Ölkənin yeganə ali aqrar təhsil müəssisəsi olan, ikinci böyük şəhəri Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əvvəlki illərdə keçirilmiş beynəlxalq yay məktəblərinin ölkənin aqrar potensialının təbliğində rolunu və 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsini nəzərə alaraq 2022-ci ilin 17-27 iyul tarixlərində “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı” mövzusunda 3-cü Beynəlxalq yay məktəbi təşkil olunacaq.
Məktəbin təşkilində məqsəd dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrini təmsil edən tələbələrini bir araya gətirməklə, onları işğaldan azad olunmuş ərazilərə dəyən zərərlər və burada aqrar potensialın bərpası istiqamətində görülən işlərlə yaxından tanış etməkdir.
Yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, “Aqroturizm”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafı, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi, mədəniyyəti, burada aparılan abadlıq-quruculuq işlərinə dair mühazirələr dinləniləcəkdir.
Proqram çərçivəsində iştirakçıların respublikanın müxtəlif bölgələrinə, işğaldan azad olunmuş ərazilərdə aqrar layihələrin icra olunduğu yerlərlə, habelə Şuşa şəhərinə səfərləri təşkil olunacaqdır.
Müraciət üçün tərcümeyi-hal-CV, motivasiya məktubu, tələbə bileti və təhsil müəssisəsinin tövsiyə məktubu shusha@adau.edu.az və kushvar.mammadova@adau.edu.az elektron poçt ünvanına göndərilməldir.
Qeyd edək ki, iştirakçıların yaşayış və qidalanması ödənişsizdir. Yay məktəbinə müraciət 31 may 2022-ci il tarixinə qədərdir.