Xəbər lenti


Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan sərt karantin rejimi göstərdi ki, məhdudiyyətlərə əməl etməyib qaydaları pozan vətəndaşlar heç də təkcə bir tikə çörək tapmaq ümidilə “Evdə qal” kampaniyasına “protiv” getmək məcburiyyətində qalan kasıb-kusublar deyil. Akademik Ramiz Mehdiyevin nəvəsinin “xeyir işini” qoyuruq bir kənara. Hələ o müdhiş toy məclisindən əvvəl də cəmiyyət məmur övladlarının hökumətin qərarlarına məhəl qoymadıqlarının dəfələrlə şahidi olmuşdu.

 

Məsələn, iyul ayının son günlərində xəbər yayıldı ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini Məmməd Alıyev sərxoş vəziyyətdə olan oğlu Elnur ilə mübahisə edən polisi işdən çıxartdırıb. Xəbərdə bildirilirdi ki, Elnur Alıyevin Qazaxda məclislərin birində “Mən Qazaxda ürəyim kimi istəsə işdən çixartdıraram” deməsi polis serjanti işləyən Orxan Yusifovun xoşuna gəlməyib və bu üzdən aralarında mübahisə yaranıb. Polis serjantının hərəkətindən qəzəblənən icra başçısının müavini, oğlunun hərəkətini alqışlayıb və polis rəhbərliyinə tapşırıq verərək serjant işdən çıxartdırıb. Məlumatda həmçinin xatırladılmışdı ki, Elnur Alıyev bir muddət əvvəl içkili vəziyyətdə idarə etdiyi avtomobili yol kənarındakı insanların üzərinə sürüb. Polislər də öz işlərini itirməkdən qorxduqları üçün Elnur Alıyevin bu hərəkətinə göz yumublar.

Amma Elnurdan çəkinən Qazax polisləri yəqin onun atası Məmməd Alıyevin onların keçmiş həmkarları olduğunu və onun naqis polislik tarixçəsini də bilməmiş deyillər. Kim bilir, bəlkə də bəxtsiz serjant Orxan Yusifov ata Alıyevin bioqrafiyasındakı həmin naqisliyi oğul Alıyevin üzünə vurduğu üçün zavala gəlib...

İndi isə gəlin, Məmməd Alıyevin “zəngin və şərəfli” bioqrafiyasına göz ataq:

Alıyev Məmməd Oruc oğlu 19 may 1969-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1977-1987-ci illərdə Qazax rayonu Xanlıqlar kənd orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1990-1992-ci illərdə Qazax rayon Daxili işlər şöbəsində milis nəfəri işləmişdir. 1992-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil almış və mühasibat uçotu və maliyyə üzrə iqtisadçı ixtisasına yiyələnmişdir. 1992-1999-cu illərdə ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2000-2009-cu illərdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı (RİHB) aparatında iqtisadçı, baş iqtisadçı, baş məsləhətçi vəzifələrində çalışmışdır. 29 mart 2009-cu il tarixdən 01 avqust 2017-ci il tarixədək Qazax RİHB aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 01 avqust 2017-ci il tarixdən hal–hazıradək Qazax Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində işləyir.

Ailəlidir, iki övladı var.

Məmməd Alıyev dövlət başçısının 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Təqdimatını əlbəttə ki, Qazax RİH-nin başçısı Rəcəb Babaşov verib. Axı “Yerli icra hakimiyyətləri haqqında ƏSASNAMƏ”nin 4.1.24.-cü maqddəsinə görə,  onun rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin təltif edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə vəsatət vermək səlahiyyəti var.

Əslən sabirabadlı olan Rəcəb Babaşov bir nüansa əhımiyyət verməyib ki, yerli camaat Məmməd Alıyevə 1992 ci ildə Qazağın Əksipara kəndi uğrunda gedən döyüşlərdə könüllü polis sıralarında olarkən torpaqlarımız uğrunda gedən döyüşlərdən qaçdığına görə “dezertir Məmməd” deyir, butun ruşvət olaylarının baş qəhrəmanı olaraq tanıyır. Döyüşlərin birində qəflətən polis əməkdaşı Məmməd Alıyev gözlənilmədən “ürək keçmə” xəstəliyinə tutulur və beləcə polisdə çalışmaqdan uzaqlaşır. Onu yaxından tanıyan polis işçiləri isə öz aralarında “Dezertir Mamed” ayamasını verirlər. Aradan illər keçsə də, Məmməd Alıyevin ürək xəstəsi olmasının və ürək tutmalarının şahidi kimi bir nəfər də olsun onun bu halını müşahidə etməmişdir. Beləliklə, Əskipara kəndində, eləcə də Qazaxın ermənilərlə üzbəüz olan digər bölgələrində yerli əhalinin könüllülərdən ibarət dəstələri və yerli polis əməkdaşları böyük şücaətlər göstərərək rayonun işğal siyasətinin qarşısını canları bahasına olsa da mərdanəliklə qoruya bildilər. Məmməd Alıye isə bu qürurverici proseslərdən kənarda qalıb.

Odur ki, təzə başçının Məmməd Alıyevi irəli çəkməsi hələ o vaxt Qazax camaatının narazılığına səbəb olmuşdu. Həmin ərəfədə KİV-də 700-800 manat maaşı olan Məmməd Alıyevin özünə topladığı böyük sərvətin siyahısı dərc olunmuşdu. O məlumatlar hələ də əlçatan internet resurslarında qalmaqdadır: Bakıda H.Əliyev prospektində, “Gənclik”də hər birinin dəyəri yüz min manatlarla olan evləri, villaları, müxtəlif sahlərdə xidmət göstərən obyektləri, həmçinin bir neçə apteki, Bakıda və ölkənin müxtəlif turistik rayonlarında torpaq sahələri... Sözsüz ki, ötən müddət ərzində həmin natamam siyahı daha da genişlənmişdir.

Maraqlıdır ki, özünü “gözə soxmağı” bacaran Məmməd Alıyev utanmadan Qazax rayonundan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə təntənə ilə yola salınması mərasimlərdə başda olur, çıxışlar edir, xəcalət hissi keçirmədən onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edir.

Məlumatlarda özünü YAP-ın alovlu və mübariz fəalı kimi göstərən Məmməd Alıyevin siyasi orientasiyasının şübhəli olduğu, aparatdaxili intriqaların mərkəzində durduğu,  yerli sahibkarlara qan uddurduğu, gerçək müharibə veteranlarına patoloji nifrət bəslədiyi, hətta soyadını dəyişdiyi da bildirilir.

Məqaləmizin qayəsini təşkil edən bu və digər məsələlərlə bağlı Məmməd Alıyevin özünün mövqeyini öyrənmək üçün ona telefon açdıq. Alıyev onun savaşın qızğın dövründə daxili işlər orqanları sırasından çıxması ilə bağlı məlumatı təsdiqləsə də, təfərrüatlarla əlaqəli suallarımızı cavablamaqdan yayındı.

Məmməd Alıyev Azərbaycan polisinin 101 yaşını qeyd edərkən...

 
Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaur Vəliyev

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov