Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i (Şuşa şəhərinin işğaldan azad edilməsi günü) Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsini qərara aldı.
Bildiyimiz kimi, Prezident İlham Əliyev daha əvvəl “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncam imzalamışdı. Zəfər gününün Ermənistanın kapitulyüasını rəsmiləşdirən Üçtərəfli Birgə Bəyanatın imzalandığı 10 noyabr təqvim günündə qeyd edilməsini təsbit edən həmin sərəncamın ləğv edilməsi isə Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərinə verdiyi yüksək dəyərin bariz ifadəsi oldu. Məsələ burasındadır ki, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Bununla da dövlətimizin başçısı qardaş ölkənin mədəni, mənəvi dəyərlərinə də sayğı nümayiş etdirmiş oldu.
Bu müharibə Azərbaycan xalqının öz vətəni uğrunda müqəddəs savaşı idi. 30 il əvvəl başlasa da, bu savaş bitməmişdi, başa çatmamışdı. Amma ədalət bərpa edilməli, torpaqlarımız azad olunmalı, qisas alınmalıydı. İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan dövlətimiz bunu bacardı, savaşı bitirdi, həm də Qələbə ilə. Bu qələbənin müəllifi İlham Əliyevin Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusudur. Xalqımıza bu zəfəri yaşadanlar bizim əsgərlərimiz və zabitlərimizdir.
Xalqımızın əzmi və iradəsi, güclü ordunun yaradılması və milli həmrəylik Vətən müharibəsindəki qələbəni təmin edən mühüm amillər oldu. Azəraycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğumuzu bütün dünyaya sübut edib tarixi zəfəri qazandı. Prezident İlham Əliyevin sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu sərəncam bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Bununla da Azərbaycanda qeyd olunan əlamətdar tarixlərin sırasına bir dövlət bayramı da əlavə olundu. Bu bayramı xalqımız səbirsizliklə gözləyirdi. Ona görə 8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs və gözəl bayramlarından biri kimi hər zaman qürurla, iftixarla qeyd ediləcək.
Akif Məlikov
Əməkdar İncəsənət Xadimi ,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru