Xəbər lenti



Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə  törədilmiş ən ağır cinayətlərdəndir”

“Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət tərəfindən tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi edilmişdir. Xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, tariximizə “31 Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin qlobal miqyasda dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli soyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu isbat etmiş oldu.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “1918-ci il hadisələri Azərbaycan xalqının başına gətirilən dəhşətli müsibətlərdən biridir. Tarixi dəlil və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlayıblar. 1918-ci ilin mart ayında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilmiş, diri-diri yandırılmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması lazımdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda 500-dək insan kəlləsi tapılıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.”

Kamaləddin Qafarov sonda deyib: “Azərbaycan xalqı tarix boyu başına gətirilən bütün faciələrə, üzləşdiyi çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini hər zaman qoruyub saxladı, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi. Xüsusilə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının işığında öz gələcəyini quran Azərbaycan dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət, 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz artıq uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq.”
 
 

Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır”

“Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci il aprelin 14-də videokonfrans formatında keçirilmiş müşavirənin gedişində çıxış edən dövlət başçısı demişdir: “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.” Həmin tarixi çıxışdan sonra keçən dövr ərzində ölkəmizdə gedən proseslərin və əldə olunan nəticələrin təhlili belə deməyə əsas verir ki, cənab Prezident İlham Əliyev 2018-ci il prezident seçkilərindən sonra həyata keçirməyə başladığı əsaslı islahatlar sayəsində ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verə bilən unikal modelini qurmağa müvəffəq oldu.”

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

K.Qafarovun fikrincə, birmənalı olaraq qeyd etmək lazımdır ki, həmin ildən ölkəmizdə faktiki olarq “siyasi dialoq” məfhumunun aktuallaşdırılmasına start verildi . Zaman keçdikcə siyasi münasibətlərdə köhnə stereotiplər dəyişdirildi. Qərəzli mövqelərdən çıxış edənlər isə səhvlərini etiraf etmək və siyasi fəaliyyətlərini yeni səhifədən başlamaq şansı əldə etdilər. İslahatların gedişində dövlətimizin başçısı Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən və siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizin dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınmasını təmin etdi.”

Deputat daha sonra deyib: “ Ölkəmizdə 2022-ci ilin dekabrında “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bir daha təsdiqlədi ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz demokratik təsisatların inkişafı və təkmilləşdirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət deməkdir. Təsadüfi deyil ki, Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması zərurəti, ölkədə mövcud olan siyasi sistemin özəllikləri nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Bu sənədlər arasında 24 xarici ölkənin təcrübəsi, ölkəmizdə fəaliyyət göstərən 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, eləcə də parlamentin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif yer almışdır. Nəticədə yeni reallıqda ölkəmizin siyasi sistemində milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir Qanun qəbul edilmişdir. Yeni qəbul edilən Qanun siyasi partiyaların cəmiyyətdə nüfuzunun artmasına, siyasi proseslərə təsir imkanlarının genişlənməsinə də öz müsbət təsirini göstərəcək.

K.Qafarov qeyd edib ki, bu gün ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir: “ Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Dialoq prosesinin keyfiyyət etibarı ilə yeni müstəvidə inkişafını müşahidə edərək deyə bilərik ki, dövlət başçımızın təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq bu gün artıq daha təkmil və konstruktiv modelə transformasiya edib. Eyni zamanda da bu transformasiya ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmununu siyasi dəyər formatından, demokratik münasibətləri şərtləndirən işlək mexanizm formatına qədər dəyişdirə bilib”.
 
 
Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”

“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar. Dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Üçüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını doğma Qarabağda böyük ruh yüksəkliyi ilə qeyd edir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Millət vəkili bildirib ki, Talış kəndində olarkən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Novruz tonqalını alovlandırıblar. “Dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Hər zaman olduğu kimi, dövlət başçısının çıxışında önəmli açıqlamalar verilib, mühüm mesajlar yer alıb. Ölkə Prezidenti Vətən torpaqlarının azad olunması naminə öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etməklə şəhid və qazilərimizə, müharibə iştirakçılarına Azərbaycan xalqının sonsuz ehtiramını bir daha nümayiş etdirdi. O, 30 illik işğal ərzində ermənilərin xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasətindən, törətdikləri soyqırımı və kütləvi qırğınlardan, hərbi cinayətlərdən bəhs edərək, beynəlxalq təşkilatların həmin illərdə səsimizi eşitmədiklərini, münaqişəni həll etmək əvəzinə, onu dondurmağa çalışdıqlarını xatırlatmışdır. Əlbəttə ki, bu gün vəziyyət artıq kökündən dəyişib. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi və indi həm Ermənistan, həm də onun havadarları Azərbaycanın müəllifi olduğu yeni reallıqları qəbul etməyə məcburdurlar.”

Deputat qeyd edib ki, Ermənistanda bu gün yenidən baş qaldıran revanşist qüvvələr erməni xalqını böyük fəlakətə sürükləyə bilərlər: “ Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanda gedən proseslər, ölkəmizə qarşı yenidən ərazi iddialarının irəli sürülməsi belə deməyə əsas verir ki, İkinci Qarabağ müharibəsinin ibrət dərsini Ermənistan hələ də tam mənimsəməyib. Ermənistana dəstək verən bəzi dövlətlərin boş vədləri bu ölkəni yenidən revanşizmə təhrik edir. Lakin belə mövqe, hadisələrin bu istiqamətdə inkişafı Ermənistan üçün ciddi fəsadlara gətirib çıxara və erməni xalqını daha böyük fəlakətlərlə üz-üzə qoya bilər. Ermənistan ölkəmizə qarşı yenidən ərazi iddiaları irəli sürməkdənsə, indi ona məxsus olan 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün təklif olunan şərtləri qəbul etməlidir. Əks halda, möhtərəm dövlət başçımızın dediyi kimi, əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran ölkələr yaxşı bilməlidirlər. Azərbaycanın hərbi və iqtisadi qüdrəti, dünyada sahib olduğu nüfuzlu mövqeyi və ən əsası, güclü iradəyə malik olan Prezidenti var.”

K.Qafarov bəzi ölkələrin Azərbaycana qarşı qərəzli addımlar atmaqla Cənubi Qafqazda destabillik yaratmağa çalışdıqlarını vurğulayaraq deyib: “ Ermənistana havadarlıq etməyə çalışan ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edilir, bəzi hallarda isə hətta Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağ”ın müstəqilliyini belə tanıyırlar. Bu, qətiyyən yolverilməz haldır. Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsi ciddi düşündürməlidir. Ağdamı “Qafqazın Xirosimasına” döndərən ermənilərin vəhşiliklərini unutmaq olmaz. Cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal reallıqları, müharibə reallıqları və əlbəttə ki, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaqdır”.

 
Kamaləddin Qafarov: “Sammit  ölkələrimiz arasında iqtisadi əlaqələrin  inkişafına  təkan verəcək”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Sammitdə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub. Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb. Sammitdə çıxış edən Prezident İlham Əliyev ölkəmiz üçün, eləcə də bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən vacib məsələlərə toxunub. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibbi personalımız tərəfindən ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərilib. Prezident İlham Əliyev 2020-ci ilin sentyabr-noyabr ayları ərzində ölkəmizin apardığı 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu xatırladıb. Dövlətimizin başçısı Türkiyə Prezidentinin müharibənin ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini vurğulayıb. 2021-ci ilin iyun ayında isə, işğaldan azad edilmiş Şuşa şəhərində ölkələrimiz arasında Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb. Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, qardaş Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş və bu gün dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Fikirlərini davam etdirən deputat bildirib: “Ermənilər 30 il ərzində işğal altında saxladıqları ərazilərimizdə olmazın vəhşiliklər törədiblər. Bu müddətdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, tarixi və dini abidələri, qəbiristanlıqları Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırıblar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb. Ölkə Prezidenti İlham Əliyev bütün bu məsələləri Ankara Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırmaqla rəsmi İrəvanın hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındığını vurğulamışdır.”

K.Qafarov deyib: “2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Faktiki olaraq Azərbaycan sıfırdan 9 yeni şəhər və ilkin mərhələdə 300-dən çox kənd və qəsəbə qurmaqla Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Artıq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıb. Prezident İlham Əliyev qeyd etdi ki, yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Yenidənqurma işlərində digər türk dövlətləri də fəal iştirak edirlər. Dövlətimizin başçısı işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikintisini və Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşasını qardaşlıq jesti kimi dəyərləndirmişdir. Ötən dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin sürətlə şaxələndiyindən xəbər verir”.
Milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı - Azərbaycan qadını

Qadın cəmiyyətdə böyük rola malikdir. Hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar. Azərbaycan qadını yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil Azərbaycanın  inkişafında fəal iştirak edir. Azərbaycan qadını istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarır. Tarixə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edib, ailələrində də vəzifələrini layiqincə yerinə yetiriblər.
Məhz Ümummilli lider Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşıb: "Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulub. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapıb. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf ediblər".
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib.
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsini hər zaman diqqət mərkəzində saxlayan Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə ölkədə qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradıldı. 2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" imzalanan Fərman ölkədə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı. Həm dövlət komitəsinin yaradılması, həm də Fərmanın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ oldu.
Ölkədə dövlət qadın siyasəti, bu istiqamətdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır.
Azərbaycan qadınları torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi naminə ağır və şərəfli vəzifələri layiqincə yerinə yetiriblər: "Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər".
Dövlət müstəqilliyinin bərpasından sonra ölkədə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Dövlət müstəqilliyinin bərpasından sonra dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib.  Bu gün Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri üçün hər cür imkan yaradır, ölkədə gender bərabərliyi siyasəti uğurla həyata keçirilir. Prezident cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir, respublikamızın inkişafına  töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir.

Laləzar Hüseynova,
Salyan Dövlət Kukla Teatrının direktoru, YAP fəalı
Kamaləddin Qafarov: “BMT-də ciddi islahatlar aparılmalıdır”

“Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə təşkilatın pandemiya dövründə fəaliyyəti və pandemiyadan sonra qlobal bərpa yönümündə atılacaq addımlar müzakirə edilib. Ölkəmiz daim beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində effektiv addımlar atıb. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bundan əlavə, Zirvə Toplantısında Prezident İlham Əliyevin təklifinə əsasən 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Dövlət başçımızın bu təklifi 150-dən artıq ölkənin dəstəyini almışdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına da güclü dəstək verdiyini vurğulayıb: “Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq önəmli təşəbbüslərlə çıxış edib. Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi yaradıldı və ilk dəfə bu təsisatın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransı 2022-ci ilin iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyinin də Bakıda yerləşəcəyinə dair qərar qəbul olundu. Hər iki tədbir təşkilatın institusional inkişafı üçün vaxtında atılmış məqsədyönlü addımlardır. Azərbaycanın irəli sürdüyü və təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs də ABŞ-da, Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bütün bu təşəbbüslər Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir.”

K.Qafarov Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətinə dair səsləndirdiyi fikirlərin dünya dövlətlərinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq deyib: “Təmas Qrupunun Zirvə görüşündə etdiyi çıxışında Prezidentimiz İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini vurğuladı. Ölkələr və xalqlar suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilənın artması halları ilə getdikcə daha çox rastlaşırlar. Dövlət başçımızın dediyi kimi, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da onların icrasında selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Buna bariz misal olaraq BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətini göstərmək olar. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanmış Vətən müharibəsi 44 günə Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Şanlı Ordumuz öz canı, qanı bahasına həm ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də BMT Qətnamələrinin icrasını həyata keçirdi. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, dünya düzəninin yenidən formalaşmasında daha fəal iştirak etməlidir. Dövlət başçımızın BMT Təhlükəsizlik Şurasının müasir dünyadakı reallıqları əks etdirmədiyi və bu qurumun tərkibinin genişləndirilməsinin vacibliyi, o cümlədən bir daimi yerin Qoşulmama Hərəkatına verilməsinin zəruriliyi və təşkilata üzv ölkələrin bu məsələ ilə bağlı məsləhətləşmələrə başlayaraq öz fikirlərini BMT-yə təqdim etməli olduqları barədə dedikləri isə bütün dünya dövlətlərinə ünvanlanmış ciddi mesajdır.”


Kamaləddin Qafarov: “Prezident İlham Əliyevin açıqlamaları  bütün dünyada böyük maraq doğurdu”

“Fevralın 18-də Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilmiş plenar iclas Avropa ictimaiyyətinə regionumuzda formalaşmış yeni reallıqlar və tarixi həqiqətlər barədə obyektiv məlumatların çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdi. Bu mövzuda öz fikirlərini bildirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının müharibənin nə olduğunu, onun insanlara hansı dəhşətləri yaşatdığını öz acı təcrübəsindən yaxşı bildiyini vurğulayaraq, Avrasiyada sülhün bərqərar olunmasını birmənalı dəstəklədiyimizi qeyd etdi. Plenar iclasın bir özəlliyi də Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin ilk dəfə bir araya gələrək görüşmələrində idi.”

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat Münxen Təhlükəsizlik Konfransının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün önəmli platforma ola biləcəyini qeyd etdi: “ Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması ciddi tarixi fikir ayrılığına malik olan bir çox digər ölkələrin də bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanması üçün yaxşı nümunə ola bilər. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanda inzibati ərazi vahidi kimi mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsini davamlı olaraq işlətməsi, Qarabağda yaşayan ermənilərin blokadaya alınmaları və hansısa humanitar böhranla üz-üzə gəlmələri barədə cəfəng iddiaları bu ölkənin hələ də sülh və mehriban qonşuluq şəraitində yaşamağa hazır olmadığını göstərdi. Beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizi ətrafında cərəyan edən hadisələrə cəlb etməyin vacibliyindən ağız dolusu danışan Paşinyanın, nədənsə, ermənilərin 28 illik işğal dövründə Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərdən, xalqımıza tutulan divanlardan, bu gün Azərbaycana mina xəritələrinin təqdim edilməməsindən bir kəlmə də danışmadı.”

K.Qafarov Prezident İlham Əliyevin verilən bütün suallar və müzakirə edilən məsələlər barədə aydın və sərrast açıqlamalarının Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirdiyini vurğulayaraq deyib: “İlk növbədə, Prezidentimiz Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati ərazi vahidnin olmadığını və Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmanın zəruriliyini bir daha hər kəsin diqqətinə çatdırmaqla öz haqlı və prinsipial mövqeyini növbəti dəfə ortaya qoymuş oldu. Dövlətimizin başçısı regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olduğunu qeyd etdi. Bunlardan biri Azərbaycanla Ermənistan arasında sülh danışıqları, digəri isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri istiqamətidir. Beləliklə, Qarabağda yaşayan ermənilərlə bağlı istənilən məsələnin Azərbaycanın sırf daxili işi olduğu bir daha vurğulanmış oldu. Cənab Prezident konkret faktlar və rəqəmlərlə Qarabağda yaşayan ermənilərin blokadada olmaları barədə cəfəng iddiaların, ümumiyyətlə, heç bir əsası olmadığını növbəti dəfə sübut etdi. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün mövcud platformalara dair verdiyi açıqlamalar da xüsusi maraq doğurmaya bilməzdi. ABŞ dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı Brüssel prosesinin və üçtərəfli formatın müzakirə edildiyini bildirən Prezident İlham Əliyev bu formatın üçtərəfli yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma olduğunu diqqət mərkəzinə çəkdi. Dövlətimizin başçısı Fransanın birtərəfli ermənipərəst mövqe tutduğundan bu ölkənin yeni yaradılmış platformada artıq iştirak etmədiyini bəyan etməsi Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu.”

Kamaləddin Qafarov İran-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamanın möhkəm məntiqə və ədalət prinsiplərinə əsaslandığından da söz açıb: “İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərib. İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız insanımızın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək real göstəricilərdir. Yanvarın 27-də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan silahlı hücum ölkəmizə qarşı həyata keçirilmiş növbəti qanlı terror aktı idi. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş şəhid olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi, bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran siyasi elitasının bəzi nümayəndələri tərəfindən göndərildiyini deməyə tam əsas verir. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, Azərbaycan tərəfinə bu barədə dürüst məlumatlar verilməlidir, terrorçu və onu göndərənlər ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra Azərbaycan İranla münasibətlərinin normallaşması məsələsini müzakirə edə bilər.”







“Mingəçevir şəhərində yeni -1280 meqavat gücündə İstilik Elektrik Stansiyasının təməlinin qoyulması ölkəmiz, eləcə də bütün region üçün çox əlamətdar hadisədir. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Mingəçevir ötən əsrin 70-80-ci illərində nəinki Azərbaycanın, bütövlükdə Qafqazın enerji mərkəzinə çevrilmişdi. Məhz Ümummilli liderimizin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. 1981-ci ildə isə böyük stansiyanın birinci blokunun açılışında Ulu Öndər Heydər Əliyev iştirak etmidir. 2018-ci ildə Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlandı. Növbəti iki il ərzində 8 blok tamamilə yenidən qurularaq istifadəyə verildi və 2020-ci ildə stansiya yenidən 2400 meqavat generasiya gücü ilə işləməyə başladı. Bərpa-yenidənqurma işləri nəticəsində stansiyanın təqribən 600 meqavatdan çox itirilmiş gücü bərpa edilmişdir ki, bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisinə bərabərdir.”

Ardını oxu...



Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir.

 
 

 

Fevralın 17-də dövlət başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsla görüşüb.

 

 

 
Kamaləddin Qafarov: “Rumıniya - Azərbaycan əlaqələri  intensiv inkişaf edir”

“Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Rumıniya-Azərbaycan əlaqələrində energetika sahəsinin aparıcı rol oynadığını xüsusi vurğulayıb: “ Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün energetika bütün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələdir. O cümlədən, energetika sahəsi Rumıniya-Azərbaycan əlaqələrində də əsas yeri tutur. Bunu təsdiq edən məqamlardan biri kimi, SOCAR-ın Rumıniyada uzun illərdən bəri davam edən səmərəli fəaliyyətini göstərmək olar. Bu gün artıq ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə çıxır. Dövlətimizin başçısı ötən ay Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və buna paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti uğurla başa çatdırıldı və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti bir qədər də artdı. Qeyd etmək lazımdır ki, ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bir daha ölkəmizə olan etimadı təsdiqləyir. Azərbaycan öz növbəsində Memorandumun uğurlu icrasını təmin etmək üçün Avropaya qaz ixracatını sürətlə artırır. Eyni zamanda, Azərbaycan və Rumıniya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində önəmli addımlar atılır. Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı bu sahə ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu strateji layihə böyük sərmayə tələb edir və bir neçə ölkəni, iki dənizi birləşdirir. Bundan başqa, Azərbaycan və Rumıniya arasında nəqliyyat sahəsi də böyük önəm kəsb edə bilər. Dövlətimizin başçısının dediyi kimi, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və bu imkanların reallaşdırılması bütün Avrasiya məkanı üçün son dərəcə maraqlı layihələrin icrasına yol aça bilər.”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov