"Sülhməramlıların kontingenti davamlı olaraq yenilənir. Aksiya keçirilən əraziyə xüsusi texnikalar gətirib yerləşdiriblər. Texnikalarla nəsə görüntü yaratmaq istəyirlər, amma istəklərinə nail ola bilməyəcəklər".
Bizimaz.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Laçın-Şuşa yolunda keçirilən aksiyada iştirak edən QHT rəhbəri Səyyad Məcid deyib.
O, hazırda aksiyanın davam etdiyini bildirib.
“Xankəndi-Laçın yolunda hərəkət tamamilə dayanıb. Məqsəd ermənilərin müharibə cinayətlərinə, beynəlxalq cinayətlərə, xüsusilə də ekosid, urbisid cinayətlərinə cavab verməkdir. Düşünürəm ki, bizim keçirdiyimiz aksiya məqsədinə nail olub və müəyyən təsirlər davam edir”, - QHT rəhbəri vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı əraziyə gələnə və irəli sürülən tələblər tam yerinə yetirilənədək aksiya davam edəcək.
Bu gün Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.