Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ dünyanın bütün mütərəqqi qüvvələrini, o cümlədən dünya azərbaycanlılarını da səfərbər edib.
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya, İsveç, Macarıstan, Niderland, Polşa, Estoniya, Ukrayna, Gürcüstan, Yunanıstan, Rusiya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman Sultanlığı və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları Türkiyənin diplomatik missiyaları vasitəsilə zəlzələ qurbanlarının ailələrinə başsağlığı verməklə yanaşı, həm mənəvi, həm də maddi cəhətdən qardaş ölkənin yanında olduqlarını nümayiş etdirirlər.
“Səninləyik, Türkiyə!” çağırışı ilə yardım kampaniyasına qoşulan soydaşlarımız Türkiyə səfirliklərinin və yardım fondlarının hesablarına pul köçürür, ərzaq, geyim, yataq dəstləri, tibbi ləvazimatlar və gigiyena vasitələrindən ibarət humanitar yardımları diplomatik missiyaların və türk icmalarının vasitəsilə zəlzələ bölgəsinə göndərirlər.
Dünya azərbaycanlıları əmindirlər ki, qüdrətli Türkiyə dövləti və xalqı bu dağıdıcı təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracaq.