Xəbər lenti



Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır.

Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparıb. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğul idi. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir.

Bu günkü Ermənistan ərazisində, habelə işğal edilmiş ərazilərimizdə Azərbaycanın tarixi və dini abidələri dağıdılmışdır. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edib.

Davamlı olaraq atəşkəs rejimini pozan Ermənistan 2020-ci il iyulun 12-də dövlət sərhədi istiqamətində növbəti təxribata əl atdı. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak oldu, mülki infrastruktura isə ciddi zərər dəydi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi.




Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu.

2020-ci il avqustun 23-də erməni diversiya dəstəsinin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalandı. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün bu faktları, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğunun regional sülhə və təhlükəsizliyə böyük təhdid olduğunu, Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmaq cəhdlərini, işğal edilmiş ərazilərin ilhaqına nail məqsədini, Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesinə ciddi zərbə olduğunu, Ermənistanın dövlət siyasətində nasizmi şöhrətləndirdiyini, bu yaxınlarda qəbul etdiyi təcavüzkar və hücum xarakterli hərbi doktrinada və milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob” fikirlərin əks olunduğunu BMT Baş Assambleyasının 75-ci sessiyasının seüntyabrın 24-də keçirilən ümumi debatlarında çıxışı zamanı xronoloji ardıcıllıqla sadalamış, təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü tutarlı arequmentlərlə sübuta yetirmişdi.

Dövlətimizin başçısı həmin çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu, Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağını diqqətə çatdırmışdı: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Cənab Prezident nida işarəsi ilə sonuclanan bu bəyanatı boş yerə səsləndirmədiyini, Azərbaycanın mövqeyinin dəyişməz olduğunu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi ortaya qoydu. Senytabrın 27-si səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat nəticəsində  həm mülki əhali, həm də hərbçilərimiz arasında itkimiz oldu.

Azərbaycanın cavabı özünü çox gözlətmədi. Dərhal Təhlükəsizlik Şurasının iclası çağırıldı, Ali Baş Komandanın Müdafiə nazirinə, digər aidiyyəti qurumların rəhbərlərinə verdiyi müvafiq göstərişlər əsasında Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Elə ilk  uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vuruldu, Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Ali Baş Komandanımızın bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etməsi hamımızın qəlbini riqqətə gətirdi. Hadisələrin sonrakı gedişi göstərir ki, rəşadətli Azərbaycan Ordusu bu minvalla sonadək döyüşüb 30 ilə yaxındır ki davam edən ermən işğalına son qoyacaq, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəkdir.



Möhtərəm Prezidentimizin dediyi kimi, “Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır”.

Bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlədir. Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Səfərbərlik Xidmətinin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!” Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır. Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilir.




Manaf Manafov,

Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi




 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov