“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar. Dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Üçüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını doğma Qarabağda böyük ruh yüksəkliyi ilə qeyd edir”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Talış kəndində olarkən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Novruz tonqalını alovlandırıblar. “Dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Hər zaman olduğu kimi, dövlət başçısının çıxışında önəmli açıqlamalar verilib, mühüm mesajlar yer alıb. Ölkə Prezidenti Vətən torpaqlarının azad olunması naminə öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etməklə şəhid və qazilərimizə, müharibə iştirakçılarına Azərbaycan xalqının sonsuz ehtiramını bir daha nümayiş etdirdi. O, 30 illik işğal ərzində ermənilərin xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasətindən, törətdikləri soyqırımı və kütləvi qırğınlardan, hərbi cinayətlərdən bəhs edərək, beynəlxalq təşkilatların həmin illərdə səsimizi eşitmədiklərini, münaqişəni həll etmək əvəzinə, onu dondurmağa çalışdıqlarını xatırlatmışdır. Əlbəttə ki, bu gün vəziyyət artıq kökündən dəyişib. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi və indi həm Ermənistan, həm də onun havadarları Azərbaycanın müəllifi olduğu yeni reallıqları qəbul etməyə məcburdurlar.”
Deputat qeyd edib ki, Ermənistanda bu gün yenidən baş qaldıran revanşist qüvvələr erməni xalqını böyük fəlakətə sürükləyə bilərlər: “ Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanda gedən proseslər, ölkəmizə qarşı yenidən ərazi iddialarının irəli sürülməsi belə deməyə əsas verir ki, İkinci Qarabağ müharibəsinin ibrət dərsini Ermənistan hələ də tam mənimsəməyib. Ermənistana dəstək verən bəzi dövlətlərin boş vədləri bu ölkəni yenidən revanşizmə təhrik edir. Lakin belə mövqe, hadisələrin bu istiqamətdə inkişafı Ermənistan üçün ciddi fəsadlara gətirib çıxara və erməni xalqını daha böyük fəlakətlərlə üz-üzə qoya bilər. Ermənistan ölkəmizə qarşı yenidən ərazi iddiaları irəli sürməkdənsə, indi ona məxsus olan 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün təklif olunan şərtləri qəbul etməlidir. Əks halda, möhtərəm dövlət başçımızın dediyi kimi, əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran ölkələr yaxşı bilməlidirlər. Azərbaycanın hərbi və iqtisadi qüdrəti, dünyada sahib olduğu nüfuzlu mövqeyi və ən əsası, güclü iradəyə malik olan Prezidenti var.”
K.Qafarov bəzi ölkələrin Azərbaycana qarşı qərəzli addımlar atmaqla Cənubi Qafqazda destabillik yaratmağa çalışdıqlarını vurğulayaraq deyib: “ Ermənistana havadarlıq etməyə çalışan ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edilir, bəzi hallarda isə hətta Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağ”ın müstəqilliyini belə tanıyırlar. Bu, qətiyyən yolverilməz haldır. Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsi ciddi düşündürməlidir. Ağdamı “Qafqazın Xirosimasına” döndərən ermənilərin vəhşiliklərini unutmaq olmaz. Cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal reallıqları, müharibə reallıqları və əlbəttə ki, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaqdır”.