Xəbər lenti


Yeni Azərbaycan Partiyasının (YAP) 2021 – ci il martın 5-də baş tutan VII qurultayını artıq yeni statusda – Qalib Ölkənin, Qalib Dövlətin, Qalib Xalqın, Qalib Cəmiyyətin Hakim Partiyası statusunda keçirmişdir. Söz yox ki, Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi.

Qurultayda partiyada mümkün dəyişikliklərlə bağlı təxminlərin çoxu təsdiqləndi. Belə ki, YAP-da struktur dəyişikliyi baş verdi, partiyanın Siyasi Şurası ləğv edildi, İcra Katibliyi Mərkəzi Aparatla əvəz olundu, tərkibi genişləndirilən İdarə Heyətinə yeni kadrlar, xüsusilə də gənclər, yeni adlar cəlb olundu.

Qurultayda vitse-prezident Mehriban Əliyeva müavin vəzifəsindən birinci müavin vəzifəsinə təyin edildi. Mehriban xanımın ictimai-siyasi həyatda fəaliyyəti və nüfuzu haqda geniş danışmağa ehtiyac yoxdur. Obyektiv qiymətləndirmə istəyənlər xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi ölkədəki çoxşaxəli fəaliyyətini yada salması kifayətdir. Partiya həyatı əlbəttə ki, fərqli fəaliyyət sahəsidir. Sadə təbiəti, xalqla ünsüyyət qurmaq bacarığı ilə seçilən, Prezidentin səfərlərində ilk videoreportajların müəllifi olan Mehriban xanımın indən sonra həm də YAP sədrinin birinci müavini olması əlbəttə, bu partiyaya əlavə xallar deməkdir.

YAP sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qarşıda duran bəzi vəzifələrlə bağlı öz fikirlərini həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşərək bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırdı və yaranmış yeni geosiyasi vəziyyətdə nəyə görə buna ciddi ehtiyac olduğunu vurğuladı: “Biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daima biz qələbə qazanaq”.

YAP-ın VII qurultayını həm də Azərbaycanın müstəqilliyinin 30 illiyinin geniş qeyd olunacağı və müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda hakim partiyanın fəallığının artırılmasının vacibliyi barədə dövlət başçısının verdiyi anons əlamətdar etmişdir: “Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır”.

Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib ki, bu da Prezident İlham Əliyevin dediyi kimi, hakim partiyanın potensialının daha da artması deməkdir: “Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.

Prezident birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacağını qeyd edərək, YAP-ın yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edəcək yeni proqramının hazırlanması barədə göstəriş verdi.

İnanmağa dəyər ki, böyük ənənələrə malik Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq, artıq yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Təxmin etməyə əsas var ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi bütün dünyada öyrənildiyi kimi, ölkəmizdə aparılan siyasi islahatların təcrübəsi də tədqiqat obyektinə çevriləcəkdir.

Akif Məlikov
Əməkdar İncəsənət Xadimi ,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov