“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Gününü ailəsi ilə birlikdə Zəfərimizin məhək daşı olan Şuşa şəhərində qeyd etdi. İki il bundan öncə şanlı Ordumuz bu qədim Azərbaycan şəhərini erməni işğaından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi qazandı. Şuşanın strateji mövqeyi onun azad edilməsindən sonra müharibənin taleyini həll etmiş oldu”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili xatırladıb ki, hələ hərbi əməliyyatlar zamanı Ölkə Prezidenti cənab İlham Əliyev demişdi ki, Şuşa azad edilməsə, bizim qələbəmiz tam olmaz. “8 noyabr-Zəfər Günü münasibətilə Şuşada keçirilmiş tədbirdə etdiyi çıxışında cənab Ali Baş Komandanın dediyi kimi, Şuşanı işğaldan azad etmək müharibənin son məqsədi idi. Həm də təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır, eyni zamanda ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Buna görə də xalqımız Zəfər Gününü məhz 8 noyabr tarixində, Şuşanın azad edildiyi gündə qeyd edir. Bu gün artıq qalib Azərbaycan xalqının tarixinə ən şərəfli günlərdən biri kimi yazılıb və bundan sonra da gələcək nəsillər bu tarixlə daim fəxr edəcəklər.”
Deputat bildirib ki, şanlı Azərbaycan hərbçiləri təkcə Şuşanın azad edilməsində deyil, bütün döyüşlərdə misilsiz şücaət və qəhrəmanlıqlar nümayiş etdiriblər: “Şuşa, əslində, haqlı olaraq alınmaz qala hesab olunurdu. Şəhərə giriş faktiki olaraq bir yoldan ibarətdir. Eyni zamanda, Şuşanın yerləşməsi bütün ətraf əraziləri hədəfdə saxlamaq üçün idealdır. Lakin bütün bunlara baxmayaraq, qəhrəman hərbçilərimiz meşələrdən, dərələrdən, cığırlardan keçib, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdılar. Sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovaraq üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar. Şuşanın azad olunmasından dərhal sonra Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Əlbəttə, onlar qorxmalıdırlar. Həm də təkcə onlar deyil, Azərbaycanı təhdid edən, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək niyyətinə düşən hər kəs bunun səbəb ola biləcəyi nəticələrdən qorxmalıdır. Lakin cənab Ali Baş Komandanımızın da dediyi kimi, bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin etdik və bunu da şərəflə etdik. Bütün bunlarla yanaşı, bu faktı da mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın igid əsgər və zabitləri Şuşaya qədər azad etdikləri bütün digər şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi uğrunda gedən döyüşlərdə də eyni əzm və fədakarlıqla vuruşmuş, misilsiz qəhrəmanlıq nümunələri göstərmişlər. 44 gün davam edən Vətən müharibəsi dövründən ordumuzda bir nəfər də olsun fərari olmamışdır.”
K.Qafarov tarixi Qələbəmizi təmin edən amillər arasında ölkəmizin son illər ərzində qurulmuş möhkəm xarici əlaqələrinin də mühüm rol oynadığını vurğulayaraq deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik xarici siyasətin nəticəsi olaraq son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillər - ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi by Zəfər Gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi. Öz çıxışında cənab Ali Baş Komandanımızın dediyi kimi, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələ bilər”.
“Bu gün Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən qardaş Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayramın ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilməsi də Dövlət Bayrağı Gününə verilən xüsusi önəmin göstəricisidir”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli özünüdərkin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.”
Deputat vurğulayıb ki, Azərbaycanın üçrəngli bayrağı özündə istiqlal ideologiyamızın üç təməl prinsipini əks etdirir: “Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.”
K.Qafarov Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biri olduğunu vurğulayaraq deyib: “Bayraq milli eyniliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. İki il bundan öncə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra cənab Ali Baş Komandanımız həmin ərazilərdə, azad olunmuş şəhər və kəndlərimizdə müqəddəs bayrağımızı şəxsən ucaltdı və əminik ki, bundan sonra Azərbaycan bayrağı olduğu zirvələrdən bir daha enməyəcək”.