Xəbər lenti



Azərbaycan tarixində Vətən uğrunda Günəş kimi işıq saçan müqəddəslər var. Bu cəngavər siyasət sərkərdələrindən öndə gedəni ulu öndər Heydər Əliyev olub. Ümummilli lider Heydər Əliyev həqiqətən ötən yüzilliyin ən görkəmli siyasi xadimlərindən sayılır. O, XX əsrin ən çətin və dəhşətli hadisələrinin iştirakçısı kimi müharibə dövründə dünyadakı siyasi vəziyyəti düzgün qiymətləndirməyə qadir olub. Heydər Əliyev XX əsr tarixinə Azərbaycan xalqının ulu öndəri, dünya miqyaslı dövlət xadimi kimi daxil olub.

Azərbaycan xalqı yaxşı bilir ki, Prezident İlham Əliyev ulu öndərimiz Heydər Əliyev məktəbinin ən parlaq, dönməz, yenilməz, mübariz yetirməsidir, dövlətin və millətin həqiqətən ümumxalq lideridir. Cənab İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilib, ölkənin inkişafında bütün istiqamətlər üzrə müzəffər yüksəliş əldə olunub. Azərbaycan xalqının erməni faşizminə şərəflə qalib gəlməsi Ali Baş Komandan kimi məhz İlham Əliyevin göstərişlərini şücaətlə yerinə yetirən rəşadətli Milli Ordumuzun, Vətən mücahidləri - müqəddəs şəhidlərimizin sonsuz Vətən eşqi, bütövlükdə yumruq kimi birləşən Azərbaycan xalqının səbri, dözümü və ləyaqətinin göstəricisidir.


Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz inikallığı ilə fərqləndi.

Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ermənilərin bu torpaqlara necə gəlib çıxmasını da xüsusi sübut etməyə və araşdırmağa ehtiyac yoxdur.  30 ilə yaxın idi davam edən danışıqlar prosesində regionla bağlı həqiqətləri beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar və Minsk qrupunun həmsədrləri daha yaxından dərk etdilər. Lakin bu müddətdə onların əksəriyyəti əsl həqiqətləri deməkdən uzaq oldu. Nəinki uzaq oldular, hətta münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğunu iddia etdilər. Onlar problemin ədalətli həllini, BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb etmədilər. Görünən o idi ki, bu prosesin məqsədi əslində ədalətin bərpa olunması deyildi, çünki belə olsaydı, çoxdan Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər olardı. Məqsəd zaman keçdikcə problemi xalqımıza unutdurmaq və torpaqlarımızın Ermənistana ilhaqına nail olmaq idi.

Lakin xalqımızın işğalla barışacağı qeyri-mümkün idi və danışıqlar prosesinin nəticəsiz qalması, Ermənistanın daha da azğınlaşması Azərbaycana müharibədən başqa yol qoymurdu. Ona görə ötən illərdə Azərbaycan hərbi əməliyyatların yenidən başlanacağını heç vaxt istisna etmirdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın bir qisminin işğal olunmasının obyektiv səbəbləri vardı. Prezident İlham Əliyev müsahibələrinin birində bildirib ki, biz o vaxt müharibəni deyil, sadəcə, döyüşü uduzmuşuq. 44 günlük müharibə İlham Əliyevin haqlı olduğunu sübut etdi. Öz möhtəşəm qələbəsi ilə Azərbaycan sübut etdi ki, Ermənistanın bu müharibədə uğur qazanması mümkün deyil.

Sadəcə, zamana ehtiyac vardı və ötən hər bir il ərzində Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi.

Prezident İlham Əliyev xalqa son müraciətində bu barədə deyib: "Sadəcə olaraq, mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın”.



Azərbaycan danışıqların davam etdiyi illər ərzində enerji layihələrini reallaşdırdı, inkişaf etdi və yeganə problemi olan ərazilərinin işğalının müharibə yolu ilə azad olunmasını istisna etməyərək ordu quruculuğunu həyata keçirdi. Bu mənada Azərbaycan düşmənə zərbəni öz məqamında və zamanında vurdu. Bu zərbə elə olmalıydı ki, Ermənistan ilk andan büdrəsin. Belə də oldu və müharibənin ilk günündən işğalçı elə bir zərbəyə tuş gəldi ki, illər boyu möhkəmləndirdiyi istehkamları dərhal tərk edərək qaçmalı oldu.

İndi Ermənistan özünün heç vaxt xilas ola bilmədiyi işğal siyasətinin, erməni millətçilərinin xəstə təfəkkürünün acı nəticəsini yaşayır. Düşməni bu hala salan isə güclü Azərbaycan dövləti və müzəffər Ordumuzdur.

Ramil Tağıyev,
Təhsil RİM Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinın direktoru

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov