Xəbər lenti



Milli Məclisin deputatları ulu öndər Heydər Əliyevin zəngin irsini təbliğ edəcəklər.

“Report” xəbər verir ki, bu barədə parlamentin Aqrar siyasət komitəsinin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb.

Sənəddə qeyd edilib ki, sessiya ərzində 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar yerlərdə görüşlər keçirmək və ulu öndərin zəngin irsinin təbliğ etmə nəzərdə tutulur.



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq.

 “Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib:

“360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.



Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
 
"Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.
 
Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.
 
Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, "Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, "Ekoloji cinayətə son!”, "Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
 
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
 
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
 
"Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan "Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də "Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
 
1986-cı il təvəllüdlü E.Niyazov "Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.


Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko deyib ki, ölkəsi Belarusdan gələ biləcək təhlükələrin qarşısını almağa hazırdır.
 
Onun sözlərinə görə, hökumətin və hərbçilərin bununla bağlı konkret fəaliyyət planı mövcuddur.
 
Nikolenko onu da deyib ki, Rusiya bütün imkanları ilə Belarusu birbaşa müharibəyə çəkməyə çalışır.
 
"Ukrayna Minskə növbəti istənilən aqressiv planlara qarşı xəbərdarlıq edir. Biz öz tərəfimizdən Belarusa qarşı hər hansı təcavüzkar niyyətin olmadığını təsdiq edirik”, - deyə o vurğulayıb.
 
Onun sözlərinə görə, Ukrayna hadisələrin istənilən inkişafına hazırdır və yalnız BMT Nizamnaməsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan yararlanmaqla hərəkət edəcək.


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, 10 075 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.

Ölkədə son sutka ərzində 2 908, hazırkı dövrədək isə 7 475 435 test aparılıb.



“May ayında keçiriləcək prezident seçkiləri Türkiyənin taleyini həll edəcək. Yəni, Cümhuriyyətin 100 illiyində keçiriləcək seçki Cümhuriyyət tarixinə qızıl hərflərlə yazılacaq”.

Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev Türkiyədə keçiriləcək prezident seçkiləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, təbii ki, bu seçkidə Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanın alternativi “6-lar” adlandırılan qüvvələr olacaq:

“Yəni, burda əsas rol oynayan Meral Akşener, Kamal Kılıçdaroğlunun erməni kökənli olmaları iddia edilir. Ümumiyyətlə, bunların türklüyü yoxdur. Aydındır ki, HDP də PKK-nın təmsilçisidir. Bunlar özləri belə bir araya gələ bilmirlər. Meral Akşenerlə CHP başqanı Kamal Kılıçdaroğlu arasında çox ciddi qarşıdurma var. Meral Akşenerin Türkiyə siyasətinə necə düşdüyü məlumdur, indi xalqı ətrafına toplamaqla özünü duruya çıxarmaq istəyir. Kamal Kılıçdaroğlunun isə özünə götürdüyü soyad saxtadır. Bu adamın əsl soyadı Karabulutdu, anası erməni, atası kürddür. Heyf Atatürkdən ki, onun partiyasına indi belə bir soykökü qarışıq olan, türkə nifrət edən adam rəhbərlik edir”.

C.Nuriyevin dediyinə görə, Ərdoğanın yanında olan kürdlər var ki, türkdən daha çox türkdür:

“Yəni, burda söhbət millətdən yox, Kamal Kılıçdaroğlunun tutduğu mövqedən gedir. O, daha çox erməni mövqeyindən çıxış edir. Qısa demək olar ki, Türkiyədə bu “6-lıq”ın heç bir rolu yoxdur. Bilirsiniz ki, numerologiyaya görə “6” həm də şeytan rəqəmidir. Bu “6-lıq”dan çıxsa-çıxsa bir şeytanın namizəd çıxa bilər. Ərdoğan isə heç də zəif deyil. Hazırda o, ilk “10-luq”da oturan, dünyanın siyasi arxitekturasını formalaşdıran bir siyasətçidir. Ona görə də, Ərdoğanla istər debatlarda olsun, istərsə də seçkidə, kiminsə üz-üzə gəlmək ehtimalı yoxdur. İndidən demək olar ki, Ərdoğan bu seçkilərdə 65-75% səs yığacaq. Hələ təbliğat başlamamış bunu proqnozlaşdırıram. Amma səs sayı çox da ola bilər”.

Cümşüd Nuriyev vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin və bütün Türk dünyasının lideridir: “Azərbaycan da maraqlıdır ki, Türkiyədə Ərdoğan qalib olsun”.

Nuranə Daxilqızı



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yanvarın 23-də saat 10:00-dan ms.sosial.gov.az portalı üzərindən onlayn satışı başlanan mənzillərdən artıq böyük hissəsi bron edilib.

Nazirlik mənzilləri bron etmiş şəxslərin nəzərinə çatdırır ki:

• bron etdikləri vaxtdan 10 gün ərzində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onların hər biri ilə fərdi qaydada əlaqə saxlanılacaq və mənzilin alqı-satqı vaxtı və yeri barədə onlara məlumat veriləcək;

• portalda seçdiyi mənzili bron etmiş şəxs tərəfindən həmin mənzilin dəyəri tam ödənilərək notarial qaydada alqı-satqı müqaviləsi imzalanacaq;

• alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək;

• bir mənzili 3 şəxs bron edə bilər, əgər ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə və ya onunla alqı-satqı prosesi baş tutmadıqda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.

Xatırladaq ki, satışa çıxarılan mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.

Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

Yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat əldə etmək olar.

 

 

 



Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 44 gündür davam edir.



“Rusiya həm Azərbaycan, həm də Ermənistanla dialoq üzrə apardığı çox əziyyətli və mürəkkəb işi davam etdirir”.

 

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli razılaşmaların və sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Həm Azərbaycan, həm də Ermənistanla dialoq üzrə apardığı çox əziyyətli və mürəkkəb işi davam etdirir”, - deyə Kreml nümayəndəsi qeyd edib.

Mənbə: TASS

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov