Xəbər lenti



 
Novruz bayramı yüksək ümumbəşəri dəyərlərin daşıyıcısıdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir". Ulu Öndər cəmi bir neçə cümlə ilə Novruz bayramının mahiyyətini, fəlsəfəsini və daşıdığı ümumbəşəri dəyərləri necə də dəqiqliklə ifadə edib. Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı əvvəllər bəlkə də heç zaman müşahidə olunmamış ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu möhtəşəm Zəfər bütün Azərbaycana əbədi bahar gətirdi.

Novruz bayramının həqiqətən də ümumbəşəri dəyərə malik olduğunu təsdiqləyən daha bir fakt da bu bayramın UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsidir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır.

Azərbaycan xalqının milli adət-ənənəsinə görə dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən kütləvi bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.

Fürsətdən istifadə edib bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm, doğma Azərbaycanımıza yeni-yeni parlaq qələbələr arzulayıram.


Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

 
 


Bu gün Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi - Torpaq çərşənbəsi qeyd olunur.

Bizima.az xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə keçirir.

 

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kirbit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Xatırladaq ki, fevralın 22-də Su, martın 1-də Od, 8-də Yel (Hava) çərşənbəsi qeyd olunub. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.



Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində indiyədək 90 uşaq həlak olub. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 100-dən çox uşaq xəsarət alıb. 



Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Tədbirdə Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri müzakirə edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib. 

Bildirilib ki, son vaxtlarda rayon İcra Hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.

Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə video film nümayiş etdirilib.

Toplantıda paytaxtın hər bir Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-nin qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb.

Müşavirədə həmçinin yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.



 Bunu Venesuela Prezidenti Nikolas Maduro “TeleSUR” telekanalına açıqlamasında bildirib.

“Onun məqsədi (iqtisadi müharibə-red.) xammal, ərzaq və enerji təchizatında qeyri-sabitlik yaratmaqla bütöv ölkələri və regionları boğmaqdır”, - Venesuela Prezidenti qeyd edib.

Maduronun fikrincə, bu müharibə iqtisadi mərhələdən nüvə silahından istifadə riski də daxil olmaqla, real silahlı qarşıdurmaya keçə bilər: “Dünyada real nüvə müharibəsi təhlükəsi var”.



Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



"Putin Ukrayna kimi, Avropanı da bölmək istəyir. Əminəm ki, Moldova, Gürcüstan, Baltikyanı ölkələr və hətta Polşa təhlükə altındadır. Rusiya başqa bir dövlətə hücum etmək imkanına sahibdirsə, bütün qitə təhlükə altındadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Almaniyanın həftəlik "Die Zeit" qəzetinə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 Zelenski Rusiyanın ölkəsinə qarşı müharibəsində xalqının yanında olduğunu bildirib:

“Mənim üçün ən yaxşı qorunma budur. Rusiya işğala hazırlaşanda Putin ukraynalıların ölkəsini belə bir güclə müdafiə edəcəyinə inanmırdı. Kremlin, Sovet İttifaqının Hitlerə qarşı olduğu kimi, bu müharibənin bizim üçün bir vətənsevərlik müharibəsi olacağını gözləmirdi. Putinin adamları Ukraynanı tanımır, amma biz beləyik. Bu Qərbdəki bir çox insanın dərs alması lazım olan bir prinsipdir”.

Zelenski Kiyevdə olduğunu bildirib. O, ABŞ-ın onu ölkədən çıxarmağı təklif etməsi ilə bağlı da danışıb:

“Xeyr! Amerikalılar məni səhv tanıyıb, mən xalqımla qalıram”.

Ukrayna lideri Qərbin Ukraynaya hərbi dəstəyinin vaxtında yerinə yetirilmədiyini vurğulayıb:

“Bu olmadı. Dedim, Ukraynanı elə bir formada dəstəkləyin ki, təhlükəsizliyimiz təmin olunsun. Bu da edilmədi. İndi işğal altındayıq. Rus birlikləri şəhərlərimizi məhv edir, insanları küçələrdə güllələyir. Anlayırsınız? Hətta qaçqınları da öldürürlər. Raketləri iqamətgahları, universitetləri və kilsələri vurub. Bu, barbarlıqdır. Bəli, silah alırıq, amma barbarlıq qurtarmadığı üçün daha çoxuna ehtiyacımız var”.

Zelenski sanksiyaların kifayət etmədiyini söyləyib:

“Qərb şirkətləri hələ də müxtəlif bəhanələrdə Rusiya bazarında qalır. Bu sanksiyalar daha da sərtləşməlidir”.

Ukrayna Prezidenti Rusiyanın nüvə müharibəsi təhlükəsinin blef olduğunu düşünür:

“Qatil olmaq ayrı, intihar ayrı şeydir. Nüvə silahından hər hansı istifadə yalnız ondan istifadə edənin deyil, iştirak edən hər kəsin sonudur. Bunun əvəzinə Putinin hədəsi zəifliyini göstərir. O, nüvə silahından yalnız təhdid kimi istifadə edir. Mən əminəm ki, Rusiya nüvə silahından istifadə cəhdinin fəlakətli nəticələrindən xəbərdardır”.



Həmyerlimiz Rəşad İbadov Ukraynada insanlara 20 ton pomidor və xiyar paylayıb.

Tezliklə 100 ton naringini də insanlara pulsuz paylayacağını deyib.

Qeyd edək ki, bundan əvvəl həmyerlilərimizin Ukraynada pulsuz çörək, ət və meyvə paylaması ilə bağlı görüntülər yayılmışdı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov