Xəbər lenti

Eldar Quliyev: “Zəngin təbii ehtiyatları və əlverişli geostrateji mövqeyi ilə hər zaman Qərbin diqqətini cəlb edən Cənubi Qafqazda güclü və müstəqil Azərbaycanın mövcudluğu xarici qüvvələrin məkrli planlarını alt-üst edib”

Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli” ölkəmizin daha bir neçə parlaq Qələbəsi ilə əlamətdar oldu. İlk növbədə Azərbaycan öz legitim hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi. Heç şübhəsiz bu, ölkəmizin növbəti möhtəşəm siyasi Qələbəsi idi. Lakin Ermənistanın davam edən təxribatçılıq və düşmənçilik siyasəti Azərbaycan dövlətini Qarabağ bölgəsində özünün konstitusiya quruluşunu bərpa etmək üçün növbəti əməli addımlar atmaq məcburiyyətində qoyurdu. Nəhayət 19 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin və onun qanunsuz silahlı bölmələrinin buraxılmasına nail oldu. Son üç il ərzində rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixində imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırmaqla, ölkəmizə qarşı siyasi təxribatlar və qanlı diversiyalar törətməklə, insanlıq əleyhinə cinayət kimi qiymətləndirilən mina terroru siyasətini davamlı şəkildə həyata keçirməklə Azərbaycanı növbəti dəfə öz gücünü göstərməyə məcbur etdi.

Təbii ki, bütün bu hadisələrin fonunda Azərbaycanın iqtisadi inkişaf yolu ilə uğurlu irəliləyişi yüksək dinamika ilə davam edir, ölkəmizin beynəlxalq nüfuzu getdikcə yüksəlir. Azərbaycanın bilavasitə iştirakı ilə regional və qlobal miqyaslarda gedən proseslərin intensivliyi və mütərəqqi dinamikası, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və mühüm beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasət kursuna dünyada marağın son dərəcə böyüməsi, ölkəmizlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ölkələrin sayının getdikcə artması suveren respublikamızın artan gücünü nümayiş etdirən amillər kimi çıxış edirlər.

Bugünkü buraxılışımızda yuxarıda toxunduğumuz vacib məsələlər, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandıracaq.

- Xoş gördük Sizi, Eldar müəllim. Sizinlə bu dəfəki görüşümüz həqiqətən də mühüm tarixi əhəmiyyət kəsb edən hadisələrin fonunda baş verir. Təkcə oxucularımızı deyi, bütün ölkə ictimaiyyətini son dərəcə maraqlandıran məsələlər barədə bizimlə fikirlərinizi bölüşməyə razılıq verdiyiniz üçün Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.

- Xoş gününüz olsun. Həqiqətən də Azərbaycan bu il, bütün xalqımız üçün xüsusi önəm kəsb edən Heydər Əliyev İlində sözün əsil mənasında Zəfər yürüşünü davam etdirir. Təbii ki, ölkəmizdə və regionda gedən bu tarixi hadisələr barədə danışmaq, fikir söyləmək mənim üçün də çox xoşdur və inanıram ki, bugünkü söhbətimiz də məzmun baxımından kifayət qədər dolğun və maraqlı olacaq.

- Etiraf edim ki, ilk sualımı son günlər şahidi olduğumuz möhtəşəm tarixi hadisələrlə, Azərbaycanın keçirdiyi antiterror tədbirləri və onun nəticələri ilə bağlamaq istəyirdim. Amma bu da bir danılmaz həqiqətdir ki, bizim bugünkü qələbələrimiz də məhz üç il bundan öncə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərimizin davamıdır. Buna görə də düşünürəm ki, söhbətimizə girişi də elə 27 sentyabr – Anım günü ilə bağlı mövzudan etmək daha ədalətli olar...

- Tamamilə sizinlə razıyam. 2020-ci ilin sentyabr ayının 27-si həqiqətən də Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin şanlı tarixinin ən şərəfli səhifələrinin yazılmağa başlandığı gündür. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si tarixinin Azərbaycanda Anım Günü kimi təsis edilməsi də xüsusi bir anlam kəsb edir. Məsələ bundadır ki, bu gün Azərbaycan üçün sözün əsil mənasında tarixi bir qərarın qəbul edildiyi gündür. Bu gün Azərbaycan xalqının möhtəşəm Zəfər yürüşünə başladığı, bu yolda ilk addımını atdığı gündür. Şəhidlərimiz isə öz qanları bahasına bizi bu yolun sonundakı Zəfərə gətirdilər. Azərbaycan bu yolda çox şəhidlər verdi və xalqımız öz qəhrəman övladlarını qəlbində əbədi olaraq yaşadacq, onların xatirələri əsrlər boyunca hər gün, hər saat anılacaq. Məhz buna görə də möhtərəm cənab Prezidentimiz bu sərəncamla şəhidlərimizin xatirəsinə və eyni zamanda da Vətən müharibəsinin qazilərinə və bütün iştirakçılarına ən yüksək ehtiramı ifadə edib.

- Eldar müəllim, Azərbaycan 30 il səbr etdi, beynəlxalq təşkilatların, dünya güclərinin sülh yolu ilə münaqişənin həllinə nail olacaqlarına, torpaqlarımızın qan tökülmədən geri qaytarılacağına ümid bəslədi, inanmaq istədi. Amma bu gözləntilər özünü doğrultmadı. Sonda yenə də güc amili önə çıxdı. Niyə bu baş verdi?

- Vətən müharibəsinin başladığı günə qədər keçən 30 ilin təcrübəsi göstərdi ki, beynəlxalq hüquq normaları heç də bütün ölkələrə eyni qaydada şamil olunmur. Güclü dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları isə icra etmirlər. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin bütün bu illər ərzində icra olunmaması da bunu bir daha təsdiq etdi. Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında bu tendensiyanın ədalətsiz və eyni zamanda təhlükəli olduğunu dəfələrlə vurğulamışdır. Sonda bu da məlum oldu ki, sən demə vasitəçilik missiyasını üzərinə götürmüş bir çox ölkə və beynəlxalq təşkilatların məqsədi heç də münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası deyilmiş. Bütün bu qüvvələr sadəcə münaqişənin dondurulmasına, ölkəmizin və xalqımızın işğal faktı ilə barışmasına çalışırmışlar. Lakin Azərbaycan bununla barışa bilməzdi. 2020-ci ilə qədər keçən dövr ərzində Ölkə Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi.

- Amma qarşı tərəf bu xəbərdarlıqların ciddiliyinə inanmadı...

- Bilirsiniz, Ermənistan müstəqil siyasət yürüdə bilən dövlət deyil, de-fakto bu ölkə ümumiyyətlə müstəqil deyil. Cənubi Qafqazda maraqları olan istənilən xarici qüvvə müəyyən şərtlər daxilində Ermənistanın siyasətini istiqamətləndirə bilər. Təbii ki, Aərbaycanla hərbi-siyasi qarşıdurma da həmin qüvvələr tərəfindən yönəldilirdi. Bu gün də o qüvvələr hələ ki, öz niyyətlərindən tam əl çəkməyiblər. Məsələ bundadır ki, zəngin təbii ehtiyatları və əlverişli geostrateji mövqeyi ilə hər zaman Qərbin diqqətini cəlb etmiş Cənubi Qafqazda güclü və müstəqil Azərbaycanın mövcudluğu bu qüvvələrin məkrli planlarına heç çür uyğun gəlmir. Ermənistan isə öz havadarlarının təhrikinə və yalan vədlərinə uyaraq Vətən müharibəsindən xeyli əvvəl ona edilən xəbərdarlıqları düzgün qiymətləndirə bilmədi. Əksinə, ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürdü, regionda hegemonluğunu təsdiq etmək üçün davamlı olaraq terror və diversiya aktları həyata keçirdi, atəşkəs rejimini mütəmadi olaraq kobud şəkildə pozdu. Nəhayət 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini yenidən pozan Ermənistanın işğalçı ordusu bütün cəbhə boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı.

- Eldar müəllim, əlbəttə ki, xarici qüvvələrin Ermənistanın siyasətinə müdaxiləsi birmənalıdır və bu gün artıq heç kimdə şübhə doğurmur. Lakin bir həqiqəti də danmaq olmaz ki, ermənilər özləri də Cənubi Qafqazda, Azərbaycan torpaqlarında məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik siyasəti aparıblar. Bu barədə nə deyə bilərsiz?

- Bilirsiniz ki, ermənilər XIX əsrin əvvəllərində çar Rusiyasının siyasətinə uyğun, Rusiya-İran müharibələrinin nəticəsi olaraq Qarabağa köçürülmüşlər. Yəni bu tarixi fakt bir daha təsdiq edir ki, erməni etnosu hər zaman dünya güclərinin əlində marionet rolunu oynayıb. Rus imperiyasının özünün cənub sərhədlərində forpost yaratmaq planları isə, onlara nəhayət ki, öz dövlətlərini yaratmaq şansı verib. Təbii ki, dövlət qurmaq üçün ilk növbədə ərazi tələb olunur. Ermənilərin isə, heç zaman öz torpaqları olmayıb. Buna görə də Cənubi Qafqaza, Azərbaycan ərazilərinə kütləvi köç onlar üçün əsil hədiyyə oldu. Üstəgəl Rusiya bu torpaqlarda erməni dövlətinin yaradılmasını da təmin etdi. Bax elə bundan sonra ermənilərin əsrlər boyu mürgüləyən ambisiyaları oyandı. Sülhsevər, qonaqpərvər azərbaycanlıları sıxışdıraraq bu ərazilərdə özlərinə “böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün bu gəlmələr tarixi saxtalaşdırmaqdan tutmuş, yerli əhalinin qətliamına qədər bütün üsullara əl atmağa başladılar. Tarixi torpaqlarımızda məskunlaşdıqları ilk gündən etibarən ermənilər Azərbaycan toponimlərini dəyişməklə, münbit əraziləri ələ keçirməklə və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaqla məşğul olublar. Zaman keçir, ölkələrin dövlət quruluşu, siyasi sistemlər dəyişir, ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti isə qətiyyən dəyişmirdi. Rusiya inqilabları fonunda erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalmışdır. Məhz həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Həmçinin sovet dönəmində də xalqımıza qarşı bu siyasət davam etmişdir. Təkcə 1948-1953-cü illərdə Ermənistandakı tarixi torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə, daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

- Sovet imperiyasının süqutu və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsi də sanki ermənilərin öz işğalçı siyasətlərini artıq yeni formatda davam etdirməklərinə yeni fürsət vermiş oldu. Mənimlə razılaşırsınızmı?

- Tamamilə razıyam. Həmin dönəmdə Azərbaycanın ən böyük bədbəxtliyi, ermənilərin isə ən böyük şansı onda oldu ki, sovet formasiyasının son, müstəqilliyimizin isə ilk illərində ölkə rəhbərliyində Ümummilli Lider Heydər Əliyev olmadı. Məhz bu amil torpaqlarımızın geniş miqyasda işğalına yol açdı. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1994-cü ilə qədər xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdıldı, dinc əhali kütləvi şəkildə amansızcasına qətlə yetirildi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Bundan başqa Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbələr vurmuşdur. Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Qeyd etmək lazımdır ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmiş və Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

- Eldar müəllim, düşünmək olardı ki, II Qarabağ savaşının nəticələri Ermənistanın vəziyyətə yeni baxış formalaşdırmasına səbəb olacaq. Amma həmin tarixi gündən, Azərbaycanın qələbəsindən keçən üç il ərzində müşahidə etdiyimiz proseslər bunun tam əksini göstərdi. Ölkəmizə qarşı təxribatlara, diversiyalara son qoyulmadı. Sizcə hadisələrin məhz bu məcrada inkişafında yenə də xarici təhrikçilər əsas rol oynadılar, yoxsa bu artıq rəsmi İrəvanın öz mövqeyi idi?

- Mən az öncə də qeyd etdim, bir daha təkrar edirəm. Ermənistan bu gün nə iqtisadi, nə də siyasi cəhətdən müstəqil dövlət deyil. Bu ölkənin suverenliyi sırf formal xarakter daşıyır. Belə olan halda Ermənistanın hansısa mövqeyindən danışmaq nə dərəcədə düzgündür? Daha doğrusu mövqe var, sadəcə olaraq bu mövqe şahmat lövhəsi üzərindəki fiqurların mövqeyi kimi, bəlli oyunçular tərəfindən müyyən edilir və dəyişdirilir. Cənubi Qafqazda əsas oyunçu olmaq arzusunda olan qüvvələr isə kifayət qədərdir. Buna görə də son üç ildə müşahidə etdiyimiz proseslərin, yəni ermənilərin davranışının səbəblərini təhlil edərkən bir çox faktorlar nəzərə alınmalıdır. Burada Rusiya amili, İran amili, ABŞ və Fransanın timsalında Qərb amili, həmçinin daxili separatçı-revanşist qüvvələr, müxalifət amili də nəzərə alınmalıdır. Hərçənd Ermənistanın müxalifəti də iqtidarı kimi, eynilə xaricdən idarə olunur. Xarici qüvvələrin böyük əksəriyyəti isə Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olmasında maraqlı deyillər. Xüsusən də güclü və müstəqil Azərbaycanın liderliyi ilə. Məhz bütün bunlar Vətən müharibəsi başa çatandan sonra keçən üç il ərzində Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan boyun qaçırmasını, ölkəmizə qarşı siyasi təxribatlar və silahlı diversiyalar, mina terroru ilə müşayiət olunan düşmənçilik siyasətini davam etdirməsini şərtləndirən əsas amillər kimi çıxış ediblər. Yeganə istisna kimi son hadisələrin gedişində, Azərbaycan antiterror əməliyyatlarını keçirərkən Paşinyanın ağıllı davranaraq proseslərə müdaxilə etməkdən çəkinməsini qeyd edə bilərik. Bununla rəsmi İrəvan son otuz ildə bəlkə də ilk dəfə həqiqətən də erməni xalqının maraqlarına uyğun addım atmış oldu. Əks halda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini və bunun erməni xalqını hansı fəlakətlərə sürükləyə biləcəyini təsəvvür etmək çətin deyil.

- Biz əlbəttə ki, irəlidə antiterror tədbirləri barədə daha ətraflı danışacağıq. Lakin bundan öncə mən istərdim ki, xarici qüvvələrin Cənubi Qafqazda gedən proseslərə müdaxilə cəhdləri mövzusunu bir qədər də inkişaf etdirək. Xüsusilə bu baxımdan Fransanın qeyri-adekvat mövqeyi diqqəti cəlb edir...

- Fransa tarixən Cənubi Qafqazda nüfuz sahibi olmağa can atan ölkələrdən olub. Amma bu baxımdan hər zaman Rusiyaya uduzub. Xüsusilə SSRİ dönəmində ittifaqı əhatə edən “dəmir pərdə” hər hansı bir Qərb ölkəsinin nəinki Cənubi Qafqaza, həmçinin Mərkəzi Asiya, Baltikyanı ölkələr regionuna da müdaxiləsini istisna edirdi. Sovet İttifaqının dağılmasından sonra isə vəziyyət dəyişdi. Bundan sonra Qərb ölkələri keçmiş SSRİ-nin müxtəlif bölgələrində mövcudluqlarını təmin etmək üçün nüfuz savaşına başladılar. Lakin Cənubi Qafqazda 1993-cü ildən sonra artıq yeni bir oyunçu da bu proseslərə qatıldığını bəyan etdi və regional liderliyə ən iddialı aktor kimi, qısa müddətdə bütün dünyanın diqqətini özünə cəlb edə bildi. Söhbət əlbəttə ki, Azərbaycandan gedir. Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə gəlişi ilə xarici düşmən qüvvələrin Azərbaycanı kiçik marionet dövlətlərə parçalamaq planları alt-üst oldu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” isə, ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin əbədiliyini təmin edən əsas amillərdən birinə çevrildi. Təbii ki, belə olan vəziyyətdə bəzi Qərb ölkələri, o cümlədən Fransa öz məqsədləri üçün ambisiyalı və asan idarə olunan Ermənistandan istifadə etmək şansından yararlanmağa çalışdılar. 2020-ci ilə qədər torpaqlarımızın işğal altında saxlanmasına sadəcə göz yumulması deyil, faktiki dəstək verilməsi də Azərbaycanı zəif salmaq, ölkəmizə təsir rıçaqları əldə etmək məqsədi güdürdü...

- Həm də Fransa uzun illər bu siyasətini maskalanmış şəkildə həyata keçirə bilirdisə, bu gün artıq hər kəsin siması açıq-aydın görünməkdədir.

- Tamamilə doğrudur. Mən xüsusilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayının 5-də Bakıda keçirilən nazirlər görüşündə çıxış edən cənab Prezident İlham Əliyevin bu məsələyə dair ifadə etdiyi fikirlərini qeyd etmək istəyirəm. Möhtərəm dövlət başçımız öz mesajını açıq mətnlə hər kəsin diqqətinə çatdıraraq bildirdi ki, Fransa kimi özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən, əslində isə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyən, Qəmər adalarının Mayot adası üzərində suverenliyini, həmçinin Yeni Kaledoniya xalqının, eləcə də özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarını kobud şəkildə pozan bir ölkənin BMT Təhlükəsizlik Şurasında beş əsas söz sahibindən biri olması bu ali orqanın nüfuzuna qətiyyən hörmət gətirə bilməz. Həqiqətən də Fransa bu gün özünün neokolonializm siyasətini davam etdirməyə çalışır və bu, çox təhlükəli bir tendensiyadır. Son vaxtlar Fransa mediasında müəyyən etnik azlıqlara qarşı irqçi fikirlər davamlı və geniş şəkildə yayılmaqdadır. Rəsmi şəxslərin və hətta parlament üzvlərinin irqi nifrət xarakterli çıxışları getdikcə artır. Təbii ki, belə bir ölkənin Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində hansısa addımlar atacağını gözləmək olmaz. Lakin bu, necə deyərlər, Fransanın öz problemidir. Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqazda liderliyini təsdiq edib və bu mövqeyini getdikcə daha da möhkəmlətməkdə davam edir. Bu gün isə, öz ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycanın razılığı və iştirakı olmadan regionda ümumiyyətlə heç nə baş verə bilməz.

(ardı var...)

Söhbətləşdi: Azər Məmmədov
aia.az

Azərbaycanın yardımı Qarabağ ermənilərinə belə çatdırıldı (VİDEO)

 

Azərbaycanın Qarabağda yaşayan erməni əhali üçün göndərdiyi humanitar yardım Rusiya sülhməramlıları tərəfindən təhvil alınıb.

Gununxeberi.az -in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Qarabağ ermənilərinə Azərbaycan yardımını necə çatdırdığını göstərib.

Belə ki, Azərbaycan tərəfindən göndərilən yardım Rusiya sülhməramlıları tərəfindən qəbul edilib, bazaya boşaldılıb və daha sonra erməni əsilli sakinlərə paylanması təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılıb və əhaliyə paylanılacaq.

 
fexreddin-manafov-xankendi-ile-bagli-arzusunu-aciqladi

 

“Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu, mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Bu qədər sevinmək isə yəqin ki, hər bir insanın taleyinə düşmür”.

“Gununxeberi.az ” xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov İctimai TV-nin efrində yayımlanan ”Sabahın xeyir, Azərbaycan” verilişində deyib.

“Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət doğulduğum o Xankəndinə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı öpüb, gözümə qoyacağam”.


agdereden-cixan-ermeniler-yolu-minalayib

 

Erməni separatçılar uzun illər işğal altında saxladıqları ərazilərimizi tərk edərkən yenə də mina terroru törədiblər.

“Bizimaz.az ” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, görüntülərdə Ağdərə ərazisi olduğu bildirilən yola çox sayda minalar basdırıldığı görünür.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

 

 
 
b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1111111111.jpg


 







Günü-gündən yenilənən, dəyişən Azərbaycan gəncliyinin həyat məramının qurulmasında vasitəçi olmağa çalışan "Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin "Təhsil qolu" 5 ildir ki, ata himayəsindən məhrum abituriyentlərin təhsil həyatında dönüşüm yaradacaq geniş miqyaslı "Təhsil təqaüdü" layihəsini həyata keçirir.

 

Sentyabrın 13-ü Nizami kino mərkəzində Birliyin "Elm ümmandır" təhsil təqaüdü layihəsinin sosial hesabat tədbiri keçirilib. Tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, millət vəkilləri, müxtəlif universitetlərdən pedaqoq heyəti, həssas qrup nümayəndəsi valideynlər və övladları iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd il ərzində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında ictimaiyyətin məlumatlandırılması və növbəti tədris ilində layihənin genişləndirilməsi istiqamətində görüləcək işlərin təqdim edilməsi olub.

Öncə dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi dua ilə yad olunub.

Daha sonra "Cığır" MDİD İB-nin sədri Yeganə Mirzəyeva çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, bu layihəyə dəstək göstərən hər kəsə öz təşəkkürünü bildirib.

Tədbirin aparıcıları 2022-2023-cü il üzrə Birliyin "Elm ümmandır" təhsil təqaüdünün ərsəyə gəlməsində müstəsna rolu olan sosial sahibkarlıq layihələri və "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsinin fəaliyyəti haqqında geniş məlumat verib və bununla bağlı layihə çərçivəsində görülən işlərə dair video-çarxlar izlənilib.

 Tədbirdə "Elm Ümmandır" təhsil layihəsinə il ərzində yaxından dəstək göstərən özəl və dövlət qurumlarına, sosial sahibkarlıq layihələrinin ölkə daxilində keçirilən müxtəlif satış-sərgi yarmarkalarında təqdimatının təşkil olunmasında önəmli rol oynayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəliyi, Birliyin sosial sahibkarlıq layihələrinin könüllü komandasına, xüsusilə də hədəfi təhsilə dəstək olan "Qutabdan kitaba" layihəsinin iştirakçısı, həssas qrup nümayəndəsi xanımlara,  “Təhsil təqaüdü” layihəsinin rəhbəri Günel Abdulməcid və komanda heyətinə təşəkkürnamə təqdim olunub.

Sonda bu il Təhsil təqaüdü hesabına ali məktəbə qəbul olan gənclər İctimai Birlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Qeyd edək ki, gənclərin bir neçəsinə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məzahir Əfəndiyev və Razi Nurullayev təqdim edib.

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_55555.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_7777.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_444444.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_222222.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_3333.jpg
b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_f02639f6-31d6-4868-ae9e-e6db22dbf126.jpg


 











Ermənistan və onun riyakar havadarları BMT Təhlükəsizlik Şurasının iclasına böyük ümidlərlə qatılsa da, nəticə olmadı və Azərbaycan onlara əsl “dərs verdi”. Təhlükəsizlik Şurasının növbəti dəfə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin bu mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbə olduğu Azərbaycan tərəfindən bəyan olundu.


Rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmaq barədə öhdəlikləri bir daha beynəlxalq tərəfdaşlara xatırlatdı.
İlk növbədə bu platforma Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərilə bağlı hüquqi, siyasi və hərbi nöqteyi-nəzərdən bütün reallıqları çatdırmaq üçün bir imkan oldu. Məsələyə münasibət bildirən ölkələrin mövqeyi isə göstərdi ki, Təhlükəsizlik Şurasındakı müzakirələrin çağırılmasının kökündə duran əsas səbəb məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşmadır. Rəsmi Bakı növbəti dəfə bu yanaşmanı darmadağın etdi. Üstəlik, müzakirələr zamanı erməni havdarları Bakının ünvanına əsassız ittihamlar səsləndirəndə artıq Yevlaxda erməni əsilli sakinlərlə dialoq baş tutmuş, reinteqrasiya planı qarşı tərəfə təqdim olunmuşdu. Azərbaycan Xarici işlər nazirinin də bəyan etdiyi kimi, Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin olunmasına dair zəmanət verilir. Rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyi qətiyyətlidir. Təhlükəsizlik Şurasında bəyan olundu ki, etnik erməni sakinlər Azərbaycanın sülhsevər birgə yaşayış modelinin bir hissəsi olmağa dəvətlidir.
BMT-dəki müzakirələr bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıq ölkə kimi Azərbaycanın növbəti təqdimatı oldu. Ermənistan isə diplomatik cəbhədə növbəti ağır məğlubiyyətini yaşadı.

Gununxeberi.az 


Kamaləddin Qafarov: “ Təhrikçi xarici qüvvələr Ermənistanı fəlakətə aparır ”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində ölkəmizin 2023-cü il sentyabrın 19-20-də apardığı lokal antiterror tədbirlərinin nəticələri, bu əməliyyatın Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın əldə olunması baxımından əhəmiyyəti, eləcə də region ölkələrinin, xüsusilə Azərbaycan və Ermənistanın bundan sonra sülh və qarşılıqlı etimad şəraitində yaşama ehtimallarının dəyərləndirilməsi ilə bağlı mühüm açıqlamalar vermişdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, hər zaman olduğu kimi, möhtərəm dövlət başçısının açıqlamaları dərin siyasi təhlilə, obyektiv qiymətləndirmələrə əsaslanmışdır. “Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycanın uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və istər Ermənistan, istərsə də onun təhrikçi havadarları rəsmi İrəvanın 10 noyabr bəyannaməsinin şərtlərindən irəli gələn öhdəliklərinə əməl etmədikcə və Azərbaycana qarşı terror siyasətindən əl çəkmədikcə belə bir sonluğun gec-tez qaçılmaz olacağı barədə dəfələrlə xəbərdarlıq almışdılar. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qalırdı. Bu günə qədər Ermənistanın təxribatları nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş, ya da ki, ağır yaralanmışdır. Sonuncu dəfə, sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı həlak olmuşdur. Azərbaycan bütün bunlara sonsuza qədər dözə bilməzdi. Buna görə də elə həmin gün cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı, qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı.”

Deputat bildirib ki, mülki vətəndaşlara zərər verilməməsi ilə bağlı Ali Baş Komandanın tapşırıqlarını maksimal dəqiqliklə yerinə yetirən Azərbaycan Ordusu bu əməliyyatların gedişində də yüksək peşəkarlıq nümayiş etdirdi: “Öz çıxışında dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, antiterror tədbirləri nəticəsində Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmiş, düşmənin hərbi texnikası sıradan çıxarılmış və ya ələ keçirilmişdir. Antiterror tədbirlərini səciyyələndirən ən mühüm məqamlardan biri də budur ki, əməliyyat başlamazdan əvvəl Ali Baş Komandan İlham Əliyev bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq vermişdi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Artıq sentyabrın 20-də, səhər saatlarında beynəlxalq tərəfdaşlardan daxil olan məlumatlarda qanunsuz silahlı birləşmələrin Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqları bildirildi. Bu şərtləri isə cənab Prezident İlham Əliyev əməliyyatlar başlanan gün Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə telefon danışığının gedişində çatdırmışdı. Qeyd edək ki, bu danışığın təşəbbüskarı da məhz Dövlət katibi A.Blinken olmuşdu. Onun sorğusuna cavab olaraq dövlətimizin başçısı bildirmişdi ki, antiterror tədbirlərini dayandırmaq üçün Ermənistan ordusunun Azərbaycan ərazisində qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Əks-təqdirdə əməliyyatlar bu məqsədlərə nail olunana qədər davam edəcək.”

K.Qafarov Prezident İlham Əliyevin Qarabağın erməni əhalisinə tarixi şans verdiyini vurğulayaraq deyib: “Mahiyyət etibarı ilə, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan və Qarabağda yaradılmış qanunsuz xunta rejimi eyni zamanda bu bölgənin erməni əhalisini də girovluqda saxlamışdı. Bu gün isə Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. Erməni əhalisi bu şansı əldən verməməli və dövlət başçımızın məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan təklifini qəbul etməlidirlər. Digər tərəfdən isə, Prezident İlham Əliyevin çıxışında Ermənistan ilə də münasibətlərin normallaşdırılmasına dair konkret təkliflər yer almışdır. Bunun üçün Ermənistan revanşist fikirlərlə yaşamadığını inandırıcı şəkildə göstərməlidir. Əgər təhrikçi xarici qüvvələr regional vəziyyəti gərginləşdirmək niyyətlərindən çəkinsələr, Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyərək, sülh müqaviləsini imzalaya bilərlər. Bundan sonra isə, möhtərəm dövlət başçımızın dediyi kimi, Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında çalışmalara başlamaları daha real perspektiv kimi gündəmə gələ bilər”.



Qərbi Azərbaycan İcması Avropa Parlamentinin deputatlarının son günlər verdikləri qərəzli açıqlamalarla bağlı bildirir ki, Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb.

Bu, icmanın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və bu qəbildən olan deputatların düşdüyü durum acınacaqlıdır:

“Müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir”.



QS European University Rankings 2024” açıqlanıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropada 349-cu, Qərbi Asiyada 14-cü, Azərbaycanda isə 1-ci yerdə qərarlaşıb.

QS European University Ranking 5-i əsas, 7-si isə ikinci dərəcəli olmaqla 12 göstərici əsasında müəyyən edilir.

UNEC akademik nüfuzuna görə Avropada 198-ci yerdədir. Bu göstərici 144 000 akademik heyətin rəyi əsasında müəyyən edilib. İşəgötürən reputasiyasına görə UNEC Avropada 195-ci yerdədir. Bu nəticə 98 mindən çox işəgötürən arasında keçirilən sorğu əsasında əldə edilib.



Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

 
 

 

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.

 

 




 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov