Məlum olduğu kimi hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilir. Məhkəmə baxış iclası Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Toplanmış mötəbər sübutlar əsasında 2548 epizod üzrə ittiham olunan 15 nəfər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Yəqin ki, ittiham olunan 15 nəfərin hamısı layiqli cəzalarını alacaqlar. Onlar Azərbaycan Respublikasının hansı gücə sahib olduğunu görəcəklər.Bəlkə də havadarlarının nə vaxtsa imdadlarına yetəcəyi günü səbrsizliklə gözləyirlər.Amma Azərbaycan daha onlar fikirləşdiyi Azərbaycan deyil...
Məhkəmə baxışında bu ermənilər dəfələrlə vəkillərindən, hakimdən narazılıqlarını ifadə ediblər.Hətta bir necə dəfə əsassız olaraq vəsatətlər versələr də hakim Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən təmin etməyib.
Məhkəmə prosesində məni maraqlandıran digər məsələ ilə bağlı mövzuya toxunmaq istəyirəm.Əvvəla bu ermənilər 30 il ərzində Qarabağda heç bir Qanuna əməl etməyiblər və bu illər ərzində özlərindən uydurduqları qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən şər,böhtanla məşğul olublar.Bəs nə üçün onda onların saxlanma şəraitindən,məhkəməyə aparılıb gətirilməsindən narazılıqlarını bildirmirlər?
Bəzən məhkəmələrdə ittiham olunan şəxslər ilk olaraq yuxarıda sadaladığım məsələlərdən narazılıqlarını bildirirlər.

Qeyd edim ki,onların saxlandıqları yerdən aparılıb gətirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının əməkdaşları və Konvoy taboru təmin edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tabeliyində olan cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının, Mühafizə Alayının, Konvoy taborunun əməkdaşları və hərbi qulluqçuları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanununda nəzərdə tutulmuş bütün vasitələrə qanun çərçivəsində əməl edirlər.
Sözsüz,Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə naziri Fərid Əhmədovun rəhbərliyi ilə penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması və infrastrukturun müasirləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür.Bu gün istər paytaxtda , istərsə də bölgələrdə yeni müasir penitensiar komplekslərin inşa olunaraq istifadəyə verilməsi, məhkumların səmərəli islah olunaraq cəmiyyətə reinteqrasiyası ədliyyə orqanı işciləri üçün ən vacib vəzifədir.
Penitensiar xidmətin əməkdaşları ilə keçirdiyi bütün görüşlərdə nazir Fərid Əhmədov Xidmətin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, rejim və davranış qaydalarına riayət edilməsi, məhkumların hüquqlarının təmin olunması, onların islah prosesinin səmərəli təşkili və digər məsələlərlə bağlı tapşırıqlar verib.Və bəlkə də bu sahədə görülmüş səmərəli işin nəticəsidir ki, son dövrlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayından və Konvoy taborundan yalnız xoş sözlər eşidirik.

Ağazaid Süleymanov