|
|
“Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə təşkilatın pandemiya dövründə fəaliyyəti və pandemiyadan sonra qlobal bərpa yönümündə atılacaq addımlar müzakirə edilib. Ölkəmiz daim beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində effektiv addımlar atıb. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bundan əlavə, Zirvə Toplantısında Prezident İlham Əliyevin təklifinə əsasən 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Dövlət başçımızın bu təklifi 150-dən artıq ölkənin dəstəyini almışdı.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına da güclü dəstək verdiyini vurğulayıb: “Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq önəmli təşəbbüslərlə çıxış edib. Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi yaradıldı və ilk dəfə bu təsisatın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransı 2022-ci ilin iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyinin də Bakıda yerləşəcəyinə dair qərar qəbul olundu. Hər iki tədbir təşkilatın institusional inkişafı üçün vaxtında atılmış məqsədyönlü addımlardır. Azərbaycanın irəli sürdüyü və təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs də ABŞ-da, Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bütün bu təşəbbüslər Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir.”
K.Qafarov Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətinə dair səsləndirdiyi fikirlərin dünya dövlətlərinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq deyib: “Təmas Qrupunun Zirvə görüşündə etdiyi çıxışında Prezidentimiz İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini vurğuladı. Ölkələr və xalqlar suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilənın artması halları ilə getdikcə daha çox rastlaşırlar. Dövlət başçımızın dediyi kimi, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da onların icrasında selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Buna bariz misal olaraq BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətini göstərmək olar. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanmış Vətən müharibəsi 44 günə Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Şanlı Ordumuz öz canı, qanı bahasına həm ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də BMT Qətnamələrinin icrasını həyata keçirdi. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, dünya düzəninin yenidən formalaşmasında daha fəal iştirak etməlidir. Dövlət başçımızın BMT Təhlükəsizlik Şurasının müasir dünyadakı reallıqları əks etdirmədiyi və bu qurumun tərkibinin genişləndirilməsinin vacibliyi, o cümlədən bir daimi yerin Qoşulmama Hərəkatına verilməsinin zəruriliyi və təşkilata üzv ölkələrin bu məsələ ilə bağlı məsləhətləşmələrə başlayaraq öz fikirlərini BMT-yə təqdim etməli olduqları barədə dedikləri isə bütün dünya dövlətlərinə ünvanlanmış ciddi mesajdır.”