Xəbər lenti




Ölkənin yeganə ali aqrar təhsil müəssisəsi olan, ikinci böyük şəhəri Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əvvəlki illərdə keçirilmiş beynəlxalq yay məktəblərinin ölkənin aqrar potensialının təbliğində rolunu və 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsini nəzərə alaraq 2022-ci ilin 17-27 iyul tarixlərində “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı” mövzusunda 3-cü Beynəlxalq yay məktəbi təşkil olunacaq.

Məktəbin təşkilində məqsəd dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrini təmsil edən tələbələrini bir araya gətirməklə, onları işğaldan azad olunmuş ərazilərə dəyən zərərlər və burada aqrar potensialın bərpası istiqamətində görülən işlərlə yaxından tanış etməkdir.

Yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, “Aqroturizm”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafı, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi, mədəniyyəti, burada aparılan abadlıq-quruculuq işlərinə dair mühazirələr dinləniləcəkdir.

Proqram çərçivəsində iştirakçıların respublikanın müxtəlif bölgələrinə, işğaldan azad olunmuş ərazilərdə aqrar layihələrin icra olunduğu yerlərlə, habelə Şuşa şəhərinə səfərləri təşkil olunacaqdır.

Müraciət üçün tərcümeyi-hal-CV, motivasiya məktubu, tələbə bileti və təhsil müəssisəsinin tövsiyə məktubu shusha@adau.edu.azkushvar.mammadova@adau.edu.az elektron poçt ünvanına göndərilməldir.

Qeyd edək ki, iştirakçıların yaşayış və qidalanması ödənişsizdir. Yay məktəbinə müraciət 31 may 2022-ci il tarixinə qədərdir.


 
Kamaləddin Qafarov: “Xalqımız, İlham Əliyevin liderliyi ilə öz tarixinin ən şərəfli dövrünü yaşayır”

ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev giriş nitqi ilə çıxış etdi və 23 ölkədən gəlmiş nümayəndənin suallarını ətraflı şəkildə cavablandırdı. Ölkə başçısı, Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyət, 30 illik işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış reallıqlar, sülh müqaviləsinin bağlanmasına maneçilik törədən amillər, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həyata keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən tədbirlər barədə konfrans içtirakçılarını məlumatlandırdı və gələcək fəaliyyət istiqamətlərinin, daxili siyasətdə həyata keçirilməsi nəzərdə tutulan islahatların anonsunu verdi.

Cənab prezident konfransın tarixi əhəmiyyətini qeyd edərək bildirdi ki, qloballaşan dünyada inteqrasiya meyillərinə üstünlük verən Azərbaycanın siyasəti mehriban qonşuluğa, iqtisadi inkişafa və bəşəri dəyərlərə hörmət üzərində qurulmuşdur. Çox mürəkkəb proseslərin cərəyan etdiyi indiki zamanda həm regionda, həm də dünyada öz yerini müəyyənləşdirmək bu gün prioritet məsələlərindən biridir.

Bu gün regionda başqa reallıqlar hakimdir. Torpaqlarını azad edən Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub. Bu reallıqlar həm də ondan ibarətdir ki, dünya reallıqları qəbul edərək ermənilərin Azərbaycan torpaqlarına dair iddialarını yaxına buraxmır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi isə Prezident İlham Əliyev müəyyən edir.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması üçün təklif etiyi 5 prinsipə Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycan tərəfinin təkil etdiyi sülh gündəliyi Cənubi Qafqazda dayanıqlı sülhü təmin etməklə bərabər, regionun inkişafı üçün də töhfə olacaqdır. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar.
Azərbaycanın hazırda Qarabağda və Şərqi Zəngəzurda hıəyata keçirdiyi enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu ərazidə istifadəyə verilmiş elektrik stansiyaları regionun elektrik təminatını qarşılayacaqdır.

Azərbaycanın yaratdığı yeni reallıqlarda,  regionda münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi"nin gedişatı onun nəticəyönümlü olmasına hesablanıb. Göründüyü kimi, bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Eyni zamanda yeni format göstərir ki, Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib.
Millət vəkili bildirmişdir ki, “Müstəqilliyin gücləndirilməsi – Azərbaycanın dövlət siyasətinin ideoloji təməlidir. Azərbaycan dövləti və hakimiyyəti işğal dövründə həm Qarabağı geri qaytarmaq həm də dövlət müstəqilliyinin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Məhz Qarabağın geri qaytarılması və işğala son qoyulması müstəqilliyin bariz nümunəsidir.

Bu gün biz bütün qonşu dövlətlərlə mehriban sülh şəraitində yaşamaq, iqtisadi potensialımızı gücləndirmək, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlıyıq. Cənab Prezident konfransda sualları cavablandırarkən bildirdi ki, “Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir

Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da”
30 il ərzində ancaq Ermənistanın başını sığallamaqla məşğul olan Minsk Qrupu tarixin arxivinə gömüldüyündən Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır. İndi Avropa İttifaqı ilə ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri istiqamətində böyük işlərin həyata keçirilməsi reallaşmaq üzrədir”.

Millət vəkili qeyd etmişdir ki, “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Avropada ikili standartlar qalmaqdadır. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoymayan, bunu siyasi yanaşma hesab edən UNESCO erməni abidələrinin dağılacağı əndişəsini yaşayır. Halbuki onlar hələ də etiraf edə bilmirlər ki, Azərbaycan tolerant ölkə olmaqla yanaşı, tarixə və tarixi abidələrə qayğı və sayğı ilə yanaşır. Kimin necə qəbul etməsindən asılı olmayaraq, Azərbaycan öz strateji hədəflərinə doğru inamla addımlayacaq, Zəngəzur dəhlisi də açılacaq. Bu dəhliz təkcə bizim deyil, ermənilərin də xeyrinə olacaq, onlar da Azərbaycanın enerji resurslarından bu və ya digər formada faydalanacaqlar. Sərhədlər də yaxın vaxtlarda müəyyən ediləcək”.

Sonda millət vəkili bildirmişdir ki, “Tarix şəxsiyyətləri yetişdirdiyi kimi, şəxsiyyət də tarixin gedişini dəyişdirir. Bu mənada cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti bu müddəanı bir az da gücləndirmiş, nəinki erməniləri, hətta dünya güclərini belə reallıqla barışmağa məcbur etmişdir. Artıq Azərbaycan müzəffər bir xalq kimi öz yeni tarixini- inkişaf və tərəqqi tarixini yaradır. XXI əsrin birinci rübü bu böyük hadisə ilə tarixə qovuşacaqdır. Cənab Prezident İlham Əliyevin liderliyi ilə şərəfli tarixini yaşayan Azərbaycan islahatlar və stabil inkişaf modeli ilə öz dövlətçiliyini daha da möhkəmləndirəcək və yaxın zamanlarda Cənubi Qafqazda sülhün təminatçısı olacaqdır”.

AİA.Az


“Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”.

 

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.

“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu özü gözəl bir bünövrə olar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.



Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

“Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar”, - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.



Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. 

 

Bu barədə  FHN-dən bildirilib.

Məlumata görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

 


Ermənistan müxalifəti ölkə hakimiyyətini devirmək üçün müxtəlif yollara əl atmağa davam edir. Son olaraq Daşnaksütyun Partiyasının üzvü Armen Rustamyan bu məqsədlə Moskvaya yollanıb.

 

Ermənistan KİV-in iddiasına görə, A.Rustamyan Moskvaya müxalifətin fəaliyyətini Kremllə koordinasiya etmək və Nikol Paşinyanı devirmək üçün razılıq almaq niyyəti ilə gedib.

Rusiya paytaxtında ölkənin yüksək vəzifəli məmurları ilə əlaqə yaratmağa çalışan müxalifət nümayəndəsinin cəhdləri boşa çıxıb. Sadəcə bir məmurla (aşağı vəzifəli) görüşə bilən A.Rustamyan kömək ala bilməyəcəyini və Kremlin Paşinyanla çalışdığı cavabını eşidib.

Beləliklə, Ermənistan müxalifəti Moskvadan əliboş qayıdıb, o, nəinki planlarına razılıq əldə edib, hətta Kreml tərəfindən dinlənilməsinə belə ehtiyac görülməyib.

Qeyd edək ki, Ermənistan müxalifəti ölkədə hakimiyyəti ələ keçirmək və mövcud hakimiyyətə təzyiq göstərmək üçün son günlər aksiyalar təşkil edir. Lakin əsasən Azərbaycana qarşı separatçı fikirlərin, sülh prosesinə xələl gətirəcək tələblərin önə sürüldüyü aksiyalar ictimaiyyətdə gözlənilən dəstəyi ala bilmir.



Pentaqon rəhbəri Lloyd Ostinin ABŞ-ın Rusiyanı zəiflətmək niyyəti ilə bağlı bəyanatı Vaşinqtonun Moskva ilə uzunmüddətli qarşıdurmaya hazır olduğuna dəlalət edir.

“The New York Times” qəzetinin jurnalisti Devid Sanger bazar ertəsi qəzetin saytında dərc olunmuş məqaləsində bununla bağlı öz şərhini verib.

 

Bazar ertəsi səhər saatlarında ABŞ-ın müdafiə naziri Kiyevə səfərindən sonra Polşada çıxışı zamanı Vaşinqtonun Ukraynadakı hadisələr kontekstində məqsədlərindən danışarkən ABŞ-ın “Rusiyanın zəiflədiyini görmək istədiyini” qeyd edib. Beləliklə, jurnalistin fikrincə, Vaşinqton Ukraynada “münaqişənin transformasiyasını” ifadə edib ki, bu da hazırda “Vaşinqton və Moskva arasında daha çox birbaşa qarşıdurma” ilə xarakterizə olunur.

Sanger vurğulayıb ki, Rusiyanın Ukraynada müharibə əməliyyatları başladığı zaman ABŞ Prezidenti Co Bayden “bu müharibəni ABŞ və Rusiya arasında toqquşmaya çevirmək istəmədiyini” bəyan etmişdi. Müəllif ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən bildirir ki, Pentaqon rəhbərinin “diqqətlə planlaşdırılmış” bu bəyanatı yaxın aylarda ABŞ-ın “bu və ya digər formada sülh danışıqları”nda Ukraynaya dəstəyini göstərmək üçün nəzərdə tutulub.

“Uzunmüddətli perspektivdə isə Ostinin bəyanatı Vaşinqtonun “hakimiyyət və nüfuz üçün Moskva ilə illərlə qarşıdurmaya” hazırlaşdığını göstərir”, – deyə Sanger bildirib.

Onun sözlərinə görə, bu strategiya ABŞ üçün “bəzi riskləri” də bərabərində gətirir.

Mənbə: Rambler.ru



Xəbər verdiyimiz kimi, Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.

 

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:

“Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov