Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 13-ü gecə saatlarında Soçi şəhərinə gedib.
Müqəddəs Qriqori kilsəsində erməni miqrantlarla görüşən Paşinyan Ermənistanla Rusiya arasındakı qarşılıqlı münasibətlərin “qardaşlıq xarakterini” dəfələrlə vurğulayıb, Rusiya hakimiyyətinə erməni icmasının Rusiyada yaşamasına və işləməsinə imkan verəcək milli dostluq mühiti yaratdığı üçün təşəkkür edib.
Bununla belə, Nikol Paşinyan yeni erməni hökumətinin əsas strategiyasının ermənilərin vətənlərinə qayıtması üçün ilkin şərtlər yaratmaq məqsədi daşıdığını qeyd edib.
“Biz qardaş Rusiyaya sizin rahat yaşaya və işləyə biləcəyiniz mühit təmin etdiyi üçün təşəkkür edirik. Bununla belə, demək istəyirəm ki, sizin öz evinizə, Ermənistana qayıda bilməniz üçün də çalışacağıq”, - Paşinyan bildirib.
Erməni baş naziri varlı erməni iş adamlarını Ermənistan iqtisadiyyatına sərmayə qoymağa da çağırıb. O, “yeni Ermənistan”da hər bir investisiyanı dövlətin qoruyacağına və onlara qarşı heç bir təcavüz olmayacağına zəmanət verib.
Xatırladaq ki, Soçidə keçiriləcək Avrasiya İttifaqı zirvəsində Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə də görüşü nəzərdə tutulub.