Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atıb, nəticədə xüsusi təyinatlılardan biri yaralanıb, Əlipaşa Kamilov isə zərərsizləşdirilib.
Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar.
Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.
Həmçinin görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdiriliblər.
Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilib. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb.
Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünü bu gündən vəzifəsinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, fevralın 1-dən etibarən yeni səfir Birol Akgün vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, yeni səfir ötən gün Azərbaycana gəlib və günün ikinci yarısında öz etimadnaməsinin surətini Xarici İşlər Naziri Ceyhun Bayramova təqdim edib.
Azərbaycanda dövlətə xəyanətə görə tutulan Validə Yusifovanın cinayət işi üzrə sensasion detallar məlum olub.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyat zamanı V.Yusifovanın İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi ifşa edilib.
İstintaq zamanı müəyyən edilib ki, V. Yusifova 2022-2023-cü il tarixlərində İranda olduğu müddətdə xüsusi xidmət orqanlarının əməkdaşları ilə maddi maraq qarşılığında əməkdaşlıq edib. Yusifovanı “Fariba” təxəllüsü ilə əməkdaşlığa cəlb ediblər.
Yusifova əməkdaşlıq çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının vəzifəli əməkdaşları, Azərbaycan-İsrail münasibətləri, ölkədən gedən siyasi mühacirlər barədə və bir sıra dövlət maraqlarına zidd olan məlumatları həmin xüsusi xidmət orqanının əməkdaşlarına məlumat verməyə razılaşıb. Bunun üçün 500 min dollar ödəniş alacaqmış.
İstintaq orqanı müəyyən edib ki, V.Yusifova İrandan Tovuza qayıdandan sonra “vatsap” üzərindən əldə etdiyi bir sıra məlumatları həmin şəxslərə göndərib.
Yusifova məhkəmədəki ifadəsində İrana getdiyini etiraf edib. Bildirib ki, İran xüsusi xidmət orqanları ilə məcburiyyət qarşılığında əməkdaşlıq edib.
Onun sözlərinə görə SEPAH tərəfindən saxlanılan zaman uzun müddət dindirilib. Yusifova deyib ki, dindirilən zaman ona xüsusi iynələr vurulub. O, edam ediləcəyindən qorxduğu üçün əməkdaşlığa razılıq verdiyini deyib.
Amma onun istintaq zamanı tamamilə fərqli ifadə verdiyi məlum olub. Yusifova istintaqda əməllərini səmimi şəkildə etiraf edib.
O, əvvəldən tanıdığı Əli Fərəciyan və Cəlal Pənahi adlı İran vətəndaşlarının dəvəti ilə Tehrana getdiyini deyib. Tehrandan da Cəlalgilin evinə gedərək orada 5 gün qalıb, həmin ərəfədə Cəlalın evində narkotik və silah görüb. 5 günün tamamında Cəlalgil Validədən şübhələnərək onu evdən çıxarıblar. Düşünüblər ki, Validə onların evinə agent kimi gəlib. Validə Azərbaycana qayıtmaq üçün Biləsuvar gömrüyünə gəlib. Lakin İran tərəfi onu gömrükdən buraxmayıb. Səbəb olaraq isə Culfa gömrüyündən keçən zaman pasportuna möhür vurulmaması olub. Validə Culfa gömrüyünə qayıdan zaman bu dəfə “Ettalaat” üzvləri tərəfindən saxlanılıb. Ona bildirilib ki, Cəlalgil külli miqdarda narkotik satışı ilə məşğuldurlar. Ondan Cəlalgil haqqından ətraflı məlumatlar soruşublar.
Həmin zaman Validə Yusifovadan MTN generalları olmuş Vəli Ələsgərov, Akif Çovdarov və Natəvan Mirvətova barədə məlumatlar da öyrənməyə çalışıblar. Validə bu haqda çox məlumatının olmadığını deyib.
V.Yusifova xüsusi xidmət orqanları tərəfindən uzun müddət dindirildikdən, təlimatlandırıldıqdan sonra Azərbaycana qayıdıb.
Razılığa əsasən V.Yusifovaya 500 min dollar pulu iranlı TIR sürücüsü gətirəcəkmiş. Həmin məbləğ həm Validənin şəxsi ehtiyacları, həm də əməkdaşlığa cəlb edəcəyi şəxslərə xərclənəcəkmiş. TIR sürücüsü bir dəfə pulun bir hissəsini gətirməyə də cəhd edib. Lakin yoxlanışlara görə bu plan baş tutmayıb.
V.Yusifova həbs edilməmişdən əvvəl DTX-ya dəvət edilib və İrandakı görüşləri barədə sorğu-sual edilib. V.Yusifova heç kimlə əməkdaşlıq etmədiyini, əgər əməkdaşlığa dəvət edilərsə, DTX-ya məlumat verəcəyini deyib.
Amma həmin zaman səmimi olmayıb və DTX-ya doğru məlumat verməyib. DTX V.Yusifovanın şübhəli davranışlarını izləməyə davam edib. Onun yenidən İranla- xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə saxladığı, görüntülü danışdığı, məlumatlar ötürdüyü təkzib olunmaz sübutlarla aşkar edilib. V.Yusifova həbs edilərək məsuliyyətə cəlb edilib.
V.Yusifov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq.
Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq.
"2025/2026-cı tədris ilindən etibarən universitetdə tədris prosesi təhsil sahəsində beynəlxalq səviyyədə tanınmış təşkilatların reytinqində top-1000-ə daxil olan və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin tədris proqramları əsasında təşkil olunacaq", - sənəddə qeyd olunub.
Türk Dövlətləri Beynəlxalq Universitetində tələbələrin təhsili ödənişli müqavilə əsasında həyata keçiriləcək, qəbul parametrləri və ödənişli müqavilənin məbləğini universitetin özü müəyyən edəcək.
Ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi üçün idarəetmə şurası yaradılacaq.
Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub.