Xəbər lenti



 
Kamaləddin Qafarov: “Azərbaycan xalqı 20 Yanvar  faciəsini heç zaman unutmayacaq”

“Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq otuz iki il keçir. Həmin hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən ikiüzlü siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin ayrı-ayrı mərhələləri idi. Keçmiş sovet ordusunun yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi”. Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırlatmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmişdir. Həmin gecə dinc əhali təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində təkcə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi

tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”

Qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin nümayişi oldu. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər Xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Hazırda ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər

Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Azərbaycan xalqı Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
 
 
 

 
Aqiyə Naxçıvanlı: “Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi”

Bu il xalqımız 20 Yanvar hadisələrinin 32-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şərəfli salnamə səhifəsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli kimliyimizin təsdiqinin simvolu kimi bundan sonrakı nəsillərə də hər zaman qürur mənbəyi olacaqdır.

Qanlı Yanvar qırğını həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan və milli maraqlara zidd addımlar atan iqtidarın istefası tələbini irəli sürdüyünə və qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycan xalqını cəzalandırmaq üçün SSRİ rəhbərliyi tərəfindən törədildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət olundu.

“Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Yalnız kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00:00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş texnikasından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.

1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

20 Yanvar faciəsinin yaşandığı o ağır günlərdə Azərbaycan xalqı böyük bir həqiqəti də bütün mahiyyəti ilə dərk etdi. Bu həqiqət isə ondan ibarət idi ki, meydanda həqiqi lider yox idi. O müdhiş günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük və ən acı həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan dərhal çıxarılması tələbini irəli sürdü. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də Moskvada, imperiyanın mərkəzində faciəyə verilən ilk siyasi qiymət idi. Öz bəyanatında Ulu Öndər demişdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. 1990-cı ilin noyabr ayının 21-də isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Artıq Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində əsil həqiqətlər üzə çıxdı. Qanlı Yanvar qırğınına münasibət bildirərkən Ulu Öndər belə demişdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Bu gün Ümummilli Liderimizin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Dövlət başçımızın təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. O cümlədən Azərbaycan Prezidentinin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Azərbaycan xalqı 1990-cı ilin yanvarında doğma Vətənin azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Bu, Milli həmrəyliyimizin ən böyük təzahürlərindən biridir.

Aqiyə Naxçıvanlı,
Milli Məclisinin deputatı.

 
 


 
Kamaləddin Qafarov: “Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə ciddi işlər aparılır”

“ Ölkəmizin həyatında çox önəmli hadisə baş verib. Yanvarın 13-də Azərbaycanda xarici investorların maliyyə vəsaiti hesabına Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. Prezident İlham Əliyev hələ yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsinin gedişində bu hadisənin anonsunu verərək qeyd etmişdi ki, bu möhtəşəm tikinti üçün tələb olunan vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər və bu, əlbəttə ki, ölkəmizin inkişafına, gələcəyinə olan inamın təzahürüdür”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də bərpaolunan enerji növlərinin istehsalı kimi məsələlər dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan da yeni inşa olunacaq Külək Elektrik Stansiyası (KES) həmin məsələlərin həllinə öz töhfəsini verəcəkdir.

“Yeni stansiyanın təməlqoyma mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Hazırda Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Bu isə o deməkdir ki, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib. Digər tərəfdən, təbii qazın ildən-ilə artan ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Lakin ölkə əhalisinin artımı ilə, enerjiyə olan tələbat da artır. Buna görə də Azərbaycanda yeni enerji növlərinin istehsalı istiqamətində ciddi işlər aparılır. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində dövlətin gündəliyində duran əsas vəzifələrdən biridir. Təbii ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycana qonşu ölkələrdə və Avropa ölkələrində də enerjiyə olan tələbat durmadan artır. Buna əhalinin say artımı amili ilə yanaşı, həm də bəzi ölkələrdə atom elektrik stansiyalarının və kömürlə işləyən elektrik stansiyalarının bağlanması ilə bağlı qəbul edilən qərarlar da təsir edir. Buna görə də qonşu ölkələrə elektrik enerjisi ixrac edən Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.

Bu gün bütün dünyada ətraf mühitin qorunması məsələsi ən vacib və əhəmiyyətli məsələlərdəndir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin - 10 min kvadratkilometr ərazinin “yaşıl enerji” zonası elan edilməsi son dərəcə təqdirəlayiq və önəmli bir haldır. Hazırda Cəbrayıl rayonunda böyük Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Dövlətimizin başçısı öz çıxışında bildirdi ki, aparılmış dəqiq təhlil nəticəsində işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkün olduğu müəyyən edilib və bu da əlbəttə ki, çox böyük potensialdan xəbər verir”, - deyə K.Qafarov bildirib.

Millət vəkili bu məqamı da vurğulayıb ki, bu gün Azərbaycanda formalaşmış gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik xarici investorlar üçün Azərbaycanı cəlbedici edir. Həmçinin Azərbaycanda xarici investisiyaların qorunmasının ən yüksək səviyyədə olduğunu da bütün dünyada yaxşı bilirlər.

“Məlum olduğu kimi, bu böyük bərpaolunan enerji layihəsinin icraçısı və investoru Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir və bu müəssisə enerji sahəsində dünyanın ən böyük şirkətidir. Qeyd olunmalıdır ki, hazırda Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri, Səudiyyə Ərəbistanı Kralı və Vəliəhdi ilə keçirdiyi görüşlər də ölkələrimiz arasında olan dostluq və qardaşlığın təzahürüdür. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir, qardaşlığın əlamətidir. Əlbəttə ki, dünyanın ən böyük enerji şirkətinin Azərbaycana investisiya qoyuluşunda maraqlı olmasında Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli dövlətlərarası əlaqələrin rolu çox böyükdür. Lakin bununla yanaşı, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya mühiti, ölkəmizin uğurlu inkişafı, ictimai-siyasi sabitlik, investisiyaların qorunması, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Buna görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub və bu gün hətta dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması kimi mənfi amillərin fonunda belə, ölkəmizə sərmayə qoyuluşu davam edir”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.

AİA.Az
 
 

 
Kamaləddin Qafarov: “ Azərbaycan bu gün Cənubi Qafqazın ən fəal və  ən inkişaf edən ölkəsidir”

“Azərbaycan yeni dünya düzənində təşəbbüskar və dinamik inkişafa malik ölkələrdən biri olacaq. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bu istiqamətdə qarşımızda açılmış perspektivlər və Azərbaycanın mövqeyi barədə konkret fikirlərini açıq-aydın bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, əgər bu gün dünyada yeni düzənin formalaşdırılması prosesinə başlanacaqsa, Azərbaycan bu prosesin passiv seyrçisi deyil, ən fəal iştirakçılarından biri olacaq. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyi, siyasi müstəqillik və bütün bunların fonunda əldə olunmuş Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlar Azərbaycanın istər Cənubi Qafqaz regionunda, istərsə də daha geniş əhatəli Avrasiya məkanında nüfuzlu söz sahiblərindən birinə çevrilməsini şərtləndirib. Bu, Azərbaycanın son 19 ildə qazandığı ən böyük və indiyədək sahib olmadığımız bir prioritetdir”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün beynəlxalq aləmdə sahib olduğu mövqelər ölkəmizin qlobal proseslərə müdaxilə imkanlarını artırıb və Azərbaycan bu imkanlardan öz gücünü və nüfuzunu daha da artırmaq məqsədilə məharətlə istifadə edir.

“Həqiqətən də bu gün artıq bütün dünyada beynəlxalq hüququn ciddi böhran yaşaması, getdikcə məhz güc amilinin daha qabarıq formada önə çıxması açıq-aydın müşahidə olunmaqdadır. Belə bir şəraitdə dünyanın yenidən nüfuz dairələrinə bölünməsi ehtimalı da getdikcə daha konkret cizgilər alır. Əlbəttə ki, belə olan halda ilk növbədə iqtisadi cəhətdən daha zəif olan ölkələrin vəziyyəti arzuolunmaz bir hala düşə bilər. Lakin Prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş bir ölkə olaraq dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır. Bunun səbəbi isə ölkəmizdə xüsusilə son 19 il ərzində böyük uğurla həyata keçirilən daxili və xarici siyasət kursudur.

Bəli, bu gün həqiqətən də beynəlxalq müstəvidə ənənəvi davranış qaydaları artıq tükənmək üzrədir. Artıq demokratik dəyərlərin, beynəlxalq hüquq və ədalətin çağırışları sadəcə beynəlxalq görüş və toplantılarda səsləndirilən rəsmi çıxışlara hansısa formal etiket tələblərini gözləmək məqsədilə əlavə edilir. Reallıq isə tam fərqli və getdikcə daha çox güc amilinə dayanan proseslərdən formalaşır. Əlbəttə ki, bu gün artıq bu prosesləri çox insanlar, hətta bütün cəmiyyətlər görür və dərk edirlər. Lakin bir siyasi liderin, bir dövlət başçısının əsl məharəti və müdrikliyi də ondadır ki, bu tendensiyanı artıq hamı ilə eyni vaxtda deyil, proseslərin başlanmasına zəmin yaradan mühitin formalaşdığı dövrdə görməyi bacarsın və öz ölkəsinin, öz xalqının xarici qüvvələrdən asılı hala düşmə ehtimalını sıfıra endirmək üçün bütün lazım olan addımları vaxtında atsın. Birmənalı olaraq demək lazımdır ki, əgər bu gün Azərbaycan özünü yeni dünya düzənlənməsi prosesinə hazır vəziyyətdə hiss edirsə, bunun yeganə səbəbi də məhz Prezident İlham Əliyev tərəfindən vaxtında atılmış məqsədyönlü addımlar, zamanında görülmüş qabaqlayıcı tədbirlərdir. Hələ bir neçə il öncəki çıxışlarında dövlətimizin başçısı deyirdi ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Məhz buna görə Azərbaycan artıq neçə illərdir ki, ilk növbədə öz iqtisadiyyatını gücləndirmək və buna paralel olaraq da hərbi qüdrətini artırmaq yolu ilə inamla irəliləyir. 2020-ci ildə bu yol bizi artıq ən ali məqsədlərimizdən birinə, ölkənin ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Lakin göründüyü kimi, qarşıda Azərbaycanı yeni hədəflər gözləyir və yeni dünya düzənlənməsində digərlərinin iradəsini qəbul edən deyil, öz iradəsini diktə edə biləcək ölkələr sırasında qalmaq da bu hədəflərdən biridir”, - deyə K.Qafarov bildirib.

Millət vəkili bu məqamı da vurğulayıb ki, bu gün Azərbaycanda ordu quruculuğunun davam etdirilməsi son dərəcə vacibdir və bu istiqamətin dövlətimiz tərəfindən əvvəllər olduğu kimi, yenə də əsas prioritet olaraq saxlanması xalqımız tərəfindən birmənalı dəstəklənir və təqdir edilir. Kamaləddin Qafarovun sözlərinə görə, bu gün Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəsinin mövcudluğu da Azərbaycanda ordu quruculuğu işinin daha böyük vüsətlə davam etdirilməsini şərtləndirən əsas amillərdən biridir.

“Məlumdur ki, bu günə qədər Prezident İlham Əliyevin göstərişi ilə dövlət büdcəsində ən böyük xərclər məhz hərbi quruculuq üçün ayrılıb. Vətən müharibəsinin nəticələri bu qərarın düzgünlüyünü bir daha isbatladı. Lakin Azərbaycan müharibədən sonra da ordu quruculuğunu davam etdirməlidir və etdirir. Bunu zəruri tələb kimi ortaya çıxaran bir çox amillər vardır. İlk növbədə, əlbəttə ki, hazırda erməni cəmiyyətində müşahidə olunan güclü revanşist əhval-ruhiyyəsidir. Təəssüflər olsun ki, bu əhval-ruhiyyə təkcə emosional səviyyədə özünü büruzə vermir. Ermənistan hələ də Azərbaycanla sərhəddə ara-sıra təxribatlara yol verir. Öz növbəsində Azərbaycan bu təxribatlara layiqincə cavab verir və Ermənistanda hər kəs bilməlidir ki, heç bir Azərbaycan hərbçisinin, heç bir Azərbaycan vətəndaşının qanı yerdə qalmayacaq.

Digər tərəfdən, müharibə dövründə Azərbaycan çoxlu sayda döyüş sursatından istifadə edib və indi onları bərpa etmək lazımdır. Prezident İlham Əliyev də öz müsahibəsində bildirdi ki, bağlanmış yeni müqavilələr ölkəmiz üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Daha bir məqam müxtəlif xarakterli müasir silah sistemlərinin alınması ilə bağlıdır. Hərbi texnologiyalar durmadan inkişaf edir və Azərbaycanın hər zaman ən müasir texnologiyalara sahib olması çox vacib amildir. Buna görə də ölkə rəhbərliyi bu məsələyə həmişə böyük əhəmiyyət verib.

Ordu quruculuğunda əsas məqsədlərdən biri də Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. II Qarabağ müharibəsi əməliyyatlar aparılması sahəsində böyük təcrübə oldu. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və dövlət başçımızın dediyi kimi, bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar.

Bu gün Azərbaycan Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə edilən bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyir. Bu, ilk növbədə ölkəmizə qarşı, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı yönələ biləcək hər hansı təhdidin vaxtında aşkarlanması və aradan qaldırılması üçün vacibdir. Ali Baş Komandan cənab İlham Əliyev də bu məsələyə dair konkret fikir bildirərək demişdir: “Bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir.”

Beləliklə, Azərbaycanda ordu quruculuğu bundan sonra da bütün tələb olunan istiqamətlərdə davam etdiriləcək, Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq və bu güc Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.

AİA.Az
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov