Xəbər lenti


Kamaləddin Qafarov: “Prezidentimiz  xalqın etimadını layiqincə doğruldur”

“Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına ünvanladığı müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərək demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. ..İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciətdən 14 gün sonra, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu məhz cənab İlham Əliyevə səs verdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat dayanıqlı inkişafın təmin olunması xəttinin Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olduğunu qeyd edib: “Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Çoxvektorlu siyasət yürüdən dövlət başçımız ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidenti İlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütün ümidlərini tamamilə doğruldub.”

K.Qafarov deyib: “ Prezident İlham Əliyevin sona çatdırdığı taleyüklü məsələlərdən danışarkən, ilk növbədə, 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqının ən ümdə arzusu olan ölkənin ərazi bütövlüyünün bərpa edilməsini qeyd etmək lazımdır. Prezident İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyə seçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər az müddət sonra Qarabağ münaqişəsinin nikbin sonluğu ilə bağlı artıq heç bir şübhə yeri qoymamışdı. Digər tərəfdən, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi tarixi Qələbəyə gətirib çıxardı. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bu tarixi Qələbədən üç il sonra, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla Azərbaycan özünün ərazi bütövlüyünü və nəhayət sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, separatçı rejimin qeyri-qanuni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, buna paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.”
Deputat qeyd edib ki, Azərbaycan dövləti şanlı tarixinin heç bir dövründə indiki qədər müstəqil və güclü olmayıb: “Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib. Cənab Prezident İlham Əliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlu strategiyası təkcə Azərbaycanın deyil, həm də bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yeni, daha geniş perspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıran Azərbaycan artıq sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib.Bütün bu nailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyi möhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində yeganə ən doğru seçim etdiyinin əyani sübutudur” .

Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”

“2003-2020-ci illər ərzində Azərbaycan Prezidenti hər zaman deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, biz onu müharibə yolu ilə həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”

Bunu mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, Azərbaycanın son üç il ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməyib, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırıb: “Azərbaycanın cari ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Bu günə qədər Ermənistanın təxribatları nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Sonuncu dəfə, sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı həlak olmuşdur. Buna görə də elə həmin gün cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı, qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdilər ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq.”

Kamaləddin Qafarov vurğulayıb ki, bu gün ölkəmizdə şəhid ailələrinə və müharibə qazilərinə göstərilən diqqət və qayğı bir daha dövlətimizin hər zaman öz əsgərinin yanında olduğunu əyani şəkildə nümayiş etdirir: “Bu gün Azərbaycanda şəhid ailələri, müharibə qaziləri və iştirakçıları dövlətimizin ən yüksək səviyyədə diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, qazilərimizin reabilitasiyası və normal həyata qaytarılmaları istiqamətində görülən işlər sübut edir ki, dövlət hər zaman öz əsgərini yüksək qiymətləndirir. Azərbaycan xalqı, Azərbaycan dövləti mübariz oğul və qızlarının şücaətini təqdir edir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsi ilə həm də Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunmuşdur. O da qeyd edilməlidir ki, Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da Qələbəmizin əbədiləşdirilməsi məsələsinə və müharibə iştirakçılara göstərilən dövlət diqqətinin növbəti təcəssümüdür”.
120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən göstərilmiş metodiki yardım və keçirilmiş təlimlərin nəticəsi olaraq hazırda 120-dən artıq dövlət qurumu İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyanın tövsiyəsinə uyğun olaraq özünün daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq təsdiq edib.

Trend xəbər verir ki, bunu Dövlət Xidmətinin baş idarə rəisi, general-mayor Azər Əhədov bu gün keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.

O bildirib ki, dövlət qurumlarında internetdən təhlükəsiz istifadə olunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də, əməkdaşların sahə üzrə məlumat və bilgilərinin artırılması məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən "İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat" layihəsi hazırlanaraq öz fəaliyyət istiqamətinə uyğun tətbiq olunması üçün dövlət qurumlarına göndərilib:

"Bununla yanaşı Komissiya tərəfindən "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası" hazırlanıb".Trend.az 

Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman

 

Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli sakinlərin nümayəndələrinin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünü təqdirəlayiq hesab edirik.

Gununxeberi.az xəbər verir ki, bu barədə ombudsman Səbinə Əliyeva Qarabağda yaşayan erməni əsilli sakinlərin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünə dair açıqlamasında bildirib.

"Multikultural və tolerant dövlət olan Azərbaycan milliyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, bu hüquq və azadlıqların inkişafına xüsusi diqqət yetirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bu kimi təmasların nəhayət bölgəmizdə sülhün təmin olunmasına və inkişafa, Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə mühüm töhfə verəcəyinə inanır, gələcəkdə birgə yaşayış üçün münbit şəraitin yaradılması baxımından yüksək qiymətləndirirəm", - deyə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

ceyhun-bayramov-iet-ve-asean-xin-bascilarinin-xv-birge-iclasina-sedrlik-etdi

 

Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib.

“Bizimaz.az ” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov iclasda açılış nitqi zamanı ECO-da bir neçə il öncə başladılmış islahatlar prosesinin üzv ölkələrin ehtiyaclarına və çağdaş tələblərə cavab verəcək şəkildə davam etdirilməsinin, habelə əlaqədar regional təşkilatlarla tərəfdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb.

Nazir, həmçinin ölkəmizin ASEAN və üzv dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı tərəf kimi, 2008-ci və 2020-ci illərdə BMT Baş Assambleyasının müvafiq 63-cü və 75-ci sessiyaları zamanı qəbul edilmiş “BMT ilə ASEAN arasında əməkdaşlıq” adlı Qətnamənin həmmüəllifi olaraq çıxış etdiyini diqqətə çatdırıb. Bu xüsusda, ECO-ASEAN Xarici İşlər Nazirləri iclasının məhz Azərbaycanın ECO-da sədrliyi dövründə keçirilməsinin ölkəmizin adıçəkilən təşkilatlara verdiyi önəmin təzahürü olduğunu bildirib.

Azərbaycanın ECO-da 2023-cü il dönəm sədrliyinin “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusunda keçirilməsi geniş regional əlaqəlilik, iqtisadi transformasiya, yaşıl enerji və iqlim dəyişikliklərinə qarşı davamlılıq üzrə ümumi regional baxışı əks etdirdiyi, Azərbaycan və dənizə çıxışı olmayan digər üzv dövlətlər üçün regional əlaqəlilik mövzusunun xüsusi önəm kəsb etdiyi qeyd olunub.

 

 
 
 
Kamaləddin Qafarov: “Azərbaycan  bu torpaqların əsl sahibinin  kim olduğunu sübuta yetirdi”

“Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Böyük strateji əhəmiyyətə malik olan bu rayonun işğalı təkcə laçınlılar üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Bu işğaldan sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı və bu, Azərbaycanın sonrakı ərazi itkilərinə yol açdı. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300 nəfərdən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal dövründə Ermənistan dövləti Laçında hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Cari ilin avqust ayının 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edən Ölkə Prezidenti İlham Əliyev bu məsələyə xüsusi toxunaraq tarixi həqiqətləri bir daha hər kəsin diqqətinə çatdırdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Azərbaycan öz ərazilərini azad etmək üçün ədalətli müharibə apardı, öz torpaqlarında savaşdı və qalib gəldi. Şanlı ordumuz 44 gün ərzində Qələbəni əldə etdi və öz gücünü bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Lakin keçmiş Laçın dəhlizi Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndlərindən keçdiyinə görə bu ərazilər müvəqqəti olaraq Azərbaycanın nəzarətində deyildi. Azərbaycan qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdı. Azərbaycan öz möhtəşəm qələbəsini həm hərbi, həm də siyasi müstəvidə təmin etdi. Bu gün, müharibədən 3 ilə yaxın müddət keçməsinə rəğmən, cərəyan edən hadisələr belə deməyə əsas verir ki, təkcə ermənilər deyil, həm də onların bəzi xarici havadarları Azərbaycanın qələbəsini hələ də həzm edə bilmirlər. Lakin ölkəmizə qarşı aparılan çirkin təbliğat kampaniyaları nə dövlətimizin, nə də xüsusən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iradəsinə təsir edə bilər. Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması da bunu bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlət başçımızın qeyd etdiyi kimi, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin ərazi bütövlüyünün tam bərpası deməkdir. Laçınlılar artıq mayın 28-dən etibarən öz doğma el-obalarına qayıdıblar. Hazırda 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmışdır və ilin sonuna qədər daha 900 ailə üçün evlər hazır olacaq. Bu isə o deməkdir ki, cari ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bütün bunlar işğaldan azad edilmiş torpaqların əsil sahibinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaq.”

K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin əbədiləşdirilməsi məqsədilə görülən tədbirlərin əhəmiyyətindən bəhs edərək deyib: “Tarixi dəyişdirmək cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri fitnəkarlıq olub. Belə hallara gələcəkdə yol verilməməsi üçün Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. İşğaldan azad edilmiş bütün şəhərlərimizdə olduği kimi, Laçın şəhərində də İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusunun “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmaları da tarixi həqiqətlərin gələcək nəsillərə olduğu kimi çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edən haldır. Artıq bundan sonra erməni yalanları heç vaxt tarixi faktları təhrif edə bilməyəcək”.
 
 
Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt  barışmayacaq”

“Ölkə Prezidenti İlham Əliyevin cari ilin iyul ayının 22-də Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibə xüsusi özəlliyə malikdir. Bu özəllik ondan ibarətdir ki, cənab Prezidentin müsahibəsi həm də birbaşa Ermənistan əhalisinə və Qarabağda yaşayan ermənilərə konkret mesaj xarakteri daşıyır. Bu mesajda Prezident İlham Əliyev açıq mətnlə və birmənalı olaraq bildirdi ki, bizim Ermənistana qarşı hər hansı ərazi iddialarımız yoxdur və biz onların dövləti ilə sülh istəyirik. Əlbəttə ki, onlar da Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidirlər. Biz başa düşürük ki, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Lakin II Qarabağ savaşı bütün bunların uydurma təbliğatdan başqa bir şey olmadığını sübut etdi. Bu gün tarixin qaranlıq səhifələrini çevirmək və dinc qonşuluq mühitində həyatı yenidən qurmaq üçün hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək, nəzərə almaq lazımdır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarını pozmaq niyyətində olmadığı kimi, onlara əlavə imtiyazların verilməsini də nəzərdən keçirməyəcək: “Qarabağda yaşayan ermənilər, birmənalı olaraq, başa düşməlidirlər ki, onlar Azərbaycan ərazisində yalnız Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər və yalnız bu halda onların bütün hüquqları qorunacaqdır. Prezident İlham Əliyevin dediyi kimi, əgər bu gün Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətini saymadan, qanunlarımıza tabe olmadan yaşamağa davam edərək özlərinin təhlükəsizliyinə xaricdən hər hansı bir yeni qarant axtarırlarsa, onlar bilməlidirlər ki, heç bir qüvvə bizim ərazilərdə Azərbaycanla silahlı qarşıdurmaya girə bilməz. Qarabağın erməni əhalisi artıq haqqı nahaqdan seçməyi öyrənməlidir. Onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Çünki bu “liderlər” istər 30 illik işğal dövründə, istər Vətən müharibəsinin gedişində və istərsə də indiki dövrdə - hər zaman yalan danışıblar. Bu separatçılar faktiki olaraq Qarabağın erməni əhalisini öz ambisiyalarının girovuna çeviriblər. Möhtərəm Prezidentimiz açıq-aydın bildirdi ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq təhlükəsizliklərinin və hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə normal həyat yaşayacaqlar. Yox, əgər onlar Azərbaycan qanunlarını saymamağa davam etsələr və öz “dövləti” olan “ölkədə” yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət getdikcə pisləşəcək.”

K.Qafarov Azərbaycanın separatizmlə mübarizəsinə fərqli yanaşma tərzi nümayiş etdirən beynəlxalq təşkilatlara Prezident İlham Əliyevin ünvanladığı mesajların xüsusi önəm kəsb etdiyini vurğulayaraq deyib: “Bu gün bəzi beynəlxalq təşkilatlar hələ də ölkəmizə qarşı ikili standartlar siyasətini tətbiq etməyə səy göstərirlər. Xüsusilə son vaxtlar Qarabağın erməni əhalisinin təhlükəsizliyi ilə bağlı bu təşkilatların Azərbaycandan hansısa zəmanət tələb etmələri absurddur. Bu gün biz Ukraynaya kömək etmək üçün Avropa və Qərbin daha da yaxınlaşdığını, Gürcüstanın separatçı regionları ilə bağlı yanaşmasının Qərb ictimaiyyəti və siyasi dairələri tərəfindən tamamilə anlaşıqlı qarşılanmasını müşahidə edirik. Hətta İspaniyanın 5-6 milyon nəfər əhalisi olan və ermənilərdən fərqli olaraq öz dövləti olmayan Kataloniyaya referendum keçirməyə icazə verməməsi də separatizmə qarşı mübarizə üsulu olaraq dəyərləndirilir. Belə olan halda, nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Bu yanaşma ölkəmizə və xalqımıza qarşı 30 illik işğal dövründə sərgilənən münasibətin davamıdır. Həmin dövrdə əksər beynəlxalq təşkilatlar Azərbaycanı işğal faktı ilə barışdırmağa çalışırdılar. Azərbaycan Prezidenti İlham Əliyev 2003-2020-ci illər ərzində ölkəmizin və xalqımızın öz torpaqlarının itirilməsi ilə barışmayacağını deyirdi, bu gün də möhtərəm dövlət başçımız eyni qətiyyətlə separatizmə dözməyəcəyimzi birmənalı şəkildə bəyan edir. Artıq bu mesajdan hər kəs doğru nəticə çıxarmalıdır. Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın əngəllənməsini planlanlayan bütün qüvvələr öz çirkin niyyətlərindən birdəfəlik əl çəkməlidirlər.”

Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”

“Azərbaycanın hər gün daha da möhkəmlənən beynəlxalq mövqeləri, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunan siyasi və iqtisadi nailiyyətlər getdikcə daha çox ölkənin, hətta Çin kimi qlobal güc olan dövlətlərin belə ölkəmizə maraq və diqqətini artırır. Qeyd olunmalıdır ki, “China Media Group” media korporasiyasının əməkdaşının dövlətimizin başçısına ünvanladığı suallardan açıq-aşkar məlum olur ki, beynəlxalq ictimaiyyətin ümumilikdə ölkəmizlə yanaşı konkret olaraq Prezident İlham Əliyevin şəxsiyyətinə olan marağı da çox yüksəkdir. Bu, ilk növbədə, möhtərəm dövlət başçımızın şəxsi liderlik keyfiyyətləri, siyasi iradəsi və diplomatik məharəti nəticəsində formalaşan münasibətdir.” Çin kimi dünyanın ən güclü iqtisadiyyatlarından birinə, bəlkə də birincisinə sahib olan bir dövlətin nüfuzlu media təmsilçisinin Azərbaycanın dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda həssas rol oynayaraq böyük nailiyyətlər əldə etdiyini, iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yarada bildiyini söyləməsi, birmənalı olaraq, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun təntənəsinin etirafıdır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Çinin təkcə məhdud siyasi və iqtisadi dairələrində deyil, həmçinin geniş ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin çıxış və müsahibələri izlənilir və yüksək qiymətləndirilir. “İki il bundan öncə möhtərəm dövlət başçımızın BBC-nin jurnalistinə verdiyi müsahibəni xatırlayan “China Media Group”-un müxbiri həmin müsahibədən sonra Çin ictimaiyyətində Qərblə münasibətdə maraqların tarazlaşdırılması üçün bir ölkə rəhbərinin məhz bu cür addım atmalı olduğuna dair fikir formalaşdığını deməklə, Prezident İlham Əliyevin onların ölkəsində də siyasi lider kimi böyük nüfuza sahib olduğunu etiraf etmiş oldu.”

Deputat Prezident İlham Əliyevin müsahibəsində vacib məqamlardan biri kimi, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri barədə deyilənləri qeyd edib: “Azərbaycan-Çin dostluq münasibətlərinin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu faktı Çin ictimaiyyətində də yaxşı bilirlər və buna görə Ulu Öndərimizin xatirəsini ehtiramla yad edirlər. Prezident İlham Əliyevin dediyi kimi, Ümummilli Lider Heydər Əliyev Çinə etdiyi səfərləri, bu ölkənin rəhbərləri ilə keçirdiyi görüşləri ilə dövlətlərimiz arasında əməkdaşlığın çərçivəsini yaratmışdır. Bu gün həmin münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edərək dostluq əlaqələrinə çevrilib. Çinli jurnalist Ulu Öndərin onların ölkəsinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə sadə çinli ailələrlə görüşdüyünü, onların həyatı ilə maraqlandığını bildirdi. Hələ SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı vaxtlardan Çini yaxşı tanıyan Ümummilli Liderimiz artıq müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra bu ölkə ilə ikitərəfli münasibətlər qurmağı özünün xarici siyasət prioritetlərindən birinə çevirmişdi.”

K.Qafarov Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin böyük inkişaf perspektivlərinə malik olduğuna dair ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Möhtərəm dövlət başçımız öz müsahibəsində bildirmişdir ki, Azərbaycan-Çin münasibətləri bu gün əla səviyyədədir və ikitərəfli əlaqələrin geniş gündəliyi, əməkdaşlığın çox aydın perspektivləri vardır. Ölkələrimizin əksər siyasi və iqtisadi məsələlərdə mövqeləri üst-üstə düşür. İki ölkə arasında qarşılıqlı ticarətin həcmi getdikcə artır və bu sahənin də böyük potensialı var. Xüsusilə yeni nəqliyyat marşrutları ölkələrimizin gələcəkdə daha da yaxınlaşmasında böyük rol oynayacaqlar. Əlbəttə ki, bu məqam regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Dövlət başçımızın dediyi kimi, ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını daha da gücləndirir”.
Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”

“Azərbaycan özünün beynəlxalq mövqelərini möhkəmlətməkdə davam edir. Bu önəmli məqam mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında bir daha özünü aşkar şəkildə göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər beynəlxalq tədbirdə qonaq qismində iştirakı, eləcə də iclasın gedişində aparılan müzakirələr, səsləndirilən fikirlər Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərlə ölkəmiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu növbəti dəfə təsdiq etdi. Tədbirdə çıxış edən möhtərəm Prezidentimiz ali toplantıda təmsil olunan dövlətlərlə mövcud qarşılıqlı əlaqələr barədə ətraflı açıqlamalar verərək bildirdi ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkili deyib:”Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən Azərbaycan özünün nəqliyyat-logistika infrastrukturunun yenilənməsinə və təkmilləşdirilməsinə xüsusi diqqət verir, bu sahəyə böyük sərmayələr yatırılır. Hazırda ölkəmizin bütün istiqamətlərdə daşımaları həyata keçirmək üçün geniş imkanları var və bu imkanlar getdikcə artır. Dünya okeanına birbaşa çıxışı olmayan Azərbaycan Şərq-Qərb istiqamətində Xəzər üzərindən daşımaların həyata keçirilməsində əsas rollardan birini oynayır. Ölkəmiz hazırda Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükdaşımaların həcmi 25 milyon tona çatacaq. Bundan başqa, Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Bu gün ölkədə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Bir məqamı da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Moskva toplantısında da Azərbaycanın hər zaman təkcə özünün deyil, həmçinin bütün region ölkələrinin və qonşu dövlətlərin də xalqlarının maraqlarına cavab verən təşəbbüslərlə çıxış etdiyini bir daha diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və eyni zamanda da beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olmaqla bütün regionun sürətli inkişafına səbəb olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünün də müəllifidir.”

Deputat xüsusi olaraq vurğulayıb ki, hazırda yaranmış vəziyyət Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün kifayət qədər əlverişli ola bilər: “Cənab Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən ən vacib məqamlardan biri də bu oldu ki, dövlətimizin başçısı sülh gündəliyinin hələ də öz aktuallığını qoruduğunu və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların mövcud olduğunu vurğuladı. Təəssüflər olsun ki, Ermənistanın baş naziri bu dəfə də ölkəmizin ünvanına müəyyən absurd ittihamlar səsləndirməklə rəsmi İrəvanın Cənubi Qafqazda dayanıqlı sülhə nail olunmasına qarşı olduğuna dair əsaslı şübhələrə yol açmış oldu. Azərbaycanın guya Laçın-Xankəndi yolunu bağladığını iddia edən Paşinyan ölkəmizin Ermənistanla sərhəddində nəzarət-buraxılış məntəqəsi qoymaq kimi beynəlxalq qaydalara tamamilə uyğun olan hüququnu mübahisələndirməyə çalışıb. Bundan başqa, Ermənistanın baş naziri Azərbaycan Prezidentinin öz çıxışında Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərini ifadə etmək üçün işlətdiyi “dəhliz” sözünü təhrif etməyə çalışaraq, ölkəmizə qarşı daha absurd bir ittiham irəli sürüb. Paşinyan tədbir iştirakçılarını inandırmağa çalışıb ki, Azərbaycanın Ermənistana qarşı hansısa ərazi iddiaları var. Əlbəttə ki, bütün bu cəfəng ittihamlar cənab Prezident İlham Əliyevin məntiqli və sərrast cavabları ilə dərhal heçə endirildi və Paşinyanın yeganə nail olduğu məqam özünü növbəti dəfə qınaq və gülüş hədəfinə çevirməsi oldu. Lakin bütün bunlara rəğmən, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması sülh sazişinə nail olmaq üçün imkanların mövcud olduğunu deməyə əsas verir. Bu məsələnin həllində Rusiya amili də mühüm rol oynaya bilər. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də öz çıxışında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Rusiyanın səylərinin önəmli olduğunu qeyd etdi”.
 
 


Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gəlib.

Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov