Xəbər lenti



Fevralın 16-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqları fəallarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mükafatlar təqdim edildi. Xatırladaq ki, AHİK-in V qurultayı və Konfederasiyanın 25 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə həmkarlar ittifaqları təşkilatlarının 114 üzvü fəxri adlarla təltif olunub. Onlardan 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 4 nəfər “Əməkdar Həkim”, 4 nəfər “Əməkdar Mədəniyyət İşçisi”, 3 nəfər “Əməkdar Müəllim”, 1 nəfər “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına, 98 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Bununla da Azərbaycan Prezidenti tərəfindən təltif olunanların sayı ümumilikdə 344-ə çatıb. Onlardan 213-ü ötən hesabat dövrünə aid olub.

Təqdimetmə tədbirində çıxış edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şuranın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev bu yüksək diqqətə görə Prezident İlham Əliyevə AHİK-in üzvləri adından dərin minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan Prezidenti insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verib.

Cənab Prezident mütəmadi olaraq AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. Həmkarlar təşkilatları da dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verir, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırırlar.



AHİK-in fevralın 5-də Bakı Konqres Mərkəzində keçirilən, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndənin, dövlət və hökumət rəsmilərinin, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəallarının iştirak etdiyi V Qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni – dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf etdi. Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur. Gələn ay isə Azərbaycan xalqının məruz qaldığı ağır faciələrdən birinin – erməni millətçiləri tərəfindən 1918-1920-ci illərdə törədilən soyqırımının da 100-cü ildönümüdür. Bu il ölkəmizin həyatında həm də çox mühüm siyasi kampaniya – Prezident seçkiləri keçiriləcək. Bütün bunlar, eləcə də Konfederasiyanın V qurultayının əlamətdar hadisə - hazırda 1,5 milyona yaxın üzvü birləşdirən və Azərbaycanda ən böyük ictimai təşkilat olan qurumun yaradılmasının 25 illiyi ərəfəsinə təsadüf etməsi məmnunluqla vurğulanıb:

"Hazırda Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq qurumların üzvü olan AHİK ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verir. Konfederasiya bu istiqamətdə fəaliyyətini ardıcıl davam etdirir, beynəlxalq platformalarla yanaşı, ayrı-ayrı ölkələrin oxşar qurumları ilə sıx təmaslar yaradır. AHİK-in sıralarındakı 17 minədək həmkarlar ittifaqı təşkilatının V qurultaydan əvvəlki toplantılarında yüz minlərlə fəal üzv builki prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan edib. Onlar bu istəklərinin qurultayda rəsmi sənədlərdə əksini tapması üçün mandat veriblər. Biz 2008-ci və 2013-cü il prezident seçkilərində olduğu kimi, bu dəfə də ənənəmizə sadiq qalaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcək və onun könüllü vəkilləri olacağıq".

Qurultayda 2018-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul olundu. Qurultayın nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət etdilər.


AHİK hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclərimizin hərbi xidmətə hazırlığı prosesində fəal iştirak edir. Konfederasiya 2000-ci ildən C.Naxçıvanski adına Hərbi Liseyi hamiliyə götürüb. İndiyədək liseyin həyatında fərqlənən 250-dən çox kursant mükafatlandırılıb. Hesabat dövründə kursantlara 12,5 min, Silahlı Qüvvələrə Yardım Fonduna isə 50 min manat ödənilib. AHİK dünyanın əksər mütərəqqi həmkarlar ittifaqları mərkəzləri, o cümlədən Türkiyə, Fransa, Polşa, Belçika, Yaponiya, İtaliya, Macarıstan, Yunanıstan, Norveç, İsrail, Bolqarıstan, Litva, Latviya, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları təşkilatları ilə səmərəli əməkdaşlıq edir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), MDB ölkələri həmkarlar ittifaqlarının daxil olduğu Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) üzvü olan AHİK-in sədri BHİK-in, Pan Avropa Regional Şurasının vitse-prezidentidir. Hazırda Konfederasiyanın sıralarında 1,5 milyona yaxın üzvün birləşdiyi 16 min 901 həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı üzvlərinin sırasına cəlb edilib. Azərbaycan həmkarlar ittifaqları tripartizmi dəstəkləyir, sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır. AHİK-in Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması təklifləri ilə bağlı Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalanıb. Bununla da Azərbaycan həmkarlar ittifaqları yeni inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının yaradılması xüsusi önəm daşıyır. Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib, işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzi yaradılıb. Hazırda qeyri-rəsmi fəaliyyətlə məşğul olanların bir milyon nəfərinin Tədbirlər Planının icrası nəticəsində mərhələli şəkildə real iş sektoruna cəlb olunması gözlənilir. Hesabat dövründə 3 Baş Kollektiv Saziş, hər il orta hesabla 110 sahə (tarif) sazişi, 12 min kollektiv müqavilə bağlanıb. Həmin sənədlərdə həmkarlar ittifaqlarının tələbləri əksini tapıb. Bu sahədə görüləcək işlərə Azərbaycan Respublikasının “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” təminat yaradır. AHİK bu Proqramın hazırlanmasında fəal iştirak edib. “Layiqli Əmək üzrə Ölkə Proqramı” hazırlanarkən qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyinin təmin olunması, diskriminasiya hallarının qarşısının alınması problemlərinə diqqət artırılıb. Digər tərəfdən, işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması da önəmli məsələlərdəndir.

 2016-2020-ci illər üçün Proqramın həyata keçirilməsində Milli Üçtərəfli Komissiya özünəməxsus rol oynayacaq. AHİK-in sosial tərəfdaşlarla konstruktiv əməkdaşlığı Proqramın uğurlu icrasına imkan yaradıb. AHİK müvafiq dövlət orqanları tərəfindən göndərilmiş normativ hüquqi aktların layihələrinin ekspertizasında iştirak etməklə yanaşı, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının və BƏT-in konvensiyalarının tələblərinə cavab verməsi baxımından mövcud qanunlara dəyişiklik olunması təklifi ilə çıxış edib. BƏT-in Milli Məclisdə ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara əməl olunması AHİK-in daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. AHİK Azərbaycanın BƏT-in 168, 155, 184, 97 saylı konvensiyalarına qoşulması təklifi ilə çıxış edib və bu sahədə məqsədyönlü iş aparır.

On ilə yaxındır ki, AHİK hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqələr keçirir. Ötən müddətdə müsabiqələrdə 9328 müəssisə iştirak edib. Onlardan 297-si qalib adına layiq görülüb.

AHİK qeyri-formal iqtisadiyyatın və onun işçilərə təsirinin səviyyəsini aşağı salmaq istiqamətində mühüm tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin tapşırığı ilə ölkədə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün Azərbaycan Respublikası Məşğulluq Konsepsiyasının hazırlanması üzrə yaradılmış İşçi Qrupuna AHİK sosial tərəfdaşları ilə birgə daxil edilib və üzərinə düşən vəzifəni uğurla yerinə yetirib. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinə fəal dəstək verən AHİK-in İcraiyyə Komitəsi “Gənc həmkarlar ittifaqı lideri məktəbi - gənc işçilər üçün kompleks proqram haqqında” qərar qəbul edib. Konfederasiya gənclərin ixtisaslı kadr kimi hazırlığı işinə töhfə vermək üçün “İlin peşəkar gənci” fəxri adını təsis edib. İndiyədək 107 gənc bu ada layiq görülüb. Həmçinin əlavə və ictimai işlərdə fərqlənən tələbələrə həmkarlar ittifaqının vəsaiti hesabına adlı təqaüd, orta məktəb şagirdlərinin bir qisminə təqaüd verilir.



Dörd minə yaxın imkansız ailədən olan tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir. Həmkarlar ittifaqları tərəfindən 156 tələbə üçün adlı təqaüd müəyyənləşdirilib. Tələbələrin yemək xərclərinə 341 min manat, həmkarlar ittifaqı fəalı olan əlaçı tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin ödənilməsinə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyələşməsinə 100 min manat vəsait sərf olunub, 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqları həmkarlar ittifaqları tərəfindən ödənilib. Hesabat dövründə AHİK-ə daxil olan 1580 ərizənin sahiblərinə 135,2 min manat, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə 57,9 min manat, “Günəşli” yatağında itkin düşmüş və xəsarət almış neftçilərin ailələrinə 49,5 min manat, “Ölkəmizi tanıyaq” tur-aksiyalarının maliyyələşdirilməsinə 483 min manat, Qarabağ müharibəsi əlillərinə 36,3 min manat, himayəyə götürülmüş ailələrə 169,1 min manat, mətbuat işçilərinə 17,2 min manat, AMEA-da keçirilmiş müsabiqələrin qaliblərinə 44,5 min manat, sahə həmkarlar ittifaqları tərəfindən 49 min 606 qaçqın və məcburi köçkün ailəsinə pul və ərzaq yardımları göstərilib.

Ümumilikdə hesabat dövründə həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat, o cümlədən AHİK üzrə bir milyon manat maddi yardım göstərilib. AHİK qadınların sosial-iqtisadi həyatda fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib. Ötən beş il ərzində gender məsələlərinin həlli üzrə beynəlxalq təşkilatlarla, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə 11 min 27 konfrans, seminar, “dəyirmi masa” və digər tədbirlər keçirilib. Hazırda həmkarlar ittifaqı üzvlərinin 52,3 faizi, AHİK aparatında işləyənlərin isə 48 faizi qadınlardır. Son beş ildə həmkarlar ittifaqı üzvlərindən AHİK-ə və üzv təşkilatlara 786 min 484 ərizə və şikayət daxil olub. Onların 6,4 faizi işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar olub. Ərizə və şikayətlərin 95,2 faizi müsbət həll edilib.

AHİK-ə və üzv təşkilatlara daxil olan ərizələrin əksəriyyəti maddi yardımla bağlı olub. Onların hamısı həmkarlar ittifaqları təşkilatları tərəfindən müsbət həll edilib. Üzvlərin istirahəti və sağlamlıqlarının bərpası hesabat dövründə də diqqət mərkəzində saxlanılıb. Konfederasiya “Azərbaycan Respublikasında Kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə tabeliyində fəaliyyət göstərən sanatoriya-kurortlarda, istirahət evlərində əsaslı təmir, yenidənqurma və abadlıq işləri aparıb, yeni qurğu və avadanlıqla təmin olunmasını həyata keçirib. Bunun sayəsində “Bilgəh”, “Abşeron”, “Qaranquş”, “Günəşli”, “Şıx” sanatoriyaları ən müasir tələblərə cavab verən istirahət və müalicə müəssisələrinə çevrilib. Ötən beş ildə həmkarlar ittifaqları tərəfindən 308 min 223 nəfərin müalicəsi və istirahəti təmin olunub. Sanatoriya-kurort və istirahət müəssisələrində 291 min 973 nəfər, o cümlədən 35 min uşaq və yeniyetmənin valideynləri ilə birlikdə istirahəti təşkil olunub.

Təhsil, Dövlət İdarələri, Dəmir yolu, Rabitə, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika komitələri öz vəsaitləri hesabına müasir istirahət mərkəzləri tikib istifadəyə veriblər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi istirahət ocağının tikintisini davam etdirir. Qurultayda AHİK-in və təftiş komissiyasının hesabat məruzələri səsə qoyularaq təsdiqlənib, təşkilati məsələlərə baxılıb, AHİK-in sədri vəzifəsinə seçkilər keçirilib. Namizədliyi irəli sürülmüş millət vəkili Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. Qurultayda həmçinin AHİK-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarlar ittifaqlarına müraciəti səsləndirilb, səsə qoyularaq təsdiq olunub.

Əmin olmağa dəyər ki, Həmkarlar Konfederasiyası əldə olunmuş nailiyyətlərlə kifayətlənməyəcək, zamanın çağırışlarına uyğun çevik addımlar atmaqla öz fəaliyyətini təkmilləşdirəcək, cəmiyyətdə nüfuzlu mövqeyini daha da möhkəmləndirəcək.

 

Zaur Vəliyev

 

 



Böyük Britaniya keçmiş kəşfiyyat polkovniki Serqey Skripal və onun qızının zəhərlənməsi ilə əlaqədar Rusiyanı ittiham etdiyinə görə üzr istəməlidir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Britaniya tərəfinin nəzəriyyəsini isbat etmək mümkünsüzdür və Moskva Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığını əvvəldən bilirdi.

“Şübhəsiz ki, bu məsələni çox uzatdılar, bu marazm çox uzağa getdi. Bunun dərhal bitən məsələ olmadığına təəsüflənirik” - deyə Peskov qeyd edib.



Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 7-si və 8-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələr başlayıb.
Mərkəzdən  verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Bərdə regional bölmələri, Xaçmaz şəhərində İncəsənət muzeyi də daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 129 müsahibədən 73-ü baş tutub, 56 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 30-u iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

DİM müsahibələrə gəlməyənlərə xəbərdarlıq edib: "Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər". Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək


Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Baltik Assambleyasının prezidenti Valeriyus Simulikin başçılığı ilə bu ölkənin nümayəndə heyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcək.

B
u barədə AzərTAc-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat veriblər.

Müşahidəçilər qrupuna Avropa Şurası Parlament Assambleyasında Litvadan olan deputatlar Auşra Papirtiyene, Gintaras Vayçekauskas, Egidiyus Vareykis, Litva Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Zenonas Vayqauskas, habelə Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri Kesturis Kudzmanas daxildirlər.


"Mən nə əvvəlki iqtidar, nə də indiki iqtidar dövründə bir dəfə də olsun əxlaqdan, qanundan kənar heç zaman söz deməmişəm. Bu gün müxalifətdə olanlara ona görə müxalif olmuşam ki, onlar bugünkü hakimiyyətə yarınmağa çalışıblar. Bir nəfər mənə göstərin ki, iqtidarın xeyrini görməyib, parlamentdə oturub xeyir də görüblər".

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Tahir Kərimli bildirib.

T.Kərimli deyib ki, bugünkü müxalifət illərdən bəri heç bir ideoloji mübarizə aparmır:

“Bu gün radikal müxalifət qəhrəman olub. Buna kim inanar? Bu gün hansı müxalifət partiya sədri bəyan edib ki, mən Azərbaycanda siyasi sabitliyi təmin edə bilərəm. Heç buna cürət də edib bəyan edə bilməz. 10 ildən artıqdır ki, heç ideoloji mübarizə də yoxdur. Heç kim deyə bilməz ki, onlardan biri hakimiyyətə gəlib prezident olsa, Azərbaycan Suriyanın halına düşə bilməz. Ancaq söyüb,təhqir edirlər. Belə söyüşlər yaramaz. Xalqın, vətənin xeyrinə dediyimiz sözlərə baxmadan bizi söyürlər”.



Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızının martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.

 

Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseynovna şübhəli şəxs qismində tutulub.

 

Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov