Xəbər lenti



Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir.



Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən baş verib. Avtomobildə olan hərbçilər həlak olub.

Məlumata görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.

***

Sülhməramlıların avtomobilinin atəşə tutulması nəticəsində 8 hərbçi həlak olub.

Bu barədə Teleqram kanallarında məlumat yayılıb.



44 günlük müharibə başlayandan sonra Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində və xarici mediaya verdiyi müsahibələrdə açıqca göründü ki:

- O, Nikolun Şuşaya gəlib, rəqs etməsinə dözmürmüş;

- Ermənistanın qalib ədasını heç bir şəkildə qüruruna sığışdırmırmış;

- Erməni riyakarlığına, bu gün vəd verib, sabah sözündən qaçmaq minüzlülüyünə dözmək fikrində deyilmiş...

Azərbaycanlılar bütün platformalarda danışır, əsəbiləşir, əsib-coşurdular – ancaq İlham Əliyevin daha siyasi və strateji-diplomatik çıxışlarından kənar ifadələrə rast gəlmirdik.

Yalnız 44 günlük savaş zamanı bəlli oldu ki, İlham Əliyev hər bir azərbaycanlıdan, əsl vətəndaşdan qat-qat artıq bu ağırlığı çiynində, ürəyində, ruhunda yaşadır və bu işğala son qoymağın onun tarixi missiyası olduğunu ideal şəkildə hesablayırmış.

Tam zamanına, vaxtına və vədəsinə qədər gözləyəndən sonra ən ideal məqamda “Vur” əmrini verdi.

İlham Əliyev 10 noyabr 2020-ci ildə “Dayan” əmri verəndə bəziləri yenidən dilləndi: “fürsəti qaçırırmışıq”... Ağdam, Laçın, Kəlbəcər kimi ağır relyefli coğrafiyanı müharibənin nəticələri olaraq döyüşsüz geri almağın və yüzlərlə igidimizin canını qoruduğunun fərqinə varmadan danışırdılar.

Nəticə özünü çox gözlətmədi – rayonlar boşaldıldı.

Kimsə düşünmürdü ki, Azərbaycan Ordusu keçmiş Dağlıq Qarabağın ərazisi daxilinə olacaq.

Ordumuz Xocavəndi və Şuşa şəhərini də azad etmişdi.

İlham Əliyev lazımı vaxtda başlamışdı, ən ideal anda, müharibənin nəticələrinin ən yüksək məqamında dayandı!

Lider belə olur; strateq bu cür düşünür – diplomatiya ilə gücü birləşdirir və lazımı anda gücü dayandırmağı, söhbətə başlamağı bacarır.

Aradan keçən 3 il ərzində bir neçə dəfə lokal əməliyyat zərurəti ortaya çıxmışdı: Fərrux, o cümlədən 13-14 sentyabr 2022-ci il döyüşləri.

Nəticələri hər kəsə bəllidir...

***

12 dekabr 2022-ci ildə ekofəallar, 23 aprel 2023-cü ildə “Laçın” postunun qurulması və Ermənistan Baş nazirinin Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması bəyanatı qüdrətli dövlət başçısının apardığı diplomatik danışıqların uğurlu nəticələri idi.

Bu nəticələrin necə əldə olunduğunu düşünəndə heyrətə gəlirsən: qarşında Ermənistana hüdudsuz dəstək verən Avropa Birliyinin siyasi lideri Fransa, güclü erməni lobbisinin olduğu ABŞ durarkən, bunu necə bacardığını yalnız xəyal etmək olar.

Və növbəti oyun – “blokada”, “humanitar fəlakət”...

Aylarla gözləyir; aylarla danışıqlar, təkliflər verilir.

3 il öncə darmadağın olan və kapitulyasiyaya yalvaran erməni separatçı-terrorçuların və İrəvanın iddiaları getdikcə artır; ölkəmiz daxilində səngərlər qazılır, silahlar daşınır, fortifikasiya qurulur, təxribatlar törədilir...

Hamı əsəbiləşir – İlham Əliyev isə dövlət ərkanı ilə məqamı gözləyir!

Erməni separatçılar Ağdam yolunu kəsir, Azərbaycanın humanitar yardımını qəbul etmir, “Azərbaycan çörəyi yeməyəcəyik” deyir – bütün Azərbaycan xalqının əsəbi tarıma çəkilir!

İlham Əliyev diplomatiyada addımlayır, səbir və dözümlə vaxtı özü yetişdirir!

Erməni separatçılar o səviyyəyə çatırlar ki, Azərbaycan və Türkiyə istehsalı olan humanitar yardımı yandıracaqlarını elan edirlər; hətta Ağdamdan gedən Rusiya Qızıl Xaç Cəmiyyətinə məxsus yardım maşınından boşaldılan yükü belə əhaliyə vermirlər – “analizə” göndərirlər, yoxlayırlar və “standartlara uyğun olmasa, məhv ediləcək” deyirlər.

Azərbaycan xalqının əsəbi, dözümü sınağa çəkilir və illərdir çəkilən bu “sınaqdan” dözümsüzlük başlayır.

Hər kəs gözünü İlham Əliyevə dikir. Ancaq...

Tam əmin idim ki, Paşinyanın 2018 ritorikalarını, işlətdiyi ifadələri 2020-ci il müharibəsi gedişində nöqtə-vergülünə qədər xatırladıb, “Noldu, Paşinyan” deyən İlham Əliyev erməni separatçı-terrorçuların Azərbaycandan göndərilən məhsulları yandırmaq, dağıtmaq, Azərbaycana meydan oxumaq dərəcəsində azğınlaşmalarını qətiyyən həzm etməyəcək.

İlham Əliyev kimi xalqının, dövlətinin qürurunu ayağa qaldıran, məğlubiyyət sindromunu sındırıb, Qalib Xalq formalaşdıran bir lider heç bir halda bu meydanoxumanı qəbullanmayacaqdı.

Günlərdir buna hazırlıq da gedirdi – attaşelərin məlumatlandırılması, çıxışlar, diplomatik danışıqlar...

Və məhz ABŞ Senatında Azərbaycana qarşı kəskin çıxış olduğu və Bakının təhdid edildiyi vaxtdan 3-cə gün sonra, ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirdiyi vaxt antiterror tədbiri başladı.

Cəmi bir sutka çəkdi: 19 sentyabr 13:00-da başladı, 20 sentyabr 13:00-da bitdi.

Nəticələr?

Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir, erməni icması Yevlaxda danışıqlara gəlir.

Bu, o erməni separatçılardır ki, yalnız “təhlükəsizlik məsələsinin” müzakirə edilməsinə “razılaşdıqlarını” bildirir, onu da Azərbaycanda deyil, başqa şəhərdə, həm də “beynəlxalq platformada” keçirməyə iddialı idilər.

İndisə Yevlaxa gəlirlər – həm də məhz reinteqrasiyanı müzakirə etmək üçün.

Hər kəs bir sual verir: Xankəndiyə - separatçı-terrorçu ocağına niyə girmədik? Separatçılar özlərini buraxdıqlarını elan etmədilər axı? Şərtlərdə bu yoxdur axı?

Bu sualları 2020-ci il 10 noyabrda da verirdilər. Ancaq bu sualları verənlər bilmir ki, əsl dövlət xadimi, peşəkar siyasətçi, mahir diplomat vaxtında başladığı kimi, ən uyğun, ən pik, ən məhsuldar nəticələr olanda dayanmağı bacarmalıdır.

İlham Əliyev indiyə qədər Aprel savaşı da daxil olmaqla, bir müharibə, bir neçə əməliyyatda qalib gəlib – heç birində Azərbaycana hansısa sanksiyaya, hansısa fiziki təzyiqə imkan verməyib.

Çünki nəyi nə vaxt necə etməyi idealcasına bacarır!

Çünki nə vaxt dayanmaq lazım olduğunu idealcasına bilir!

Çünki nə vaxt irəli getmək lazım olduğunu da idealcasına bilir!

Sabah BMT TŞ-nin ABŞ-ın dəstəyi ilə, Fransanın təşəbbüsü ilə iclası keçiriləcək.

İlham Əliyev artıq bu iclası gərəksiz etdi – hətta müzakirəyə belə ehtiyac qalmadı.

10 min qüvvəsi, 200-dən çox texnikası, yüzlərlə mövqeyi olan separatçı-terrorçular 24 saat ərzində diz çökdülərsə, bəs, bu qüvvələr çıxarılandan, silahlar təhvil veriləndən sonra Xankəndiyə icra hakimiyyətinin girməsinə kim mane ola bilər?

Əgər mane olan kimsə qalacaqsa, o tədbir də görüləcək - əsas olan isə şəhidlərin minimallığı, Azərbaycan gəncini, Ordusunu qorumaq, Azərbaycan dövlətini zərbələrdən hifz etmək və milli hədəflərə maksimum itkilərsiz aparmaqdır.

İlham Əliyev məhz bunu etməklə məşğuldur!



Bir sutka ərzində Qarabağdakı erməni separatçılar silahlılarının təxminən yarısını itiriblər.

Axar.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.

"2500 silahlıdan minə yaxın döyüşçü məhv edilib", - məlumatda qeyd olunub.




2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. “Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən 24 iyun 2023-cü il tarixində imzalanmış Sərəncama əsasən, 20-22 sentyabr tarixlərində “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik, İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclasının, həmçinin müxtəlif səpkidə təqdimat və dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər 19 ölkənin ən böyük dövlət, milli və universitet kitabxana direktorları və əməkdaşlarının, həmçinin respublikanın böyük və aparıcı kitabxana rəhbərləri və işçilərinin iştirakı ilə keçirilir.

Ardını oxu...


Separatçılar Yevlaxda görüşə razılaşdılar

Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

bizimaz.az xəbər verir ki, bu barədə erməniyönümlü KİV mənbələrə istinadən məlumat veriblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar verdiyi bəyanatda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - deyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub.

"Qarabağdakı qanunsuz silahlılar yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir" -

"Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur".

Bizimaz.az  xəbər verir ki, bunu rbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.

Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov qeyd edib: “Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir. Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın”.
Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi  zərurət idi”

“Azərbaycanın sentyabrın 19-da Qarabağ bölgəsində başladığı lokal xarakterli antiterror tədbirləri qaçılmaz zərurətdən doğan addımdır. İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınır. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son bir neçə ayda həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olub. Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurlar. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir haldır. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarındadır və bunu etmək ölkəmizin legitim hüququdur.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan son üç il ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməyib, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırıb: “Bu gün ermənilərin Azərbaycana qarşı apardığı mina terroru barədə məlumatlara artıq bütün dünya mediasında kifayət qədər rast gəlmək olur. Vəziyyət elə bir böhran həddinə çatmışdır ki, hətta ənənəvi olaraq Ermənistanı dəstəkləyən ölkələrin kütləvi informasiya vasitələrində belə ermənilərin terror siyasətini qınayan materiallar dərc edilir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olmuşdur. Elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşmüş, nəticədə hərbi qulluqçularımız həlak olmuş və yaralanmışlar. Məhz bundan sonra Azərbaycan Qarabağ bölgəsində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmalı, qondarma rejim buraxılmalıdır. Antiterror tədbirlərinin dayandırılmasına yalnız qanunsuz erməni silahlı dəstələrinin ağ bayraq qaldırmaları səbəb ola bilər. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.”

K.Qafarov ölkəmizdə müşahidə olunan siyasi həmrəyliyin əhəmiyyətini vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Siyasi partiyalar dövlət başçımızın ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birlikdə olduqlarını bəyan etdilər. Bu, ölkəmizdə siyasi həmrəyliyin, ümumxalq birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu birlik xalqımızı bütün savaşlardan qalib çıxaracaq, ölkəmiz öz ərazilərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun tam bərpasını təmin edəcək”.


“Qarabağdakı vəziyyət üzrə təhlükəsizliklə bağlı Rusiyanın öhdəliklərini yerinə yetirməməsinə dair Ermənistanın bizə qarşı iddiaları əsassızdır. İrəvan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından sonra Rusiya buna müdaxilə edə bilməz”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il vəziyyətinə görə Azərbaycanın sərhədlərini tanıdıqlarını bəyan etdi. Bu o deməkdir ki, Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Ona görə də biz Ermənistanın təhlükəsizliklə bağlı öhdəliklərin yerinə yetirilməməsinə dair ittihamlarını qəbul etmirik”, - deyə Dmitri Peskov vurğulayıb.

Dmitri Peskov qeyd edib ki, de-yure olaraq Azərbaycan hazırkı tədbiri öz ərazisində həyata keçirib.



Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib.

Qeyd olunur ki, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov