Xəbər lenti


Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür.
 
AZXEBER.COM-un məlumatına görə, ulu öndərin vəfatından 19 il ötür.

 
 
 
 
 
 
Ad - 00:20
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
 
Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
 
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
 
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
 
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
 
O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
 
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
 
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
 
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zaman rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
 
1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
 
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.
 
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.
 
Ulu öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.
 
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz ulu öndərin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.
 
Ümummilli liderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi. Bununla da Ali Baş Komandanımız 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
“Kamaləddin Qafarov: “Azərbaycan xalqı Ulu Öndərin əziz  xatirəsini əbədi yaşadacaqdır!”

“Sovet imperiyasının Cənubi Qafqaz regionunda yetmiş il davam edən hegemonluğuna ötən əsrin axırlarında son qoyulduqdan sonra bu platformada dünya gücləri arasında əsl nüfuz savaşı başladı. Bir tərəfdən ölkəmizin enerji resurslarına sahiblənməyə can atan qüvvələr, digər tərəfdən Azərbaycanın tarixi əraziləri hesabına mifik “böyük Ermənistan” dövlətini yaratmağa çalışan Ermənistanın işğalçı planları, üçüncü tərəfdən isə qonşuluğunda güclü müstəqil Azərbaycan dövlətinin mövcudluğunu istəməyən İran gənc respublikamızın varlığını ciddi təhdid altına almışdılar. 1991-1992-ci illərdə gedən proseslər bütün bu düşmən qüvvələrin ortaq məqsədlərinə, Azərbaycanın parçalanaraq xırda xanlıqlara bölünməsinə hesablanmış məkrli planların reallaşmasına real zəmin yaratmışdı. Ölkə rəhbərliyinin səriştəsizliyi və zəifliyi birbaşa xaricdən dəstək alan separatçı qüvvələrin güclənməsinə yol açmış, xüsusilə respublikanın şimal və cənub bölgələrində artıq yeni marionet dövlətlərin yaradılmasına bütün hazırlıqlar görülmüşdü. Bu arada Ermənistanın silahlı qüvvələri də ölkəmizdə hökm sürən hərc-mərclikdən maksimum yararlanaraq Qarabağı və qərb rayonlarımızı güclü müqavimətlə rastlaşmadan işğal edirdilər. Artıq 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq vətəndaş müharibəsinin bir addımlığında idi.”

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış vəziyyəti şərh edərkən deyib.


Deputat ölkənin taleyi üçün həlledici olan həmin dövrdə Azərbaycan xalqının öz iradəsini ortaya qoyaraq Heydər Əliyevi hakimiyyətə gətirməklə yeganə mövcud xilas yolunu dəqiq müəyyən etdiyini vurğulayıb: “ 1993-cü ildə ölkədə yaranmış vəziyyət bütün kənar müşahidəçilərdə belə bir əminlik yaratmışdı ki, artıq Azərbaycanı heç nə və heç kəs xilas edə bilməz. Lakin xalq nə bu fikirlə barışmaq, nə də onun üçün düşmən qüvvələr tərəfindən hazırlanmış aqibəti yaşamaq niyyətində deyildi. Çünki Azərbaycan xalqı onu bu bəlalardan qurtara biləcək gücün, iradənin və bacarığın kimdə olduğunu yaxşı bilirdi. Buna görə də həmin dövrdə xalq üzünü öz böyük oğluna- Ulu öndər Heydər Əliyevə tutaraq, bu dahi şəxsiyyətin hakimiyyətə qayıtması tələbini təkidlə irəli sürdü. Heydər Əliyev dühasının bütün məkrli planları pozmaq, dövlətçiliyimizi xilas etmək və müstəqil, güclü Azərbaycan dövləti qurmaq iqtidarında olduğunu bilən təkcə xalqımız deyildi. Bunu düşmənlərimiz də yaxşı bilirdilər. Çünki Ulu öndər, sözün əsl mənasında, dünya miqyaslı siyasi və dövlət xadimi idi. 1982-ci ildən dünyanın iki ən güclü superdövlətindən biri olan SSRİ kimi nəhəng ölkənin idarə olunmasında birbaşa iştirak edən Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Bu vəzifələrdə olduğu müddətdə dünyanın siyasi elitası Azərbaycan xalqının ümummilli liderini kifayət qədər tanımış və Heydər Əliyev dühasının istənilən bir ölkəni tam müstəqil şəkildə idarə etmək iqtidarında olduğuna əmin olmuşdu. Məhz buna görə də düşmən qüvvələr 90-cı illərin əvvəllərində Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməməsi üçün bütün mövcud imkanlarından istifadə etmişdilər. Lakin nə sui-qəsd və terror aktları cəhdləri, nə də daha sonra - artıq ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu zaman baş vermiış dövlət çevrilişi cəhdləri Ulu öndərimizin qarşısını ala bilmədi. Dahi lider artıq öz üzərinə götürdüyü xilaskarlıq missiyasını əzmlə yerinə yetirməyə başlamışdı. Qısa müddət ərzində H.Əliyev ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu və bununla da Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, bütün sahələrdə dinamik inkişafın əsasını qoydu. Bundan sonra Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci tarixi dövrün, 1993-2003-cü illəri əhatə edən mərhələnin ən başlıca nailiyyəti də məhz bu oldu ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanıldı, daha da möhkəmləndirildi və inkişaf etdirildi. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm addımlar atıldı. Ulu öndərin müəyyən etdiyi qüsursuz daxili və xarici siyasət kursu müasir müstəqil və güclü Azərbaycanın dayanıqlı əsaslarını yaratdı. Növbəti illər ərzində Azərbaycan sürətlə nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiya olunmağa başladı. Yenə də Ulu öndərin müəllifi olduğu uğurlu neft strategiyası isə bir tərəfdən ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna qədəm qoymasına, digər tərəfdən də Azərbaycanın illər sonra yenidən formalaşan dünya düzənində Avropanın enerji təhlükəsizliyində aparıcı rollardan birinə sahib olmaqla beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü zəmin yaratdı.

12 dekabr- Ulu öndər Heydər Əliyevin anım günüdür. Dünyanın bir çox ölkələrində ürəyi Azərbaycanla döyünən milyonlarla soydaşımız bu günü böyük ehtiram və hörmətlə qeyd edir.Bu gün Azərbaycan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi Heydər Əliyev kursu ilə öz yoluna davam edir. Bu yolda əldə olunan parlaq qələbələr və əlbəttə ki, ilk növbədə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi bir daha sübut etdi ki, xalqımız Ulu Öndərin misilsiz fədakarlığına, siyasi irsinə və bizlər üçün qoyduğu ən böyük mirası olan müstəqil Azərbaycan dövlətinə layiq xalqdır. Azərbaycan bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi ilə inkişaf edəcək, güclənəcək və heç bir qüvvə ölkəmizin getdikcə daha zəngin və çiçəklənən bir dövlətə çevrilməsi prosesinin qarşısını ala bilməyəcək. Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini əbədi yaşadacaqdır!”
Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq


"Avropa İttifaqı (Aİ) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana 2 milyard avro ayırmağı planlaşdırır".

Ardını oxu...

Moskvada Bayramovla Lavrovun görüşü keçirilir
 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında məlumat verib.

 

O, görüşdən foto da paylaşıb.

***

“Rusiya İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasında maraqlıdır”, - deyə Lavrov görüşdə qeyd edib. 

 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov