Xəbər lenti



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə və digər bir sıra təşkilata göndərilib.

Ombudsman Səbinə Əliyeva qeyd edib ki, hadisə zamanı bəşər sivilizasiyasına aid tarixi, mədəni və dini obyektlər dağıdılıb, Azərbaycanın mədəni irsinə aid əsərlər, əlyazmalar məhv edilib.

Xatırladaq ki, hadisə 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilib.

Prezident güləşçiləri qəbul etdi

Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

 

***

Prezident İlham Əliyevin çıxışı:

- Salamaleykum, əyləşin.

Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır.

Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.

Əminəm ki, böyüklər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.

Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul - Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər. Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağıq. Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik. Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Hesab edirəm ki, bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. İndidən bir şey deyə bilmərəm, çünki hələ iki il vaxt var, amma gərək bütün səylərimiz məhz bu məqsədə çatmaq üçün hesablansın. Bir məsələ də var ki, artıq biz bu qələbələrə öyrəşirik və necə deyərlər, bu yüksək nəticələri saxlamaq çətin olacaq, idmanda hər şey ola bilər - məğlubiyyət də, qələbə də. Ancaq əminəm, gələcək yarışlarda nəticələrə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər. Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. Buna fikir verərkən yenə də İkinci Qarabağ müharibəsindəki hadisələr yadıma düşdü, o vaxt da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı, ən çirkin əməllərə. Dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Amma mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar. Mən keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm, Azərbaycan xalqına xas olan xasiyyəti. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə. Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir. Sağ olun.

***

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Namiq Abdullayev dedi:

- Hörmətli Prezident, əvvəlcə bizi növbəti dəfə dəvət etdiyiniz və bizimlə yenidən görüşdüyünüz üçün Sizə həm Azərbaycan Güləş Federasiyası, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm. Bildiyiniz kimi, güləş üzrə milli komandalarımız son bir ayda iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazanılıb. Komandalarımız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub. İki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz güləşçilərimiz üçün böyük stimul oldu. Bunun da nəticəsi olaraq böyüklərin Avropa çempionatında yüksək nəticə qazana bildik. Qarşıda bizi mötəbər yarışlar gözləyir. Bu il İslam Həmrəyliyi Oyunlarında, dünya çempionatında və dünya kubokunda ölkəmizi uğurla təmsil etmək üçün əlimizdən gələni edəcəyik.

Möhtərəm Prezident, bizi qəbul edib daim bizə diqqət və qayğı göstərdiyiniz üçün Sizə bütün güləş ailəsi adından bir daha təşəkkürümüzü bildirirəm. Diqqətinizə görə sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

***

Sərbəst güləş üzrə üçqat dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev dedi:

- Cənab Prezident, mən də öz adımdan, həm də sərbəst güləş yığma komandasının adından bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Macarıstanda keçirilən Avropa çempionatında sərbəst güləşçilərimiz uğurlu nəticələr əldə etdilər. Ümumilikdə 7 medal qazandıq, bunlardan 1-i qızıl, 4-ü gümüş, 2-si isə bürünc medal oldu və biz medal sayına görə komanda hesabında birinci olduq. Sözsüz ki, bu uğurlarımız, bu qələbələrimiz Sizin idmana diqqət və qayğınızın nəticəsidir ki, bu gün belə gözəl nailiyyətlər qazandıq. Eyni zamanda, biz Güləş Federasiyasının da diqqət və qayğısını hər zaman biz hiss etmişik. Biz belə diqqət və qayğı sayəsində çalışacağıq ki, hər zaman gözəl nəticələr əldə edək.

Cənab Prezident, mənim əsas hədəflərimdən biri Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək, qızıl medal qazanmaqdır. Siz bilirsiniz ki, mən iki dəfə Olimpiya Oyunlarında medal qazanmışam – bir gümüş, bir bürünc. Artıq mənə elə gəlir ki, qızıl medal qazanmağın vaxtıdır. Mən inanıram ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında bizim gənc güləşçilərimiz də, burada olan güləşçilərimiz də yaxşı nəticələr qazanacaqlar İnşallah və medallarımızın sayını daha da çoxaldacaqlar. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm, Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram. Çox sağ olun diqqətinizə görə.

Prezident İlham Əliyev: Sağ ol, sağ ol Hacı, əyləş. Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan. Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır. Bəlkə də Olimpiya Oyunları daha həyəcanlı bir yarışdır, çünki 4 ildən bir keçirilir və bütün dünya ictimaiyyətinin diqqəti oradadır. Amma təmsilçilik baxımından və rəqabət baxımından dünya çempionatları ondan geri qalmır. Ona görə sənin üç qızıl medalın var dünya çempionu kimi. İndi təvazökar insan kimi bir medal taxmısan, amma sənin medalların nə qədərdir, bəlkə özün də sayını itirmisən. Yadındadır nə qədər medalın var sənin?

Hacı Əliyev: Çoxdur.

Prezident İlham Əliyev: İndi üç dünya çempionu medalı, ondan sonra Olimpiya, üç dəfə Avropa çempionu. Ona görə sən bütün medalları taxsan sinəndə yer qalmaz. Biz hər bir idmançıdan qələbə gözləyirik. Amma əsas odur ki, yarışda iştirak edəcəksən. Mən bilirəm ki, sən son Olimpiya Oyunlarında bir az tərəddüd edirdin gələcək fəaliyyətinlə bağlı. Amma yaxşı ki, qalmısan idmanda. Sən lazımsan həm idmana, həm gənclərə və doğrudan da gənclər üçün, gənc idmançılar üçün bir nümunəsən. Çünki üçqat dünya çempionu olmaq doğrudan da tarixi nailiyyətdir. Ona görə səni bir daha təbrik edirəm.

***

Yunan-Roma güləşi üzrə ikiqat Avropa Çempionu və dünya çempionu Eldəniz Əzizli dedi:

- Möhtərəm Prezident, mən də yunan-Roma güləşi milli komandası adından bizim qazandığımız qələbələri yüksək qiymətləndirdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, Budapeştdə keçirilən Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıtdı. Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atdıq. İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu. Həqiqətən də bu yarış bizim üçün rekordlarla əlamətdar bir yarış oldu.

Cənab Prezident, Sizin idmana və idmançılara göstərdiyiniz diqqət və qayğı bizi həvəsləndirir, gələcək yarışlara daha da ruhlandırır. Bildiyiniz kimi, noyabrın 5-6-da Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Biz ilk dəfə 2015-ci ildə İran İslam Respublikasının Tehran şəhərində dünya kubokunun sahibi olmuşduq. Artıq son qələbəmizdən 7 il keçir. Düşünürəm ki, İnşallah biz idmançılar əlimizdən gələni etməyə çalışıb 7 ildən sonra qazandığımız parlaq qələbəni Bakıda təkrarlayacağıq və var gücümüzlə çalışacağıq ki, kubok Bakıda qalsın, Bakıdan qırağa getməsin. Bizi qəbul etdiyiniz üçün bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Diqqətiniz üçün sağ olun.

Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol. Eldəniz də bizim görkəmli idmançılarımızdandır, ikiqat dünya çempionu, Avropa çempionu. Ona görə əminəm ki, gələcəkdə də bizi sevindirəcək.

***

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov dedi:

- Hörmətli Prezident, mənim işimi yüksək qiymətləndirdiyinizə və məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. İlham Heydər oğlu, bu medalda Sizin qəlbinizin bir hissəsi də var. Siz idman üçün, gənclər üçün nə lazımdırsa edirsiniz ki, biz çalışaq, cəhd göstərək, qalib gələk və ölkəmizi şöhrətləndirək. Sağ olun. Sizə möhkəm cansağlığı arzu edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Medalınız mübarəkdir. Siz onu öz işinizlə, bizim hamımızı sevindirən nəticələrlə qazanmısınız. Hamınıza yeni qələbələr, yeni uğurlar arzu edirəm. Sağ olun.

 

 




 




“Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşdə 44 günlük müharibədə qazanılmış nəticələri diplomatik masada da bir daha möhkəmlətmiş oldu. Bunu Avropa İttifaqının Prezidenti Şarl Mişelin görüşün sonundakı bəyanatı təsdiq etdi”.

Ardını oxu...



Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibə verib.

“Qafqazinfo” müsahibəni təqdim edir.

 
 
 
3

- “Elə indicə biz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.

-Sizcə, sülh sazişinin imzalanması nə qədər çəkər?

- Bunu proqnozlaşdırmaq çətindir. Amma dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüş zamanı mən hiss etdim ki, maraqlı bir addım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa meyilli idilər. Bu, birinci vacib element idi. Bu arada, mənim hər iki liderlə müntəzəm telefon danışıqlarım olub. Biz bu axşamkı görüşə çox hazırlaşmışıq. Biz buna vaxt ayırdıq. Bilirsiniz ki, nahardan əvvəl mənim hər iki liderlə ikitərəfli görüşüm oldu. Səmimi desəm, düşünürəm ki, biz çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün ortaq iradə var.

– Deyə bilərik ki, biz sülh sazişinə yaxınlaşırıq?

- Əminəm ki, bu gecə biz düzgün istiqamətdə mühüm bir addım atdıq. Əlbəttə, bu, hər şeyin həll olunduğu anlamına gəlmir. Lakin bu o deməkdir ki, biz irəliləyişə nail olmuşuq. Çünki biz ortaq məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün ümid edirəm ki, mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşürük. 

– Proses başlayıbmı?

- Proses bu gecə başlayıb.



Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olacaq.

Həmçinin Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü nəzərdə tutulur.

 

Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanla təkbətək görüşü də istisna olunmur.

Xatırladaq ki, 2021-ci il dekabrın 14-də Brüsseldə bu formatda görüş keçirilmişdi.

Brüsseldə hazırkı görüşlərdə isə sülh platforması formalaşır. Hesab etmək olar ki, bu gün baş tutacaq görüşlər onsuz da fəaliyyətsiz olan ATƏT-in Minsk Qrupunun prosesdən tam kənarlaşdırılmasına gətirib çıxaracaq.

Bu proses çərçivəsində əsas gözlənti birbaşa Bakı-İrəvan formatının yaranmasıdır. Əgər Paşinyan öz sələfləri olan Robert Koçaryan və Serj Sarkisyanın, həmçinin özünün əvvəlki səhvlərini yenidən təkrarlamasa, regionda davamlı sülhün təmin olunmasına başlana və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Daha çox Ermənistana lazım olan Azərbaycanın sülh təklifi əbədi masada olmayacaq. Bunu Azərbaycan rəsmiləri dəfələrlə vurğulayıblar. Deməli, aprelin 6-sı həm də Ermənistan üçün prinsipial seçim tarixidir.



"Bu il mühüm nailiyyətlə - Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə yadda qaldı. Əminəm ki, ikitərəfli münasibətləri yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarmaq xalqlarımızın köklü maraqlarına cavab verir”.
 
 
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.
 
"Keçən il və daha öncəki ildə bağlanmış üçtərəfli sazişlərə əsaslanaraq, biz Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə işləyirik”, - dövlət başçısı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təbrikində vurğulayıb.


Bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.

Ukrayna lideri Buça şəhərində baş verən faciədən sonra Rusiya ilə danışıqları davam etdirməyin vacib olduğunu söyləyib: “Qısası, bu gün heç nədən danışmayaq demək daha asandır. Ən çətini onların etdiklərini söyləmək, onları düşmən kimi tanımaq, imkan tapıb görüşmək və çıxış yolu tapmaq, eyni zamanda öz ərazilərini itirməməkdir”.

Ukraynanın dövlət başçısı qisasın qaçılmaz olduğunu vurğulayıb: “Bizim insanlara işgəncə vermiş həmin cinayətkarlarla daxili işimiz var. Onları tapmaq üçün barələrində informasiya toplamağa başlamışıq. Həmin cinayətkarların tapılmasını istəyən insanlar var. Beynəlxalq qanunvericilik bu məsələdə bizə kömək etməzsə, biz onları Ukrayna qanunları ilə mühakimə edəcəyik”.



“Rusiyada payızda kəskinləşmə dövrünü gözləyirəm. Bu, yəqin ki, qonşu ölkələrdə, o cümlədən sizin ölkədə də baş verəcək”.

Bu barədə KEQ müqavilə-tədqiqat şirkətinin baş direktoru, rusiyalı ictimai səhiyyə eksperti, immunoloq, tibb üzrə fəlsəfə doktoru Nikolay Kryuçkov koronavirusla bağlı vəziyyəti Oxu.Az-a şərh edərkən deyib.

 

Onun sözlərinə görə, bu, yeni koronavirus xətlərinin gəlməsini və insidentin artımını gözləyə biləcəyiniz çox təhlükəli bir dövrdür:

“100 faizlik ehtimal deyil, amma belə risk var. Pandemiya ilə proaktiv şəkildə mübarizə aparmaq imkanı tapan ölkələr ən yaxşı effekti əldə edəcəklər”.

Ekspert həmçinin yoluxma hallarının azaldığını göstərən statistik rəqəmləri nəzərə alaraq, Azərbaycanda karantinin uzadılmasını məntiqli hesab etmir:

“Hesab edirəm ki, yoluxmanın aşağı düşmə tendensiyası davam edərsə, karantinin may və yay ayları üçün uzadılmasının mənası yoxdur. Maydan sentyabr ayına kimi mövsümi risk, o cümlədən sosial dinamika baxımından çox aşağıdır. Ancaq ictimai yerlərdə maskalar hələ də taxılmalı, həmçinin dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir, bu aydındır. İnsanlar bunu başa düşməlidir. Xəstəliyi artıq keçirənlər də daxil olmaqla peyvənd və revaksinasiya vacibdir. Koronavirus problemi hələ həll olunmayıb, ona görə də kollektiv immuniteti zəiflətməmək lazımdır, ideal halda onu gücləndirmək daha yaxşıdır. Onda payıza qədər ölkə mümkün epidemiyaya hazır olacaq. Ancaq yoluxma sayı artmağa başlayarsa, o zaman karantin yenidən tətbiq edilməli olacaq, belə halda xəstəxanaya yerləşdirmə və ölümləri gözləməyə ehtiyac yoxdur”.

Nair Əliyev




Ukraynanın Buça və İrpen şəhərlərində üzərində təcavüz və işgəncə əlamətləri olan qətlə yetirilmiş uşaqlar aşkar olunub.

Bu barədə məlumatı “Pravda” öz rəsmi teleqram kanalında paylaşıb.

 

Məlumata görə, sözügedən uşaqlar 10 yaşa qədər olan azyaşlılardır.

Qətlə yetirilən uşaqların bəzilərinin əlləri bağlı olub.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.




Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə gözlənilən görüşü barədə Oxu.Az-ın suallarını cavablandırıb.

Ekspertlə müsahibəni təqdim edirik:

 

- Aprelin 6-da Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan növbəti dəfə görüşəcəklər. Bu görüşdən öncəki mənzərə belə qənaət yarada bilərmi ki, həmin danışıqlar müsbət nəticə verəcək?

- Ermənistan tərəfinin mövqeyini təhlil etsək, görürük ki, onlar Azərbaycanın təklifindən imtina etmirlər. Ancaq əlavə məsələni gündəmə gətirmək istəyirlər. Söhbət Qarabağdakı ermənilərdən gedir. İrəvan indi Qarabağı ərazi məsələsi kimi yox, daha çox insan hüquqları kontekstində gündəmə gətirir. Gələcəkdə həmin konteksti sırf Azərbaycanın daxili məsələsi kimi müzakirə etmək olar. Bu təcrübə də var ki, Ermənistan öhdəliklərindən qaçır, bununla belə, Brüssel görüşündə müəyyən optimizm ola bilər.

- Ancaq Paşinyan hökumətin iclasında fərqli danışdı, bu, blef idi, yoxsa onun siyasi iradəsinin məhsulu idi?

- Ermənistanın birdən-birə hər şeyə hazır olacağını və razılıq verəcəyini söyləmək sadəlövhlük olardı. Paşinyan çıxış edərkən daxili auditoriyanı da nəzərə alır. Qarabağ bölgəsində də müəyyən gərginlik yaşanır. Paşinyanın çıxışlarını tam təxribatçı mövqe hesab etməsəm də, onun fikirlərində klassik erməni həyasızlığı ifadə olunurdu.

- Qərb sistemində yer alan Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə dair baxışı Rusiya və ABŞ-ın strateji baxışından müəyyən əlamətlərinə görə fərqlənir. Bu üç maraq kontekstində onların sülh sazişinə yanaşmasını necə şərh edərdiniz?

- Rusiyanın regionla bağlı böyük geosiyasi maraqları var. Hələ bəlli deyil ki, Rusiya Brüssel görüşünə necə yanaşacaq. Hazırda regionda böyük tektonik dəyişikliklər baş verir – Rusiya-Ukrayna müharibəsi, Rusiya-ABŞ münasibətləri və sair. ABŞ isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində aktiv deyil. Sizin verdiyiniz suala cavab olaraq deyə bilərəm ki, bu məsələdə daha çox Avropa İttifaqı və Rusiya ön plana çıxır.

- Avropa İttifaqının aktivliyini biz daha çox hansı ilə əlaqələndirməliyik: böyük siyasi ambisiyalarla, yoxsa böyük iqtisadi maraqlarla?

- Hər ikisi ilə. Təbii ki, Avropa İttifaqının regionda siyasi və iqtisadi maraqları var. Avropa İttifaqı bu iki amillə sülhə nail olmaq istəyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel çox aktivlik göstərir. Şəxsən mən Avropa İttifaqının mövqeyini alqışlayıram.

- Sizcə, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması Bakı-Moskva danışıqlarında müzakirə olunurmu?

- Rusiya sülhməramlıları hələ ki, Azərbaycan ərazilərindədir. Düşünürəm ki, bununla bağlı hər hansı mövqe dəyişikliyi hələ ki, yoxdur.

Aqşin Kərimov

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov