Xəbər lenti



Dünən gecə saatlarında Gürcüstanda güclü zəlzələ olub.

 

Yeraltı təkanlar azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi ilə yanaşı, paytaxt Tbilisidə də hiss olunub.

Məlumata görə, zəlzələnin gücü təqribən 4,5-5 bal gücündə olub.

Yeraltı təkanlar Ermənistanda da hiss olunub. Belə ki, yeraltı təkanların Yerevan və Gümrüdə hiss olunduğu barədə məlumat yayılıb. Təxminən 5 bal gücündəki zəlzələdən sonra sakinlər evlərini tərk ediblər. 



“Rusiya Ukraynaya hücum edərsə, ABŞ hərbi qulluqçuları bu ölkədə vuruşmayacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi MSNBC kanalının efirində deyib.

 

“Prezident Co Bayden aydın şəkildə bildirib ki, ABŞ hərbi qulluqçuları Ukraynada vuruşmayacaqlar”, - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının, hətta ABŞ vətəndaşlarının Ukraynadan təxliyəsində də istifadə olunmayacaq, bu, vəziyyəti “yeni səviyyəyə” gətirib çıxara bilər. Amerikalılar ölkəni hərbçilərin köməyi olmadan sərbəst tərk edə bilərlər. Bunun üçün infrastruktur, nəqliyyat və Ukraynadan gedən yollar var.

Con Kirbi qeyd edib ki, Ukrayna ətrafında münaqişəni aradan qaldırmaq imkanları hələ tükənməyib, lakin vaxt getdikcə azalır.

 

 

 
 
 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonunda səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident əvvəlcə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.

Məlumat verilib ki, Ağdam rayon mərkəzində yaradılan böyük və müasir enerji kompleksinin bir hissəsində 110 kilovoltluq açıq və 35, 10 kilovoltluq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, yeni 110/35/10 kilovoltluq “Ağdam-1” yarımstansiyası tikilib. “Ağdam-1” yarımstansiyası tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, sistemin monitorinq və analizinin, problemlərin tez həllinin proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin olunub.

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.

Dövlətimizin başçısı Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində “Ağdam-1” elektrik yarımstansiyasının açılışını edib.

Bildirilib ki, Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur. Rəqəmsal İdarəetmə Mərkəzindən obyektlərin monitorinqi aparılmaqla, parametrlərdə düzəlişlər edilməsi imkanı yaradılıb. Bu da serverlərin, o cümlədən digər şəbəkə aktivlərinin istismarı üzrə məlumat axınına nəzarət və onun idarə olunmasını mümkün edir. Yeni tətbiq olunan elektron texniki pasportlaşma nəticəsində Mərkəzdən “Azərenerji” ASC-nin struktur tərkibinə daxil olan istənilən müəssisənin nəzdindəki avadanlığın texniki göstəricilərinə və formullarına nəzarət etmək mümkündür.

Həmçinin Qarabağ üzrə Operativ Qərargaha təqdim edilən və ali rəhbərlik tərəfindən təsdiqlənmiş memarlıq layihələri, xətlərin keçdiyi yerlər, icazələr sənədləşdirilərək elektron qaydada sistemləşdirilib. Satınalmalar prosesinin rəqəmsallaşdırılması balans və qalıq dəyərlərinin dəqiq uçotunun aparılmasına, materialların naviqasiyalı hərəkətinin izlənməsinə, israfçılığın aradan qaldırılmasına və səmərəliliyin artırılmasına imkan verib. Nəticədə avadanlığın təmiri, daşınması, qəzaların aradan qaldırılması xərcləri, ehtiyat hissələrinin alınması və başqa sahələrdə səmərəlilik orta hesabla 30 faiz yüksələrək böyük həcmdə maliyyə vəsaitinə qənaət edilib.

Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzinin ərazisində elektrik avadanlığının təmiri sahəsi, xüsusi təyinatlı maşın və mexanizmlər üçün qaraj, anbar binası və mühəndis yataqxanası da daxil olmaqla, digər xüsusi təyinatlı binalar tikilib.

“Ağdam-1” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin ətrafındakı 2,5 hektarlıq ərazidə yaşıllıq zolağı və meyvə bağı salınıb, xüsusi suvarma sistemi qurulub.

Dövlətimizin başçısına məlumat verilib ki, Ağdam rayonunun Əsgərana yaxın Şelli kəndi istiqamətində yeni 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyası da inşa edilib. Bir neçə ay ərzində minalardan təmizlənmiş ərazidə dördüncü sənaye inqilabının yaratdığı texnoloji yeniliklərə uyğun olaraq süni intellektə adaptasiya edilən enerjisistem şəbəkəsi konsepsiyası çərçivəsində müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya tikilib. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb, açarların, ayırıcıların və digər texniki avadanlığın açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzi isə 35 və 10 kilovoltluq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilməklə yanaşı, əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən micro-SCADA sistemi yaradılıb və “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.

Prezident İlham Əliyev “Ağdam-2” yarımstansiyasını məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə işə salıb.

 

13 fevral, 15:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

Daha sonra dövlətimizin başçısı və Birinci vitse-prezident Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.

Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.

Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.

 



 
Kamaləddin Qafarov: “Xalqın deputatını təhqir edən, xalqın özünü təhqir edir”

“Artıq bir neçə müddətdir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyətilə bağlı tənqidlər, müxtəlif formatda müzakirələr ölkə gündəmini qısa fasilələrlə tutmaqdadır. Son dövrdə baş verən hadisələr isə bu tendensiyanın artıq böhran nöqtəsinə çatdığını və mövcud problemin birdəfəlik, kökündən həlli üçün qəti addımların atılmasının zəruriliyini göstərmiş oldu. Həqiqətən də bu gün Azərbaycan elmi özünün inkişaf dinamikasına görə istənilən digər sahədən çox geri qalır. Bunun da əsas səbəbi, əlbəttə ki, ölkənin əsas elm məbədi sayılan Milli Elmlər Akademiyasında gedən reqressiv proseslər, rəhbərlik tərəfindən inkişafı əngəlləyən qərarların davamlı olaraq qəbul edilməsi, əsaslandırılmamış və özünü doğrultmayan “islahatlar”, gənc və perspektivli kadrların elm sahələrindən müxtəlif bəhanələrlə uzaqlaşdırılmasıdır. Birmənalı demək lazımdır ki, 2019-cu ildən AMEA-nın rəhbərliyinə gətirilən Ramiz Mehdiyev ona dövlət tərəfindən göstərilmiş yüksək etimadı qətiyyən doğrultmadı. Bu gün bütün dünya 4-cü sənaye inqilabının astanasında durub. Daha dəqiq desək, bu proses artıq gedir və az bir müddətdən sonra dünya ölkələri məhz sahib olduqları texnologiyalar hesabına öz beynəlxalq mövqelərini formalaşdıra biləcəklər. Bu baxımdan yeni texnologiyaların istər yaradılması, istərsə də mənimsənilməsi proseslərində AMEA-nın rolu təbii ki, müstəsna olmalıdır. Çox təəssü ki, bu gün biz bu ali elm ocağının adına yalnız müxtəlif intriqalarda, dedi-qodularla bağlı gündəmlərdə rast gəlirik. Məhz bu səbəbdən də ölkənin elm ictimaiyyəti, tamamilə haqlı olaraq, bu gün bütün bu neqativ hallara birdəfəlik son qoymağın yeganə yolunu Ramiz Mehdiyevin tutduğu vəzifədən kənarlaşdırılmasında görür”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, AMEA prezidentinin onun fəaliyyətini haqlı olaraq tənqid edənlərə, xüsusilə də deputatlara qarşı təhqiramiz ifadələr işlətməsi yolverilməzdir və bu, əslində, Azərbaycan xalqını təhqir etmək anlamına gəlir: “Əlbəttə ki, yaranmış vəziyyətdə akademik Ramiz Mehdiyevin onun fəaliyyətini tənqid edən deputatlara qarşı sərgilədiyi mövqeyə də münasibət bildirməmək mümkün deyil. İlk növbədə, birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı adını daşıyan şəxsə qarşı mətbuatda təhqir dolu çıxışlar edən istənilən şəxs eyni zamanda

həmin deputatın seçicilərini, yəni Azərbaycan xalqını təhqir etmiş olur. Buna isə nə keçmiş, nə də indiki xidmətlərindən (əgər belə xidmətlər olubsa belə) asılı olmayaraq heç kimin haqqı yoxdur. Digər tərəfdən də, bu və ya digər deputatın Milli Məclisə seçilməsini şübhə altına qoymaqla Ramiz Mehdiyev seçki nəticələri Konstitusiya Məhkəməsinin qərarı ilə təsdiqlənmiş Parlamentin legitimliyini şübhə altına almağa cəhd göstərmiş olur. Bu isə artıq AMEA rəhbərinin ölkənin elm sahəsini inkişafdan qoymağa yönəldilən cəhdlərinin arxasında daha təhlükəli siyasi motivlərin durduğuna dair iddiaların əsaslı olduğu anlamına gəlir. İstənilən halda, bu gün Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, elm sahəsində də ciddi islahatlara ehtiyac var və bu islahatların effektivliyi yalnız AMEA prezidentinin istefasından, yaxud dəyişdirilməsindən sonra əldə oluna bilər” – deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

AİA.Az


Son illərdə yeni sosial ödəniş növləri təsis edilib, ödəniş təyin edilənlərin sayı artıb. Hazırda isə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilməklə onlara Prezident təqaüdünün təyinatı işləri aparılır və yaxın günlərdə bitəcək. Bütün bunlar sosial ödənişlərin davamlı artımı ilə bərabər, sosial təminatın əhatə dairəsinin ildən-ilə genişləndiyini göstərir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sosial təminat sisteminin gücləndirilməsinə və sosial müdafiə proqramlarının genişlənməsinə imkan verib. Hər il bu istiqamətdə mühüm addımlar atılır.

Qeyd edilib ki, əməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırılması üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya əsaslı yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrılıb. 

2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb. Keçən il yalnız pensiya təminatı istiqaməti üzrə əhaliyə 4,6 milyard manat vəsait ödənilib. Bu da əvvəlki ilə nisbətən 118 milyon manat çoxdur. Cari ilin əvvəlindən edilən artımlar onu deməyə əsas verir ki, 2022-ci ildə də sosial təminat üzrə ayrılan vəsaitlərdə növbəti ciddi artım olacaq.

Bütün bunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl irəliləyişləri göstərir.

Digər sosial ödənişlər (müavinət, təqaüd və s.) kimi, pensiyaların məbləği də ildən-ilə artır, üç il əvvələ nisbətən minimum pensiya məbləğində 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləğində 60% artım olub. Dövlət başçısının 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyalarda orta hesabla daha 9 faiz artıma nail olunub ki, nəticədə pensiyaların orta aylıq məbləğinin bu il 360 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı gözlənilir.  

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) payı ötən il bir qədər də azalaraq 25,2 faizə endiyi də diqqətə çatdırılıb. Bildirilib ki, ümumilikdə transfertin payı DSMF gəlirlərində 2017-ci illə (38,1 faiz) müqayisədə 12,9 faiz azalıb. Bu müsbət dinamika sosial sığorta daxil olmalarında mütəmadi artımın, fəaliyyət sahələrində şəffaflığın təminatı və optimallaşdırma tədbirlərinin nəticəsi olmaqla, DSMF-nin maliyyə dayanıqlığının möhkəmlənməkdə davam etdiyini göstərir.

Nazirliyin strukturuna daxil olan və tabeliyidəki qurumların 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci ildə qarşılarında duran vəzifələr müzakirə olunub.



Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində bəzi maliyyə pozuntuları aşkarlayıb.

 

Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində sinif komplektlərinin artıq saxlanıldığı, müəllimlər tərəfindən sinif jurnallarında dərslərin keçirilməsi barədə qeydlər olmadığı müəyyən olunub.

Habelə məktəblərdə sinif otaqlarının sayı imkan vermədiyi halda dərslərin keçirilməsi adı ilə müəllimlərə əməkhaqqı ödənildiyi aşkar olunub.

Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.

Nəzarət tədbirləri üzrə prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilib, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.



“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibindən çıxarılıb.



Qars rəhbərliyi Türkiyənin ticarət naziri ilə Ermənistanla sərhəddə keçid məntəqəsinin açılması məsələsini müzakirə edib. Bu barədə KarsGazete xəbər verir.

Qars vilayətinin rəhbərliyindən ibarət nümayəndə heyəti Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

Görüş zamanı Ermənistanla sərhəd-keçid məntəqəsinin açılması məsələsi müzakirə olunub.

virtualaz.org



Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov