Xəbər lenti



Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində Polşanın “Lex” klubu üzərində böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə adladı. Bundan sonra da azarkeşlərin komandaya inamı böyükdür, hər halda müzakirə mövzusu Qurban Qurbanovun komandasıdırsa, bunda şübhə edəcək bir məqam da yoxdur. Bəzən 90 dəqiqə ərzində amneziya xəstəliyinə “düçar oluruq”. “Qarabağ”ın Azərbaycan futbolunun içindən çıxdığını unuduruq. Komanda Avropa səviyyəli futbol sərgiləyir, Polşa çempionu ilə ilk oyunda uduzur, cavab matçında 20-ci saniyədə qol buraxır və yekun nəticədə 5:1 hesabı ilə qalib gəlir. Türklərin sözü olmasın, buna ancaq “şapka çıkartılır”.

“Qarabağ” sözsüz ki, Azərbaycan futbolunun brendidir və bu komandanın uğurlarını sıralamasında ömrünün 14 ilini Ağdam klubuna həsr edən 50 yaşlı baş məşqçi Qurban Qurbanovun əməyi danılmazdır. 

 

Bu yazıda isə “Qarabağ”ın uğur qazanmasında yer alan gizli, pərdəarxası memarlardan bəhs edəcəyik. 

Sözsüz ki, komandanın uğur qazanmasında ən başlıca amillərdən biri də maliyyə dayaqlarının güclü olmasıdır. 

“Qafqazinfo” xəbər verir ki, 1993-cü ildə Ağdam işğal olunduqdan sonra “Qarabağ” da didərgin düşüb, komanda ciddi maliyyə sıxıntıları yaşayıb. “Köhlən atlar” maddi sıxıntılardan 2000-ci illərin əvvələrində xilas olub. Bu, 2001-ci ildə “Azərsun Holdinq”in komandaya sponsorluq etməyə başlamasından sonra reallaşıb. Həmin dövrdən klub “Qarabağ-Azərsun” adlandırılıb. 

Həmin illəri şirkətin rəhbəri, Ağdam klubun fəxri prezidenti Abdulbari Gözəl belə xatırlayır:

“Heydər Əliyev 2001-ci ildə məni çağırdı və dedi ki, klub al, adını “Qarabağ” qoy. Sonra Ağdam klubunun büdcəsi ilə maraqlandım. Dedilər ki, 32 min manatdır. Bildirdim ki, bunun 10 qatını verəcəyəm. Mənəvi cəhətdən “Qarabağ” bizim üçün çox önəmlidir. Çox şadam ki, çempionluqlar var. Futbolçularımıza təşəkkür edirəm. Bu günləri bizə yaşadan Qurban Qurbanova, Əmrah Çəlikələ təşəkkür edirəm. Ümid edirəm ki, məsuliyyətli işimizi davam etdirəcəyik”.

İki il sonra isə “Qarabağ-Azərsun”un rəhbər strukturunda bir sıra dəyişikliklər aparılıb və Abdulbari Gözəlin oğlu Tahir Gözəl komandanın vitse-prezidenti təyin edilib. Tahir Gözəlin kluba gəlişindən sonra “Qarabağ”ın tarixində yeni səhifə açılıb. Məhz Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə “Qarabağ”ın tarixi adı özünə qaytarılıb və komanda yenidən bu adla adlandırılmağa başlanıb, klubun loqosu yenidən dizayn edilib.

2015-ci ildən Ağdam klubunun prezidenti olan Tahir Gözəl İngiltərənin Şeffild Management, Fransanın Soup De Coup universitetlərinin məzunudur.

“Mən heç vaxt unuda bilmirəm ki, Londonda taksiyə minəndə sürücü məndən haralı olduğumu soruşdu. Dedim ki, azərbaycanlıyam. Deyəndə fikirləşdim ki, yəqin neft ölkəsi olduğumuza görə bizi tanıdı. Dedim neftimizə görə tanıyırsan? Dedi ki, yox! Onun “Qarabağ”ın “Rosenborq”u udduğuna görə Azərbaycanı tanıdığını deyəndə mənim hansı hallar keçirdiyimi təsəvvür edə bilməzsiniz. Bu, bizim qələbəmiz idi. Dünyaca məşhur Stiv Maklarenin “Siz, “Qarabağ”la fəxr etməlisiz” deməsi bizim üçün ən böyük hədiyyə idi. Demək, neçə illər çəkdiyimiz əziyyət boşa getməyib. “Qarabağ” Azərbaycanı beynəlxalq aləmdə tanınmasında az iş görmədi. Təbii ki, bu, bizim üçün son deyil” - Tahir Gözəlin müsahibələrinin birində səsləndirdiyi bu fikirlər 10 il əvvələ təsadüf edir. Müsahibədən 5 il sonra Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarix yazır.

“Qarabağ”ın hazırda vitse-prezidenti Fevzihan Arasdır.

O, eyni zamanda klubun İdarə Heyətininü üzvüdür. 2000-ci ildə “Azərsun Holdinq”də rəhbər vəzifədə çalışan iş adamının Ağdam klubuna gəlişi 2007-ci ilə təsadüf edir.

“Qarabağ”ın rəhbər heyətində yer alanlardan biri də Əmrah Çəlikəldir. O, Ağdam klubunun icraçı direktorudur.

1976-cı ildə Ankarada anadan olan Əmrah Çəlikəl, Türkiyədə Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman Fakultəsini bitirib. 1998-ci ildə isə Azərbaycana, ailəsinin yanına gəlib. Həmin illərdə Əmrah Çəlikəlin atası Bakıda “Azərsun Holdinq”də çalışıb. İxtisası idman müəllimidir, 10 ildən artıq basketbolla məşğul olub. O, Bakıya gəlişindən sonra atasının tövsiyəsi ilə “Azərsun”da satış departamentində staj keçməyə başlayıb.

“Qarabağ”a gəlişini isə belə xatırlayır:

“2003-cü il idi. “Azərsun” Qazaxıstanda nümayəndəlik açmışdı və orada işlərimiz yaxşı alınmadı. Bakıya qayıtdım və Tahir Gözəllə işləməyə başladım. Bir görüşümüzdə Tahir bəy məndən soruşdu ki, hansı universiteti bitirmisən, hansı işləri görə bilirsən. Özüm haqda ona məlumat verərkən idman akademiyasını bitirdiyimi qeyd etdim. Tahir bəy “Qarabağ”a yeni vitse-prezident təyin olunmuşdu. Heç düşünmədən klubda işləməyimi təklif etdi. Əlbəttə, mən də heç düşünmədən qəbul etdim. Deyə bilərəm ki, hər şey təsadüf nəticəsində alındı. Tahir bəy klubda işləməyimi məsləhət gördü, mən də bunu qürurla qəbul etdim.

“Azərsun Holdinq”də “Qarabağ”ın bir otağı vardı. Şirkətin baş ofisindəki otaqlardan biri klub üçün ayrılmışdı. Fəaliyətimizi orada davam etdirdik. Sonra otaqların sayı 2 oldu. Ardından bizə ayrı ofis verdilər. Mərkəz ofisin arxasında kiçik bir meydança vardı. Komanda müəyyən məşqlərini orada etməyə başladı. Daha sonra “Ruslan-93”ü icarəyə götürdük. Nəhayət, artıq bir müddətdi öz bazamız var. Göründüyü kimi, 1 otaqdan böyük bazayadək yolumuz keçdi. “Qarabağ”ın bir idarəetmə sistemi var”.

Komandada rəhbər vəzifədə çalışanlardan biri də Asif Əsgərovdur. O, Ağdam klubunun Baş meneceridir.

1981-ci ildə anadan olub. Azərbaycan Dovlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda Stokholm Biznes Universitetinin İdman Menecmenti fakültəsinin də məzunudur. 2004-cü ildən “Qarabağ”da çalışır. 2017-ci ildən Avropa Klublar Birliyinin İşçi Qrupunun üzvü, 2019-cu ildən isə İşçi Qrupunun katibidir.

“Təcrübə bilikdən daha vacibdi. Təbii ki, bu, o demək deyil ki, siz birini və ya digərini seçsəz, uğura zəmanət veriləcək. Onda biz hər il avrokuboklarda iştirak edən klub deyildik. Amma uğura psixoloji hazırlaşırdıq. Əvvəllər minimal hədəf avrokuboklara vəsiqə qazanmaq idi. O dövrün reallıqlarına baxanda bu, çətin idi. Amma Azərbaycan kubokunu qazanandan sonra uğurlarımız davamlı oldu. Bu, gələcək taleyimizi müəyyən edən bu qığılcım idi. Biz güclü, sabit kluba çevrilmişik. İlk çempionluğu 5 il gözlədik, amma səbirli olduq və işi məşqçinin öhdəsinə buraxdıq. Biz ildən-ilə təkcə idman baxımından yox, həm də mənəvi cəhətdən böyüyürdük, qələbələrə hazır olurduq” - Asif Əsgərov komandanın uğurlarından danışarkən deyir.

Aydın məsələdir ki, komandanın uğur qazanmasında əsas amillərdən biri də düzgün transfer siyasətidir. Bu iş əksər Azərbaycan klublarında düzgün aparılmır. Bəzən klub rəhbərləri baş məşqçidən xəbərsiz futbolçu transfer edirlər ki, bu problem də mövsümün gedişində özünü biruzə verir. Ancaq “Qarabağ”ın ən böyük özəlliyi isə futbolçuların məhz baş məşqçi Qurban Qurbanovun tərəfindən seçilməsidir. Bu iş birbaşa olaraq təcrübəli məşqçinin ixtiyarına buraxılıb və heç bir müdaxilə edilmir. Uğurun əsasında da məhz bu düzgün idarəçilik dayanır.

Emin Səfərov 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov