Xəbər lenti



Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir.

 
 

 

Fevralın 17-də dövlət başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsla görüşüb.

 

 

 
Kamaləddin Qafarov: “Rumıniya - Azərbaycan əlaqələri  intensiv inkişaf edir”

“Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Rumıniya-Azərbaycan əlaqələrində energetika sahəsinin aparıcı rol oynadığını xüsusi vurğulayıb: “ Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün energetika bütün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələdir. O cümlədən, energetika sahəsi Rumıniya-Azərbaycan əlaqələrində də əsas yeri tutur. Bunu təsdiq edən məqamlardan biri kimi, SOCAR-ın Rumıniyada uzun illərdən bəri davam edən səmərəli fəaliyyətini göstərmək olar. Bu gün artıq ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə çıxır. Dövlətimizin başçısı ötən ay Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və buna paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti uğurla başa çatdırıldı və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti bir qədər də artdı. Qeyd etmək lazımdır ki, ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bir daha ölkəmizə olan etimadı təsdiqləyir. Azərbaycan öz növbəsində Memorandumun uğurlu icrasını təmin etmək üçün Avropaya qaz ixracatını sürətlə artırır. Eyni zamanda, Azərbaycan və Rumıniya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində önəmli addımlar atılır. Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı bu sahə ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu strateji layihə böyük sərmayə tələb edir və bir neçə ölkəni, iki dənizi birləşdirir. Bundan başqa, Azərbaycan və Rumıniya arasında nəqliyyat sahəsi də böyük önəm kəsb edə bilər. Dövlətimizin başçısının dediyi kimi, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və bu imkanların reallaşdırılması bütün Avrasiya məkanı üçün son dərəcə maraqlı layihələrin icrasına yol aça bilər.”
Kamaləddin Qafarov: “Azərbaycanla təhdid dilində danışmaq olmaz”

“İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərib və bu münasibət heç zaman İslam həmrəyliyi formatına uyğun olmayıb. Əksinə, məscidləri dağıdan və təhqir edən, ibadətgahlarımızda donuz saxlayan Ermənistanla münasibətlərində İran hər zaman səmimi və həmrəy olub. İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək ən real göstəricilərdir. Lakin İranın Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib. Lakin Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, milli həmrəylik mühiti, xalq-iqtidar birliyi və əlbəttə ki, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının effektiv fəaliyyəti belə cəhdlərin qarşısının dərhal və qətiyyətlə alınmasını təmin edib. Bu səbəbdən biz bu gün artıq ölkəmizə qarşı silahlı təxribatların bilavasitə İranın öz ərazisində düzənləndiyinin şahidi oluruq.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat səfirlik ərazisinin yerləşdiyi dövlətin ərazisi hesab olunmadığını vurğulayaraq, bu gün Tehranda baş vermiş Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu bilavasitə ölkəmizə qarşı terror aktı kimi qiymətləndirmişdir: “Yanvarın 27- də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan silahlı hücum növbəti dəfə ölkəmizə qarşı həyata keçirilmiş qanlı terror aktıdır. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş şəhid olmuşdur. Əlbəttə ki, bu terror aktına görə bütün məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür. Məlumdur ki, istənilən səfirliyin ərazisi onun təmsil etdiyi ölkənin ərazisi hesab olunur və bu ərazinin təhlükəsizliyi onun yerləşdiyi ölkə tərəfindən təmin edilir. Bu baxımdan Azərbaycan səfirliyinin də mühafizəsinin təmin olunması bilavasitə İran hökuməti tərəfindən həyata keçirilməli idi. Lakin reallıqda biz bu mühafizənin ya simvolik şəkildə təşkil olunduğunu, ya da ümumiyyətlə olmadığını gördük. Digər tərəfdən də İran hakimiyyətinin ölkəmizə qarşı yürütdüyü düşmənçilik təbliğatı anti-azərbaycan qüvvələrini bir qədər də ruhlandırır, onlara daha geniş qol-qanad açmaq üçün şərait yaradır. Böyük ehtimalla, Azərbaycan səfirliyinə silahlı hücumu təşkil edən və onu həyata keçirən qüvvələrin maraqları İran hökumətinin qarşısına qoyduğu məqsədlərlə üst-üstə düşür. Əks halda bu qanlı hadisənin izahını vermək üçün beynəlxalq ictimaiyyətə Tehran polisinin hansısa absurd açıqlamaları təqdim olunmazdı. Çox təəssüflər olsun ki, İran hökumətinin öz daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılması istiqamətində atdığı addımlar son vaxtlar bir qədər də intensivləşib. Əslində bir ölkənin səfirliyinə olunan hücum elə həmin ölkənin birbaşa ərazisinə olunan hücum kimi qiymətləndirilir. Digər tərəfdən də İran ölkəmizdə dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparmaq, dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istiqamətində səylər göstərir. Lakin Azərbaycan bu gün bütün təhdidlərin qarşısını almağa, istənilən təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadir bir ölkədir və bu ölkə ilə hədə və təhdid dilində danışmaq heç kimə fayda verməz.”
Baş Prokurorluq Dövlət Gömrük Komitəsində əməliyyat keçirir

 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Trend-in məlumatına görə, hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə təsdiq ediblər.

 

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik  prosesi sürətləndirəcək”

“Bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər cəmiyyətin idarə edilməsində əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, həm də yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu da partiyaların fəaliyyətində nəzərə çarpacaq dəyişikliklərə yol açacaq. Yeni, mütərəqqi qərarların qəbulu ölkədə demokratik mühitin daha da təkmilləşdirilməsinə xidmət edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə atılan bütün addımlar Azərbaycanın uğurlu gələcəyi üçündür.”

Bu sözləri “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, demokratik təsisatların inkişafı və təkmilləşdirilməsi bu gün Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir: “Ölkəmizdə “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib və sonuncu dəfə 2012-ci ildə həmin qanuna bəzi dəyişikliklər edilib. Keçən ilin dekabrında “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bir daha təsdiqlədi ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz demokratik təsisatların inkişafı və təkmilləşdirilməsidir. Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması zərurəti, ölkədə mövcud olan siyasi sistemin özəllikləri nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Həmçinin bu sənədlər arasında 24 xarici ölkənin təcrübəsi, ölkəmizdə fəaliyyət göstərən 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, eləcə də parlamentin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif yer almışdır. Nəticədə yeni reallıqda ölkəmizin siyasi sistemində milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun hazırlanmışdır.”

K.Qafarov qeyd edib ki, yeni qanunda siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmişdir: “ İndiyədək qüvvədə olmuş əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərin artıq yer almaması, dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsinə, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi kimi bəndlərin əks olunması yeni partiyaların təsis prosesinin təkmilləşdirilməsini göstərir. Əvvəlki qanunda əks edilmiş bir çox məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşının təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul etmək və təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən etmək hüquqlarının tanınması və digər müddəalar da bunu deməyə əsas verir. Birmənalı olaraq deyə bilərik ki, yeni qəbul edilmiş siyasi partiyalar haqqında qanun ölkənin ictimai-siyasi həyatında müasir çağırışların və mövcud vəzifələrin reallaşmasına, hüquqi əsasların daha da təkmilləşməsinə xidmət edəcək. Bu sənəd siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq və müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq.”
 
 


Azərbaycanda inzibati vəzifələrin dördüncü və beşinci təsnifatının əhatə dairəsi genişlənib.

 
Bu Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri inzibati vəzifələrin dördüncü, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri vəzifələr inzibati vəzifələrin beşinci təsnifatına daxil edilib.



ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycana səfər edəcək.

Bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

Qeyd edilib ki, bu barədə nazirin azərbaycanlı və erməni həmkarları ilə telefon danışığından sonra razılığa gəlinib.

 

Buyar Osmani iki ölkə arasında gərginliyin azaldılmasına kömək etmək və davamlı sülhə nail olunmasına töhfə vermək üçün öz şəxsi səylərini göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.

O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini vurğulayıb.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov