“May ayında keçiriləcək prezident seçkiləri Türkiyənin taleyini həll edəcək. Yəni, Cümhuriyyətin 100 illiyində keçiriləcək seçki Cümhuriyyət tarixinə qızıl hərflərlə yazılacaq”.
Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev Türkiyədə keçiriləcək prezident seçkiləri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, təbii ki, bu seçkidə Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanın alternativi “6-lar” adlandırılan qüvvələr olacaq:
“Yəni, burda əsas rol oynayan Meral Akşener, Kamal Kılıçdaroğlunun erməni kökənli olmaları iddia edilir. Ümumiyyətlə, bunların türklüyü yoxdur. Aydındır ki, HDP də PKK-nın təmsilçisidir. Bunlar özləri belə bir araya gələ bilmirlər. Meral Akşenerlə CHP başqanı Kamal Kılıçdaroğlu arasında çox ciddi qarşıdurma var. Meral Akşenerin Türkiyə siyasətinə necə düşdüyü məlumdur, indi xalqı ətrafına toplamaqla özünü duruya çıxarmaq istəyir. Kamal Kılıçdaroğlunun isə özünə götürdüyü soyad saxtadır. Bu adamın əsl soyadı Karabulutdu, anası erməni, atası kürddür. Heyf Atatürkdən ki, onun partiyasına indi belə bir soykökü qarışıq olan, türkə nifrət edən adam rəhbərlik edir”.
C.Nuriyevin dediyinə görə, Ərdoğanın yanında olan kürdlər var ki, türkdən daha çox türkdür:
“Yəni, burda söhbət millətdən yox, Kamal Kılıçdaroğlunun tutduğu mövqedən gedir. O, daha çox erməni mövqeyindən çıxış edir. Qısa demək olar ki, Türkiyədə bu “6-lıq”ın heç bir rolu yoxdur. Bilirsiniz ki, numerologiyaya görə “6” həm də şeytan rəqəmidir. Bu “6-lıq”dan çıxsa-çıxsa bir şeytanın namizəd çıxa bilər. Ərdoğan isə heç də zəif deyil. Hazırda o, ilk “10-luq”da oturan, dünyanın siyasi arxitekturasını formalaşdıran bir siyasətçidir. Ona görə də, Ərdoğanla istər debatlarda olsun, istərsə də seçkidə, kiminsə üz-üzə gəlmək ehtimalı yoxdur. İndidən demək olar ki, Ərdoğan bu seçkilərdə 65-75% səs yığacaq. Hələ təbliğat başlamamış bunu proqnozlaşdırıram. Amma səs sayı çox da ola bilər”.
Cümşüd Nuriyev vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin və bütün Türk dünyasının lideridir: “Azərbaycan da maraqlıdır ki, Türkiyədə Ərdoğan qalib olsun”.
Nuranə Daxilqızı