Xəbər lenti



AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri və Premyer Liqanın XXIII turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
 məlumatına görə, qərarlarda bildirilir: Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).Oyunun 71-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).

Topaz Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə” klubunun 22 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Səbail” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXIII turunun “Kəpəz” – “Qarabağ” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 37-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 51-ci dəqiqəsində “Zirə” klubunun 18 №-li futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62). İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdir. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minir.(maddə 33).

Paytaxtın Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun tikintisi işlərinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir. Belə ki, 2,7 kilometr uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünü iki hissəyə böləcək 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş - 2 gəlişli olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr nəzərdə tutulub. İstiqamətləri ayırmaq məqsədilə 1 metr enində yol ayrıcının inşası da planlaşdırılır.

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellər (416 və 206 metr) inşa ediləcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də, Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənir.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə aprelin 16-da Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kəndində yaşayan Bəhruz Cəfərovun üzərindən 1 bükümdə 4,3 qram çəkidə tiryək və 5 bükümdə ümumi çəkisi 0,7 qram heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Bəhuz Cəfərovun Astara rayonunun Şahağacı kəndindəki yaşadığı evdən 3 kiloqram 90 qram çəkidə tiryək aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdir


Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinədək uzadılmasına dair qərar qəbul edib.
 Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Bəkir Bozdağ açıqlama verib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.


Heydər Əliyev Mərkəzində müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq" adlı fərdi sərgisi açılıb.
Sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Çinin Azərbaycandakı səfiri Vey Cinhua, rəssam Vanq Yuyanq və kolleksiyaçı Con Dodeland çıxış ediblər.

Son dövrlər Çin müasir incəsənətinin çox inkişaf etdiyini bildirən Anar Ələkbərov bu incəsənətin nümunələrinin Azərbaycanda təqdim edilməsi üçün Heydər Əliyev Mərkəzi tərəfindən bir sıra qalereyalar, mədəniyyət mərkəzləri ilə əməkdaşlıq edildiyini bildirib. “2017-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilən “Ulduzlar toplusu” adlı Çin müasir incəsənət sərgisində 20 rəssamın 40-dək əsəri nümayiş olunub. Bu gün həmin layihəni davam etdiririk”, - deyən Anar Ələkbərov sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Eksperimental incəsənətin heyrətamizliyini nümayiş etdirən əsərlər

Çin və Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir Vey Cinhua Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə Çinə dövlət səfərindən sonra bu əlaqələrin daha da genişləndiyini, Heydər Əliyev Fondunun bu əlaqələrə öz töhfəsini verdiyini vurğulayıb. Sərginin açılışında iştirak etməkdən məmnunluğunu qeyd edən diplomat Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə layihənin reallaşdırılmasına görə təşəkkürünü bildirib. “Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaları və dostluğu möhkəmləndirmək üçün elm, təhsil, mədəniyyət və idman sahələri üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə iş aparır”, - deyən səfir Heydər Əliyev Fondunun Azərbaycanda Çin mədəniyyətini və incəsənətini də fəal təbliğ etdiyini vurğulayıb.

Rəssamın Çinin məşhur Mərkəzi İncəsənət Akademiyasının gənc müəllimi olduğunu diqqətə çatdıran səfir deyib: “Onun əsərlərində elm, texnologiya və incəsənət bir nöqtədə birləşir. Bu, eksperimental incəsənətin heyrətamizliyini nümayiş etdirir”.

Kolleksiyaçı Con Dodeland çıxışında vurğulayıb ki, Vanq Yuyanqın əsərlərinin unikallığı onun incəsənət və elmi bir araya gətirməsindədir. “Vanq Yuyanqın əsərlərində elm hər bir yerdədir. Lakin bu, həmin əsərlərin qavranılmasını əsla çətinləşdirmir. Onun əsərlərində elm, incəsənət və poeziya öz əksini tapıb”, - deyən kolleksiyaçı rəssamın yaradıcılığında Ay planetinin nəinki elmi, mifoloji, həm də estetik bir işarəyə çevrildiyini bildirib.

Con Dodeland deyib ki, Heydər Əliyev Mərkəzinin xüsusi memarlıq üslubu ilə Vanq Yuyanqın əsərləri harmoniya təşkil edir.

Sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən rəssam Vanq Yuyanq Mərkəzin foyesində nümayiş olunan məşhur “Unikallıq” əsəri haqqında məlumat verib. Qeyd edib ki, bu əsərdə müəllifin həm Ay, həm də dünya barədə fikirləri əksini tapıb. Əsərdə dinamikanın çoxluğu, onu unikal edir.

Sərgidə təqdim edilən əsas eksponatın – "Unikallıq" (Singularity) əsərinin diametri 4 metrdir. Konstruksiya 300 addım mühərriki və 3000 LED lampadan ibarətdir. Əsərin kürə forması müxtəlif radiuslu 11 halqa vasitəsilə yaradılıb. "Təkərli" addım mühərrikləri fərqli sürətlərdə fərqli istiqamətlərə dönərkən LED lampalar müxtəlif vizual effektlər ortaya çıxarır.

Daha sonra “Unikallıq” əsərinin işıqları yandırılıb və tamaşaçılar tərəfindən maraqla izlənilib.

Tədbir iştirakçıları rəssamın digər əsərləri ilə də tanış olublar.

Sərgidə, həmçinin rəssamın "Elektrik", "Adsız-1" silsiləsindən heykəltəraşlıq nümunələri yer alır. Ekspozisiyada Vanq Yuyanqın "Ay" silsiləsindən rəsm əsərləri də nümayiş olunur.

Vanq Yuyanq 1979-cu ildə Çində anadan olub. O, Çinin Mərkəzi İncəsənət Akademiyası və Mərkəzi Dram Akademiyasında təhsil alıb. Hazırda Pekində Mərkəzi İncəsənət Akademiyasının Eksperimental İncəsənət Məktəbində dərs deyir.

Çinli rəssam əsərlərini yeni informasiya-kommunikasiya vasitələri ilə yaradır. Onun əsərləri Çin, Böyük Britaniya, Cənubi Koreya, Tailand, Avstriya, Avstraliya, İtaliya və ABŞ-da fərdi və birgə sərgilərdə nümayiş olunub.

"Unikallıq" sərgisi Heydər Əliyev Mərkəzində avqustun 31-dək davam edəcək.


Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbilərin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən - verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.



Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərimizdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələrini xahiş edirik.

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi 21.04.2018 tarixində ləvğ ediləcək.


Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyana zəng edib.
 “News.am”-a istinadən xəbər verir ki, Rusiya prezidenti yenidən baş nazir postuna seçilməsi münasibətilə Serj Sarkisyanı təbrik edib.

Tərəflər Ermənistan-Rusiya əlaqələrinin möhkəmləndirilməsinə dair səyləri və inteqrasiya proseslərini genişləndirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, daha əvvəl Putin Sarkisyana təbrik teleqramı göndərmişdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilir.
xəbər verir ki, andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər.

Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:

- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.



Aprelin 17-də Heydər Əliyev Mərkəzində 2018-ci ilin birinci rübü ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı  geniş Şura iclası keçirilib.

Şurada çıxış edən icra başçısı Taleh Qaraşov 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin Lənkəranda da yüksək seçici fəallığı ilə keçdiyini diqqətə çatdırıb. 

Sonra İcra başçısı cari ilin birinci rübündə respublikanın bütün bölgələri kimi, Lənkəranın da sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini qeyd edərək bidirib ki, birinci rübdə rayonda ümumi məhsul buraxılışı 67,7 milyon manat, o cümlədən sənayedə 8,7 milyon, kənd  təsərrüfatında  12,4 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən sənaye 3,2 faiz, kənd təsərrüfatı 1,7 faiz çox olub.

Rayonda abadlıq və quruculuq işləri daha da sürətlənib, 9 çoxmənzilli yaşayış binasının qəzalı vəziyyətdə olan dam örtükləri, küçə və xiyabanlarda,  magistral yolların kənarında hasar və bardürlar təmir olunub. Əşlə kəndində yeni avtomobil körpusu tikilib, Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü daxili imkanlar hesabına təmir olunub, Siyavar kəndində 96 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib. Hazırda şəhərin 9 küçəsində asfaltlanma işləri aparılır, Olimpiya İdman Kompleksinin və  “Lənkəran İstisu və Sağlamlıq Mərkəzi”nin tikintisi  sürətlə davam etdirilir.

Yaxın günlərdə yeni xalça fabrikinin, 4 ucqar dağ kəndində yeni modul tipli məktəbin quraşdırılmasına və Gəgiran kəndində 264 şagird yerlik yeni məktəbin tikintisinə başlanacaq.

Rüb ərzində rayonda 790-nı daimi olmaqla 925 yeni iş yeri açılıb.

Cari ildə ilk dəfə olaraq rayonda barama istehsalına başlanacağını bildirən T.Qaraşov bununla əlaqədar son hazırlıq işlərinin görüldüyünü və bu məqsədlə Çin texnologiyası üzrə müasir kumxananın tikildiyini xüsusi qeyd edib.

Sonra ŞİH başçısının birinci müavini Möhübbət Babayev 2018-ci ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Məruzə ətrafında çıxışlardan sonra İcra başçısı T.Qaraşov yekun sözü söyləyərək rayonda abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasından ötrü aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov