərində silah ermənilərin təcavüzə məruz qoyduğu kəndlərin dinc əhalisinin qorunması ilə məşğul idi və paralel olaraq həm də kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətini həyata keçirirdilər. O vaxt xüsusi təyinatlı dəstə də var idi. Həmin xüsusi dəstəyə bütün əməliyyat sistemi də cəlb olunmuşdu və bu gün Dövlət Təhlükəsizlik Xidməti rəhbərliyində təmsil olunan şəxslərin çoxu o məktəbi keçmiş zabitlərdir, generallardır. 1991-ci ildən sonra istər dövlət çevrilişlərinin qarşısının alınmasında, ölkəmizdə törədilən terror aktlarının üstlərinin açılmasında və hazırlanan terror aktlarının qarşısının alınmasında istiqaməti çox idi”.

Xəbəri rus dilində oxuyun: Супруга Полада Гашимова получила должность

2016-cı ildən sonrakı dövr

Arzu Nağıyev qeyd edib ki, 2016-cı ildən başlayaraq kəşfiyyat və əks-kəşfiyyat demək olar ki, ayrıldı: Dövlət Təhlükəsizlik Xidməti və Kəşfiyyat işləri ilə məşğul olan Xarici Kəşfiyyat İdarəsi yaradıldı: “Hər iki qurum paralel olaraq yenə də dövlət, dövlətçilik və Ali Baş Komandanın müvafiq tapşırıqlarını həyata keçirmək üçün addımlar atır. Korrupsiya və rüşvətxorluğa qarşı da çox ciddi addımlar atıldı. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi islahatların bariz davamı olaraq Dövlət Təhlükəsizlik Xidməti öz əməliyyatlarını həyata keçirdi. Bura həm anti-terror əməliyyatları, həm korrupsiyaya qarşı mübarizə, həm kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının alınıb, ortaya qoyulması, hansısa dövlətlərin ölkəmizə qarşı atılacaq addımlarının qarşısının alınmasına dair məsələlər daxildir.

Yəni, birmənalı şəkildə Azərbaycan vətəndaşı hiss etdi ki, Azərbaycan dövlətinin suverenliyində, eyni zamanda təhlükəsizliyinə təhdidin qarşısının alınmasında və hər bir vətəndaşın rifahının daha da yüksəldilməsi istiqamətində DTX öz dəsti-xətti ilə, əməli və fəaliyyəti ilə gündəmdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Təhlükəsizlik Xidməti, Kəşfiyyat Xidməti bütün proseslərdən üzüağ çıxdı. Post-münaqişə dövründə separatçıların həmin ərazidə qalması məsələsi gündəmdə idi və biz gördük ki, anti-terror əməliyyatı nəticəsində Azərbaycan ərazisində terror həyata keçirmək istəyən erməni terrorçuları həbs edildi”.

Deputat qurumun gələcək əməkdaşlarına arzularını da çatdırıb: “Vətəni, torpağı, xalqını, el-obasını sevmədən, bu vətənə bağlı olmadan bu qurumun əməkdaşı olmaq qeyri-mümkündür. Bütün məlumatların alınması, təhlili və onun gələcəkdə cinayət olub-olmamasını ortaya qoyaraq məsələni həll etmək - Bu, ciddi təfəkkür, ağıl, zəhmət tələb edir. Bilirsiniz onlar çox vaxt ailələrindən kənar olurlar, çox vaxt öz bildiklərini kiməsə danışa bilmirlər. Bütün bu proseslər çox çətin və şərəfli məsələlərdir. Mən gələcək əməkdaşlarımıza vətəni sevməyi, vətən üçün işləməyi, öz işinin şərəfini duymağı arzulayıram. Bugünkü bayram ərəfəsində mən milli təhlükəsizlik sisteminin – istər Dövlət Təhlükəsizlik Xidməti, istərsə də Kəşfiyyat Xidmətinin bütün əməkdaşlarını təbrik edirəm. Dünyasını dəyişmiş veteranlarımızın sağ qalan bütün ailə üzvlərini təbrik edirəm. Biz doğrudan da çiyin-çiyinə, şərəflə addımladıq. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz birlikdə güclüyük”. 

Eldar Tanrıverdi

Video: Pərvin Zeynal



Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin sülhməramlı əməıiyyatlar zonasındakı vəziyyətə dair növbəti bülletenində göstərilənlərə cavab olaraq yeni sərt bəyanatla çıxış edib.

Bəyanatda MN təəssüflə bildirir ki, Rusiya Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyil.Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

 

 

"Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb. Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir",-bəyanatda vurğulanır.

Azərbaycan tərəfi Rusiya tərəfinə xatırladır ki,  2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndinə əsasən “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

"Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir",-Azərbaycan MN bildirir.

Bəyanatda o da qeyd olunur ki, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

"Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir", - MN bildirir. 



Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov