Xəbər lenti



“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələni təqdim edərkən Elman Rüstəmova təşəkkür etməli idi. Çünki o, uzun müddət ölkənin bank sektorunun rəhbəri vəzifəsində işləyib”.

Oxu.Az bildirir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov təklif edib ki, Azərbaycanda kreditlər birrəqəmli faizlərlə verilməlidir:

“Ümid edirəm ki, yeni tərkib ölkənin pul-kredit sistemini uğurla həyata keçirəcək”.

Qeyd edək ki, parlamentin iclasında deputatlar Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsinə müsbət yanaşıb.

Elman Rüstəmovun yerinə isə Taleh Kazımov seçilib.



Ukrayna Rusiyanın növbəti hücumuna hazırlaşır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna silahlı qüvvələri cənub və şərqdə şəhərləri silkələyən şiddətli partlayışlardan sonra Rusiyanın növbəti hücumuna hazırlaşır.

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq və vətəndaşlarını təşviq etmək üçün kampaniyasını davam etdirdiyi üçün qarşıdakı həftələrin gərgin və vacib olacağını bəyan edib.

Zelenski əlavə edib: "Rusiya qoşunları ölkənin şərqində daha geniş əməliyyatlar aparmağa başlayacaq. Onlar daha çox raket və hətta termobarik bombalardan istifadə edə bilərlər. Amma biz bu hərəkətlərə qarşı hazırlaşırıq. Biz cavab verəcəyik".

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bəyanatında deyilir: "Düşmən çox güman ki, Ukraynanın nəqliyyat infrastrukturu obyektlərinə hücumlarını davam etdirəcək ki, münaqişələrin davam etdiyi yerlərə təchizat çatdırılmasın”.

Qeyd edək ki, Rusiya qüvvələri cənubdakı Mariupol şəhərini tam nəzarətə götürmək üçün hücumlarını davam etdirir.

Avstriyanın baş naziri Karl Nehammer bu gün Moskvada Putinlə görüşəcəyini açıqlayıb. Putin fevralın 24-də Rusiyanın işğalı başlayandan bəri ilk dəfə Avropa İttifaqının həmkarı ilə üzbəüz görüşəcək.

"Biz hərbi baxımdan neytralıq, lakin Rusiyanın Ukraynaya qarşı hücumlarında mövqeyimiz bəllidir. Bu dayanmalıdır! Humanitar dəhlizlər, atəşkəs və müharibə cinayətləri araşdırılmalıdır", - Nehammer Twitter hesabında bildirib.

Rusiyanın işğalı 44 milyon əhalisi olan Ukraynada əhalinin dörddə birinin didərgin düşməsi ilə nəticələnib, şəhərlər xarabalığa çevrilib, minlərlə insan həlak olub və yaralanıb.

Rusiya indiyədək böyük şəhərləri ələ keçirə bilməsə də, Ukrayna bildirir ki, Moskva şərqdə qüvvələrini toplayaraq və rus əhalisini bu əraziləri tərk etməyə çağıraraq böyük hücuma hazırlaşır.
 
Ayşən Mirzəyeva


Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi göndərib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi göndərib. Bunu ölkənin baş naziri Eduard Heqer deyib. ABŞ isə Avropadakı Patriot hava hücumundan müdafiə sistemlərindən birinin Slovakiya hava məkanının müdafiəsi üçün Slovakiyada yerləşdirilməsinə əmr verdiyini açıqlayıb.

Slovakiyanın baş naziri Eduard Heqer Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verdiklərini açıqlayıb. Heqer "Twitter” səhifəsində bununla bağlı açıqlama verib:

"Mən təsdiq edirəm ki, Slovakiya Ukraynanı S-300 hava hücumundan müdafiə sistemi ilə təmin edib. Ukrayna xalqı həm öz ölkəsinin, həm də bizim suverenliyini cəsarətlə müdafiə edir. Rusiyanın hücumları altında insan itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur".

Slovakiyanın yeganə S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya verməsindən sonra ABŞ Avropadakı Patriot hava hücumundan müdafiə sistemlərindən birinin Slovakiya hava məkanının müdafiəsi üçün Slovakiyada yerləşdirilməsinə sifariş verdiyini açıqlayıb.

Slovakiyanın minlərlə ukraynalı qaçqına ev sahibliyi etdiyinə diqqət çəkən ABŞ Müdafiə Naziri Austin ABŞ-ın Ukraynanın ehtiyaclarını qarşılamaq üçün tərəfdaşları və müttəfiqləri ilə koordinasiyaya davam edəcəyini bildirib:

"Slovakiyanın dəvəti və mənim göstərişimlə ABŞ-ın Avropa Komandanlığı Slovakiyada ABŞ hərbçilərinin komandanlıq edəcəyi "Patriot" raket sistemini yerləşdirəcək”.

Ostin qeyd edib ki, bu yaxınlarda Çexiya Ukrayna lideri Zelenskinin yardım çağırışına cavab verərək "T-72” və zirehli piyada maşınları ilə Ukraynaya tanklar göndərib. Bununla da müharibə başlayandan bəri ilk dəfə bir NATO üzvünün Ukraynaya tank göndərdiyi məlum olub.
 
Ayşən Mirzəyeva


Pakistanın yeni baş naziri məlum olub.
 
AZXEBER.COM xəbər verir ki, Şahbaz Şərif Pakistanın yeni Baş Naziri seçilib.
 
Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə Lahorda tacik ailəsində anadan olub. 1999-cu ildə hərbi çevrilişdən və general Pərviz Müşərrəfin hakimiyyətə gəlməsindən sonra Şahbaz qardaşı Nəvazla birlikdə Londona qaçıb.
 
Sürgündən qayıtdıqdan sonra Şahbaz Pakistan Müsəlman Liqası (N) partiyasına rəhbərlik edib.


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

 

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

Qeyd edək ki, E.Rüstəmov hazırda Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən də azad olunacaq. O, 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edir.

“Qafqazinfo” Elman Rüstəmovun yerinə təyin olunması gözlənilən Taleh Kazımovun bioqrafiyasını təqdim edir:

38 yaşlı Taleh Kazımov Bakı şəhərində anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan əlavə, Taleh Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.

Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-dən 2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyulundan başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, daha sonra Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

2011-ci ilin dekabrından Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib, 4 il sonra isə Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, E.Rüstəmov hazırda Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən də azad olunacaq. O, 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edir. 

 

 
 




Rusiya ilə Ukrayna arasında müharibənin 6-cı həftədə davam etdiyi bir vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama yayıb. 

O, sülh danışıqlarına qədər müharibəni dayandırmayacaqlarını vurğulayıb. 

"Moskva növbəti sülh danışıqlarına qədər hərbi əməliyyatı dayandırmayacaq", - Lavrov bildirib.




Fransada prezident seçkilərində protokolların 97 faizinin hesablanmasından sonra ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,6 faiz səs toplayaraq liderliyini qoruyub saxlayır.

Sağçı “Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen ikinci yerdə (23,41 faiz), solçu “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon üçüncü yerdədir (21,95 faiz).

 

Fransanın metropoliten bölgəsində artıq ikinci tura da namizəd olmayan Melanşon birinci (30,24 faiz), Makron ikinci (30,19 faiz) və Le Pen isə üçüncü yeri (12,97 faiz səs) tutub.

Parisin özündə isə vəziyyət fərqlidir: Fransa paytaxtında Makron 35,33 faiz, Melanşon 30,09 faiz, Zemmur isə 8,16 faiz səs toplayıb. Marin Le Pen 5,54 faiz səslə altıncı yerdə qərarlaşıb.

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Mənbə: RİA Novosti



Ermənistan dövlətlərarası münasibətlərin qurulması üçün Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib.

Bu barədə Prezident İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.



Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən Azərbaycan yığmasının futbolçusu Mahir Emreli klubunda ilk qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, o, Xorvatiya çempionatında “Riyeka” ilə oyunun 79-cu dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb.



Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfəri zamanı bu ölkənin Prezidenti Volodimir Zelenski ilə Kiyevi gəzib.

“Qafqazinfo” xəbər verir ki, liderlərin əllərində keramikadan hazırlanmış xoruz fiqurları ilə çəkilmiş şəkilləri qısa zamanda gündəm olub.

Foto barədə Ukraynanın Müdafiə Nazirliyi də sosial şəbəkə hesabında paylaşım edib.

“Ukraynanın dözümlülüyünün simvolu Kiyevdə gəzinti zamanı  Lera Polyanskova tərəfindən Zelenski və Boris Consona təqdim edildi.

Prokip Bidasyukun xoruz şəklində eyni keramika küpü ruslar tərəfindən dağıdılmış Borodyankada möcüzəvi şəkildə salamat qalıb.

Xarabaların ortasında, yarım tonluq rus bombası ilə yarı dağıdılmış binanın divarında möcüzəvi şəkildə qablar olan bir şkaf var. Heç nə olmamış kimi, üstündə də keramika xoruzu... Bu foto Ukraynada geniş yayılıb: "O, salamat qalıbsa, bacararıq!", - paylaşımda deyilir.

 

 


 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov